İnsan

Yüksək duyğular bəxş edilmiş insan fəzilətli, istedadlı, əbədiyyətə məftun bir varlıqdır. Ən səfil görünən bir insanın ruhunda belə əbədiyyət düşüncəsi, gözəllik eşqi və fəzilət hissindən meydana gələn göy qurşağı kimi bir iqlim mövcuddur ki, onun ucalıb ölümsüzlüyə qovuşması da mahiyyətindəki bu istedadların inkişaf etdirilib ortaya çıxarılmasına bağlıdır.

* * *

İnsanın insanlığı fani olan cismani bədənində deyil, əbədiyyətə məftun və aşiq olan ruhunda axtarılmalıdır. Buna görə də onun ruhuna göz yumulub sadəcə cismani yönünə diqqət yetirildiyi vaxt  qətiyyən əsas qayəyə varılmamış və o heç vaxt qane edilə bilməmişdir.

* * *

Ən bəxtəvər və xoşbəxt insan vicdanı daima ruhani aləmlərin eşq və şövqü ilə məst olan insandır. Bədənin qısaömürlü, dar və boğucu zindanında ömürlərini keçirənlər saraylarda da olsalar, zindanda məhbusdurlar.

* * *

Hər insanın ilk və ən birinci vəzifəsi öz varlığını kəşf edib tanıması və bunun sayəsində işıqlanan mahiyyət nöqteyi-nəzərindən Rəbbinə yönəlməsidir. Öz mahiyyətini tanımayan, bilməyən və Uca Yaradanı ilə münasibət qura bilməyən bəxtsizlər çiynində daşıdıqları xəzinədən bixəbər hamballar kimi yaşayıb, hamballar kimi köçüb gedərlər.

* * *

İnsan mahiyyətcə aciz bir varlıq olmasına baxmayaraq, Qüdrəti Sonsuz olan Allaha yönəlməsi sayəsində fövqəladə bir iqtidara malik olduğu da danılmaz bir həqiqətdir. Bəli, o, Qüdrəti Sonsuz olan Allaha yönəldiyi üçün də damla ikən dəniz, zərrə ikən günəş, bir dilənçi ikən sultan olur.

* * *

İnsan varlıq və hadisələr kitabı ilə həmdəm olub onunla bütünləşdiyi nisbətdə könül aləmində hikmət parıltıları parlayar. Bunun sayəsində o, özünü tanıyar, mərifətullahı əldə edər, sonra da Allaha qovuşar. Amma gərək düşüncə planında həyata keçirilmək istənilən bu seyri-səyahət dinsizlik, imansızlıq və inkara bağlanmış olmasın.

* * *

Həqiqi insanlar digər canlılarla aralarındakı müştərək davranışları nəsil və növlərini davam etdirmə istiqamətində vəzifə şüuru ilə və zərurət çərçivəsində yerinə yetirirlər. Hərisliklə cismani ləzzətlərə qapılanlar isə başqa varlıqlarla aralarındakı məsafəni qısaltmış və insani hüdüdları aşmış olurlar.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.