Adanmışlıq və təmənnasızlıq

Sual: Bir məfkurəyə adanmışlıq və fədakarlıq qapısından girmə ilə mənfəət və təmənna umaraq girmə fərdin sonrakı (Haqqa) xidmət həyatına necə təsir edir? İzah edə bilərsinizmi?

Cavab: Şübhəsiz ki, "adanmışlıq" düşüncəsi və fədakarlıq ruhu bir məfkurənin varlığını qoruyub saxlayan, onun davamiyyətini və mütəmadiliyini təmin edən təməl dinamizmlərdir. Buna görə də, Qurani Kərim ideal bir nəsil olaraq ənsar və mühacirin "sabiqunu-əvvəlun"undan (ilk müsəlman olan səhabələrdən)" bəhs etdiyi, demək olar ki, hər yerdə onları həmişə "baş-göz üstə" deyən, həmişə verən və daim fədakarlığın zirvəsində "adanmışlıq" düşüncəsi ilə hərəkət edən insanlar kimi təqdim edir.

Məsələn, Qurani Kərimin bir yerində onların infak etməyə imkanları olmadığı halda, "ah, kaş olaydı, verəydik" anlayışı ilə kədərlənib göz yaşı tökməsi təqdirlə yad edilir ("Tövbə" surəsi, 9/92). Ənsari-kiramın Əqabə beyətində dediyi sözlər də buna bariz bir nümunədir. Bildiyiniz kimi, bu beyətdə onlar Rəsuli-Əkrəmi (sallallahu əleyhi və səlləm) hər cür şəraitdə və həyat bahasına qoruyub himayə etməyə və Onun uğrunda canı belə əsirgəməməyə söz vermişdilər. Halbuki onlar bu sözü verəndə heç "Bu işdən nə əldə edəcəyik? Mükafatımız nə olacaq?" deyə düşünməmişdilər. Düzdür, o gün onlara bunun müqabilində cənnət müjdəsi verilmişdi. Lakin başlanğıcda onların cənnət haqda məlumatı bu gün bizim Quran və sünnətdən təfsilatla öyrəndiyimiz, sələfi-salehindən bu mövzuda miras qalan biliklər sayəsində vaqif olduğumuz məlumatlar qədər əngin deyildi. Buna baxmayaraq, onlar böyük sədaqət və əngin fədakarlıq anlayışı ilə beyətin çox gözəl bir "ticarət" olduğunu ifadə etmiş, heç bir təmənna ummamış və yalnız Cənabi-Haqqın rizasını hədəf seçərək meydana atılmışdılar.

O halda uca bir məfkurəyə dilbəstə olan, bu məfkurə ilə öz düşüncə dünyasını yenidən inşa etməyə çalışan və beləcə öz milləti başda olmaqla bütün bəşəriyyətə yeni bir "basu-badəl mövt"[1] bəxş etmək üçün gecəsini gündüzünə qatan insan heç bir dünyəvi təmənna ummaz, ummamalıdır, hətta çox vaxt onun cənnətə getmə və cəhənnəmdən qurtulma kimi Allah Təalanın fəzlinə aid mənəvi təmənnası da olmamalıdır. Elə səhih hədislərdə də bildirildiyi kimi, insanın ibadətlərlə cənnətə layiq olması, Cənnəti qazanması mümkün deyil. İnsan ancaq Haqq Təalanın fəzli və mərhəməti ilə oraya girə bilər.

Axirət baxımından bu qədər əngin adanmışlıq anlayışına sahib olan bir insan, zənnimcə, Allah yolunda xidmətlərinin bəhrəsini görüb-görməməkdə bir təmənna ummaz və "uğur, müvəffəqiyyət" kimi onu maraqlandırmayan mövzularla başını yormaz. Bəli, adanmış bir ruh qoyduğu sərmayənin səmərəsi ilə maraqlanmaz, səpdiyi toxumların öz vaxtında, gözünün qabağında cücərib-cücərməməsinə baxmaz. O, yalnız öz vəzifəsinə baxar, vəzifəsini düşünər və "nəticə Allaha aiddir" şüuru ilə daim hərəkət edər. Ustad Həzrətləri də Cəlaləddin Xarəzmşahın bu mövzu ilə bağlı bir mülahizəsini nəql edir. Xarəzmşah səfərə çıxarkən ona "müvəffəq olacaqsan" deyirlər, o isə müvəffəqiyyətin (nəticənin) Allaha aid olduğunu, dolayısilə öz vəzifəsini yerinə yetirib şəni-rübubiyyətin işinə qarışmayacağını bildirir.

İltifat mərifətdən asılıdır

Bu baxımdan başlanğıcdan adanmışlıq düşüncəsi ilə bu yola girən bir insan zaman keçdikcə işlərinin bəhrəsi ilə bağlı heç bir təmənna ummaz. Məsələn, gördüyü işlərin əvəzində insanların təvəccöhünü, təqdirini, alqışını, iltifatını ummağı xəyalına da gətirməz. Xalq arasında çox yayılmış bir ifadə var: "Mərifət iltifatdan asılıdır". Bəlkə, çox adam üçün bu prinsip keçərli ola bilər. Yəni xalq iltifat etdikcə bəzi insanlar mərifətini ortaya qoyur, qabiliyyətini nümayiş etdirir. Məsələn, bir nəfər şəkil çəkir, əgər çəkdiyi bu şəkil maraqla qarşılanırsa, bundan həvəslənib yenilərinə başlayır. Gördüyü iltifat onun əzmini, səyini hərəkətə gətirir. Məhz bu cür iltifata ümumi mənada insanlar üçün təşviqedici amil, hətta bir ehtiyac kimi yanaşmaq olar. Lakin adanmış bir ruha görə, iltifat mərifətdən asılıdır. Siz etməli olduğunuz hər şeyi etməli, ortaya qoyulası nə varsa ortaya qoymalı, - el-aləm buna istər iltifat göstərsin, istər göstərməsin - buna əsla bənd olmamalısınız. Hətta bəzən onların iltifatı ilə qarşılaşanda: "Deyildir bu mənə layiq bu bəndə, mənə bu lütf ilə ehsan nədəndir" deyib nəfsinizi sorğu-suala çəkməlisiniz. Çünki özünüzü adi bir insan hesab etdiyinizə görə, bu iltifatların nə ölçüsünü, nə də həcmini özünüzə uyğunlaşdıra bilməzsiniz.

Dolayısilə, bu yola təmənnasız girmə, işə verməklə başlama, adanmışlıq hissi ilə hərəkət etmə elə böyük bir güc mənbəyidir ki, buna sahib olan insan Allahın izni və inayəti ilə heç vaxt ümidsizliyə düşməz, hadisələr qarşısında dimdik, mətanətlə dayanar və sarsılmaz imanla, ümidlə onların üstünə yeriyər. Bu həmçinin acz və fəqr yoludur. Yəni insan əvvəlcə aciz və fəqir olduğunu dərk edər, sonra da adanmışlıq şüuru ilə hərəkət edər və "bəhrəsini görmədim, iltifat edilmədi, deməli, bu işdə uğur qazana bilmədim" anlayışına qapılmaz. Və buna görə hay-haray salmaz, stresə düşməz, ruhi-mənəvi böhran keçirməz və qədəri tənqid etməz. O, həmişə

Gəlsə cəlalından cəfa
Yaxud camalından vəfa,
İkisi də cana səfa,
Lütfün də xoş, qəhrin də xoş

mülahizəsinə sadiq olar.

Bunu da qeyd edim ki, bir insanın Allah Təaladan: وَمِنْهُمْ مَنْ يَقُولُ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الْآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ "Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!" ("Bəqərə" surəsi, 2/201) deyə dünya həyatı üçün xeyir və həsənə diləməsi başqa, xeyirxah əməllərinin əvəzini dünyada istəməsi, umması tamam başqa məsələdir. Üstəlik insan xeyirxah işlərdə zəhmətinin bəhrəsindən, iltifatdan, mütləq müvəffəqiyyət və zəfər təmənnasından asılı olduğu təqdirdə, əgər Haqq Təalanın muradi-sübhanisi (hər cür nöqsandan uzaq ali muradı) o istiqamətdə təcəlli etməzsə, ümidsizliyə, inkisari-xəyala düşər. Həmçinin siz belə bir təmənna ilə hərəkət etdiyinizə görə də, sizi örnək bilən insanların da fikri qarışa və sizə olan təvəccöhü, hüsnü-zənni qırıla bilər. Bu, fasid dairə kimi sizin də mənəvi gücünüzə xələl gətirər və uğursuzluğa düçar olanda da başqalarını günahlandırar, inciyər və səbəbsiz yerə əsəbiləşib özünüzdən çıxarsınız.

Elə isə insan axirətə aid əməllərin mükafatını Cənabi-Haqqın sonsuz lütf və ehsanına həvalə edərək onu dünyanın fani, müvəqqəti və dar meyarlarında "həbs" etməməlidir. Məsələn, İstanbulun fəthini dünyanın dar çərçivəsində düşünəndə yerdə təkcə İstanbulun fatehliyi qalar. Ancaq təmənna Cənabi-Haqqın təvəccöhünə aid ediləndə axirətdə fəthə düşən varidat, qənimət və məna aləminin sakinlərinin iltifatı dünyanın dar çərçivəsinə görə deyil, üqbanın ənginliyinə uyğun verilər. Elə isə burada bir "subhanallah" deyib axirətdə bir cənnət bağı qazanmaq ola-ola, niyə dünyada yalnız bir subhanallah qədər mükafatı umaq?!

Fədakarlığın nəyə bərabər olduğunu bilmirlər

Misalları çoxalda bilərsiniz. Məsələn, siz ruhu-rəvani-Məhəmmədinin (Məhəmmədi ruhun) (sallallahu əleyhi və səlləm) dünyanın dörd tərəfində qanad açması istiqamətində çox ciddi cəhd və səy göstərsəniz, ancaq buna müvəffəq olmasanız, məqsədiniz belə bir nəticə əldə etmək olmadığı üçün inkisarı-xəyala düşməzsiniz. "Nə edək, hələlik belə oldu" deyib Hz. Adəm kimi: قَالَا رَبَّنَا ظَلَمْنَا أَنْفُسَنَا وَإِنْ لَمْ تَغْفِرْ لَنَا وَتَرْحَمْنَا لَنَكُونَنَّ مِنَ الْخَاسِرِينَ "Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!" ("Ə'raf" surəsi, 7/23) anlayışı ilə özünüzü hesaba çəkər, mövcud durumu təkrar gözdən keçirər, sonra təkrar dikəlib qiyam edər (ayağa qalxar), əmrə müntəzir dayanar və vəzifənizi yerinə yetirməyə çalışarsınız. Bu baxımdan təmənnasızlıq və fədakarlıq anlayışı bu məfkurəni son nəfəsimizə qədər ixlas və səmimiyyətlə yaşatmaq üçün çox vacib və həyati dinamizmdir. Əhli-dünya bu dinamizmləri bilmədiyinə görə məsələni yalnız maddə ilə, pulla bağlayır və alınan nəticəni bununla izah etməyə çalışır. Halbuki fədakarlıq və təmənnasızlıq elə bir dəyərdir ki, onun mislini maddi ölçülər arasında tapmaq qeyri-mümkündür. Bəli, Könüllülər Fəaliyyətini həzm edə bilməyən, götürə bilməyən bəzi əhli dünya "Bu işin arxasında filan qədər sərmayə olmalıdır, yoxsa bu çarx fırlana bilməz!" anlayışı ilə məsələni izah edirlər. Çünki onlar adanmışlıq və fədakarlığın nəyə bərabər olduğunu bilmirlər. Almadan verməyin nə demək olduğundan xəbərsizdirlər. Fərqinə varmırlar ki, burada hər şey Allah rizası istiqamətində bir sərmayə kimi ortaya qoyulur və beləcə Cənabi-Haqq azı çox, biri min edir. Bəli, bu dəyərlər (adanmışlıq və təmənnasızlıq) cənnətlərə bərabərdir; Sonsuz Qüdrət və Mərhəmət sahibi Zat da buna uyğun mükafat və səmərə verir.

Məsələnin digər bir cəhəti də budur: Mən bu dairədə olan yoldaşların mində birini tanımıram. Hətta indi milyonda birini tanımadığımı da deyə bilərəm. Belə ki, görüşmə imkanı olmayanda bəzən köhnə tanışlarımı belə tanıya bilmirəm. Dolayısilə, tanımadığı insanların xidmətlərini də bir şəxsə və ya bir qrupa istinad etmək həm Allaha qarşı hörmətsizlik, həm də o insanların cəhd və səylərinə zülm və haqsızlıq etmək deməkdir. Bəli, mənim etiqadıma görə, həyata keçirilən fəaliyyətləri bir şəxsə, bir dühaya, bir fərasətə, bir zəka və bir fətanətə istinad etmək şirkdir. İstər insanlar bu mövzuda hüsnü-zənn edib "filankəsin bu fəaliyyətdə böyük əməyi var, bu nəticələr onun vəsiləsi ilə əldə edildi" desinlər. - Bununla onlar ictihadda xətaya yol vermiş olurlar. Sahibi-Şəriət (Allah Təala) isə ictihad xətalarını bağışlayacağını vəd edir. Bizim vəzifəmiz isə, daim qulluq şüuru ilə hərəkət edib bu cür iltifat və təvəccöhə qətiyyən sahib çıxmamaqdır.

Üstəlik açıq-aşkar göründüyü kimi, bu iş o qədər böyüyüb, o qədər kök atıb və o qədər ümumbəşəri miqyas alıb ki, bu məsələni bir və ya bir neçə şəxsə, ya da bir qrupa istinad etmək mümkün deyil. Güman ki, müəyyən yaşdan sonra, bəlkə, ağlıma, xəyal və təsəvvürlərimə, "mən də bir iş gördüm" düşüncəsi gələr, şirkə girərəm deyə Cənabi-Haqq lütf edib və məni ömrümün axırında bura sürgün etdi. Hal-hazırda bu fəaliyyəti xalisanə, səmimiyyətlə həyata keçirən bir çox gənclər var. Rəbbim onları kamil ixlas və kamil yəqinlə şərəfləndirsin!

Lakin qeyd edim ki, Cənabi-Haqq müəyyən bir dövrdə öz ölkəmdə bir çox adanmış ruhla birlikdə olmağı nəsib etdi. Ölkənin müxtəlif yerlərində bir çox fədakarlıq örnəyinə şahid oldum. Məsələn, Bozyakanın üst tərəfində xeyirxah Anadolu insanının xeyirxahlığına müraciət etdik. Hər kəs əlini uzatdı. Sonra otağıma çəkilib oturmuşdum. Təqaüddə olan bir zabit əlində açar yanıma gəldi: "Hər kəs bir şey verdi, amma mən verə bilmədim. Təqaüdümlə bir ev almışdım, onu vermək istəyirəm, evin açarlarını sizə gətirdim" dedi. Təbii ki, belə bir vəziyyətdə sizin vəzifəniz budur: deyəcəksiniz ki: "Qardaş, hər kəs imkanına görə verməklə mükəlləfdir. Sən zəruri ehtiyacların istisna, əlində olanı verə bilərsən. Evini verəsi deyilsən ki. Allah bunu səndən istəmir". Beləcə açarları ona təslim edər və: "Get evində yaşa. Rəbbim sənə lütf edər, yeni qapılar açar, sən də gətirib onu verərsən" deyərsiniz. Çünki Peyğəmbərimiz də (əleyhissalatu vəssalam) Kab b. Malik və Sad b. Əbi Vaqqas kimi bütün sərvətini vermək istəyən səhabələrin işini yüngülləşdirmişdir.

Səksən yaşlı hicrət talibləri (aşiqləri)

Neçə-neçə fədakar insanla qarşılaşdım. Məsələn, bəlkə də, yaşı səksəni haqlamış bəzi yaşlı yoldaşlar dəfələrlə bura gəlib, "Nə olar bu gənclərə hicrəti işarə etdiyiniz kimi, əsnafa da, bizə də başqa yerlərə getməyi işarə edin, biz də gedək. Beləcə verməklə sərəfraz olduğumuz kimi, Cənabi-Haqq bizi hicrətlə də şərəfləndirsin" dedilər. Məhz bunlar qiyməti maddi ölçülərə sığmayan dinamizmlər olub sanki Cənabi-Haqqın sonsuz lütf və ehsanına göndərilən "dəvətnamə"dir. Bəlkə də, müxtəlif iqtisadi sistemlərdə bu dəyərlərin qiyməti dərk edilməyib. Ancaq bu, sərmayədən də, əməkdən də daha qiymətlidir. Dolayısilə kim nə deyir-desin, ortaya çıxan nəticə eyni məntiq, eyni düşüncə və eyni inanc ətrafında bir araya gəlmiş insanların fədakarlıq və adanmışlıq zəminində müştərək bir düşüncə meydana gətirməsinə Cənabi-Haqqın bir lütfü və ehsanıdır.

Son söz olaraq bunu deyim ki, hər şey yerli-yerində, rahat və asan olduğu dövrlərdə çiynini işin altına verən və müəyyən bir vəzifə yerinə yetirən insanlara da hörmət edilməlidir. Bizim vəzifəmiz onlar haqqında belə dua etməkdir: "Cənabi-Haqq onların da eşq və iştiyaqını artırsın, onları da bu işdə davamiyyət və mütəmadiliklə sərəfraz etsin". Bəli, istər heç nəyi olmaya-olmaya vermək üçün çırpınanı, istər var-dövləti, imkanı ola-ola müəyyən qədər fədakarlıq edəni həmişə xeyirlə yad etmək, hər kəsə dua etmək borcumuzdur. Biz millətimiz naminə, insanlıq naminə çalışan hər fərdi, hər fədakarlığı alqışlayır, bundan ötrü Cənabi-Haqqa həmd-səna, şükür edir və belə bir şükrə müqabil Onun nemətlərini bol-bol verməkdə davam edəcəyinə inanırıq.


[1] Ölümdən sonra təkrar diriliş