Yer Üzərində Müşahidə Edilən Öldürmə və Diriltmə Hadisəsi Axirəti İsbat Edir

Yer üzünü tədqiq etdiyimiz zaman, elə bir an olur ki, o anda hər şey var olma və dirilmə havası içində gözəlliklərini nümayiş etdirir. Əl-ələ, çiyin-çiyinə, diz-dizə, bütün məxluqat Cənabi-Haqqın qarşısında rəsmi keçiddəymiş kimi farağat vəziyyətini alırlar. Agaclar, otlar, yaşıllıqlar və bütün çəmənzar formalarını geyən əsgərlər kimi, Şahidi-Əzəlinin qarşısında boy sırası ilə düzlənirlər.

Başqa elə bir an da olur ki, yarpaqlar tökülür, varlıqlar xarabazarlıq, yer üzü çölü-biyabanı xatırladır. Yayda yer üzünü başdan-başa cazibədar, rövnəqdar şəkildə seyr etdiyimiz halda, xəzan mövsümündə yıxıb, söküb dağıdan küləklərdən sonra hər şeyin üstünə kül ələnmiş kimi bir mənzərə ilə qarşılaşırıq. Payızda çöldə addımlayırmış kimi gəzirik. Hələ qışın gəlib qarın yağdığı yerlərdə, az qala həyatdan və canlılıqdan əsər-əlamət qalmamış kimi hiss keçiririk. Ağaclar qupquru quruyub sümük kimi olur, otlar çürüyür, həyata vida deyir, torpaq toxumları bir haldan başqasına keçirə-keçirə çürüdür.

Lakin yazda bu xarabazarlıq yenidən canlanmağa baslayır. Bir də görürsən ki, həmin o kül üzərində yan-yana yatan agaclar güləbətin və sərmələrlə işlənmiş qumaş kimi bütün bəzək və zinətlərini taxır, Şahidi-Əzəlinin qarşısında farağat dayanırlar. Ağacların altında pörsümüş və solmuş otlar, çiçəklər və torpağın altındakı toxumlar yenidən cücərib gözəlliklərini nümayiş etdirməyə başlayırlar. Bütün heyvanlar və həşəratlar ölüm yuxusundan oyanıb rahat-rahat gözlərini açır, tənəffüs edəcəkləri tərtəmiz havanın üzlərini oxşamasından həzz alırlar. Ruzilərini toprağın sinəsində yaşıl halda ehtiyat edilibmiş kimi tapırlar. Hər baharda Cənabi-Haqq milyonlarla məxluqat növünü beləcə həşr və nəşr edir.

Beləliklə, bu ümumi həşr və nəşr o qədər canlı və rəngarəng şəkildə cərəyan edir ki, bunları seyr edən hər kəs istər-istəməz bu qənaətə gəlir: biz də öldükdən sonra, eyni ilə bunlar kimi o biri aləmin baharında həşr və nəşr olacağıq. Əşya və hadisələrin hər bir parçası bu işə tamamilə şüurlu olaraq hazırdırlar və bundan bəhs edirmiş kimi müxtəlif görüntülərlə qarşımıza çıxırlar. Lakin bütün bunların hər birini ayrı-ayrı tədqiq etmək bu sətirlər daxilində qeyri-mümkündür. Biz yalnız bir misal verə bilərik:

Süfrəmizə gələn, agacların başından bizə təbəssüm edən, bəzən bağlar, bəzən də tikanlar arasından bizə gah gülüb, gah dodaq büzən meyvələr... Bəs ağzımıza dad, bədənimizə qüvvət və qida olan meyvələr necə hasil olurlar? Bunu yaxşı başa düşməmiz üçün fotosintez hadisəsini yaxşı bilmək lazımdır.

Fotosintez çox rahat və bol-bol hasil olur. Elmi-texniki tərəqqidə sıçrayış və başgicəlləndirci texnoloji nailiyyətlərə baxmayaraq bəşəriyyət hələ də bir ağacın gördüyü bu prosesi meydana çıxarmağa qadir deyildir.

Su, karbon-dioksid, yasşıl ağaclardakı xlorofil və günəs enerjisi karbonhidrat adlanan şəkəri əmələ gətirir. Karbon-dioksidin ağacın yaşıl yarpaqlarındakı hava məsamələri tərəfindən əmilməsi ilə ağac tənəffüs edir. Buna absorbisiya hadisəsi deyilir.

Karbon-dioksid, ağacın yarpağı içində diffüziya hadisəsi ilə xlorofilin olduğu yerə keçir. Elə yaşıllığın başlıca ünsürü də bu xlorofildir. Köklərdən gələn sularla birləşdiyi zaman şəkər hasil olur. Bu, çox sadə bir əməliyyatla əldə edilən nəticədir. Beləcə, Cənabi-Haqq bunları çox sadə şəkildə meydana gətirir. Lakin bu bəsitlik, səhli-mümtəni63 deyilən bir keyfiyyət ifadə edir. Bəşər övladı bunu edə bilmir. Ağzımızın suyunu axıdan meyvələr qupquru qurumuş agacdan bax, beləcə, bir səhl-i mümtəni yaradılışla əmələ gəlir.

Fotosintez prosesi gedərkən ağac tənəffüs edir və bu tənəffüsdə müəyyən sərfetmə prosesi həyata keçsə də özünə lazım olan assimilyasiyanın bes-on mislini sərf edir. Səbəbi də budur: ağacın qarşısında qapqaranlıq bir gecə vardır. Gecə vaxtı isə onun tənəfüs etmə vəziyyəti dəyişir. Bundan başqa, qarşıda bir də qış var. Qışda o, bu əməliyyatı etməyəcəkdir. Digər tərəfdən, ağacın yaşıl olmayan qismlərinin sərf edilməsi da unudulmamalıdır. Gör bu nə qədər nəhəng bir ağıl və necə nəhəng bir şüurdur!.. Şüursuz ağaca belə bir şüur sırımaq isə ən böyük şüursuzluqdur!

Qupquru ağacın budağındakı bir məyvəni özbaşına qoymayan qüdrət, kainat ağacının meyvəsi olan insanı necə özbaşına buraxar? Ən kiçik bir məxluqun zərrə qədər arzusunu yerinə yetirən belə bir Zat insan kimi ən böyük məxluqun ən böyük arzusu olan əbədiyyəti həyata keçirməzmi?

Xeyir, əbədiyyət üçün yaradılan və Həqiqi Baqidən başqasına razı olmayan insan qəbrə girib çürüməyə məhkum deyildir. O, yenidən və başqa bir aləmdə, sırf oraya məxsus həyatı yaşamaq üçün dirildiləcəkdir.

“Qur’ani-Kərim” : “De ki: “Yer üzündə gəzin, yaratmağa necə başlandğına baxın, sonra Allah son yaratmağı da həyata keçirəcəkdir. Çünki Allah hər şeyə qadirdir.” (“Ankəbud”, 29/20)

“Allahın rəhmətinin əsərlərinə baxın ki, yeri öldükdən sonra necə dirildir?! Şübhə yoxdur ki, O, ölüləri də dirildəcəkdir. O, hər şeyə qadirdir” (“Rum”, 30/50) deyərək bu həqiqətə işarə edir.

Milyonlarla kitabı bir-birinə qarışdırmadan bir səhifəyə yazıb bizə təqdim edən bir Zat qəliblərini söküb dağıtdığı bir kitabı ikinci dəfə, eyni şəkildə bir yerə toplayacağını vəd edirsə, Onun bu qüdrətinə şübhə edilə bilərmi?

Yoxdan bir dəzgah icad edən sənətkar daha sonra bu dəzgahı söküb dağıtsa və həmin dəzgahı ikinci dəfə quraşdıracağını desə, onu inkar etmək olarmı? Heçdən və yoxdan bir ordunu təşkil edib intizama tabe edən bir komandir istirahət etmək üçün ətrafa dağılmış ordu heyətini, bir şeypur səsi ilə yenidən bir yerə toplaya biləcəyini desə, ona ”xeyir, edə bilməzsən”, demək olarmı?

Beləcə bu sadə misallar axirəti inkar etməyin mümkün olmadığı qənaətinə gəlməmizə kafi və yetərlidir. Halbuki, bunun kimi misallar üç-beş deyil, bəlkə üç yüz min, bəlkə milyonlarladır.


63. Səhl-i mümtəni - həm asan, həm də çətin. Ilk baxışda asan, lakin əslində, mahiyyətinə baxanda, son dərəcə mürəkkəb olan.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.