İzdivac və Yuva

Evlilik həzz və zövq üçün deyildir. Evlilik ailə təşkili, millətin gələcəyi və nəslin davamı, insan duyğu və düşüncələrinin dağınıqlıqdan qurtarılması və cismani həzzlərinin nizam-intizama salınması üçündür. Bu mövzuda həzz və zövqlər isə, fitrətin bir çox məsələsində olduğu kimi, bir avans və axirət nemətlərinə rəğbət oyatma mahiyyəti daşıyır.

* * *

Evliliyə hazırlaşan şəxslər bir-birlərinin üst-baş, qılıq və qiyafə, hətta sərvət və xarici gözəlliklərinə görə deyil, bu ən ciddi məsələdə, ruh gözəlliyi, namus və əxlaq anlayışı, fəzilət və xarakter yüksəkliyinə görə qərar verməlidirlər.

* * *

Evlənərkən ətraflı araşdırmamış və ya buna fürsət tapa bilməmiş şəxslərə, iş boşanma səviyyəsinə gəlincə, ən aqil meyarların belə heç bir faydası olmayacaq. Bəli, məsələ yuvadakı yanğından az zərərlə xilas olmaq deyil, əsas olan, yanğın törədəcək amillərin yuvaya yaxın buraxılmamasıdır.

* * *

Nə tanımadığımız kimsəyə qız verməli, nə də tanımadığımız qızları almalıyıq. Belə müəmma üzərinə kəsilən nikah, ya boşanma kimi Allahın (c.c.) sevmədiyi bir nəticə ilə nöqtələnər və ya tərəflər üçün həyat boyu işgəncələrə səbəb olar.

* * *

Haqqa sığınılaraq, məntiq və mühakimə əsasında qurulmuş elə mübarək yuvalar var ki, bütün həyat boyu bir məktəb kimi işləyər və yetişdirdiyi nəsillərlə mənsub olduğu millətin davam və gələcəyini təminat altına alar.

* * *

Düşünüb-daşınmadan başlanan evliliklər və bir araya gəlmələr, geridə ağlayıb küçələrdə sürünən insanlar, "yetimlər yuvası"na buraxılan yetimlər və ailələri ürəyindən yaralayan caniliklərlə nəticələnmişdir.

* * *

Evliliyin, insana aid fayda və mənfəəti bir isə, millətə aid olanı daha çoxdur. Odur ki, uğursuz evlilik kimi, heç evlənməmək də, qızları səfil, cavanları rəzil-rüsvay edərək, millətə su və qan itizdirən bir xoleradır.

* * *

Bünövrəsi sağlam əsaslar üzərində qurulmuş və maddi-mənəvi səadət mehinin sərin-sərin əsdiyi bir yuva, milli varlığın ən möhkəm əsası və fəzilətli şəxslər yetişdirmənin də mübarək bir məktəbidir. Evlərini məktəblər qədər feyizli və bərəkətli, məktəblərini də evləri qədər isti bir yuva halına gətirə bilən millətlər, islahın ən böyüyünü etmiş, gələcək nəslin əmin-amanlıq və xoşbəxtliyini zəmanət altına almış sayılırlar.

* * *

Millət, fərd sayılan yuvalardan meydana gəlir. Odur ki, evlər yaxşı isə millət yaxşı, evlər pis isə millət də pisdir. Kaş ki, millətin düzəlməsini istəyənlər, hər şeydən əvvəl yuvaların islahına çalışsaydılar...!

* * *

“Ev”ə, içindəki insanlara görə "ev" deyilir. Bir yuvanın fərdləri, o yuvada həyat sürənlərin insani dəyərləri paylaşdıqları ölçüdə məsud sayılırlar. Bəli, deyə bilərik ki insan, evi ilə insanca yaşayar, ev də, içindəki insanlarla "ev" olar.

* * *

Ev, kiçik bir millət, millət də, böyük bir yuvadır. Bir yuvanı qüsursuz idarəyə müvəffəq olmuş və yuvadakıları insanlıq səviyyəsinə yüksəldə bilmiş biri, bir az səy göstərsə, daha böyük müəssisələrdə də müvəffəqiyyətli ola bilər.

* * *

Bir yuvadakı nizamsızlıq və dağınıqlıq, o yuvadakıların dərbədərliyinin və ruh pərişanlığının; bir diyarda evlərin, dükanların, küçələrin kirliliyi, intizamsızlığı, qarışıqlığı da, bələdiyyə heyətinin həssaslıq səviyyəsinin göstəricisidir.

* * *

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.