İnanan bir dəfə aldanar

Hər uca ideal və yüksək məfkurə sistemli düşüncə və sağlam bir planla həyata keçər, özünə tərəfdar tapar və gündə bir neçə dəfə mənsublarının taleyinə təbəssüm saçan bir mehraba çevrilər. Bu dəstək və qaidəni tapa bilməyən amal və düşüncə isə dünyaya gəlmədən ölər.

* * *

Varlığı-yoxluğu, yenidən toparlanması və tənəzzülə uğraması bizə aid olmayan əsaslara, gücə və ləngər vuran yelkənlərə nə bir hökm, nə də bir məfkurə əsla bina edilməməlidir. İdeallarının həyata keçməsini bu əsaslara bağlayanlar həmişə aldanmış; bunların üzərində gələcək quranlar ortaya qoyduqları şeylərin dağıntıları altında əzilib getmişlər.

* * *

Bir amalda məfkurənin ülviliyi, düşüncə və planın sağlamlığı, o məfkurəni təmsil edən fərdlərin səmimi olması çox əhəmiyyətli amildir. Ancaq hər hansı bir iş üçün səbəblərin seçimi və gözlənilən nəticəyə görə işləkliyi də eyni dərəcədə mühümdür. Nəticəsi sınaqdan çıxmamış və ali bir divandan təsdiq almamış səbəblərlə yola çıxanlar onlara bel bağlayanları yanıldaraq inkisara uğratdıqları kimi, özlərinə də xələl gətirmiş olarlar.

* * *

Haqq yenə haqqa isnad etdirilməli və ən doğru yollarla araşdırılmalıdır. Onu haqq düşüncəsinin bilinmədiyi iqlimlərdə araşdırmaq qəflət, batil səbəblərin qaranlıq atmosferində izləmək isə aldanmışlıqdır.

* * *

Mənfi düşüncə və mənfi mexanizmlər üzərinə müsbət şeylər bina etmək olmaz. Müsbətin mənfilər arasındakı yeri eynilə fırlanan qapıların boşluqları arasında yürümək kimi olmalıdır. Gediş dayanmamalı, keçib gedilməli və qətiyyən müsadimə, toqquşma baş verməməlidir.

* * *

Baqi (əbədi) həqiqətlər müvəqqəti və dəyişən şeylərdə görülməməli. Suda gəzən bir adaya ən mühüm təsisatların qurulması nə isə, idarə və sükanı başqa güclərin əlində olan sistemlərə bağlı olmaqla xidmət etmək də eyni şeydir.