Tənqiddə üslub

Sual: Dövrümüzdə idari və siyasi məsələlərə daha çox tənqidi yöndən yanaşılır, yeganə meyar tənqid qəbul edilir. Bu yanaşma tərzi doğrudurmu? Əks halda nə tövsiyə edirsiniz?

Cavab: "Ət-taxribu əshəl" sözü ərəblərdə məsəl kimi işlədilir. Mənası isə qısaca "təxrib etmək asandır" şəklindədir. Bəli, təxrib, tənqid və yıxmaq çox asandır. Lakin eyni miqyasda təmirə gəlincə isə asan deyil, əksinə çox çətindir. Buna görə də, yıxmaq üçün ayağa qalxanlar əvvəla "təmir"in yollarını araşdırıb müəyyən etməli, sonra "yıxma"ğa başlamalıdırlar. Əks təqdirdə, əmələ gələn boşluqlar qətiyyən doldurula bilməz. Bəli, bəzi məsələlər var ki, alternativ fikir olmadan onu təxrib, tənqid və yıxmaq böyük xəsarətə səbəb ola bilər. Zənnimcə, peyğəmbərlərin və xüsusilə İnsanlığın İftixarı Əfəndimizin (s.ə.s.) ən əsas vəzifəsindən biri də məhz bu məsələ ilə bağlı tarazlığı qorumaq idi. Bəli, O, cəmiyyətdə kök salmış bütün nöqsanları müəyyənləşdirir və insanların gözünə baxa-baxa, mərd-mərdanə, inandırıcı üslubla "Bu yanlışdır" deyə car çəkir, ardınca da onlara alternativ doğruları ortaya qoyaraq xaos və boşluğun yaranmasına imkan vermirdi. Yəni hər şeyi tarazlayır, mənfi və müsbət cəhəti ilə təhlil edir, fikri və hissi boşluqlara imkan vermirdi. Əfəndimizin (s.ə.s.) bu üslubu bizə çox şey deyir: Əvvəla, sağlam zəminə, möhkəm bünövrəyə oturan "təmir" plan və proyektləri olmadan "yıxmaq" və "təxrib etmək" cinayətdir.

Belə ki, bu üslub, bu düşüncə tərzi həyata tətbiq edilmədiyinə görə buraxılan səhvlərin böyüklüyü və həcmi nisbətində bəzən fərd, bəzən ailə, bəzən də dövlət ciddi boşluqlar yaşayır və xaosla üzləşir. Bu məsələyə dövlət və millət miqyasında yanaşanda nümunə kimi ilk ağıla gələn Osmanlıdır. Bəzən padşahlara məsafəli davranılır, taxtdan endirilir, "Yerinə daha yaxşısını taparıq!" deyilirdi. Tapılmayınca vəziyyət daha da pisləşir, keçmiş də, keçmişdəkilər də şamla axtarılmağa başlanırdı. Məsələn, Cənnətməkan Sultan Abdulhəmid Xanın taxtdan endirilməsində mühüm rol oynayan, bunu alqışlayan Talat, Camal, Ənvər paşalar, Riza Tevfiq, Tevfiq Fikrət, Mehmet Akif və ona "Qızıl Sultan" deyən bir çoxları daha sonralar ona dəfələrlə mədh dolu sözlər dedilər, lakin iş-işdən keçmişdi. Camal, Talat, Ənvər Paşalar "Nədən nəyə qaldıq, ey qazi hünkar!" deyib inləyir; Riza Tevfiq yunanlar İzmiri işğal edincə məscidin şadırvanında hönkürtü ilə ağlayır və "Abdulhəmid Xanın ruhundan istimdad" şeirini yazırdı.. bəli, belə deyirdilər, lakin "badə xarabül-Basra" Ali dövlət yıxıldı, Mosul, Kərkük, Süleymaniyə, Misir, Balkan dövlətləri əldən çıxdı və bu coğrafiyada əmin-amanlıq yox olub getdi; ondan sonra ağılları başlarına gəldi. Dünya hal-hazırda bunun əvəzini çox baha ödəyir. Çünki Osmanlı Orta Şərqi, Qafqazı, Balkanları ilə müvazinəti təmin edən əsas amil idi. Əfsuslar olsun ki, bu missiyanı ancaq yıxılandan sonra başa düşdük...

Təəssüf ki, bu tarixi xətalar indi də işlənir. Alternativ doğru plan və proyektlər hazırlanmadan dövlət və hökumət hədər edilir. Belə ki: "Bu qərara qatılmıram" və ya "Xarici və daxili siyasət belə aparılmaz... və s." kimi yalnız şüarlarla müxalifət edilir. Belələrinə: "Bəs necə olmalıdır buyurun deyin, yazın, cızın" deyəndə də: "Bu bilik və təcrübə tələb edir, bu da bizdə yoxdur" deyirlər. Xahiş edirəm, dövlətin və hökumətin səhvi ola bilər. Ancaq bu qətiyyən: "Əvvəla bir yıxıb-dağıdaq, sonra necə quracağımızı fikirləşərik" fəlsəfəsi ilə edilməməlidir. Bu düşüncə dövləti zəiflədə, daxili və xarici etibarını sarsıda bilər.. hətta tamamilə etibarı əldən gedə bilər. Məsələn, coğrafi mövqeyinə görə mühüm strateji yerə malik olan ölkəmiz siyasi təbəddülatlar içində əgər bu gün bir az daha güclü olsa idi, bütün Orta Asiyanın dəstəyini ala bilər, mərkəzi güc və bir vakuumla onları özünə çəkə bilərdi. Hətta İslam ölkələrini ətrafında toplaya da bilərdi.

Şanlı keçmişimizdə də belə deyildimi? Alparslan, Fateh, Yavuz o güclü dəstəyin verdiyi güvənlə tarix səhnəsinə çıxıb və millətin ümid sədası olmadımı? Və bu sədaya çoxları müsbət cavab vermədimi?

Bəli, səhv anlayışda olanlarla işimiz yoxdur. Biz var olduğumuz gündən bəri bəzən ağlayıb, bəzən də gülərək, daim dodağımızda ümid təbəssümü ilə bu millətin taleyinə dastanlar yazdıq. Bu ölkə və bu millət bir daha sarsıntı keçirməsin deyə, qəlbimizə göstərdiyimiz qayğını göstərdik. Təhlükələr qarşısında daim çarələr axtardıq, araşdırdıq.. və illərlə kənd-kənd, qəsəbə-qəsəbə bizi izləyənlərə, bizə hər cür pislik edənlərə "Hər kəs xarakterinə görə əməl edər" deyib keçdik. Dövlət orqanlarını işğal edən şəxslərin bu davranışlarına görə dövlətimizdən, millətimizdən küsmədik, incimədik.

Bəli, bu məsələdə tarazlıq çox vacibdir. Və qənaətimcə, bu gün bu sahədə çox səhvlərə yol verilir. Halbuki başda da nümunələrlə ifadə etdiyim kimi, bu cür hallar elə mürəkkəbliyə və gözlənilməz qəzalara səbəb ola bilər ki, daha sonra onlardan birini belə düzəltməyə gücümüz çatmaz.

Bu yanaşma tərzi bəzi radikal görünüşlü şəxsləri narahat edə bilər. Ancaq mənə görə bu mövzu çox həssas məsələdir. Əslində mən heç vaxt müsəlmanca düşüncənin təhqir olunmasını və heç bir müsəlmanın üzülməsini istəmərəm. Lakin qarşımızda çox fərqli İslami anlayışlar var. "Müsəlmanam" deyib, əlində bomba, belində silah adam vurmaq üçün küçəyə çıxır. Bunu anlamaq və İslami düşüncə ilə izah etmək olduqca çətindir. Təbii, hər kəsi məmnun etmək də mümkün deyil. Bu baxımdan şəxsən, sui-istifadə edilə biləcək, səhv anlaşıla biləcək düşüncə və bəyanlardan çox əndişə duyuram. Buna rəğmən haqq və həqiqəti demək də vəzifəmizdir.

Xülasə, hər şey öz qayda-qanunu ilə edilməli. "Düzəldirəm" deyərkən tamamilə dağıtmamağa həddən artıq diqqət edilməlidir. Keçmişdən, tarixi hadisələrdən dərs alaraq, məntiqi boşluqlara düşülməməli, millət və dövlət bir macəraya qurban verilməməlidir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.