Merac

Sual: Əfəndimiz (s.ə.s) meracdan qayıdanda yatağının soyumadığını rəvayət edirlər. Bunu izah edə bilərsinizmi?

Əvvəla, Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) meracdan qayıdanda yatağının soyumadığını bildirən rəvayətlər çox da sağlam deyil. Bəzi rəvayətlərdə bu xəbəri verən şəxsin Hz. Aişə (r.a.) anamız olduğu deyilir, qaynaqlarda merac hadisəsinin hicrətdən üç və ya beş il əvvəl baş verdiyi rəvayət edildiyinə görə, Aişə (r.a.) anamızın bu təfərrüatı bilməsi mümkün deyil, çünki Hz. Aişə (r.a.) anamız hicrətdən bir il sonra, yəni öz sözü ilə desək yeddi-səkkiz, İmam Şiblinin şərhi əsas alınanda da on beş yaşlarında ərə getmişdir. Dolayısilə o merac hadisəsində atasının evində körpə bir uşaq idi. Lakin Hz. Aişə anamız (r.a.) bu hadisəni Allah Rəsulunun (s.ə.s.) bir başqa yaşlı xanımından, məsələn Hz. Xədicə anamızdan (r.a.) dinləmiş və ondan nəql etmiş də ola bilər. Ancaq merac hadisəsi Hz. Xədicə və Əbu Talibin vəfatından sonra baş verdiyinə görə bu görüş də sağlam görünmür. Bir başqa rəvayətə görə də Nəbilər Sərvəri (s.ə.s.) Hz. Əlinin bacısı Ümmühan anamızın evində ikən meracla şərəfləndirilmişdir. Hz. Ümmühan Əfəndimizin (s.ə.s.) əmisinin qızı olduğuna görə nikah düşür, o günün yüksək tərbiyə anlayışı ilə Hz. Ümmühanın Əfəndimizin (s.ə.s.) yatağına əl sürtüb yoxlamasını da inandırıcı görmürəm.

Yuxarıdakı məsələyə yanaşmalarla yanaşı, meracdan qayıdanda Allah Rəsulunun (s.ə.s.) yatağının soyumamış olmasını həqiqət qəbul edilməsində də bir heç bir mane yoxdur. Əslində Əfəndimiz (s.ə.s.) mübarək cisimi ilə merac etmişdir. Ancaq biz Qurani-Kərim kimi sadəcə məsələyə təmas edib keçəcəyik.

Qurani-Kərim mövzu ilə bağlı belə buyurur: "Sübhanəlləzi əsərə biabdihi...-Bəzi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri və əcaiblikləri) göstərmək üçün bəndəsini (Peyğəmbər əleyhissəlamı) bir gecə (Məkkədəki) Məscidülhəramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidüləqsaya (Beytülmüqəddəsə) aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir!" (İsra, 17/1)

Əvvəla bunu qeyd edək ki, Qurani-Kərimdə keçən hər təsbeh (Subhanallah deməkdir. Cənabi-Haqqı (C. C.) şanına layiq ifadələrlə yad etmək.) sözü səbəblər yolu ilə şirkə girməyə qarşı alınan bir tədbirin ifadəsidir. Bu surədə də ayə təsbeh kəlmələri ilə başlayır və ilk mərhələdə açıq-örtülü şirkə qarşı tədbir alınaraq hər səbəbin bir pərdə olduğu vurğulanır. Bəli, Əfəndimizin (s.ə.s.) meracı, hətta Məscidi-Haramdan Məscidi-Əqsaya səyahəti (isra) belə tamamilə fövqəl səbəbdir. Dolayısilə, onun sürəti xəyalın, işığın və ruhun sürəti ilə müqayisə edilməyəcək ölçüdədir.. bəli həmin sürətin keyfiyyəti, ancaq Allahın bilə biləcəyi bir məsələdir. Bu səbəblə o gecə Allah Rəsulu (s.ə.s.):

"Səbəbləri əsvab kimi kürəyindən atdı
Müsəbbibul-əsbabla merac etdi."

 misraları ilə ifadə edildiyi kimi, tamamilə fövqəl səbəb bir səyahətə çıxmışdır.

Üstəlik Cənabi-Haqq “İsra” surəsində "Subhanəlləzi" bəyanı ilə bəndələrinə sanki tənbeh edir və: "Hər şeydən əvvəl şirki ağlınızdan çıxarın və yaxşı bilin ki, bunu bu aləmlərin nizam və intizamını əlində tutan Allah (c.c.) fövqəl səbəb, fövqəl təbiət və fövqəl əşya bir güclə həyata keçirmişdir" deyir.

İkinci məsələ, Allah Rəsulu (s.ə.s.) belə səmalara, səmalardan da o üzə səyahətə çıxanda Onun bütün daxili-mənəvi yönləri, dərinliyi hərəkətə keçirilmiş və Ona fövqəl zaman və məkan bir səhayət etdirilmişdir. Qazı İyaz Əfəndimizin (s.ə.s.) məkansızlıqla əlaqəli heyrətini ifadə edərkən Onun: "Ayağımı hara qoyum?" sualına: "Bir ayağını digər ayağının üzərinə qoy" deyildiyini nəql edir ki, bu da Qurani-Kərimdəki: "Qabu qövseyni əv ədna" (Nəcm, 53/9) həqiqəti ilə təsvir edilən imkanla (mümkün olan) vücub (vacib olan) arası mərtəbə deməkdir. Bunun mənası budur ki, Hz. Muhamməd Mustafanın (s.ə.s.) ilah olması mümkün deyil, çünki O Allahın uca bir bəndəsi və şərəfli bir peyğəmbəri olmaqla yanaşı, nəticə etibarilə yeyən, içən, yatan, gəzən bir insandır. Lakin bu Üfüq İnsan Buseyrinin də ifadələri ilə desək: "Bəşərdir, lakin hər hansı bir bəşər kimi deyildir; O daşlar içində bir yaqut kimidir."

Bəli, adi bir insan olmayıb insanlıq dəyərlərinin üstündə duran Əfəndimiz (s.ə.s.) əgər yüz min cəhəti ilə açılıbsa, yəni beyninin bütün hissələri ilə hər yerə çatıb hər danışığı eyni anda dinləyə biləcək bir səviyyəyə çıxıb, ya da nuraniyyəti ilə min yerdə birdən olubsa, Onun meraca çıxıb geriyə qayıtmasına bir an belə kifayət olacaqdır. Bunu nəzərə alaraq deyə bilərik ki, O meracdan qayıdanda yatağı hələ də soyumayıbsa bu çox normal bir hadisədir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.