Humanizm

Sual: Humanizm düşüncəsinə İslamın münasibəti necədir?

Cavab: Sevgi, dövrümüzdə ən çox işlənən mövzulardan biridir. Əslində sevgi bizim inanc və könül dünyamızın solmaz çiçəyidir. Hər şeydən əvvəl Cənabi- Haqq kainatı məhəbbət telləri ilə incə bir naxış kimi hörmüşdür. Və varlığın sinəsində hər zaman ən ovsunlayıcı bir əda ilə səsləndirilən musıqi, sevgidir. Ailə, cəmiyyət və milləti təşkil edən fərdlər arasında ən güclü münasibət sevgi münasibətidir. Sevgi, ana-atadan övlada şəfqət şəklində, övladdan ana-ataya isə hörmət şəklində təcəlli edir. Cahanşümul sevgi isə bütün varlıqdan, varlığın hər parçasına qarşı yardımlaşma və həmrəylik şəklində özünü büruzə verir.

Varlığın ruhuna tamamilə sevgi hakimdir. Hər varlıq sevgi zümzüməsi içində, kainat miqyasındakı o geniş xorun bir fərdi olaraq Allahdan aldığı o füsunkar nəğməni öz üslubu ilə yenidən ifa və icra edir. Ancaq varlıqdan insanlara, varlığın cüzi fərdlərindən digər cüzi fərdlərinə olan bu sevgi mübadiləsi qeyri-iradi olaraq cərəyan edir. Çünki iradəsi olmayan varlıqlarda tamamilə İlahi iradə hakimdir. Bu baxımdan insanlar varlıqdakı bu sevgi simfoniyasında iradələri ilə iştirak edərək, mahiyyətlərində olan sevgini inkişaf etdirib onu insan kimi icra edə bilmənin yollarını axtarırlar. Başqa sözlə, sevginin sui-istifadə edilməsinə fürsət vermədən, öz təbiətlərinə uyğun həm gerçək bir yardımlaşma və həmrəylik ortaya qoymalı, həm də insani, və ya fitri hüquq baxımından varlığın ruhunda dərc olunan təbii ahəngi qorumalıdırlar.

Humanizm, bu dövrdə hər yerdə müzakirə edilən və istənilən şərhə münasib məsələdir. Xüsusilə də bəzi təbəqələr İslamdakı cihad mövzusunu yanlış izah etməklə mühakiməsi qeyri-kafi olan insanların başını qarışdıraraq, onların qəlblərində İslama qarşı şübhə oyandırmağa və zehinlərə mücərrəd, nizamsız bir humanizm anlayışı təlqin etməyə çalışırlar. Bəli, bir tərəfdən düşmənçilik edən, ölkənin birliyinə müdaxilə edən, hətta vətəni bölmək istəyən, əsrlərdir var olan bu ölkə və bu ölkə insanının varlığına və gələcəyinə qarşı cəbhə qurub təxribat törətməyə çalışan insanlara mərhəmət edilməli deyən, digər tərəfdən bəzi ruhanilər və keşişlər də başda olmaqla, insanların göz yaşlarına baxmadan o günahsızları öldürənlərə və vəhşiliyin ən dəhşətlisini törədənlərə seyirçi qalanların bu qəribə rəftarlarını humanizmlə izah etmək çox çətindir.

Mömin, daşıdığı məsuliyyət etibarilə, məsələləri şişirdərək, təhrif edərək, olduğundan fərqli göstərmə kimi bir aldatmacaya bilərək girməz. Bu baxımdan sırati- müstəqim (düz yol, İslam) və Quran yolunun təmsilçisi olan Allah-Rəsulu (s.ə.s.) və onun təmsil etdiyi həqiqəti camaat halında ən mükəmməl şəkildə təmsil edən Əshabi-kiram sevgidə də orta yol və tarazlığın nümayəndəsi olmuşdur. Bu mövzunu Əsri-səadətdən bir-iki örnəklə konkretləşdirmək istəyirəm:

1) Tarixdəki mövqeyi və üzərinə aldığı missiya baxımından Abdullah İbn Hüzafəni (r.a.) Bizansda Hz. Ömərin (r.a.) bir casusu kimi qiymətləndirirəm. Abdullah (r.a.) Hz. Ömər (r.a.) dövründə əhəmiyyətli bir missiya daşımış və bu işi görərkən də yaxalanmışdı. Buna görə də rəqibləri ona ağlasığmaz işgəncələr vermişdilər. Hətta çox mötəbər siyər kitablarında başının qaynar suya soxulduğu, bəzən üzünün  dərisi, bəzən də saçlarının töküldüyü də ifadə edilir.

Bütün bu olub-keçənləri monastrın qapısından seyr edən bir keşiş Abdullah ibni Hüzafətüs-Səhminin göstərdiyi cəsarət qarşısında heyran olur. Və bu şanlı səhabənin yanına gələrək ona belə bir təklif verir:

- "Oğlum, cəsarətinə heyran qaldım. İndi sənə üç dəqiqə möhlət verəcəyəm. Çox güman ki, bir-iki dəqiqədən sonra səni öldürəcəklər. Bunu yaxşı istifadə etsən həm dünyada, həm də axirətdə məsud olarsan. Çünki bu üç dəqiqə içində sənə xristianlığı təlqin edəcəyəm. Artıq bundan sonra ölsən belə qəm yemə, çünki Hz. Məsihə qovuşacaqsan".

Abdullah ibni Hüzafətüs-Səhminin çöhrəsində bir təbəssüm meydana gəlir və ardından keşişə bunları söyləyir:

- "Əziz ata! İndiyə qədər məni heç kəs dinləmədi. Bu üç dəqiqəlik fürsəti verdiyinizə görə bilmirəm sizə necə təşəkkür edim. Çünki bu üç dəqiqə ərzində haqq din olan İslamiyyəti öyrədərərək, sizə həqiqi qurtuluş yolunu göstərib ölsəm də, qəm yemərəm..."

Bəli bu hadisə, İslamın ən çətin anlarda belə, hətta ölərkən-öldürərkən belə güzəştə getmədiyi ümumi əsaslara və prinsiplərə bağlılığı baxımından çox əhəmiyyətlidir. Bununla yanaşı bu hadisə bizə İslamın sevgi və məhəbbət iqliminin nə qədər geniş olduğunu göstərmək baxımından da fövqəladə diqqəti cəlb edir.

2) Bir Səhabə rəvayət edir: "Hz. Ömərlə (r.a.) birlikdə bir monastrın qarşısından keçirdik. Orada uzun saqqalı, beli bükülmüş, ağ saçlı yaşlı bir keşiş qarşımıza çıxdı. Hz. Xəlifə onu görüncə dizləri titrəməyə və hıçqıra-hıçqıra ağlamağa başladı. "Niyə ağlayırsan, ey Əmirəl-Möminin?" -deyə soruşanda, Hz. Ömər (r.a.) belə cavab verdi: "70-80 yaşına gəlib, lakin hələ insanlığı qurtuluşa aparan və rəhbərliyini şəxsən Hz. Məhəmmədin (s.ə.s.) etdiyi gəmiyə minə bilməyib." Bax, İslamın ümumbəşəri sevgisi budur.

Halbuki, o dövrdə çoxları insanları təhrik edib müsəlmanlığın qarşısını almaq üçün əllərindən gələn hər şeyi edirdilər. Amma, Hz. Ömər (r.a.) Allah Rəsulundan (s.ə.s.) miras qalan sevginin təzahürü olaraq o dövrdə düşmən sayılan bir insan üçün hıçqırıqlarını saxlaya bilməyib ağlamışdı.

Mövzu ilə əlaqəli yüzlərlə misal verilə bilər. Zənnimcə, İnsanlığın İftixarının (s.ə.s.) bu mövzudakı münasibət, tövr və davranışlarının tələbələrinin davranışlarından geri qalmadığını, yəqin, siz də təsdiq edərsiniz. Çünki O, Kamil Rəhbər, Müqtədayi-Küll və Rahmətən lil-Aləmindir.

İslamın ruhundakı sevgi ilə gözü açılmış Tabiun və Təbeyi-təbiun dövründə fərqinə varmadan tapdaladıqları bir çəyirtkəyə görə, dərhal xəlifədən bunun cəzasının nə olduğunu soruşan mələk xasiyyətli insanlar yetişmişdir. Məscidlərimizin nur saçan çöhrələrinə baxdığımız zaman üzərində quşlar üçün qurulmuş yuvaları görürük. Bu, əcdadımızın sevgidəki dərinliyinin bir ifadəsidir. Bizim içimizdə insanlarla yanaşı, heyvanları qorumaq naminə elə ibrətamiz səhnələr var ki, başqa bir yerdə bunları göstərmək mümkün deyil.

İslamın ümumbəşəri prinsipləri çərçivəsində sevgi mülahizə və düşüncəsi çox tarazlıdır. Çünki zalıma göstərilən sevgi və mərhəmət onu  daha çox təcavüzkar etdiyi kimi, başqalarına qarşı da təcavüzə təşviq edər. Bu səbəblə, ümumbəşəri sevgini təhlükəyə salan bu cür insanlara qarşı mərhəmət edilməz. Çünki zalıma göstərilən mərhəmət, məzluma qarşı edilmiş ən böyük mərhəmətsizlikdir, zülümdür.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.