Ön söz

Ölümdən sonrakı həyatEy Ucalardan Uca!

Gözümüz önündə açdığın, sonra da bizi tamaşasına dəvət etdiyin sərgilərini, mükəmməl rəsmləri xatırladan ən bədii və ən möhtəşəm sənət əsərlərini, gizli ilahi gözəlliklərin təcəlliləri olaraq Öz sənət məcmuənə – təbiətin sinəsinə min bir rəng yumağı şəklində nəqş etdiyin o gözqamaşdırıcı, heyrətamiz, ən parlaq, ən füsunkar və ən mütənasib əşya və hadisələri seyr edib, qüdrət qələminin səsində və o qələmlə yazdığın Kitabın ahəngində Səni görüb, Səni duyub ruhumuzla qanad açdıq. Pərvazlanarkən Gözəl İsimlərinin işığında görünən bütün nizam və ahənglərin, müşahidə edilən ümumi rəng və surətlərin, hər tərəfdən eşidilən səslərin və nəğmələrin və bu səslərdən əmələ gələn simfoniyaların mənbəyinə yönəldik. Və hər şeyin mənbəyi olan o uca aləmlərin əsrarı bizləri məst elədi...

Qəlb və imanın gözləri önündə açılan o pəncərələrdən o biri aləmlərin seyrinə dalıb könüllərimizin “tubayi-Cənnət”[1] çəyirdəyinin bir ağac halındakı əsl mahiyyətini müşahidə etməyə cürət etdik. Və o biri aləmlərə, o aləmlərin də fövqünə uzanıb gedən upuzun, olduqca çətin, lakin zövqlü bir səyahətə qədəm qoyduq. Bəyanını ruhumuza rəhbər edib ilahi isimlərinin və sifətlərinin parlaq ziyaları altında, sonsuzluğa yol alıb gedən nurlu həqiqətlərlə qanadlanıb yollara çıxdıq.

O ülvi səyahət ki, kəlamında təsvir etmisən, yolizini ən incə təffərrüatınacan göstərmisən, nəhayət, Ulu Peyğəmbərin[2] meracı ilə bütün qapıları açaraq hər bir ürfan qəhrəmanına könlündəki ərşiyələrlə[3] o aləmlərə yüksəlmə imkanı vermisən. Biz də bu səyahətdə həddimizi aşıb əsrarlı qapılarına toxunmuşuqsa, bunu ruhumuzun ədəb-ərkan bilməzliyindən görüb bizləri əfv eylə!

Ey bizləri var edən və varlıq aləmində varid etməklə sonsuz zövq yaşadan Uca Yaradan! Bu ucsuz-bucaqsız kainatı bir kitab kimi önümüzdə açan Sən, onun əsrarını vicdanlarımıza hiss etdirən Sən və vicdanımızı dalğa-dalğa gələn İlahi sirlərə sahil edən yenə Sənsən! Sən bizləri var etməsəydin, bizlər varlıq aləmində görünə bilməzdik! Bu möhtəşəm kainatları bir kitab ki­mi önümüzdə açıb uca elçilərinlə və dəlillərinlə şərh et­məsəydin, Səndən xəbərsiz qafil cahillər güruhutək ölüb gedəcəkdik. Lütf edib özünü bizə tanıtmasaydın, xarici aləmlərlə vicdanı əlaqləndirib Zatu-Üluhiyyətinə dair bildiyimiz və biləcəyimiz şeyləri görüb-götürən, şəkilləndirib istiqamət verən və elmi elm, ürfanı ürfan edən ilk təsdiqedicini (vicdanı – red) ruhumuza yerləşdirməsəydin, bunları və Səni haradan biləcək, yoluna necə heyranlıq duyacaqdıq?!..

Bizlər Sənin qapının boynu zəncirli qulları, vicdanlarımızda əks olunan parıltılar da Sənin varlığının ziyasıdır. Nəyimiz varsa, Sənin ətandır. Bunu bir daha elan edir, qapının müti qulları olduğumuzu etiraf edərək əhdi-peymanımızı təzələmək istəyirik.

Ey zikri ruhlara hüzur gətirən, qəlblərə su səpən Könüllər Sultanı! Sənin öyrətdiyin və ruhumuza hiss etdirdiyin şeyləri bizimkimi ölü və dərbədər qəlbli bəndələrə çatdırmaq niyyəti ilə gah əşya və hadisələri ələk-vələk edərək, gah da özümüzə dönərək baş verənlərdən və bu ümumi gedişatdan Sənin varlığına baxan pəncərələri, Sənin hüzuruna aparan yolları araşdırıb müəyyənləşdirməyə çalışmışıq.

Bir xəta etmişiksə, Sənə gələrkən və başqalarına yol göstərməyə çalışarkən etmişik. Qüsura yol vermişiksə, Sənin yolunda vermişik. Xəta xəta, qüsur da qüsurdur. Bizlər qəlbi qırıq, ruhu müztərib, boynu kündəli halda verəcəyin hökmü intizarla gözləyirik. Və bilirik ki, Sənin sonsuzluğa sığmayan mərhəmətin həmişə qəzəbindən öndə olmuşdur. Qüsur Sənin lütflərini idrak etmiş bəndələrinə, sözsüz ki, yaraşmaz, amma əfv etmək Sənə çox yaraşır!

Bəli, Sultanım!.. “Sultana sultanlıq yaraşdığı kimi, gədaya da gədalıq yaraşır”.

[1] Tuba - kökü göylərdə, budaqları aşağıda olan ağac Cənnət ağacı.
[2] Həzrət Məhəmməd (sallallahu aleyhi və səlləm).
[3] “Ərş” sözü lüğətdə “yuxarı, göy, səma” mənasına gəlir. Burada “bir insanın mənən kamilləşib Allahın rizasını qazanma istiqamətində öz qabiliyyətinə uyğun istifadə etdiyi yol, metod” deməkdir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.