İnsan və sevgi münasibəti

İslamda sevgi və məhəbbətin yeri və ölçüsü nədir? Bir insanı ifrat dərəcədə sevmək fitridir, yoxsa zəfdən (xarakterdə zəif yönlər) irəli gəlir?

Sevgi və məhəbbət insan mahiyyətinin çox vacib bir cəhəti, əhəmiyyətli bir dərinliyidir. Hətta ona kainatın mayası nəzəri ilə də baxmaq olar, çünki Cənabi-Haqq kainatı varlıq aləminə olan məhəbbətindən, sevgisindən yaratmış və onun nizamlı, sistemli yaşaması üçün müxtəlif qanunlar qoymuşdur. Bəşəriyyətə bəslədiyi xüsusi sevgisindən də Cənnətlər və Cəhənnəmlər yaradıb; biri ilə mükafat vəd edir, digəri ilə də insanları Zatına, Özünə doğru çevirir. Bunu həyata keçirmək üçün peyğəmbərlər göndərmiş və qəlblərdə Zatına xas duyğu və düşüncələrin yenilənməsini təmin etmişdir. Peyğəmbərimizlə (s.ə.s.) peyğəmbərlər silsiləsi tamamlanınca da bu işi övliya və əsfiya ilə davam etdirmişdir. Bu nöqteyi-nəzərdən bir mənada sevgi və məhəbbət hər şeydir.

Bəli, Allah (c.c.) seviləsi şeyləri sevib ona maraq göstərməsi üçün bu ümumi sevginin bir damlasını insanın təbiətinə qoymuşdur. İnsan fitrətində olan bu sevgi ilə Allah və Peyğəmbəri sevməklə yanaşı, məcazi mənada başqa şeyləri də sevəcək. Ancaq o, bu sevgidə “masiva”ya (Allahdan qeyri hər şeyi) məhəbbətin Yunus Əmrənin “Varlığı sevəriz Yaradandan ötrü” anlayışı çərçivəsində olmasının vacibliyini də biləcək. Bağ-bağçasını, həyat yoldaşını, evini-eşiyini.. “bütün bunlar Cənabi-Haqqın isimlərinin cilvəsindən ibarət nisbi varlıqlardır” həqiqətini qavrayaraq sevəcək. Əks halda onlara Ustadın ifadəsi ilə “Mənayi-ismi ilə baxıb məftun olsa, bu sevgini sui-istimal (sui-istifadə) etmiş olar” (Bir ağacı kölgəsinə, zahiri görünüşünə, verdiyi meyvəsinə görə sevmək mənayi-ismi ilə seməkdir. Ağacı görmək, tanımaqla və meyvələrini əldə etməklə onu yaradan Allahı tanıyırıqsa, ağaca Rəbbimizin iltifatı, neməti kimi qayğı, sevgi göstəririksə, bu, həmin ağacı (həmçinin digər varlıqları) mənayi-hərfi ilə sevməkdir.). Bəli, insan fitrən mahiyyətinə qoyulmuş və iradəsinin ixtiyarına verilmiş sevgini yanlış yollarda istifadə edərsə, şəxsi həyatı adına çox şey itirər, Allah və Rəsulundan da uzaqlaşar. Buna bir də sevib məftun olduğu şeylərin bir-bir əldən getməsi, dolayısilə sevginin qarşılıqsız və faydasız olduğu fikri də əlavə olunarsa, insanın iztirabdan mənən çökməsi qaçılmazdır.

İbrahim Əthəm Həzrətlərinə aid bir mənqıbə var: O, Bəlxdə hökmdar ikən taxtı-tacından, məqam-mənsəbindən üz döndərib  övliyalıq dərəcəsinə yüksələn bir şəxsdir. Deyilənlərə görə Əbu Hənifənin müasiridir. Böyük hədis alimləri İbrahim Ədhəm Həzrətləri gələndə Əbu Hənifənin ayağa qalxdığını rəvayət edirlər. Bir gün: “Ya imam, niyə bu insanın önündə ayağa qalxırsınız? Yeri gəlsə, o sizin tələbəniz də ola bilməz!” deyəndə: “Biz işin zahiri ilə, onlar mahiyyəti ilə məşğul olurlar. Buna görə də ona sonsuz hörmətim var,” –deyir.

Bu insan bir gün hər şeyini bir yana atıb Məkkəyə gedir. Aradan illər keçir, həcdə təvaf edərkən oğulu ilə qarşılaşır.. qarşılaşır və ata şəfqəti ilə onu bağrına basır. Əslində bu təbii bir hadisədir və bir ata üçün də bu duyğudan vaz keçmək çox çətindir. İnsan buna görə qətiyyən hesaba çəkilməz. Ancaq qəlbini Cənabi-Haqqın təcəllilərinə həsr etmiş bir müqərrəbin üçün bu hal üstəlik Kəbənin yanında uyğun düşmür. Bu zaman: “Ya İbrahim! Bir qəlbdə iki sevgi olmaz” deyə qeybdən bir səs gəlir. Bunu eşidən Həzrəti İbrahim Ədhəm: “Birini al, ya Rəbb!” deyir.. deyir və oğlu oradaca ruhunu təslim edir. Bu, mənqıbədir və dərəcəli insanlara məxsus bir vəziyyətdir. Bu cəhətdən bu məqamda, dərəcədə olmayan insanlara da şamil etmək olmaz.

Ancaq insanın Allahı (c.c.) düşünmədən nəyisə sevməsi başına bəla gətirə bilər. Ailə, mal-mülk, hətta mürşidə qarşı sevgidə də belədir. Mömin müvazinəti qoruyan insanıdır. Hər şeydə olduğu kimi, sevgidə də müvazinətli olmalıdır. Nə gözəl deyir Allah Rəsulu (s.ə.s.): “Sevdiyin insanı ölçülü sev. Gün gələr düşmənin ola bilər. Nifrət etdiyin insana da ölçülü nifrət et. Gün gələr o da dostun ola bilər”.

Xülasə, Allahın fitrətimizə yerləşdirdiyi sevgi qabiliyyətini əvvəlcə bir mərkəzdə toplamalı və üzünü Ona çevirməliyik. Sonra da Onun rizası üçün bütün məxluqatına.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.