Allah (c.c.)

Sual: Rəbbimizi anlama və anlatma mövzusu haqqında məlumat verə bilərsinizmi?

Cavab: Haqq Təalanı tanımaq yaradılışımızın hədəfi və fitrətimizin qayəsidir. Hər şeydən əvvəl Onun yolunda olmaq yalnız və yalnız Onu tam şəkildə tanımaqla mümkündür. Buna görə də əvvəla fərdi planda qəlblərin abad olması, təchiz edilməsi və itminana çatması, hətta zövqü-ruhani ilə qanadlanması, sonra da camaat şəklində, camaatın hüceyrəsi sayılan ailə planında hüzura qovuşması bu yolla mümkündür. İnsan sırf bunun sayəsində onun üçün təqdir edilmiş üfüqə ucala bilər. Bütün bunlar ancaq Onu əzəməti ilə dərk etməkdən, Ondan gələn işarələrə daim hazır olmaqdan, Onun bu mövzuda xəbərdarlıqlarına qulaq verməkdən asılıdır. O (c.c.) öz bəyanı-sübhanisi ilə bildirdiyi kimi "kullə yəumin huuə fi şən; O hər an kəmiyyət və keyfiyyətin fövqündə başqa hal, başqa şəndədir", yəni O, hər an yaradır, hər an yaratdığı şeyləri ən mükəmməl keyfiyyətə çatdırır, onlara yeni-yeni surət, keyfiyyətlər geydirir.. və əlbəttə ki, anbaan Özünü müxtəlif dillərlə məxluqatına tanıdır. O, Özündən bir dəfə bəhs edib kitabı həmişəlik bağlamamış, "nə bilirsinizsə, ona əməl edin” buyurmamışdır. İnsan olduğu zaman və məkan bucağından asılı olmayaraq istəsə, bu qüdsi dərsin müəyyən paraqrafını, cümləsini, sözünü duya, anlaya bilər. Bunun sayəsində həyatının qayəsi, fitrətinin nəticəsi olan bu uca həqiqəti bir daha dərk edər, onunla dolub-daşar, itminana çatar, qəlbən hüzura qovuşar, zövqü-ruhani ilə qucaqlaşar və dünyadan köçmədən içində mövcud olan cənnət nüvəsini inkişaf etdirərək cənnət həyatını – Allahın izni ilə – yaşaya bilər.

Əslində, Zati-Üluhiyyət haqqında verilən hər bir məlumat, xüsusən də, mübtədi – ilk addımlarını atanların əlindən tutub qarşıya çıxan maneləri dəf edərək onları günəşlə görüşdürmə cəhd və səyi deməkdir. Günəş çox-çox müəlla və mübəccəldir, bizim onu göstərməyimizlə müqayisəyə sığmaz. Demək olar, hər kəs gözünü açdığı, baxışlarını ona çevirdiyi səviyyədə onu görə və ondan istifadə edə bilər. Ancaq bəzi insanların gözləri tutulduğuna görə rəhbərə ehtiyacları var.. və onların əlindən tutub günəş görünən üfüqə aparmaq lazımdır. Məhz buna görə biz çox vaxt dəlillər aləmində gəzib dolaşırıq.. gəzib ətrafda Allahın varlığına şahidlər axtararıq. Əslində bu da bir Qurani yoldur. Allah uca kəlamında bəzən əşya və hadisələrdən bəhs etmiş, onlardan Ona aparan yolları bizə göstərmişdir. Quran yüzlərlə yerdə (ayələrdə) əlindəki əsanı yerə vurmuş, oradan su fışqırtmış və bu "abı-həyatı” tələbələrinə, şagirdlərinə içirmiş, sonra da "unutmayın Onu” deyə xəbərdarlıq etmişdir. Üstəlik hədəfə gedən ən kəsə yolu göstərmiş və hər kəs "mərifətullah" bal pətəyini asan dadsın deyə, bir növ reflektor vəzifəsini yerinə yetirmişdir. Əslində, demək olar hər zaman bir çiçəyin təbəssümündən rüşeymə uzanan yolda Haqq Təalaya gedən yolu tapmaq mümkündür. Bu günün “irşad ərləri” də insanlar “günəşi rahat görsün” deyə dəlillər və şahidlər üfüqünə üz tutur, həm özləri, həm də başqaları görsün, bilsin deyə ucadan avazla Onu (c.c.) elan edir, Onun adını hayqırır və "Biz bu yollarda Sənin şahidinik" deyirlər...

Bəli, ta qədimdən bəri gözləri tutulan, baxışları maddəyə ilişib qalan bəzi insanlar görə bilmədiyi şeyləri inkar etməkdədirlər. Halbuki "hər şeyi maddədə axtaranların ağlı gözlərini örtmüşdür. Göz isə məna qarşısında kordur". Başqa sözlə; hər şeyin bir axtarış yolu, vasitəsi var. Biz maddəni hislərdən qaynaqlanan düşüncələrlə, vicdanla dəyərləndirə bilərik, lakin maddənin fövqündə olan şeylər və metafizik hadisələr fərqli ölçülərlə\üsullarla dəyərləndirilməlidir. Buna görə də maddə axtarışında istifadə etdiyimiz üsul və metodlarla mənanı anlamaq istəsək, yarı yolda qalarıq. Hətta, Allahı (c.c.) dəlillərlə izah edərkən maddəyə öz xarakteristikası, öz xüsusiyyətləri ilə baxsaq, onda batıb qalar, metafizik hadisələrə bu qədər əhəmiyyət verməyimizə baxmayaraq, bir materialistə, bir naturalistə çevrilərik. Buna görə də, ilk öncə hər şeyi öz üsuluna görə araşdırmaq əsasdır.

Zənnimcə, hal-hazırda gözlə görə bilmədiyi hər şeyi inkar edənlərin o əsassız, dəlilsiz iddiaları öz-özünə sıradan çıxmışdır. Bəli, onlar həmişə mənanı materialist üsullarla axtarırlar.. axtarır sonra da yollarda qalırlar. Halbuki biz cazibə qanununu görə bilmirik, ancaq qəbul edirik. Maqnit haqqında məhdud məlumatımıza baxmayaraq, təsbit edib onu da qəbul edirik.

İnsan oğlunun əllə tuta, gözlə görə, qulaqla eşidə bildiyi şeylər çox məhduddur. Rentgen şüalarını görə bilmədiyimiz kimi, qarışqanın ayaq səslərini də eşidə bilmirik. Əslində hər var olanı görüb, hər səsi eşitsəydik, həyat dözülməz olardı. Məhdud görmə qabiliyyəti də, məhdud hislər də Rəbbimizin bizə xüsusi lütfüdür, lütfünün bambaşqa dərinliyidir.

Elə isə biz hər şeyi yoluna, ərkanına uyğun araşdırmalı, dəlillərə baş vurmalı və hər nəsnəni öz laboratoriyasında sınaqdan keçirməliyik ki, Allah mərifətinə, inşaallah, çata bilək.

Lakin – bu da insanlığın talesizliyidir – bəşər ta qədimdən bu yana həmişə eyni vartalarla Allahdan uzaqlaşmış və hədər yerə küfr bataqlığında çabalamışdır.

Bəli, bir daha xatırladaq ki, insan nəyi, haradan, necə götürməyi bilmədiyinə görə, həmişə yanılmış və silsilə şəkildə inhiraflara yol vermişdir. Buna “baxış zaviyəsinin pozulması” da deyə bilərik. Bəli, başda kiçik bir sapma, ardınca zülüm, həddini aşmanın gəlməsi və özündən bixəbərlik kimi halların əlavə edilməsi ilə həmişə haqq və həqiqət kor-koranə inkar edilmişdir. Yəni ta başlanğıcdan yanlış yola girilmişdir, yanlış yolun axırı da, əlbəttə, yanlış olacaq.

Quran "Allah bizimlə də danışaydı" (“Bəqərə” surəsi, 2/118) deyənlərdən bəhs edir. Bunu deyənlər yanlış baxışlı insanlardır... Onların yolu da, əldə etdiyi nəticə də yanlışdır. Deməli, belə bir nəticə çıxır; inhiraf yalnız bizə və bizim dövrümüzə xas deyildir. O, bu dövrün ateist və inkarçılarını yoldan çıxartdığı kimi, dünənin kafirlərini də eyni şəkildə azdırmışdır ki, bu da "küfr tarixinin təkrar olunması" deməkdir. Hz. Saleh, Hz. Lut, Hz. Nuh, Hz. Musa, Hz. İsa və Hz. Məhəmməd (aleyhimüssələti vəssalam) hamısı bir-birinə bənzər fikirlər söyləmişdir. Bəli, Yaradanı tanıma yolunda baxış bucağının düzgün seçilməsi şərtdir. “Allahı axtarıram” deyib yüksək qüllələr tikdirən, qüllə başında Onu tapmağa çalışan Firon səhv edir, özünü mümkünsüzlük girdabına atırdı. Göyə ox atıb onu (xəyalındakı ilahı) vurmağa çalışan Nəmrud da eyni təhlükə ilə öz axırına çıxır. 

Bəli, O, zahirən gözlə görünməyəndir, ancaq hər şeydən daha əyandır, daha aşkardır. O (c.c.) yaratdığı şeylərin dili, rəngi, şəkli, halı, hərəkəti ilə Özünü sətir-sətir bizə oxutdurur.. oxutdurur, amma “şiddəti-zühurundan gizlidir”[1]. Əslində hər şeydə Ona xas növ-növ, çeşid-çeşid cilvə və təcəlliləri görmək mümkündür. Ancaq O, bizim görə, təmas edə bildiyimiz cismanilikdən uzaq, hər hansı bir məkanda yerləşməkdən da münəzzəh və mübərra bir Xaliqdir. O, bütün sistemləri, kainatları öz əlində saxlayır, onlara hökm edir, eyni zamanda alıb verdiyimiz hər nəfəsdən də agahdır.

Buna görə də, zərrədən sistemlərə qədər hər şeyə hökm edən bir Zatı – haşa – hava şarı kimi, yerdə müşahidə etmək mümkün deyil və belə bir davranış yanlış dünyagörüşün, yanlış niyyətin göstəricisidir, əlamətidir. Qaqarin yer kürəsinin ətrafında bir dövrə vurub geri qayıdarkən "Allaha rast gəlmədim" deməklə XX əsrin firon düşüncələrinə tərcüman olmuşdu. Allahın Yer kürəsinin ətrafında bir peyk olduğunu kim demişdi ki, belə gülünc yanaşmaya yol verilirdi?

Qürur və təkəbbürə yenilənlərin də Allaha, Peyğəmbərə inanması çox çətindir. Məkkə kafirləri qürur və təkəbbürdən (Məkkədə Vəlid b. Muğirəni, Taifdə də Urvə b. Məsudu nəzərdə tutaraq) "Bu Quran Məkkədəki, ya da Taifdəki iki şərəfli insandan birinə nazil olmalı deyildimi?" deyirdilər. Peyğəmbərimiz (s.ə.s.) maddi cəhətdən kasıb insan idi. Əbu Talibin himayəsində böyümüşdü. Dolayısilə, o dövrün ictimai düşüncəsindən kənara çıxıb Onu (s.ə.s.) heç cür qəbul və həzm edə bilmirdilər. Bəli, qürur da onların inanmasın mane olurdu. Təkəbbür bir cəhənnəm zəqqumudur; hər qafil qəlbdə kök salıb boy ata, böyüyə bilər. Əgər insan inanmaq istəyirsə, təkəbbürdən də sıyrılmalıdır. Hətta – Haqq Təalanın lütfü ilə – hidayətə gəlmiş təkəbbürlü bir insan bu xasiyyətini tərgitməsə, qətiyyən (mənən) yüksələ bilməz, iki addım irəli gedə bilməz, həqiqət ona sirrini açmaz, imanda kamilləşə bilməz, zövqü-ruhanini dərk edə bilməz, hətta hədisin ifadəsi ilə "qəlbində zərrə qədər təkəbbür varsa, cənnətə girə bilməz".

Rəbbi tam mənada tanımaq üçün insanların zülmdən də uzaq olması şərtdir. Quranda: "Allah zalım qövmü doğru yola yönəltməz!" (“Saff” surəsi, 61/7) buyurulur. Həddi aşmaq zülmün fərqli bir şəklidir. Həddini aşan İsrail oğulları "Bizə Allahı aşkar göstər! " (“Nisa”, 4/153) deməklə əslində zülm edirdilər. Kafirlər Peyğəmbərimizi (s.ə.s.) bəzi şeylərə məcbur edirdilər, dayanmadan zülmə əl atırdılar. Bəli zülm də digər amillər kimi insanı küfrlə zəncirləyən bir mərəzdir.

Bu mənfi xüsusiyyətlərlə yanaşı bir də insanı imana aparan, onu kamillik ərşinə yüksəldən elm, ağıl, təvazö kimi xüsusiyyətlər vardır.

Quran bir çox ayədə ayeyi-təkviniyədən bəhs edir. Diqqətləri göylərdəki ahəngə, o ahəngin yerdəki nizamla bir-birini tamamlamasına, insanın bu ahəngin qoynunda zühuruna yönəldir. İnsanı varlıq və kainat haqqında düşündürür, sonra da: "Ağıl sahibləri üçün bunda (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır" (“Ali İmran” surəsi, 3/190) buyurur. Daim kainat kitabının müşahidəsini istəyir. Məsələyə bu cür yanaşmaq isə, ancaq elmlə mümkündür. Deməli, elm cəhalət və inhirafın əksinə insanı imana aparan yollardan birincisidir.

Bir başqa yol da insanın ağlından istifadə etməsidir. Ustadın yanaşması ilə desək, "Allah kəlamı böyük kainat məscidində kainatı oxuyur". İnsan o oxunan kitaba ağılla nəzər yetirib təfəkkür etməlidir. Məsələn: "Ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır" (“Ali İmran” surəsi, 3/190) buyurur Quran. Elə isə insanların xəlqindən fərqli dillərdə danışmasına, üz cizgilərinin müxtəlifliyindən səslərinə qədər – hər şeyi mühakimə etməli, ağıl süzgəcindən keçirməli və bir nəticəyə gəlməliyik. Bəli, bütün bunlar təsadüflə olası şeylər deyil. Əksinə, ancaq iradə ilə, məşiətlə mümkündür.. bəli, məhz bu mülahizələr Allaha aparan yolları insanın üzünə açar, ona mərifət səmalarında səyahət etdirər.

İnsanın düşünmə qabiliyyəti, mövcud hadisələri dəyərləndirməsi iman istiqamətində mühüm addım sayılır. Belə ki, həmişə hadisələr düzgün təhlil edilməli, səbəb və nəticə arasında olan əlaqələr araşdırılmalı və bu qəbildən fəaliyyətlərlə daim yeni nəticələr əldə edilməlidir ki, imanın bəhrəsini almaq, iman dəhlizindən sürətlə keçmək və hədəfdə olan üfüqə çatmaq mümkün olsun.

Üçüncü yol qəlbin təkəbbür hissindən arındırılması, yəni təvazödür. Özünü bəyənmiş insanların imana gəlməsi çox çətindir.. və bu hökm Quranın hökmüdür: "Yer üzündə haqsız yerə (layiq olmadıqları halda) təkəbbürlülük edənləri ayələrimizdən uzaqlaşdıracağam" (“Əraf” surəsi, 7/146)

Yəni “belə insanlar kitabımıza baxmaq istəyəndə kitabı örtüb buna imkan verməyəcəyik. Göyü və yeri seyr etsələr də, kainat kitabı daşıdığı mənanı onlara açmayacaq. O ərzü-səmaya başqa məxluq kimi baxacaq, həqiqətə aparan yolu tapsa da, bu yolda bir qarış da gedə bilməyəcək. Çiçəklərin nəğməsini, suların ahəngdar şırıltısını eşidə bilməyəcək, hisdən-həyəcandan, ilhamlardan məhrum olacaq”.

Bəli, kainat başdan-başa dəlil olsa da, hətta nəbilər gəlib gur səda ilə həqiqəti hayqırsalar da, öz içində məğlub olmuş ruhlar yenə də inanmayacaqlar. Əksinə azğınlıq və inkar yolunu, Allahı tanımama yolunu görən kimi, bu sarp yola rəvan olacaq və "yol budur" deyib özlərini boşluğa atacaqlar. Elə ayənin davamında da məhz belə buyurulur: "Onlar nə möcüzə görsələr, ona inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır" (“Ə'raf” surəsi, 7/146).

Zülm hidayət aparan yollar qarşısında ən böyük manelərdən biridir... Bəli, hidayət qapıları belə zalım insanların üzünə həmişə bağlıdır. Quran "Allah yalançı və nankorları hidayətə çatdırmaz!" (“Zumər” surəsi, 39/3) buyurur. Allah (c.c.) belə insanları əsla sevməz. Qapılar həddini aşan, təcavüzkar, hörmət bilməz tərbiyəsizlərin üzünə bağlıdır. Onların qəlbi də möhürlənmişdir. Deməli (onların) ruhuna zərrə qədər iman və ürfan girməyəcək. İmanlı, ürfanlı insanlar bütün bu mənzərələrdən ruhlarına süzülən işıq və nuru seyr edəcəklər, amma o birilər həmin mənzərədən heç bir şey anlamayacaq.

Zülm kimi qəflət də inama aparan yolları kəsən bir qulyabanidir. İnsan bu əngəli aşmadan iman üfüqünə vara bilməz. "İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər" (“Ənbiya” surəsi, 21/1) buyuran Qurani-Kərim tez-tez bizi bu təhlükələrə görə xəbərdar edir. Bəli, əgər insan qəflətdə ola-ola əllərini qaldırıb dua edirsə, (qəbul olunarmı, Allah bilər?), güman ki, belə bir dua qayıdıb üzünə çırpılacaq. Düzü, nə dediyini bilməyən, nə söylədiyini dərk etməyən insanların duası cavab və savab görməz. Elə isə ən mühüm dua insanın qəflətdən qurtulub hidayətə çatmaq üçün etdiyi duadır. Əks halda eyni səsi təkrar edən qırıq val kimi, qəflətə düşən insan çox iş görsə də, çox şey danışsa da, bircə qarış irəli gedə bilməz.

Məsələyə bu zaviyədən baxanda, zahirən və maddi cəhətdən zirvələrdə görünən insanların nəyə görə hidayətə çata bilməməsi öz-özünə aydın olur.

Müəyyən səviyyəyə çatan, müəyyən mövqeyə gələn, lakin heç vaxt axtarmağı bacarmayan, axtarıb haqq yola rəvan ola bilməyən insanların qəlbi möhürlənmişdir və buna görə də belələrinin hidayətə çatması qeyri-mümkün olmasa da, çox çətindir. Belə insanlar hidayətə ancaq “kütləvi ruh haləti”ndə çata bilərlər. Bəli, bir gün İslam seli qabağına çıxan hər şeyi önünə qatıb aparsa və hər kəs bu müdhiş axına qapılıb imana yönəlsə, belələri ancaq o zaman, bəlkə, Müsəlman olarlar. Dövrü-Risalət-Pənahidə axıra qədər müqavimət göstərən Əbu Süfyan, Safvan b. Umeyyə, Akra b. Xabis, hətta Hz. Əbu Bəkirin atası Əbu Kuhafə bu şəkildə İslamla şərəfləndilər.

Buraya qədər izah edilənlər Allaha aparan yolun ədəb və ərkanına aid məsələlər idi. İndi də Allahın varlığını göstərən bir-iki misaldan söz açmaq istəyirəm. Bunlardan birincisi “hudus nəzəriyyəsi”dir.

Hudus əşyanın sonradan var edilməsi, yaradılması deməkdir. "Əşya qədimdir (əzəlidir)" deyənlər Allahın (c.c.) əzəlilik vəsfini əşyaya aid edirlər. Əzəliyyət isə sonsuzluğun ünvanıdır.. və əbədiyyətlə vəhdətdədir.. orada zaman yoxdur. Əgər yer üzündə olan bütün qum dənəcikləri, çınqıllar sıfır olsa və bunların sol tərəfinə ən böyük bir rəqəm qoyulsa, bu müdhiş ədəd belə əzəliyyətlə müqayisədə heçdir. Ayrıca əşyaya əzəlilik damğasını vuranlar hər şeyi qədim, əzəli saymaqla yanaşı, kainatın bir gün sönəcəyini, hər şeyin yox olacağını iddia edirlər. Halbuki onları nə termodinamika qanunu, nə də hərəkət qanunu təsdiq edir. Termodinamika qanununa görə bir gün kainatdakı hərəkət bərabərləşəcək. Bir maddənin istiliyi başqa bir maddədən çox olmayacaq və bu ümumi ölümə səbəb olacaq – beləcə varlıq aləmində müsbət-mənfi heç bir şey qalmayacaq.. və kainat dayanmış saata çevriləcək. Əgər kainat əvvəl-axır yox olacaqsa, demək ki, onun əzəli olması mümkün deyil. Bəli, hər şeyin bir məbdəsi, hər məbdənin (başlanğıcın) də bir mübdü (yoxdan yaradanı) vardır. Allah (c.c.) hər məbdənin Mübdüdür.

Hərəkət qanununa görə əşyada əsas olan ətalətdir. Halbuki biz görürük ki, hər şeydə bir hərəkət var. Atom nüvəsinin ətrafında dövr edən elektronlardan nəhəng fəza sistemlərinə qədər müdhiş bir hərəkət, tükürpərdici bir dəyişmə müşahidə edirik. Hərəkət üçün zaman və məkana ehtiyac vardır. Bu ehtiyacı qarşılayan, hər şeyə gücü yetən isə Zati-Əcəlli-Ala, yəni Allahdır. Bəli hərəkəti dayandıran, hərəkətsizi hərəkətə gətirən Odur.

Bəli, sistemlərdən zərrələrə qədər hər şeyi Allaha istinad etmədən, Allahdan bilmədən heç bir məsələni izah etmək mümkün deyil. Əşya hadisdir, yəni sonradan ortaya çıxmışdır. Hər hadisin bir muhdisi vardır. O da əzəli və əbədi olan Allahdır (c.c.).. və O, göyün və yerin yaradanıdır.

Allah varlığını günəştək açıq-aşkar göstərən ikinci dəlil hər şeyin çöhrəsində şahid olduğumuz İlahi məşiət və iradədir.

Əşyanın meydana gəlməsi ilə bağlı İnsanların dilindən çıxan, dinsizliyi xatırladan və əhli-imanın da bilmədən istifadə etdiyi – Ustadın ifadəsilə – 3 söz var: əşya ya öz-özünə əmələ gəlmişdir (abiogenez), ya onu səbəblər yaratmışdır və ya hər şey təbiətin əsəridir. Əslində bu üç dəhşətli cümlə qeyri-mümkünü əks etdirir. Biz bu üç sözə müqabil deyirik ki, hər şey iradə və məşiətə sahib bir zat tərəfindən, Onun plan və proqramına uyğun meydana gəlmiş, yaradılmışdır ki, o zat da mütləq qüdrətə malik Allahdır (c.c.).

Yuxarıda keçən üç sözü işlədən, onlara və ya da onlardan birinə inanan və bununla özünə təsəlli tapan, əslində özü-özü ilə ziddiyyətdədir. Əşyanın varlığını təsadüflə izah edənlər amöbün təsadüfən əmələ gəldiyini zənn edirlər. Halbuki bu hüceyrə qeyri-adi quruluşu və bir dövlət kimi işləmə prinsipi ilə bir möcüzədir. Bəli, "Hüceyrənin quruluşuna heyran olduq" deyən Engels özü ilə ziddiyyətdədir. Hüceyrəni təsadüf sanan günəşə də təsadüf deyir. Şüursuz atom zərrəciklərinin toplayıb günəşi əmələ gətirməsinə, istilik və işıq mənbəyinə çevrilməsinə "bəli" deyənlər ən böyük ziddiyyətə düşənlərdir. Bütün bunların “öz-özünə yarandı”ğını deyənlər özləri ilə ikiqat ziddiyyətdədirlər.

Düşünün ki, bir nəfər sizə bir şeir oxusa, məsələn Hüseyn Əfəndinin bu gözəl:

"Dərdi hicrana təbibim bir dərman bilməzsənmi?
Göz ucuyla bir nigahi-aşina bilməzsənmi?
Həp cəfa dərsin təlim etdi ustad sənə!
Ey cəfaçı, nidüyüm səmti vəfa bilməzsənmi"

misralarına nəzər salaq. “Sözləri də, nəğməsi də öz-özünə, səbəblər dairəsində əmələ gəldi” deyənlər əslində: "bu şeir hərflərin diyirlənə-diyirlənə gəlib misralarda düzülməsi ilə əmələ gəlmişdir.. nəğməsi də ağacların nəğmələrindən götürülüb ona uyğun təsbit edilmişdir" deməkdir ki, bu da gülünc ifadələrdən başqa bir şey deyil.

Halbuki, hələ də sirrini tam bilmədiyimiz göz bundan (bu misralardan) bəsit deyildir. İnsanın ürəyi, beyni hələ də tam kəşf edilməmiş bir müəmma olaraq qalır. Bəli, insanın bu möhtəşəm yaradılışını təbiətə istinad etmək, “öz-özünə əmələ gəlib” demək və ya səbəblərlə izah etmək kainatın ahəng və nizamını görməmək deyilmi?..

Atmosferdə olan oksigenin səviyyəsi, dünyanın dövr etməsi və müəyyən bir bucaq altında maili dövr etməsi, günəşlə yer arasında məsafə.. və daha nələr nələr.. hamısı o möhtəşəm Xaliqin, o təsbehə, təqdisə layiq Allahın işi, Onun sənəti, Onun məşiəti, Onun xəlqi deyildirmi?

Başdan-başa bir müəmma olan həyat da Allahın varlığına bir dəlildir.. bəli, həyat elə bir müəmmadır ki, onu da quru maddiyyatçılıqla izah etmək mümkün deyil. Həyat, xüsusilə 3 cəhətdən açıq-aşkar Allahın varlığına dəlildir. Birincisi, xilqətin məbdəsi, yəni həyatın başlanğıcı. Bəli, Allah (c.c.) Hayydır. Həyatın mənbəyi və həyatı verən, verdiyi kimi də alan Odur. O, "Yuhyi və Yumit"dir.. eyni zamanda Qayyumdur. Yəni həyatı ahənglə davam etdirən və hər an hər şeyə nəzarət edən Odur. Bir orqanizm öləndən sonra bütün texniki imkanlarımızla səfərbər olsaq da, onu yenidən geri qaytara bilmərik. Elə olsaydı, hər kəs vəfat edən yaxınını təkrar həyata qaytarardı. Halbuki ətrafımızda daim ölüm var. Və biz bu müəmmalı gəliş-gedişi yalnız mat-məəttəl seyr edirik. Allah (c.c.) həyatı özünə bir güzgü kimi yaratmış, özünü onda göstərməkdədir. Çünki həyatın mülk və mələkut cəhətləri birbaşa Allaha baxır. Buna görə də əvvəla, kainatın xilqəti məsələsini, xilqətin ahəngini, rəhmət və ədalətini, yerdə həyatın zühuru və s. səbəblərlə izah etmək mümkün olmamışdır. Bəli, bunları səbəblər çərçivəsində izah etmək qeyri-mümkündür. Hərçənd səbəblər var və Allah (c.c.) icraatını ona görə gerçəkləşdirir, ancaq ilk xilqət möcüzədir.

Bu mövzuda ikinci məsələ tənəvvüatdır. Tənəvvüat ayrı-ayrı varlıqların meydana gəlməsi deməkdir. Tənəvvüat həyat adlı müəmmanın ikinci üzü, Allahın varlığının mühüm bir dəlilidir. Allah (c.c.) dilədiyini dilədiyi şəkildə yaradır. O, məxluqatı fərqli-fərqli yaratmış və növlərə ayırmışdır. İnsanlar belə bir-birindən fərqlidir. "Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq" (“Hucurat” surəsi, 49/13) ayəsi bunu açıq-aydın ifadə edir.

Bu məsələnin bir başqa cəhəti də əxlaq mövzusudur. Psixologiya və pedaqogika sahəsinə aid olan bu mövzu insanın fəziləti ilə bağlıdır. İnsan mənliyinin sirlərini dərk edərək ubudiyyət şüuru ilə qanad aça və cismaniyyətindən uzaqlaşa bilir. İnsanlar arasında şəhvani duyğu və düşüncələrindən uzaqlaşan elə rəbbanilər var ki, mələkləri belə ötə bilir.

Bəli, heç bir qabiliyyət və istedadı olmayan cansız və ruhsuz maddədə bu səviyyəli əxlaqın olması belə öz-özlüyündə bir möcüzədir ki, o da yenə Allahın varlığına dəlildir. Demək ki, ətdən, sümükdən ibarət olan insan bu səviyyədə əxlaqı ilə Allahın varlığının dəlilidir. Əxlaq məfhumu insana xas keyfiyyətdir. Bunu daş-torpaqda görmək mümkün olmadığı kimi, digər canlılarda da görmək mümkün deyildir.

Həyat adlanan müəmma bu üç cəhəti ilə Haqq Təalanın varlığına dəlalət edir. Belə ki, Allah (c.c.) hər varlığı hansı qəlibdə necə proqramlaşdırıb yaratmışsa, o varlığını elə davam edir. Nə təkamüllə, nə mutasiya ilə, nə də bir canlının başqa bir şəkildə əmələ gəlməsi ilə... hətta cins dəyişdirməsi belə mümkün deyil. Göyərçin göyərçin kimi yaradılıb və elə də qalıb. Toyuq toyuq kimi yaradılıb və nəsli elə də davam edir. Hətta qismən dəyişikliyə məruz qalan mələzlər həmişə qısır olub, nəinki dəyişmiş, əksinə heç təbii cinsi sistemini belə qoruya bilmir. Buna görə Haqq-Təala bir mənada "Ey insanlar! Bir məsəl çəkildi, ona qulaq asın! Şübhəsiz ki, Allahdan qeyri ibadət etdiyiniz bütlər heç bir milçək də yarada bilməzlər – hətta hamısı bu məqsədlə bir yerə yığışsa belə!" (“Həcc” surəsi, 22/75) buyuraraq, sanki, meydan oxuyur. Bu ayədə “heç bir milçək də yarada bilməzlər” deməklə həyatın və xilqətin Allaha (c.c.) məxsus olmasına diqqət çəkilir. Bu mövzuda indiyə qədər aparılmış araşdırma və təcrübələr bunu göstərir: bu qapı daim bağlı qalacaq, həyat bir müəmma və həm mülk, həm də mələkut cəhəti ilə daim Allahı göstərən bir işıq mənbəyi olaraq davam edəcək. O var olduqca biz də bunlardan dəlil gətirərək önümüzdəki pərdənin arxasında O Əzəli və Əbədi Günəşi görməyə çalışacağıq.

Həmçinin rəhmət də hər iki nurani cəhəti ilə Onu göstərir və Ona işarət edir.

Bəli, Rəhmət hərtərəfli olaraq Xaliqi-Əzəmin varlığına dəlalət edir. Bu mövzuya qövlü dua nöqteyi-nəzərindən baxılsa, daha aydın olar. Qövlü dua əsbab (səbəblər) çərçivəsinin xaricində Allaha üz tutmaq deməkdir. Dua insanlardan, insanların gücündən, əsbab və əsbaba isnad edilən hər şeydən sıyrılaraq, uzaqlaşaraq hər şeyə gücü yetən bir Zati-Əcəlli-Alaya üz tutmaq deməkdir. Baxın Hz. Nuh (ə.s.) necə bəddua edir: "Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma! Çünki Sən onları (sağ) buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir (oğul-uşaq) doğub-törədəcəklər" (“Nuh” surəsi, 71/26-27). Bəli, o qövmünə illərlə irşadı, haqq və həqiqəti təbliğ etmiş, ancaq onlar iman gətirməyincə də mərhəmətdən qəzəbə üz tutmuş... nəticədə ətrafı sel basmış... yerdən sular fışqırmış... dənizlər yerə batmış... yeni dənizlər meydana gəlmiş... zirvələr də insanların dadına çatmamış... və Allah qulunun duasını qəbul etmişdir.

İbrahim (ə.s.) həyat yoldaşını və uşağını səhranın ortasında tək-tənha buraxdıqdan sonra, ”Ey Rəbbim! Bu diyarı (Məkkəni) əmin-amanlıq yurdu et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaq elə! Mən əhli-əyalımdan bəzisini Sənin Beytülhəramının (Kəbənin) yaxınlığında, əkin bitməz bir vadidə (dərədə) sakin etdim. Ey Rəbbimiz! Onlar (vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar deyə belə etdim. Elə et ki, insanların bir qisminin qəlbləri onlara meyl etsin. Onlara (bu yerin ağaclarının) meyvələrindən ruzi ver ki, (nemətinə) şükür edə bilsinlər!" (“İbrahim” surəsi, 14/35-37) deyə dua etmişdi. Allah (c.c.) bu duanı elə qəbul etmişdir ki, o gün-bu gün bəşəriyyət axın-axın o əmin-amanlıq diyarına üz tutur, Kəbəni təvaf edir... və ora elə müqəddəs bir yerə çevrilib ki, Sidrətül-Müntəhaya qədər mələklər və ruhanilər onun ətrafında təvaf edir.

Dövrü-Risalət-Pənahidə də dualar edilir və bu dualara cavab verilirdi. Peyğəmbərimizə (s.ə.s.) peyğəmbərlik gəlməmişdən əvvəl Onun hörmətinə Allahdan yağış diləmiş; və əllərini aşağı salmadan şarhaşar yağan yağışa şahid olmuşdular. Bisətdən (peyğəmbərlik gələndən) sonra da bu və buna bənzər duaların təsiri həmişə müşahidə edilmişdir.

Duada əzəmətli bir təsir var və dua sırf übudiyyətdir (qulluqdur). Bəli, "Mənə dua edin, Mən də sizin dualarınıza cavab verim!" (“Mömin” surəsi, 40/60) deməklə Haqq-Təala eyni zamanda bizə dua ilə öz varlığına dəlil gətirmə yolunu göstırir...

Quran "Əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimdir, düşündünüzmü?” (“Nəml” surəsi, 27/62) deyir. "(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər..." (“Bəqərə” surəsi, 2/186) buyurur. Elə isə insanlar Haqqa duada qüsura yol verməməlidir. Əslində belə dua edənlərin alnı və çöhrəsi Allahı göstərən\əks etdirən parlaq bir güzgüyə çevrilir.

Bəzən insanın başına gələn hadisələr nankor nəfsi inandırma baxımından çox əhəmiyyətlidir. Sizə bir misal verim: yoldaşlarımız bir yerdə toplaşıb kitab oxuyurmuşlar. Özünü bəyənmiş, qəddar bir zümrənin gizli planlar qurduğunu eşidincə də yığışıb dua edirlər. Bəziləri Əshabi-Bədri oxuyur. O Əshabi-Bədir ki, onların tayı-bərabəri yoxdur. Belə ki, müharibənin, döyüşün nə olduğunu heç kimin bilmədiyi bir dövrdə qat-qat güclü düşmən ordusu ilə vuruşmuş və İslamı, onun uca Peyğəmbərini (s.ə.s.) müdafiə etmişdilər. Üstəlik onlar arasında Uhudda da böyük qəhrəmanlıq göstərən aslanlar aslanı Hz. Həmzə (r.a.) vardı.

Bəli, bu insanlar belə bir çətin vaxtda Hz. Həmzənin (r.a.) ruhaniyyətinə təzim və ehtiram ərz edirlər. Onlardan biri çadırda yuxu ilə oyaqlıq arası birdən-birə bir mənzərə ilə qarşılaşır. Başı dəbilqəli, əli mizraqlı, əyni zirehli müdhiş bir ordu nərə qopararaq oraya gəlir. “Kimsiniz?” deyə soruşduqda “Əshabi-Bədir” cavabını verirlər. Hətta onların biri Haqq-Təalanın güc və qüdrətini təmsil etmə baxımından əlindəki mizrağı deşilməz görünən qalın qapıya saplayır, mizraq qapının bir tərəfindən girib o biri tərəfindən çıxır. Mizrağın qapını deşdiyi anda başqa bir yerdə bir hadisə cərəyan edir. Pis düşüncə və pis duyğuların əsiri olan bəzi səfil ruhlar həmin yerə gələrkən yolda qəzaya uğrayırlar və avtomobilləri alışıb yanır: dolayısilə də mizrağın hara atılması aydın olur.

Bu və buna bənzər hadisələr o qədər çoxdur ki, “çiyin-çiyinə verib” bir araya gəlsələr, Allahın varlığına və birliyinə dəlalət edən böyük bir məşəl və bizi Ona bağlayan böyük bir kəndir, ya da Ona aparan işıqdan hələzon olar. Və biz bütün bunlarda mərhəmətin cilvəsini görər, Rəbbimizin inayətini müşahidə edərik.

Rəhmətin dəlil cəhətlərindən biri də Haqq-Təalanın yaratdığı hər varlığı həmin varlığa hədəfə istiqamətləndirməsidir. Allah (c.c.) təkcə yaratmaqla kifayətlənmir, həmçinin hər kəsi istedadı səviyyəsində onun üçün təyin edilmiş hədəfə çatdırır. Bu yolda hər üzv şövqlə işləyir. Ağızımıza loğmanı qoyanda dərhal beynə bir siqnal, beyindən mədəyə bir başqa siqnal göndərilir. Mədə yeməyi həzm etməyə hazırlaşır və müəyyən turşular ifraz edir. Bunların hər biri bir şövqdür. İnsanın daxilən hiss etdiyi bəzi hislərin onu müəyyən bir hədəfə yönəltməsindən, arının çiçəklərə qonmasına, çiçəklərdən nektar çəkib bal düzəltməsinə, bu yolda uzun məsafələr qət etməsinə, bu uzun səfərdə yolunu azmadan geri qayıtmasına qədər hər şey şövq içində sövqdür. Gedərkən bir məqsəd dalınca gedir, qayırdarkən bir məqsədlə qayıdır... və bütün bunları o kiçik beynindəki proqram əsasında həyata keçirir...

İnsan da bu proqramı yerləşdirən əli görür, o proqramı işlətmək üçün arıya şövq verildiyinə şahid olur və "Lə iləhə illəllah" deyir.

Rəhmaniyyətin başqa bir cilvəsi də Haqq-Təalanın yer üzünü min bir gözəlliklə bəzəyib önümüzə sərməsidir. Bəli, göylərdə və yerdə nə varsa, hər şey ürəkaçan gözəllikdə tənzimlənmiş, gözqamaşdıran üslubda göz önünə qoyulmuşdur. Hər şey o qədər gözəldir ki, insan başını qaldırıb göylərə baxanda şairanə ilhamlarla coşur; yer üzündəki gözəllikləri görəndə də eyni hiss-həyəcana bürünür. Dənizlər çox gözəldir. Dalğaların küləklə oynaşması ondan da gözəldir. İnsanın qaşı, gözü, qulağı, ruhu, əxlaqı çox gözəldir. "Allah yaratdığı hər şeyi çox gözəl yaratmışdır" (“Səcdə” surəsi, 32/7). Və heç də təsadüfi deyil ki, bütün bu gözəllərdən gözəl yaradılış insanın ən incə zövqlərini oxşayır, ona həzz verir. Hər şey çox şirin və çox gözəldir. Bu mükəmməl ahəng və nizam bir Nazimi-Əzəmə dəlalət edir.

Mərhəmətin bir başqa cəhəti də hikmətdir. Haqq-Təala heç bir şeyi əbəs yaratmamış, əksinə hər şeyi yerli-yerində xəlq etmişdir. Kainatda nə əskiklik, nə də artıqlıq var.. bu kainatda mövcud olan varlıqlarda da hər şey tənasüb içindədir: Dənizlərin duzluluğu, günəşlə yer arasında məsafə, yer qabığının qalınlığı, atomların düzülüşü və s. –  bunların hər biri bir hikmətdir və Allahın mərhəmətinə sadiq (doğru) şahidlərdir.

Gözlərimiz başdan-ayağa möcüzədir... və gözdə hər şeyi yerli-yerindədir. Maksimum qənaət prinsipinə əsasən həm qorunma, həm də insan həyatı baxımından göz üçün bundan daha mükəmməl yer ola bilməz. Qulaq da, burun da, dodaq da, yanaq da belədir. Bunların birinin yeri dəyişsə, əhsəni-təqvimin mühüm bir güzgüsü olan çöhrə çirkinləşər. Əllər, ayaqlar və bədənimizdəki bütün oynaqlar da belədir. Onun üçün Müxbiri-Sadiq (s.ə.s.) "İnsanın bədənində filan qədər oynaq var, hər biri həmd-səna tələb edir. Sədəqə versəniz, bu nemətlərə şükür etmiş olarsınız. Əgər verə bilməsəniz, quşluq vaxtı qılınan iki rükət namaz bu nemətlərin hamısının əvəzində yaxşı bir şükür ola bilər" məallı hədislə bu həqiqəti bildirir.

Həmçinin ölüm də hikmət dolu bir nemətdir. O olmasaydı, bir evdə ana-atalarımızın yanında, onların nənə-babaları, onların yanında da onların nənələri babaları... Onların xəstəliklə mücadiləsi, onlara qayğı göstərənlərin halı bu dünyanı yaşanmaz vəziyyətə gətirərdi. Nəinki onlar, ağcaqanadlar sürətlə çoxaldıqları halda ölməsə idilər, bir-iki ildə yer üzü bir neçə santimetr qalınlığında ağcaqanadla örtülərdi. Bəli, ölümdə belə bir vəchi-rəhmət var. Ölümü də, həyatı da bir nemət kimi yaradan və varlıq aləmini dərin bir hikmətlə davam etdirən Allah (c.c.) əbəs iş görməmiş, hər şeyi yerli-yerində mükəmməl şəkildə xəlq etmişdir. Biz nəyi təhlil edirik-edək, hər şeyin çöhrəsində əngin bir mərhəmətin parladığını müşahidə edəcək və Allahın inayət əlinə şahid olacağıq.

Əslində inayət də mərhəmətin ayrı bir dərinliyidir. Allahın (c.c.) hər şeyi əmrimizə verməsi, dadımıza çatması, hər hadisədə özünə aparan bir yol açması... bunların hamısı Onun inayət əsərləridir. Quran Allahın inayətini belə təsvir edir: "(Daim öz mehvərində, özləri üçün müəyyən olunmuş yerdə) seyr edən Günəşi və Ayı, həmçinin gecəni və gündüzü sizin ixtiyarınıza verən Odur. (Allah) sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, həm də çox nankordur" (“İbrahim” surəsi, 14/33-34). Bəli, hər nəfəsə iki şükür borcu olan insan bu qədər nemət müqabilində vicdanında Münimi-Həqiqini  tapıb, Ona təşəkkür etməli deyilmi?

Buraya qədər izah olunanlar istidlalla əldə edilən kiçik dəlillərdir. Rəbbimizi bizə tanıdan 4 mühüm xüsus var ki, bu mövzuda da əsas söz sahibi onlardır və həmçinin Nurun təməl mövzularıdır.

Onlardan birincisi, “kainat kitabı”dır. Yuxarıda təfərrüatla izah etməyə çalışdıq. İkincisi, Qurani-Kərimdir. O, təbliği Nəbiyyi-Ümminin (s.ə.s.) ən böyük vəzifəsi olan möcüzələr qaynağı, əlçatmaz ulu bəyandır. Keçmişdən bu günə varlığı və ondakı sirri ən ağlabatan və insan ruhunu oxşayan tərzdə, şirin bir dillə bizə çatdıran Quranı-Əzimüşşan Allahın varlığına elə bir dəlildir ki, onu izah etmək mümkün olsa idi, onda da kainat kitabının parlaq dili, işiqlı çöhrəsi kimi, aydınlıq və işıq zühur edər, ona baxan hər kəs "Lə ilahə illəllah" deyərdi. Rəbbimizi bizə tanıdan üçüncü işıq qaynağı da Nəbiyyi-Əkrəm (s.ə.s.) Peyğəmbərimizdir. Hüzurunda yaşayanlar Onun əfsunlu abı-havasının təsiri ilə sanki, səmalarda ömür sürdülər. Biz Onu (s.ə.s.) bəyanı, yolunda can verən səhabələri (r.anhum) və gətirdiyi sistemi ilə, dini-mübini-İslamla tanıyır, ilklərin nailiyyətlərini bölüşməyə çalışırıq. Ümmi bir insanın bəşərə bu ərməğanı öz-özlüyündə mükəmməl bir hədiyyə olduğu kimi, Allahın da mükəmməl dəlillərindəndir. Peyğəmbərimizin (s.ə.s.) həyatı, əxlaqı parlaq hərflərlə göylərə "Lə iləhə illəllah" yazan bir qələmdir, bir dildir. "Kainat bir kitab olsa, Hz. Məhəmməd (s.ə.s.) bu kitabın katibinin qələminin mürəkkəbi olar". "Bəli, biz Onun üçün varıq".

Dördüncüsü də insanı heç vaxt yanıltmayan onun öz vicdanıdır. Bəli, vicdan daim Allahı göstərən bir ibrədir. Kainatdakı nizam Nazimi, həyat hayy olan Allahı, varlıq vücudu (var) olan Allahı.. hər şeyi görüb, bilib etmək isə Səmi və Basir bir Zati-Əcəlli-Alanı göstərir. Biz bu dəlillə (vicdanla) məşğul olarkən eyni zamanda Haqq Təalanın bir qisim sifətlərinə də istinbat etmiş oluruq. Məsələn, Allahın varlığı Onun “vücud” sifətini göstərir. Allahın varlığının əvvəlinin olmaması “qidəm” sifətini göstərdiyi kimi, hər şey sona yetdikdən sonra Onun varlığının davam etməsi də Onun “bəqa” sifətinə işarə edir. "Allahdan başqa hər şey məhvə məhkumdur" (“Qasas” surəsi, 28/88). O (c.c.), heç bir məxluqata bənzəmir. "Ona bənzər heç bir şey yoxdur" (“Şura” surəsi, 42/11) Bəli, Onun bənzəri yoxdur. Bu da "müxalifətin lilhəvadis" sifətinin əlamətləridir.

Bəzən bu sifətləri kainat kitabını mütaliə etməklə görə bilirik. Belə ki, Allah Alimdir, hər şeyi biləndir. Çünki bu kainat elmsiz, plansız, nizamsız yaradılana bənzəmir. Səmidir, hər şeyi eşidir. Dua edirik, duamıza cavab verir. Bəsirdir, mahiyyətimizə baxır, ehtiyacımıza görə lütf edir. Ən kiçik şey belə Ondan gizlənə bilməz. Hadisələrin axarına baxanda bütün bunları kor və kar təbiətə istinad etmək mümkün deyil. Bəli, bunları görüb bilən o Zata istinad etməklə izah etmək mümkündür. Biz hər şeyin bir iradə ilə sövq və idarə edildiyini görürük. Bu, bizə Allahın iradəsini göstərir. Eyni zamanda Allah (c.c.) qüdrət sahibidir. Həmçinin bu möhtəşəm məxluqat və bu ağılalmaz işlər zərrədən seyyarələrə qədər nə varsa hamısı Allahın qüdrətindən xəbər verən dəlillərdir.

Yalnız Allahı tanıma deyil, Onun əvsafi-kəmaliyəsini dərk etmək, əşyadan istinbat edərək istidlalla Ona çatmaq, Onu nöqsan sifətlərdən münəzzəh və mübərra görmək, bunlarla yanaşı kainat kitabını müşahidə etmək üçün bir də kəlam sifəti var. Kor, kar olanlar da anlasın deyə ən pak və ən təmiz qullarını göndərmiş, kitablarla İlahi məqsədini bizə çatdırmışdır.

Allahın varlığına aparan dəlilləri dilə gətirməkdə və ya mövzu ilə bağlı araşdırmalarda əsas məqsəd qarşımıza çıxan bəzi maneələri, əngəlləri aradan qaldırmaq, təmiz vicdanları, vicdandakı nöqteyi-istimdat və istinadı hərəkətə gətirmək, onu əzəl və əbədə istiqamətləndirmək, vicdanı o parlaq işıqla baş-başa qoymaq və üz-üzə gətirməkdir. Yoxsa dəlillər Haqq Təalanın Zatının və sifətlərinin qəyyumu ola bilməz. Biz Onun feillərindən isimlərinə, isimlərindən sifətlərinə, sifətlərindən mövcudu-məchul olan Zatına keçməklə Onu tanımağa çalışırıq. Lakin buna baxmayaraq Zati İlahini dərk etmək qətiyyən mümkün deyil. Biz "Mə arəfnəkə haqqa mərifətikə ya Məruf" sözü ilə bunu etiraf edirik. Onun Zati-Uluhiyyətinə layiq ibadət etmək də mümkün deyil. "Mə arəfnəkə haqqa ibadətikə, ya Məbud" bəyanı ilə da bunu dilə gətiririk. Verdiyi nemətlərin mində birinə belə şükr edə bilmir, "Mə şəkərnakə haqqa şükrikə, ya Məşkur" etirafı ilə bunu pıçıldayır və "Mə hamidnəkə haqqa hamdikə, ya Mahmud" əbədi əhdi-peymanımızla da acizliyimizi, yoxsulluğumuzu, zəifliyimizi dilə gətirir, Onun dərgahına sığınırıq.

[1] Bəzi şeylər o qədər açıq-aşkar və göz qabağındadır ki, bu hətta onların görünməməsinə, sezilməməsinə səbəb olur. Hər yeməkdən sonra Allaha şükür edirik, amma hər an alıb verdiyimiz nəfəs üçün şükür etmək ağılımıza gəlmir. Çünki bu nemət daimidir və bu daimlik onun gizli qalmasına, unudulmasına səbəb olur.

Günəşi xəyalən böyüdək, bütün göy üzünü örtsün. Ondan başqa göyda heç nə görünməsin. Belə bir dünyaya göz açan insan üçün günəş şiddəti-zühurundan gizlənir, görünməz naməlum olur; varlığı unudulur.

Allahın varlığı hər şeydə görünür, çünki hər şeyi O, yaratmışdır. Yəni Allahın varlığı hər şeydən daha açıq-aydın olsa da, bu “şiddəti-zühur” Onun gizlənməsinə, görülməməsinə səbəb olur.
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.