İslamiyyətdə zahirpərəstlik yoxdur

Sual: Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) müsəlmanlığı qəbul edən Hz. Qatadəyə (r.a.) belə buyurmuşdur: "Ey Qatadə! Saçlarını kəsdir". Bunun hikməti nədir?

Əvvəla İslamiyyətin ümumi prinsiplərinə zidd olan belə bir sözü Peyğəmbərimizin (sallallahu əleyhi və sellem) dediyinə ehtimal vermirəm. Mötəbər qaynaqlarda belə bir hədis yoxdur. Qaldı ki, bəzi siyər kitablarının da verdiyi məlumata görə, səhabənin əksəriyyətinin uzun, hörüklü saçları varmış. Hətta bəziləri saçını yumaq kimi yığarmış. Buxaridə bunu təsdiq edən bir hadisə də var: həcdə Peyğəmbərimiz (s.ə.s.) saçlarını (yumaq şəklində) yığan bir insan görür və ona saçını açmağı, onların da səcdədən pay almasını tövsiyə edir. Ancaq Peyğəmbərimiz (sallallahu əleyhi və sellem) nə Əbu Bəkirə, nə Ömərə, nə də Hz. Osmana (ki hamısı uzun saçlı idi) "saçlarınızı kəsin" əmri verməmişdir. Bildiyimiz kimi, Allah Rəsulu Məkkə fəthindən sonra qənimətlərlə bir çox səhabənin könlünü almış və İslamı qəbul etməsinə nail olmuşdur. Onların əynində kafir libası, başında küfr sarığı vardı. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) onlara belə əl dəyməmiş, çıxarılmasını istəməmişdi. Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) buna müdaxiləsi formalizm, zahirpərəstlik olardı. O isə zahirpərəstlikdən tamamilə münəzzəh və mübərradır.

Düzü, Peyğəmbərimizin tərzi-tələbbüsünə (geyim tərzi), yeyib içməsinə, yatıb qalxmasına könül xoşluğu ilə səmimi niyyətlə, Ona itaət düşüncəsi ilə riayət etmək məqbul haldır. Lakin Peyğəmbərimizin heç vaxt bu kimi zahirpərəst əmrləri olmamışdır.

Çox maraqlıdır ki, hazırda tez-tez vurğulanan və dinin köklü qaydalarından biri kimi göstərilən sarıq barədə belə Buxari, Müslim kimi mötəbər hədis kitablarında bircə işarə də yoxdur. Bu mövzuda yalnız Əbu Davudun "Sünən"ində Peyğəmbərimizin Məkkəyə girərkən başında qara bir sarıq olmasına və azca arxaya salladığına dair bir rəvayət vardır. "Sarıqla namaz qılmaq iyirmi beş və ya iyirmi yeddi, hətta yetmiş yeddi dərəcə daha fəzilətlidir" kimi bütün rəvayətlər ümmühatda[1] deyil, zəvaiddə[2] keçir. Əslində bütün bunlar təfərrüata aid məsələlərdir və işi çətinləşdirən şeylərdir. Ancaq saqqalla bağlı bir çox rəvayət vardır və buna görə Hənəfi füqəhası sözügedən bu mövzuda olduqca həssasdır və saqqalı olduğu kimi uzatmaq lazım olduğunu bildirirlər. Ancaq Hənəfi füqəhasının bu qədər həssas olmasına baxmayaraq, bu məzhəbə mənsub dünya qədər insan saqqal saxlamamışdır. Məhəmməd Əbuz-Zəhra saqqal uzatmağı Peyğəmbərimizin adəti-səniyyəsindən biri kimi dəyərləndirir. Dolayısilə, "bir insan bu adətə riayət etmək niyyəti ilə saqqal saxlasa, savab qazanar" deyir. Buna görə də, saqqal uzatmayana, sarıq sarımayana, şalvar geyməyənə "günah edir" demək sərt yanaşma tərzidir. Belə ki, bir insanın dalınca "günah edir" demək qeybətdir. Qeybətin haram olması isə qətidir.

Bu sözlərimə baxıb mənim bunun əleyhinə olduğumu zənn etməyin, heç kim haqqında da belə düşünməyin, həmçinin dini meyarlara da ehtiram göstərin. Bəli, hər nə qədər bunlar Peyğəmbərimizə aid adəti-səniyyə kimi dəyərləndirilsə və Onunla irtibatımızın, bağlılığımızın ifadəsi sayılsa da, məsələnin yeri dini meyarlara görə müəyyənləşdirilməlidir.

Bəli zahir, forma İslamda əsas deyil, tali, yəni ikinci dərəcəli məsələdir və bunlara ilişib qalmamaq lazımdır. Mövzu ilə bağlı hədis hasən,[3] ya da zəifdirsə,[4] (ki zəifinə belə Əbu Hənifə qədər hörmətim var. O böyük imam zəif hədis tapanda ictihada baş vurmaz, hədislə əməl edərmiş) onsuz da ona əməl etmə məcburiyyəti yoxdur. Qaldı ki, məsələni bu şəkildə də izah etmək olar: güman ki, bu səhabə müasir gənclər kimi, saçının bir tərəfini kəsdirib digər tərəfini uzadır, çirkin formaya salırdı. Ola bilsin ki, kafirləri təqlid etməyə qarşı olan Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) məhz buna görə ona xəbərdarlıq etmişdir. Məsələn, başda Tirmizi olmaqla bəzi hədis kitablarının "Şəmail" bölümündə qeyd edildiyi kimi, Peyğəmbərimiz Məkkədə saçlarını adi qaydada daramasına baxmayaraq, daha sonra müşriklərdən fərqli olsun deyə saçının önünü önə, sağını sağa, solunu sola və arxasını da arxaya daramışdı. Mədineyi-Münəvvərəyə hicrət edəndə də xristian və yəhudilərin (tarixi Roma şəkillərində və filmlərində olduğu kimi) saçlarını alına tökdüyünü görüncə bu dəfə də saçlarını sağa və sola darayaraq ortadan ayırdı (ehtimal ki, o dövrdə saçın sağ və solunu kəsdirib, başın düz ortasında saç saxlayırdılar). Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm): "Kim ciddi cəhdlə (özünü) bir qövmə bənzətsə, o, onlardandır" əsasına görə hərəkət etmişdir.

Eyni zamanda insanın fiziki quruluşuna baxanda onun təcəmmül[5] əsasında möcüzəvi şəkildə ölçülüb-biçildiyini görmək olar. Bəli, onun bədən quruluşu elə həndəsi, elə riyazi incəliklərlə xəlq edilmişdir ki, onu təqdir etməmək mümkün deyil. Bir vaxtlar bu həndəsi quruluşa olan heyranlığımı bu sözlərlə ifadə etmişdim: Allah Rəsulu "Allahdan başqasına səcdə edilsə idi..." buyurur. Mən də: "Əgər Məbudi-bil-Haqdan başqasına səcdə etmək caiz olsa idi, əhsəni-təqvimdən keçirilmiş insan abidəsinə səcdə edin deyərdim". Necə ki, Allah (cəllə cəlaluhu) təhiyyə[6] mənasında ona ilk səcdəni mələklərə əmr etmiş və Hz. Adəmin şəxsində insana səcdə etdirmişdi. Allahın belə mükəmməl yaratdığı insan abidəsini dəyişdirmək, hər halda, heç cür xoş qarşılana bilməz. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bir səhih hədisdə: "Allah nemətini qulunda görmək istəyir" buyurur. Ehtimal ki, Hz. Qatadənin saç forması onun xarakterinə, insan təbiətinə zidd idi. Buna görə, Peyğəmbərimiz ona "saçlarını kəsdir" demişdi.

Lakin bu dövrdə bir insan gəlib müsəlman olsa, bizim ona belə bir söz deməyimiz qətiyyən doğru olmaz. Çünki bu sözlər onu rəncidə edə bilər, əksinə imandan uzaqlaşmasına səbəb ola bilər. Hətta bu cür yersiz müdaxilələr bəzən kamil möminləri belə sarsıdır. Məsələn, Quran yeddi qiraətdə nazil olmuşdur, məhz bu qiraət fərqinə görə səhabə arasında da bəzən mübahisələr baş vermişdir. Məsələn, bir səhabə imam olub namaz qıldırarkən Quranı öyrəndiyi qiraətdə oxumuş, başqa bir səhabə isə "səhv oxuyursan" demişdi. Buna görə də onu zorla Peyğəmbərimizin hüzuruna gətirmişdilər. Səhabə bundan sarsılmışdı. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) əlini onun sinəsinə vurub təskin etmiş, onu rahatlatmışdı. Qaldı ki, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bir peyğəmbərdir, O, bu kimi durumlarda peyğəmbərliyin qüdsi qüvvəsindən, qabiliyyətindən istifadə edirdi. Dolayısilə, Onun ağzından çıxan səs, yanaşma tərzi və s. insanlara başqa cür təsir edirdi. Buna görə Onu dinləyib-dinləməmə belə yeri gəlsə, din və ya dinsizlik sayılırdı. Bu baxımdan, heç kim özünü Onun yerinə qoymamalı və İslama yeni isinişmiş birinə "saçını kəsdir, paltarı düzəlt və s." deməməlidir. Bunları demək şərt deyildir. Söyləsəniz, o insan çıxıb gedər, bir daha geri dönməz. Bu məqamda deyiləcək söz varsa, o da təqdir, təbcil, təbrikdir və "Qardaşım, sən nə xoşbəxt insansan! Çünki Peyğəmbərimiz: "Müsəlmanlıq cahiliyyəyə aid şeyləri silib-aparır" buyurur. Dolayısilə sən hal-hazırda anadan doğma tərtəmiz və günahsızsan" kimi ifadələrdir.

Bəli, bu dövr də bir mənada fətrət dövrüdür; insanlar gözünü günahın içində açıb. Onlara dindən danışan olmayıb. Bəlkə, məsciddə imam az-çox danışmışdır, amma onu da bu dövrə görə analiz edib qəbul etmək çox çətindir. Bir insanın bu qədər ziddiyyətli bir cəmiyyətdən sıyrılıb dinə yönəlməsi Akifin "Həqiqi müsəlmanlıq ən böyük qəhrəmanlıqdır" dediyi kimi, həqiqətən ən böyük qəhrəmanlıqdır. Dolayısilə, bir qladiator kimi şeytanı məğlub etmiş bu qəhrəmanların başını oxşayaraq, alnından öpərək və "Səni təbrik edirəm, qardaşım" deyərək alqışlamaq lazımdır. Ehtimal o da, ətrafı tanıyıb insan təbiətinə zidd bir şey görməyincə intibah edəcəkdir.


[1] Birinci dəcəli əhəmiyyətə malik əsas kitablar

[2] Zəvaid kitabları bir hədis kitabının başqa bir hədis kitabı ilə qarşılaşdırılaraq birincidə olub ikincidə olmayan hədislərdən ibarət əsərlərdir.

[3] Hədisi-hasən: Raviləri sadiq və etibarlı olub, lakin hafizəsi, anlayışı səhih hədislərin raviləri qədər güclü olmayanların rəvayət etdiyi hədisdir.

[4] Hədisi-zəif: Səhih ve hasən olmayan hədisdir. Ravilərdin birinin yaddaşı, ədaləti və ya etiqadında şübhə vardır. Bu hədislərə görə artıq ibadet etmək olar, lakin buna əsasən ictihad edilməz.

[5] Bəzənmə, süslənmə, zinətlənmə

[6] Salamlama

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.