Cumhuriyyət

Cumhuriyyət xalqın seçim və məşvərət haqqı olan idarə üsuludur və onu qüsursuz olaraq ilk təlim edən kitab da Qurani-Kərimdir. Cumhuriyyət idarə sistemini Qurana zidd göstərmək, əgər məqsədli deyilsə, tamamilə məlumatsızlığın nəticəsidir, cumhuriyyətə tərəfdar olub onun qaynağını görməməzliyə vurmaq isə, inaddan başqa bir şey deyil.

* * *

Peyğəmbər (s.ə.s.) padşahlıq iddiasında olmadığı kimi, Onun sevimli və seçkin xəlifələri də özlərinə məlik və sultan dedirtmədilər. Padşahlıq İslam ruhundan uzaqlaşmaqla ortaya çıxdı və uzaqlaşma ölçüsündə də zülm və despotizm vasitəsi oldu.

* * *

Həqiqi azadlıq və ədalət anlayışına əsaslanan cumhuriyyət, yüksək səviyyəli və təhlükəsiz bir idarə şəkli olması ilə yanaşı, fövqəladə nəzakətli bir sistemdir. Ona, xüsusilə də, bu yönü nəzərə alaraq sahib çıxılmasa, qoynunda ilhad(dinsizlik) və anarxiyanın kök atıb inkişaf etməsi qaçılmaz olar.

* * *

Həqiqi cumhuriyyət ali ruhların idarə şəkli və insanın şərəfinə də ən uyğun olandır. Hələ kamil səviyyəyə gələ bilməmiş və ya kamilliyin yollarını sezə bilməmiş xam insanlar üçün isə o, çöldə bir ilğım və sığınma imkanı olmayan davamsız bir alaçıq kimidir.

* * *

Cumhuriyyət azadlığın anası və ya mürəbbisi yerindədir. Azadlığa aşiq nəsilləri o bəsləyər, o böyüdər. O bəsləyər, o böyüdər, amma cumhuriyyət, qətiyyən bir "sərsəri azadlıq" idarəetməsi də deyil, o bir fəzilət və əxlaq azadlığı hökumətidir.

* * *

Cumhuriyyət insanı ucaldan dəyərlərlə onun yüksəlməsinə zəmin hazırlayır, sonra da onu yüksək əxlaq və vicdanı ilə baş-başa buraxır. Bununla artıq hər şəxs evində və işində bir iradəli ,əzmli insan olaraq həmişə yaxşını və fəziləti düşünər və yüksək insani dəyərləri izləyər,qoruyar.

* * *

Ruh, özündəki azadlıq arzusu ilə üzərində hər hansı bir gücün hakimliyini istəmir və qəbul etmir. Ona görə də, düşüncə, davranış və bəyanlarına qoyulan məhdudiyyətlərə reaksiya göstərir. Odur ki, cumhuriyyətə sahib çıxanlar bir tərəfdən fərdlərə geniş haqq və azadlıqlar verərkən, digər tərəfdən də onları əxlaq, fəzilət, düşüncə və iradə insanı səviyyəsinə yüksəltməlidirlər.

* * *

Dini duyğu və dini düşüncənin qorunması cumhuriyyətin əhəmiyyətli şərti və gərəyidir. Odur ki , belə bir idarəetmə sistemində insanları dini duyğu və düşüncələrinə görə təhqir etmək, onlara təcavüz edib qaralamaq, başqa sözlə, cumhuriyyəti təhqir və cumhuriyyətə təcavüz deməkdir.

* * *

Cumhuriyyət onu bütünlüklə duyub hiss edən, düşünüb qavrayan insanlara möhtacdır. Onun məclisi filosof və mütəfəkkirlər məclisi kimi vüqarlı, işi də həssas məhkəmələr kimi haqpərəst və ədalətli olmalıdır.