Quran əmrlərində tədricilik

Sual: İslamı təbliğ edərkən müəyyən məsələlərdən danışmamaq, "Kitabın bir hissəsinə inanır, digər hissəsini inkar edirsiniz?" ayəsinin təhdidinə tuş gələ bilərmi? Bu mövzuda hansı üslubdan istifadə edilməlidir?

Əvvəla hər bir mömin Qurani-Kərimin əmrlərini (izan[1] çərçivəsində) qəbul etməlidir. Bu mövzunun əleyhinə görüş, ya da fikir bildirmə o mövzuda tərəddüdün ifadəsidir. Bizim nə Qurani-Kərimin bəzi hökmlərinə etiraz etməyə, nə də bəzilərini etibarsız saymağa haqqımız yoxdur, həddimiz də deyil.

Ancaq Qurani-Kərimin nazil olma şəklini – "tənzil üsulu"nu[2] da görməzilkdən gəlmək yolverilməzdir. Bu, nə haramlara halal deməyə, nə də məşrunu naməşru saymağa çalışmaqdır. Bu üsul əmr və qadağaların, başqa ifadə ilə “təklif olunmuş hökmlər”[3]in müəyyən mərhələlərdə nazil olma hikmətinin dərk olunması deməkdir. “Tədricilik” insan ağlının həqiqətləri mənimsəməsi üçün hazırlıqdır. Qurana bu nöqteyi-nəzərdən baxanda Məkkə dövründə nazil olan ayələrlə Mədinədə nazil olan ayələr arasında böyük fərq var. Həmçinin bu əmr və qadağalar "ala hasəbil-vaqayi", yəni hadisələrin cərəyanına görə nazil olmuşdur. Hadisə və səbəblər meydana çıxdıqca Allah (cəllə cəlaluhu) bu hadisələrlə bağlı əmrlərini nazil etmiş, İnsanlığın Fəxarəti də onları səhabələrinə bildirmişdir. Bu, işin bir cəhəti...

Digər cəhəti, Hz. Pirin ifadə etdiyi kimi, hər doğrunu hər yerdə demək doğru deyil. Hər dediyin doğru olmalı, yəni dilindən həmişə doğru sözlər tökülməlidir. Əks davranış isə İslamiyyətin ümumi təlim-tərbiyə sisteminə ziddir. Gəlin bu məsələni bir az da açaq:

Əgər insanlar İslamiyyətdən uzaqlaşdırılmış, ondan məhrum edilmişlərsə, ibtidai məktəb şagirdinə oxuma-yazma necə öyrədilirsə, İslama aid məsələlər də onlara ən əsasları ilk sıraya qoyularaq, yavaş-yavaş, az-az öyrədilməlidir. Məsələyə yalnız təhsil nöqyeti-nəzərindən baxsaq, insanlara bir dəfəyə çox şey vermək doğru olmadığı kimi, bu insanların verdiklərinin hamısını bir dəfəyə həzm etməsi, mənimsəməsi də mümkün deyildir. Hər şeydən əvvəl İslamiyyət Allaha iman etmək, sonra da imanı əmələ çevirib təbiətə, xarakterə hopdurmaqdır. Yəni insan "İnandım və qəbul etdim" deməklə kamil müsəlman ola bilməz. Almalılı M. Hamdi Yazar kimi böyük alimlərin də vurğuladığı kimi, İslamiyyət İslamın yaşana-yaşana insan təbiətinin dərinliyinə çevrilməsidir.

Bəli, "Lə iləhə illəllah Muhammədən Rasulullah" ifadəsi ancaq namazla, orucla və İslamiyyətin digər əməli və əxlaqi əmrlərini yerinə yetirməklə insan təbiətinə hopdurula bilər. Beləliklə, insanın əl çəkə bilmədiyi vərdişlər kimi, daimi canlı alışqanlığa çevrilər. Dolayısilə belə bir hərəkət və aksiyona söykənən iman əsla sarsılmaz. Əksinə əgər iman adlı o böyük həqiqət saleh əməllə birləşməzsə, (Qurani-Kərimdə iman mücərrəd məfhum deyil, -saleh əməllə dəstəklənən həqiqət kimi təqdim edilmişdir) qəlbdə qalmaz, qalsa da, sarsıntılara tab gətirə bilməz.

Deməli, müəyyən məsələlər ilk növbədə imanın insan təbiətinə tam hopmasından, mənimsənilməsindən asılıdır. İcazənizlə burada mövzu ilə bağlı bir misal çəkmək istəyirəm. Məsələn, təsəttür[4] İslamın əsaslarına görə qadın və bir cəhətdən də kişinin örtünmə şəklidir və heç kimin bunun əksini iddia etməyə haqqı yoxdur. Ancaq siyər alimlərinə görə bu əmr Peyğəmbərimizin (s.ə.s.) Zeynəb binti Cahşla evləndiyi vaxt nazil olmuşdur ki, bu da Xəndək döyüşündən sonrakı dövrə, yəni hicrətin beşinci ilinə rast gəlir. Bu səbəbdən Məkkə dövrü də nəzərə alınsa, bu, Peyğəmbərimizin peyğəmbərliyindən düz on səkkiz il sonra nazil olan əmrdir. Çünki bəzi məsələlər yaxşı həzm olunmalı və mənimsənməlidir ki, belə bir məsələyə etiraz olmasın. İnsanlar İslamiyyətin hər əmrində başqa bir dərinlik, başqa bir əda, başqa bir nizam olduğunu görsün və onu səmimi qəlbdən qəbul etsin.

Digər məsələ: bu məsələ fiqhi cəhətdən birinci dərəcəli, əsas məsələ deyil (inkar etmə başqa), yəni yerinə yetirilməsə, insan dindən çıxmaz. Həmçinin böyük faqihlərin bu mövzudakı fərqli mülahizələri də nəzərə alınmalıdır. Belə ki, bəzi fəqihlər üzün açılmasının təsəttürə zidd olmadığını, bəziləri isə üz də örtülməlidir deyirlər. Bu da, müzakirə olunası ayrı mühüm məsələlərdən biridir.

Həmçinin İslam faizə və sələmçiliyə hicrətin doqquzuncu ilində qadağa qoymuşdur. Bir ildən sonra da Peyğəmbərimiz (s.ə.s.) vəfat edir. Eyni şəkildə içki də Uhud döyüşündən sonra qadağan edildi. Hətta səhabələr Allah Rəsuluna: "Ya Rəsulullah! Uhudda şəhid olan filan şəxslər içki içib döyüşə getmişdilər. Onların halı nə olacaq?" deyə soruşurlar. İslamın o böyük qəhrəmanları haqqında ağlımıza başqa şeylər gətirməməlidir, çünki onlar içki qadağan edilmədiyi üçün içmişdilər. Dolayısilə, qəhrəmanlıq timsalı, igidliyi dillər əzbəri, səmada adı “Allahın aslanı” olan Hz. Həmzənin (r.a.) Uhudda şəhid olarkən içkili olması onun dəyərini qətiyyən azaltmaz ki, səhabənin əndişəsinə son qoyan "Allah sizin imanınızı (o içkiyə görə) hədər etməz” (“Bəqərə” surəsi 2/143) ayə nazil olmuşdur

Gördüyümüz kimi bütün bunlar müəyyən yerlərə qoyulmuşdur. Bəziləri əvvələ, bəziləri də sona. Elə isə buna bənzər dövrlər nəzərə alınaraq əvvəla birinci dərəcəli əsas (ümməhat) məsələlərə baxılmalıdır. Güman edirəm ki, məhz bu yanaşma fiqh metodologiyasına daha müvafiqdir. Bu, haşa, içkiyə, faizə, sələmçiliyə mübah, təsəttürə “lazımsız” demək deyildir. Əksinə “bu məsələlərdən əvvəl daha vacib, daha mühüm şeylər var” deməkdir. Tədricən digər qadağan edilmiş şeylərin zərərləri izah edildiyi və insanlar bu zərərlərə, bu faydalara şahid olduğu zaman, onsuz da tədbir görülüb müəyyən məhdudiyyət qoyulacaq, ya da tamamən qadağan ediləcəkdir. Əslində bu gün də bu kimi fəaliyyətləri görmək mümkündür. Məsələn, içkinin, narkotikin zərərləri ortaya çıxdıqca qadağan edilir, ya da ən azı müəyyən məhdudiyyət qoyulur. İnanıram ki, tədricən inkişaf edən yeni dünyagörüşlərlə, həmçinin zamanın gətirdiyi şərhlərlə bir gün bütün əxlaqsızlıq və ədəbsizliyin də qarşısı alınacaq. Deməli, toplum İslamiyyətin bu və buna bənzər mövzudakı təlimatlarını da mənimsəyə bilir. Bu isə bu işi dini qeyrətdən ötrü edənlərin işini xeyli yüngülləşdirir və daha rahat fəaliyyəti təmin edir.

Dövrün böyük mütəfəkkirlərindən birinin bu mövzuda acı bir etirafı var. O: "Biz iman və İslam naminə müxtəlif fəaliyyətlərə əl atdıq, lakin yanıldıq. Bu millətin əvvəlcə imana ehtiyacı var imiş..." deyir. Bəli, insanın, nə ilə qarşılaşır-qarşılaşsın, hər şeydən öncə dindən çıxmayacaq qədər möhkəm inanca, dünya yamacları kimi axirəti görməyə və hər gün bu yəqinini artırmağa, dindən güzəştə gedib təxribat törətməyəcək qədər mətanətə ehtiyacı var.

Əsrin Fikir Memarı məalən: "Sizin bu iddia etdiyiniz məsələlər İslamın yüzdə beşidir. Yüzdə doxsan beşini isə biz onsuz da yaşayırıq.." deyir. Elə isə dinin yüzdə doxsan beşini yaşamaq, ya da buna zəmin hazırlamaq, cəmiyyətə bu mövzunu təlim və təlqin etmək imkanı var ikən arı yuvasına çöp soxmaq, insanları gözlərinin içinə baxa-baxa narahat etmək mənə görə, Allah Rəsulunun təbliği ilə uyğun gəlmir. Əgər bütün mülhid[5] və təcavüzkarlar sizə düşmən kəsilirsə, bu sözlərlə dünyanı təhrik etmək, onların hücumuna zəmin hazırlamaq, dini yaşama şərtlərini ağırlaşdırmaq, dolayısilə də xidmətinizin qarşısına maneə çıxarmaqdır ki, bu da İslama səmimiyyət və sədaqətdən çox xəyanətdir.

Bu cəhətdən bəzi məsələləri ön plana çəkib: "Hələ bir eləyə bildiklərmizi edək, Allah Kərimdir..." deyən insanlar haqqında "Dinin bir hissəsinə inanır, bir hissəsinə inanmır" demək doğru deyildir. Quranın bu xitabı bəzi Əhli-Kitaba aiddir. Allaha həmd olsun biz "Əlhamdulilləhi Rabbil-aləmin" ayəsindən "minəl-cinnəti vən-nəs" ayəsinə qədər hər şeyə inanırıq, üstəlik əksini ehtimal etmədən, zərrəcə tərəddüd etmədən.

Bir də sualda "müəyyən məsələlərdən danışmama" ifadəsi keçir. Bu gün İslam ehkamı barədə bir aləm söz deyilir və bunların içində müamiləyə[6] aid məsələlər də var. Əvvəla bu qəbil məsələlərin nə olduğunu çox yaxşı bilmək lazımdır. Əgər bunlar müamilə ilə, yəni insan davranışları ilə bağlı məsələlərdirsə, bundan daha vacibləri var. Allaha, həşrə, peyğəmbərlərə, kitablara, mələklərə iman... Görəsən, bu məsələlərdə iman daha vacibdir, yoxsa füruat[7], içki içmək daha böyük günahdır, yoxsa axirəti inkar etmək?

Əlbəttə iman bunlarla müqayisə olunmaz, bu mövzuda mübahisə etməyə dəyməz. Çünki bu, dünya həyatımızın tarazlığı, məşəqqətlərə sinə gərmənin təminatı, gənclik problemlərinin həlli və üxrəvi səadətimizin yeganə sənədidir. Məsələn, biz ölümlə bu keşməkeşli dünyadan zülmətə deyil, işığa, Allahın hüzuruna, bir dəqiqəsi dünyanın minlərlə xoşbəxt ilinə bərabər olan Cənnətə gedəcəyimizə və bir dəqiqəsi Cənnətin minlərlə ilindən üstün olan Camalullahı[8] seyr etmə imkanını əldə edəcəyimizə inanarıq.

Dolayısilə, birinci dərəcəli və əsas olan məsələlər açıq şəkildə ortadadır. Bəli, Allah, əhli-sünnə əqidəsinə görə, əmələ - müamiləyə aid nöqsanları əngin məğfirətlə bağışlamağı vəd etmişdir, ancaq Ona (özünə) inanmayanı bağışlayacağını bu günə qədər heç kimə bildirməmişdir, bildirməz də. Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) içki içən insan haqqında sözü aydındır: "Allah diləsə bağışlayar, diləsə əzab verər". Ancaq Allaha şərik qoşub dünyasını da, axirətini də puç edən haqqında:

"Allaha şərik qoşan kimsə göydən düşən, quşların onu sürətlə alıb apardığı, yaxud küləyin sovurub uzaqlara atdığı bir şeyə (məxluqa) bənzər" (“Həcc” surəsi, 22/31) hökmü var.

Elə isə məsələn, yetmiş-səksən il boyu zülmün altında əzilən, duyğu-düşüncəsi alt-üst olan insanlara işin təməli sayılan "Əlif-Bə"dən başlamalı, yəni "Əməntü billah.." deməli və bu məsələ həll olunmadan digər əsaslara keçməməliyik. Zənnimcə, o insanların başqa mövzuları dinləməyə dözümü də olmaz. Bəli, "Əməntü billah və məlaikətihi..." deyə ifadə olunan iman əsasları Nuhun gəmisi kimi insanı sahilə çıxaran əsaslardır, digər məsələlər isə gəmiyə minəndən sonraya aiddir. Dolayısilə, əvvəla bu əsaslar möhkəmləndirilməlidir.

Digər tərəfdən, bu ölkənin insanı xüsusən XXI əsrə qədəm qoyarkən sahib olduğu imkanları dəyərləndirməlidir. Bu umkanları dəyərləndirərkən Nami-Cəlili-Muhammədinin Yəhya Kamalın ifadəsi ilə hər tərəfdə “şəhbal açıb” bayraqtək dalğalanması əsas götürülməlidir.

Belə mühüm bir məsələdə üslub xətası bütün işlərə maneə ola bilər. Həmçinin ölkəmizin addım-addım böyüdüyü bir dövrdə dünya dövlətlərini narahat etməmək çox vacibdir. İnanıram ki, Allah (c.c.) bu millətin yolunu açacaq, hər fərdinə hüzur bəxş edəcək və onları xoşbəxt edəcəkdir. Bəsirətli insan bu günü, sabahı düşünüb millətə zərər verməkdən uzaq durar. Belə təənni ilə hərəkət edən o qədər insan var ki, imkanları dəyərləndirib bu gün Çinə, Maçinə gedib çıxmışdır. Onlar həm o yerlərə millətimizin səsini-sədasını aparır, həm də Hz. Ruhu-Seyyidil-Ənamın (s.ə.s.) bərəkətli nəfəsini möhtac könüllərə çatdırırlar. Həmçinin oralarda yandırılan məşəllə, bu millətin düşüncəsini oralara çatdırmaqla gələcəkdə o torpaqlarda yetişən insanların bizimlə eyni tərbiyə, eyni mədəniyyət, eyni anlayışa malik olması və əl-ələ verib dünyanın problemlərini həll etməsi təmin olunacaqdır.


[1] Təslim olub itaət etmək

[2] Ayələrin nazil olma üslubu

[3] Müsəlmanların mükəlləf olduğu hökmlər

[4] Bədənin haram olan yerlərinin örtülməsi.

 

[5] Dinsiz

[6] Əməllə bağlı məsələlər

[7] İslamın detalları, İslam ağacının budaqları və qolları kimi olan hökmlər. Bu nurlu ağacın kökləri iman həqiqətləridir.

[8] Allahın Sonsuz Gözəlliyi, Camalı