Dinlərin Tövhidi (!)

Qərbdə dinlərin ortaq cəhətlərini nəzərə alaraq “bütün dinlərin qaynağı birdir, elə isə bütün dinləri bir yerə toplayaq” kimi düşüncə var. Bu fikirlərə nə cür baxılmalıdır?

Əvvəla, bunun bizim problemimiz olmadığını ifadə etmək istəyirəm. Bəli, belə bir fikir dinləri bir-birindən ayrı görənlərin problemidir. Biz nə Xristianlığı, nə Yəhudiliyi, nə də İslamiyyəti mənşə etibarilə bir-birindən ayrı görmür, əksinə ayə və hədislərin işığında onlara əhli-kitab adı verərək, münasibətlərimizi bu müstəvidə nizamlamağa çalışırıq. Məsələn, biz bir ateistlə ailə həyatı qurmaz ikən, bir Xristianla evlənə bilir və bir Yəhudinin kəsdiyi heyvan ətindən yeyə bilirik... Buna bir digər nümunə də Hz. Ömərdir (r.a.). O Atəşpərəstlərin (məcusilər) bəzi təməl inancları etibarilə Müsəlman əqidəsinə yaxın olmalarına görə, onları əhli-kitab mövqeyində qəbul etmişdir. Hətta Muhamməd Hamidullah kimi dəyərli elm adamları Brahmanizm haqqında da eyni düşüncəni daşıyırlar.

Bununla yanaşı, Buddizmi də bu kateqoriyaya daxil edənlər var. Əgər Buda tədqiqatçıların dedikləri doğrudursa, Buda da Martin Lüter kimi bir reformistdiir və beləliklə də Buddizm Brahmanizmin daxilində bir məzhəbdir. Yenə onların dediklərinə görə, Buddizm Brahmanizmin teoloji yönlərini yox, əxlaqa aid yönlərini alaraq bir sistem qurub, inkişaf etdirmişdir. Əgər Buddizm budursa, belə bir sistemə din deyilər ya deyilməz bu ayrı məsələdir, çünki bizim “din” məfhumundan anladığımıza görə, din “insanları öz iradələri ilə addım-addım mütləq mənada xeyrə sövq edən İlahi qanunlar məcmuəsidir”. Bu baxımdan ona şəriət mənasında din deyilməsə də, lüğət mənası etibarilə yol, sistem, məktəb mənasına gələn “din” deyilə bilər. Bununla yanaşı, bizim üçün mülahizə dairəsi açıq və genişdir. Kim bilir bəlkə də, Buddizm sistemi də, İlahi dinlərin bağlı olduqları kimi bir mənbəyə söykənir və Brahmanizmdən fərqli bir dindir.

Yeri gəlmişkən, mövzu ilə birbaşa əlaqəsi olmasa da, bir məsələyə də diqqətlərinizi çəkmək istəyirəm. Qənaətimə görə, Qurani-Kərim saf Xristian əqidəsini və Hz. İsanı (ə.s.) bizə tanıtmasaydı, hal-hazırdakı təhrif olmuş şəkli ilə Xristianlığı anlamada biz də çox çətinlik çəkərdik.. çəkərdik və “bir üç, üç bir” deyə təqdim edilən “teslis” və ya “əqanimi-səlasə” anlayışını izah edə bilməzdik. Və ya Qurani-Kərimin Hz. Musa, Hz. Yuşa, Hz. Harun, Hz. Süleyman və Hz. Davud (ə.s.) haqqında açıq-aydın bəyanları olmasaydı, bu uca peyğəmbərlərə tövhid əqidəsi nöqteyi-nəzərindən baxmamımız mümkün olmayacaqdı. Məsələn, Yəhudi qaynaqlarına görə, kimi filosof, kimi, haşa, sərxoş, kimi də öz qızları ilə zina edən zinakar... Dünyadakı ən bayağı, ən adi insanların belə etməyəcəyi şeyləri peyğəmbərlərə isnad edən bu anlayışa din demək qeyri-mümkündür. Bu baxımdan Buddizm də belə bir təhrif olma talesizliyinə məruz qalmış ola bilər.

Sadəcə Budizmmi? Əlbəttə ki, xeyr. Məsələn, Sokrat. Biz onun düşüncələrini öz qələmindən öyrənmə imkanına malik deyilik. Çünki onun haqqındakı hər şeyi tələbələri qələmə almışdır. Platon Sokrata nə qədər tələbə olmuş, müəllimini nə qədər anlaya bilmiş və öyrəndiklərini bizə nə qədər nəql edə bilmiş.. bunlar tamamilə bizə naməlum olan məsələlərdir. Ancaq ümumi düşüncələrinə baxanda onda bir Allah inancı olduğunu da görmək mümkündür.

Bəli, düşüncələrin əldən-ələ, dildən-dilə, nəsildən-nəsilə ötürülə-ötürülə zamanla öz saflıq və duruluğunu itirməsinə çox şahid olmaq olar. Məsələ bundan ibarət olsa idi yenə yaxşı. İfadədəki saflığın itirilməsi ilə yanaşı, məna dəyişikliyinə məruz qalması da təhrifin, sui-niyyətlə edilməsə də, bir başqa yönüdür. Bu baxımdan, Hz. Məsihin (ə.s.) tamamilə ruhani düşüncəsi Roma bütpərəstliyi ilə çarpışınca nə hala gəldiyini təxmin etmək çox çətindir. Hər hansı bir kilsəyə girəndə bu acı həqiqəti bütün çılpaqlığı ilə görmək mümkündür. Bir başqa məsələ də, Xristianlığın üluhiyyət anlayışına görə, ilah passivdir. Onun aktiv hala gələ bilməsi üçün Hz. Məryəmə girib çıxması lazımdır. O Məryəmə girib çıxınca aktiv üluhiyyətə çevrilib Məsihə dönər ki, əsas missiyanı da Məsih yerinə yetirər. O insanlıq üçün əlindən gələn hər şeyi edər və edəcəyi şey qalmayıb sıra qurban olmağa gəlincə özünü qurban edər.(!)

Yəhudilərin də Hz. Üzeyr barədə buna bənzər şeylər dediklərini bilirik. Deməli, məsələlər tam qeydə alınmayınca buna bənzər qızıl kimi həqiqətlər gələcək nəsillərə səhv ötürülə bilər. Bu mənada, ayə və hədisləri ilə hər şeyin ən gözəl qeyd edildiyi və Qurana baxan yönü ilə İlahi tərəfindən hifz edilən İslamiyyətdə belə bu cür inanc və əqidə pozuntuları olur. Məsələn, üluhiyyət mövzusunda yuxarıda ərz etməyə çalışdığımız Xristian inancına bənzəyən Hz. Əlinin üluhiyyətlə əlaqələndirilməsi buna nümunə verilə bilər. Bu inanca görə, aktiv üluhiyyəti təmsil edən Hz. Əlidir. Əfəndimizin (s.ə.s.) peyğəmbər olaraq göndərilməsi, Quranın nazil olması və s. bütün bunlar Hz. Əliyə zəmin hazırlama məqsədini daşıyır. Hz. Əli məqami-cəmin sahibi olaraq hər şeyi özündə toplamış və onu təmsil etmişdir.. ondan sonra bu güc Hz. Əlinin nəslindən olan 12 imama paylanacaq; get-gedə bu xatəmul-övliya olan imamı- müntəzərdə toplanacaq.. İmamı-müntəzər də Quranın o əskik qalan 300-400 ayəsini ortaya çıxaracaq və həqiqət bir daha tam şəkildə zühur və təcəlli edəcək!

Bu anlayışları İslamın təlimləri ilə izah etmək, bunlara bir məna vermək qeyri-mümkündür. Amma lənətə gəlmiş fanatizm, cəhalət bizi də bu hala gətirmişdir. Bu mövzuda 14 əsrdən bəri ümmətin cəhdi; ittifaq və icması olmasa idi, biz də Hz. Əlini anlamaqda çətinlik çəkəcəkdik.

İndi isə təkrar suala dönək; təhrif və təbdilə məruz qalmış da olsa, Xristianlıq, Yəhudilik, Brahmanizm, Buddizm, Atəşpərəstlik və. s üzərində ittifaq etdikləri müəyyən müştərək əsasların olduğu da danılmaz bir gerçəkdir. Məsələn, tövhid, peyğəmbərlik, həşr, ədalət, übudiyyət kimi. Və ya ölüləri basdırma, təsəttür və s. Inanc sistemlərinin məsələlər kimi. Çünki demək olar ki, bütün dinlərdə ölülər basdırılır, ara-sıra “cəsdimi yandırın” deyərək cəmiyyətin əsrlərdən bəri inancına zidd gedən bəzi insanlar xaric, hər yerdə ölülər basdırılır.. və təsəttür hər dinə mənsub insanlar tərəfindən qəbul edilib tətbiq edilir. Hətta yaxın tarixə qədər dünyanın müxtəlif bolgələrindəki Yəhudilər də başlarını bağlayırdı ki, bu da dinlərin üzərində ittifaq etdikləri müəyyən ortaq dəyərlərin var olduğunu göstərir. Əlbəttə, nəsxə məruz qalmış (hökmü dəyişmiş) və ya təhrif olmuş, Müsəlmanlıqda olmasa da, bir çox hökmlər də var. Əsas etibarilə, bu çərçivədə təfərrüata və ya əsasa aid hökmlərdə Allahdan gələni Allahdan gəldiyi şəkildə ortaya çıxarmaq və onları tövhid etmək çox çətindir. Onsuz da, Allah da (c.c.) razı olduğu əsasları növbəti peyğəmbərlə bildirmiş, dəyişdirəcəyi hökmləri də dəyişdirmişdir. Ən sonda Hz. Muhammədi (s.ə.s.) göndərmişdir ki, O da Quran və Sünnətlə müsəhhihlik (təshih edən, düzəldən), mücəddidlik və ya müəssislik (təsis edən, quran, meydana gətirən) vəzifəsini yerinə yetirmişdir. Bəli O bir mənada müsəhhihdir. Çünki özündən əvvəlki şəriətlərin təhrif olunmuş yönlərini təshih etmiş.. mücəddiddir, çünki şərtlərin dəyişməsinə paralel olaraq bir çox hökmü dəyişdirmiş.. və müəssisdir, çünki A-dan Z-yə qədər yeni bir dinin qurucusu olmuşdur. Dolayısilə də, yenidən dinləri birləşdirmə kimi bir axtarışa heç ehtiyac yoxdur. İslam, təşəbbüs edilən belə bir işin Allah tərəfindən həyata keçirildiyi dinin adıdır. “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim.” (Maidə/3)“Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!” (Ali-İmran/85) və ya “Allah yanında (haqq olan) din, əlbəttə, İslamdır.” (Ali-İmran/19) ayələri də əslində bu həqiqəti bildirməkdədir.

Həmçinin “Bizdən əvvəlki şəriətlər nəsx edilmədiyi müddətdə bizim də şəriətimizdir” qaydası onsuz da belə bir düzəlişə ehtiyac olmadığının ayrı bir dəlilidir.

Ancaq buna bənzər düşüncə və fəaliyyətlər din adına yox, kültür adına ediləcəksə, ona heç nə deyə bilmərik. Çünki din başqa, kültür başqadır. Kültürün dindən qaynaqlanan, hətta dindən bəslənən yönləri olsa da, kültürü dinlə bərabər tutmaq qeyri-mümkündür. Bu baxımdan, bu cür düşüncə və fəaliyyətlər elm, kültür və mədəniyyət tədqiqatları yönündən hər nə qədər faydalı olsa da, belə Sanskritcəyə bənzəyən bir din anlayışı meydana gətirmək məncə boş məşğuliyyətdir.

Son olaraq bir şey də əlavə etmək istəyirəm. Buna bənzər düşüncələr yaşadığımız dövrə xas deyil. Bundan əvvəl də dinlərin tövhidi üçün fəaliyyətlər olmuşdur.. amma bunların heç biri müvəffəqiyyətli olmamışdır. Məsələn, Əli Əkbər Şah xoş niyyətli də ola bilər, lakin Hinduların təsirində qalaraq: “Hər dindən az-az götürüb, bir din meydana gətirək” deyən və bu uğurda İmam Rəbbani kimi bir uca qaməti həbsə atdıran insandır. Hal-hazırda da Garaudi (və ya İspaniyada bir başqası) eyni fikirlərlə ortaya çıxmış ola bilər. Halbuki, ömrünün çox hissəsini İslama zidd olan bir sistemə lideriliyi ilə keçirmiş, sonra Müsəlmanlığı qəbul etmiş kimi görünən bu insanların İslamı yaşaya-yaşaya mənimsəmədən, onu fitrətin qopmaz bir parçası halına gətirmədən, onlardakı küfrə aid tullantıları təmizləyib bir kənara atmadan, yəni üzməyi öyrənmədən dərin dəryalara dalmaq mahiyyətindəki fəaliyyətləri əsl mənada insanın öz-özünü dərk edə bilməməsi deməkdir.

Bəli, insan təbiət olaraq təhrifə meyli olan bir varlıqdır. Məsələn, İbn Teymiyə sərt görüş və ifratyüklü düşüncələri ilə, İslam dünyasının mənimsədiyi bir şəxsiyyət olsa da, bir az da onu ifratçı edən o dövrdə qəbirlərə hörmət etmədə bir az ifrata qaçan və türbələrdə şam yandıran insanlar olmuşdur. Buna görə də, insanlar çox diqqətli olmalıdırlar. Fitrətinə qoyulan bu zərərli ola biləcək xasiyyəti işlətməməyə və əsas da bu mövzuda çevrənin təsirində qalmamağa həddindən artıq diqqət etməli, daima Quran və Sünnətin meyarları ilə hadisələri dəyərləndirmə yolunu seçməlidir. Və unutmamalıdır ki, onlar dəyişmə duyğusu ilə də imtahana çəkilirlər. Bunun üçün, insan iradəsini məcbur etməli və Allahın “razı oldum” dediyi dində kamilliyə gedən yolları araşdırmalı, bu yolda gedən peyğəmbərlərin, övliyaların mindiyi vasitələrə, hansına gücü çatırsa, minərək arzu olunan mənzilə getməldir. Əks halda, orijinalıq axtarıram, yeni icadlar edirəm.. kimi düşüncələr onu yolda qoya bilər və məhz belələri düz getdikləri yoldan çıxıb, əbədi gözəllikləri itirə bilərlər.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.