Aksiyon

Sual: Bu günün şərtlərinə görə İslami fəaliyyətlərdə (xidmətlərdə) “həmlə” və “aksiyon” insanı ola bilmənin sirri nədir? Bunu davam etdirmək üçün nə tövsiyə edirsiniz?

Cavab: “Aksiyon” fransız dilindən keçmiş bir sözdür. Bunun əvəzinə, bəzi mülahizələrə istinadən, “həmlə” və “hərəkat” sözlərini də istifadə edə bilərik. İslami fəaliyyətlərdə (xidmətlərdə) “aksiyon” və ya “həmlə” deyəndə mövcud olanla kifayətlənməmək, ali və yüksək himmətli olmaq, dünyanı cənnətə çevirmək üçün ətalətə düşməmək, qorxmamaq, usanmamaq və bu işi sonuna qədər aparmaq nəzərdə tutulur. Bu işin sonu isə, - sualda bəhs edilən sirrin cavabı da elə budur, - "Yəqin (ölüm) sənə gəlib çatana qədər Rəbbinə ibadət et," (“Hicr” surəsi, 15/99) ayəsinin göstərdiyi üfüqə çatmaqdır. Yəni qulluğu səmimi və aktiv şəkildə ölüm gələnə qədər etdirməkdir. Bəli, məhz bunu həmin günə qədər davam etdirmək həqiqi “həmlə” və “aksiyon”dur. İstər fərdi, istər ictimai müstəvidə insan (qul) vəzifə və məsuliyyətini düşünür və canla-başla yerinə yetirməyə cəhd göstərirsə, deməli, bir az əvvəl də ifadə etdiyimiz kimi, bu insan “həmlə” və “aksiyon”u həqiqi mənada anlamışdır. Əks halda, məsələyə bir tərəfli yanaşıb maddi fəaliyyətlərlə (xidmətlərlə) Türkiyəni dünyanın ən qüdrətli ölkəsinə çevirsələr, bəzi istinadlarda deyildiyi kimi, qılıncları Sultan Əhməd məscidinin minarələrinə assalar da, iş yenə də cığırından çıxıb geriləyəcəkdir. Hətta bir hücumda dünyanı qurtarsalar, sonra da “arxayınlaşma” toruna düşsələr, bunun Haqq nəzərində qəbul olunmayacağını rahat deyə bilərəm.

Sualın ikinci hissəsində "bu məna və ruhu davam etdirmənin yolu nədir?" deyilir. Əvvəla, bu məna və ruhu davam etdirə bilmək üçün:

1. “Fikir əməliyyatı” olmalıdır. Bəli, bizim ən böyük nöqsanımız təfəkkürdən, tədqiqdən uzaq qafilanə ömür sürməyimizdir. Həmçinin daxili aləmdən bixəbər, muraqibədən (ovtokontrol) uzaq bir ömür keçirməkdir.

2. “Rabiteyi-mövt”. “Rabiteyi-mövt” daima ölümü düşünüb, onunla yaşamaq istisnasız hər gün Əzraillə (ə.s.) görüşə hazırlanmaq mənasına gəlir. Bunun üçün xəstəxanalara baş çəkməli.. müxtəlif xəstəliklərdən buralara düşən insanlarla görüşməli. Qəbiristanlığa gedib torpaq altında bədənimizin çürüməsini təsəvvür edib dünyanın fani və zaval olduğunu düşünməliyik. Həmçinin "insan ölüb gedir, dünyada əsəri qalır" sözünə qüvvət, burada bir əsər qoymaq üçün dayanmadan çalışıb-vuruşmalı və bu həyatı dolu-dolu yaşamalıyıq. Baxın İnsanlığın İftixarına: “Rəfiqi-Ala”ya (Ən böyük Dost Allah) qovuşmağa az qalmış, ömrünün son anlarının yaxınlaşdığı dəqiqələrdə belə Bizansa qarşı ordu hazırlayıb başına da atası Mutədə şəhid olan və nəvəsi kimi sevdiyi Üsaməsini (Üsamə b. Zeyd) təyin edilir. Xəstəliyi ağırlaşdığı o son anlarda huşunu itirir, ayılır və hər ayılanda da ordunun yola düşüb-düşmədiyini soruşur. Rica edirəm, ölüm ayağında olan, ölüm həyəcanı keçirən bir insanın görəcəyi işdir bu? Bir “dava adamı” üçün çoxdur da. Buyurun bu da O Sultana bir bəndə! Bu millətin içindən çıxmış nadir zəka – Murad Xudavəndigar. O da həyatını İnsanlığın İftixarının açdığı yolda nöqtələyir. Döyüş meydanında ruhunu Rəbbinə təslim etmədən Qazi Mihalların, Qazi Evranosların: "Sultanım, əmriniz varmı?" deyə son istəyini soruşanda o bu ibrətamiz sözləri deyir: "Atdan inməyəsuz, qılıncınızı qınına qoymayasuz". O: "Məni Bursada basdırın və intiqamımı alın.." və s. demir, əksinə bu son sözlərlə şəhid olduğu məfkurə uğrunda “aksiyon”unu nümayiş etdirirdi. Məhz bu üfüqə çatmaq yollarından biri də ölümü gülə-gülə qarşılama, onu toy-bayram kimi “xoş gəldin”lə qəbul etməkdir.

3. Birlikdə xidmət etdiyimiz yoldaşlardan ayrılmama.. çünki onlar Allah ordusudur. "Allahın ordusu daim qələbə çalacaqdır" (“Maidə” surəsi, 5/56). Bəli, bəzən daxilən və ruhən çökmüş ola bilərik. Bunu onların o bərəkətli ab-havasını ciyərlərimizə çəkərək aradan qaldırmalıyıq. Bəzən yaşadığımız mənfi atmosferdə gözümüz, qulağımız, əlimiz, ayağımız bizə yetməyə bilər. Bu zaman yoldaşların əli ilə tutaraq, onların gözü ilə görərək, qulağı ilə eşidərək gücümüz yetməyən səviyyəyə çata bilərik.

4. Mənəvi dünyamızı cilalayan kitablar oxumaq. Bəli, sələflərin o şanlı həyat sərgüzəştlərindən tut, ta bu yolda bizə nümunə olan şəxsiyyətlərin düşüncələrini, ancaq onların həyatlarını oxuyaraq, anlayaraq əldə edə bilərik, ülfətin, ünsiyyətin (nemətlərin fərqinə varmamaq, onlardan bezginlik duymaq) boğucu atmosferindən, dünyanın cazibədar gözəlliklərindən xilas ola bilərik.

5. Haqq və həqiqətə xidmət naminə mütləq çiynimizə vəzifə götürməliyik. Bəli, bununla insan dava yoldaşları ilə tez-tez bir yerə toplaşar; görülən işlərin nəticəsi, ediləsi işlərin də mütaliə və müzakirəsi ilə məşğul olar və həftə boyu onunla yatar, onunla qalxar və beləcə bir an da boş qalmaz. Bu zaman Allah-Təala da onun eşqini, şövqünü, başqa sözlə “həmlə” və “aksiyon”unu bərəkətləndirər. "Mənə bir zirə yaxınlaşana, bir qulac yaxınlaşaram... yeriyərək gələnə qaçaraq gələrəm," qüdsi hədisi də bu həqiqəti ifadə edir.

Xülasə, boyunduruğun yerə atıldığı bu yerdə belə qüdsi bir davaya çiyin verən igidlər əvvəla təfəkkürlə sahib olduqları dəyərlərin qədrini biləcək.. rabiteyi-mövtlə dünyanın zaval və faniliyini aşacaq.. hətta fanilikdə həqiqi varlığın yollarını başqalarına göstərəcək.. yoldaşlar arasında həqiqi mənada var olmanın yollarını başqalarına da göstərəcək.. yoldaşlarının dərdinə, kədərinə, sevincinə şərik olacaq.. və bu sayədə birlər minlər olacaq. Həqiqi vəfanın nümayəndəsi olan bu fütüvvət (qəhrəman) ordusu nümunə götürdüyü rəhbərlərlə, böyüklərlə görüşə gedirmiş kimi şövqlə xidmət edəcək. Və müjdəsi əsrlər əvvəl verilmiş dünyanı qurmaq üçün hələ neçə-neçə qəhrəmanlıqlar göstərəcəklər. Rəbbim nəsillərimizi ehsanı ilə, kərəmi ilə, inayəti ilə ucaltsın! Getdiyimiz bu ağır yolda və bu böyük mübarizədə öz gücü ilə, öz qüvvəti ilə bizi dəstəkləsin! Bu işi bizimlə və ya bizdən sonra gələnlərlə tamamlasın! Rəbbim dinini ucaltmaqla yerin üstündəkini də, altındakını da sevindirsin və məmnun etsin!