Düşmənçilik Mövqeyi Tutanlara Qarşı Üslubumuz

Sual: Bizə düşmənçilik mövqeyi tutanlara qarşı necə davranmalıyıq?

Cavab: Möminin davranışı çox əhəmiyyətlidir. Çünki O, Hz. Məhəmməddən (s.ə.s.) dərs almış insandır. Möminin ədəb və nəzakət qaydaları xaricinə çıxması qeyri-mümkündür. Çünki onun hadisələr və şəxslər qarşısında nümayiş etdirdiyi hər davranış bilavasitə İslama şamil edilir. Elə isə mömin, İslami ədəblə formalaşmış hal və hərəkətlərini ən imansız insanlar və ən amansız hadisələr qarşısında belə dəyişdirmədən, müsəlmana yaraşan şəkildə ortaya qoymaq məcburiyyətindədir. Allah Rəsulunun (s.ə.s.) həyatına nəzər yetirdikdə Əbu Cəhil qarşısında belə halını dəyişdirmədiyini görürük. Deməli, əgər öfkəyə qapılmışıqsa, öfkəmizi biruzə verərkən belə üslubumuz yenə də İslami üslub olmalıdır. Düzdür, Qurani-Kərim bəzi ayələrində kafirlərə qarşı sərt üslubdan istifadə edir. Lakin onun o sərt üslubu şəxslərdən daha çox bəzi batil  fikirlərə və düşüncələrədir. Bəli, əslində O heç kimi qarşısına alıb töhmət etməmişdir. Onun töhmət etdiyi, kafir və mülhidlərdən çox, onların təmsil etdikləri və qiyamətə qədər də sürəcək kafircə düşüncə və mülhidcə anlayışlardır. Hər zaman Qurandan bu dərsi alan bizlərin, fərqli davranması düşünülə bilməz və düşünülməməlidir.

Bəli, bizlər bu həqiqəti şəxslər səviyyəsində nəzərdən keçirdiyimiz kimi, dövlətlər səviyyəsində də gözdən keçirə bilərik. Məsələn, bu bir həqiqətdir ki, Amerika, İngiltərə, Almaniya adı çəkiləndə bəzən üslubumuz sərtləşir. Lakin bunu heç vaxt unutmamalıyıq ki, gələcəkdə Amerikalılara, İngilislərə, Almanlara Haqqı təbliğ etməyi, onlara İlahi bəyanı çatdırıb əbədi əzabdan qurtarmağı düşünürüksə, indidən sərtliyi bir yana qoyub üslubumuzu yaxşı müəyyən etməliyik. Deməli  hər məsələdə olduğu kimi, bu məsələdə də Quran və Sünnətin ruhundan süzülmüş ölçü və kriteriyalara müraciət etməliyik.

Gəlin bu mövzunu Qurandan bir nümunə verərək konkretləşdirək. Allah (c.c.) Hz. Musaya (ə.s.) Firon haqqında "Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!" (Taha/44) deyir. Yəni sənə və əshabına illərlə qan qusduran Firon da olsa, yumşaq söz və şirin dillə müraciətə təşviq edilir. Burada diqqəti cəlb edən mühüm bir məsələ də Quranın təfəkkürü, Allah xofunu "qövli-leyyin"ə (yumşaq söz və ifadə) bağlamasıdır. Bunu əks məfhumla nəzərdən keçirsək: "Əgər sərtliklə təzyiq göstərsəniz, nə düşünər, nə də xəşyət duyar" mənasını çıxara bilərik. Elə isə müxatəbimiz kim olur olsun, fikirlərimizi çatdırmaq üçün mülayimlik və müsamihə əvəzolunmaz şərtdir. Demək ki, müsəlman daim tövri-leyyin, hali-leyyin, qəlbi-leyyin, vicdani-leyyin, qövli- leyyin olmaq məcburiyyətindədir ki, həqiqi irşad insanı ola bilsin. Əks təqdirdə, yəni yumşalmamış, əriməmiş, Məhəmmədi ruhun qəlibinə tökülməmiş bir insanın hər hal və hərəkəti süni və saxtadır. Belələri bir müddət təbəssüm etsələr də, quyruğu tapdalanan kimi dərhal diş göstərər və əsil mahiyyətlərini ortaya qoyarlar. Çünki işılda böcəyi münəccimi nə qədər aldada bilər ki? Bu kriteriyalar nəzərə alınaraq, Hz. Məsihin axırzamanda yer üzünə enmə və Məhəmməd ümmətindən birinə tabe olma məsələsini Məhəmmədi ruhda mövcud olan ədaləti, rəfət (əsirgəmə, acıma) və şəfqət ilə ayrı bir yönə çəkməsi kimi anlamaq mümkündür. Yəni Məhəmmədilikdəki etidalın (orta yol) fövqündə, hətta, bəlkə də, bəzilərinin yadırğayacağı qədər üst səviyyəyə çıxararaq "döyənə əlsiz, söyənə dilsiz və qəlb qırana da könülsüz" olma kimi anlaya bilərik. Bu mövzuda əsrin çiləkeşi Hz. Bədiüzzaman necə də gözəl bir nümunədir.

O, hər zaman ona işgəncələrin ən acımasızını və ən insafsızını rəva görən əhli-dünyaya belə fürsət tapdıqca iman həqiqətlərini verməyə çalışmış və qətiyyən inciməmişdir. Uhdud Əshabı da belə deyildimi? Xəndəklər qazıb onları xəndəklərə atanlara ruhlarının ilhamlarını boşaltmaq üçün çırpınmırdılarmı? Bəli, bağırıb-çağırmaqla, zorakılıq və hiddətlə heç kəsə heç nə anlatmaq, üstəlik qəbul etdirmək qeyri-mümkündür. Bəlkə, müəyyən dövrdə zorakılıq bir metod və bir yoldu, lakin zaman bu hökmü qaldırdı. Artıq  "mədənilər üzərində qələbə onları qane etməklə əldə edilir" düsturunun hökmü qüvvədədir. Dövrümüzün sevgi qəhrəmanları çərçivəsini müəyyənləşdirməyə çalışdığımız səviyyəyə gəlməli və bu məsələni təkrar edə-edə özlərində vərdiş halına gətirməlidirlər. Bəli, qeyd etdiyimiz kimi, Hz. Məsih axırzamanda axirətin ən ucqar yerində də olsa, mühüm missiyanı yerinə yetirmək üçün mütləq yer üzünə enəcəkdir. Enəcəkdir, lakin içinizdə şəxsi-mənəvinin ehtiva etdiyi məna və ruha enəcəkdir. Bəli o, bu məna və ruha qəlib olmaq üçün enəcəkdir. Əgər o ruh yoxsa, cəsəd olaraq gəlmənin bir mənası da olmaz, zənnimcə. Elə isə gələcəyi qucaqlamağı düşünənlər oturub gözləməkdənsə, özlərini ona layiqli əsgər kimi yetişdirməyə səy göstərməlidirlər. Ta ki, O gələndə hazır olan əsgərlərin başına keçə bilsin; bir də əsgər yetişdirmə zəhmətinə düşməsin. Onsuz da O, başqalarının fövqəladədən gözlədiyi icraatı da ancaq o zaman həyata keçirə bilər. Başqa bir ifadə ilə desək, o Şamda ağ minarədən endiyi gün ağ atına minsin, gəlib Sultan Əhməd məscidinin həyətinə girsin, hər qılıncını çalanda bir neçə bütxananı yerlə-yeksan etsin, sonra da Sultan Əhmədin minarələrinin arasındakı ipə qılıncını assın... İnsanlar da qiyamətə qədər bu möhtəşəm zəfər simvolunu seyr etsin..! hər şey belə möcüzəvi şəkildə baş versə də, yenə hər kəsin özünü bu istiqamətdə yetişdirməsi şərtdir. Nə olursa olsun, axırzamanda dirçəlişi hali-leyyin, tövri-leyyin, qəlbi-leyyin və qövli-leyyin vəsfli Haqq dostları gerçəkləşdirəcəkdir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.