Kərim və Rəhim İsimləri Axirətin Gərəkliyini Göstərir

Ən zəif və ən möhtaclara ən gözəl və ən mükəmməl şəkildə qayğı göstərilir. Ən çəlimsiz canlıların, əlsiz və ayaqsız varlıqların çox rahatlıqla bəsləndiyini görüruk.

İradəsini zərərli yolda istifadə edib işə müdaxilə edən insanların yanlış müdaxilələri nəzərə alınmasa, ən zəif, çəlimsiz, aciz və arıq varlıqlara daha gözəl şəkildə baxıldığını müşahidə edərik.

Beləliklə, bir hüceyrənin həyat fəaliyyətini davam etdirməsi, ana rəhminə düşmüş uşağın ən mükəmməl üsulla bəslənməsi və dünyaya gələn körpəyə ananın bağlanması, onun ən kiçik ehtiyacının da çox böyük əziyyətlərə qatlanmaqla öz öhdəsinə götürməsi, dənizin dibindəki balıqların və meyvənin içindəki qurdların çox mükəmməl şəkildə bəslənməsi, yerindən qımıldanmaq imkanı olmayan agacların və yatağa məhkum olan xəstələrin ruzilərinin qarşılarına qədər gətirilməsi və bunlar kimi minlərlə misallar yuxarıda söylədiyimiz mücərrəd fikirləri bir daha sübut edir.

Bütün bunlardan sonra başa düşürük ki, kainatda hökm edən Kərim54 və Rəhim bir Zat vardir.

Cənabi-Haqq ümum Kainatda bu qədər ehsan və kərəm sahibidirsə, O daima ikram55 və ehsan etmək istər. İkram və ehsan etmək istəməsi ilə bərabər ikram və ehsan edəcəklərinin də orqanizmasını buna uyğunlaşdırar. İndi ki, bu dünyada aciz, zəif və eyni zamanda da fani olan insanlara bu qədər ikram və ehsan edir, o zaman rəhmət və kərəmi bu ikramlarının davam etməsini tələb edər. Halbuki, bu dünyada bir üzüm giləsi yeyən insan, əvəzində min cür əziyyətlə qarşılaşır. Dadır, lakin doymur. Ağzında dad, qəlbində fəryad və fəqan əmələ gəlir. Ona zövq verən gənclik, güç, qüvvət və daha nə qədər puç olan nemətlər kimi çox şeylər onunla vidalaşmadan, heç soruşmadan tərk edib gedirlər. Odur ki, burada insana bu qədər ehsan edən Cənabi-Haqq ehsan və nemətlərini kəsib, neməti cəzaya, ləzzəti əzaba və məhəbbəti nifrətə çevirməyəcəkdir. Halbuki, bütün bunlar əbədi olmasa, nemət cəza olar, ləzzət əzab olar və sevgi düşmənçiliyə çevrilər. Elədirsə, bu nemət və ehsanların davam edəcəyi bir əbədi aləm vardır və mütləq olacaqdır.


54. Kərim - Cənabi-Haqqın isimlərindən biri olub Onun ehsan və inayət sahibi olduğunu bildirir.

55. İkram etmək - ”Kərəm“ sözündəndir, alicənablıq, hörmət və ehtiram göstərməklə bir şeylər vermək.