Allah yolunda istehdam və xövfü-rica tarazlığı

Sual: Mövqeyimizə layiq və Cənabi-Haqqa yaxşı qul ola bilmədiyimizi düşünüb, məyus olduğumuz anlarda "Allah nəzdində dəyərinizi bilmək istəyirsinizsə, Onun sizi hansı vəzifədə istehdam etdiyinə baxın" ifadəsi bizə ümid qapısı açır. Mənsub olduğumuz saleh dairə, istehdam olduğumuz vəzifə və fəaliyyətlər nöqteyi-nəzərindən bu mülahizəni şərh edə bilərsinizmi?

Cavab: Əvvəla ifadə etməliyəm ki, sualda təsvir edilən ruh halətini ancaq öz-özünü sorğu-suala çəkməyi bacaran, iradəsinin haqqını verə bilən “hesab insanları” duyar, hiss edər və yaşar. Bəli, bu halət yalnız aqibətindən əndişələnən, əməl dəftərini tez-tez vərəqləyən, hətta zehnindən, xəyalından keçən nalayiq şeylərə görə də özünü hesaba çəkən və bu xoşagəlməz təxəyyül və təsəvvürlərə belə "Minlərlə, yüz minlərlə əstağfirullah…" deyib əfv və məğfirət diləyən “hesab insanları”na xasdır. Çünki onlar "Xəyal qapılarını açıq qoydum və xoşagəlməz, nalayiq şeylər içəri sızdı" düşüncəsi ilə bu məsələdə iradənin haqqını tam verə bilmədiklərini düşünər, özünü sorğu-suala çəkər və iztirabla inlərlər. Halbuki insan “obyektiv mükəlləfiyyət” nöqteyi-nəzərindən bu cür təxəyyül və təsəvvürlərə görə, məsul və mükəlləf deyil. Lakin Allaha sadiq və səmimi bəndə olmaq istəyənlər digər üzv və lətifələri ilə yanaşı xəyallarını da təmiz saxlamaq, kirlətməmək və o lətifəni də Allaha qulluq yolunda xidmət etdirmək, onu da istifadə etmək üçün həssaslıq göstərər. Çünki onlar imanın nə demək olduğunu və imanın gətirdiyi dəyər və gözəlliklərin maliyyətini, çəkisini yaxşı dərk edirlər. Eyni şəkildə onlar (Allah qorusun) yoldan sapmanın, imandan məhrumiyyətin, aqibətin Cəhənnəmlə nəticələnəcəyini və oranın da dəhşətli əzab, xüsran yurdu olduğunu çox yaxşı bilirlər. Buna görə də, onların üzündə bəzən təbəssüm görünsə də, nə vaxt öz mənliyi ilə üzləşsə o təbəssümün yerinə min bir əndişə haləti, o əndişədən doğan üzüntü və kədər çökür.

Aqibətindən qorxmayanın aqibətindən qorxarlar

Ancaq "mühasibə", "müraqibə" dərdini çəkməyən, özü ilə üzləşməyən və heç nə olmamış kimi qafilanə həyat sürən insanların aqibət qorxusu, əndişəsi olmaz. Onlar elə ömür sürür ki, sanki Cənnətdədirlər və ya Cənnətə getməyə təminat alıblar. Biz bu cür yaşayan insanların zamini və vəkili deyilik. Dolayısilə, belə insanların xilas olub-olmayacağı haqqında bir söz deyə bilmərik. Ancaq Quran və Sünnənin qoyduğu təməl prinsiplərə baxanda belə insanların heç də yaxşı yolda olmadığını rahatlıqla deyə bilərik. Çünki aqibətindən əndişə etməyənin aqibətindən əndişə edərlər; aqibətindən qorxmayanın aqibətindən qorxarlar. Dünyada "Allah hüzurunda necə hesab verərəm?" qorxusu olmayan insan, - Allah qorusun - ötələrdə o qorxunu iliyinə qədər hiss edər. Gəlin bu məqamda:

لاَ أَجْمَعُ عَلَى عَبْدِي خَوْفَيْنِ وَ أَمْنَيْنِ

"Mən quluma iki əmniyyəti də, iki qorxunu da birdən vermərəm" (Beyhaki, Şüabül-iman, 1/482) deyə rəvayət edilən hədisi-qüdsini xatırlayaq. Bəli, bu qüdsi bəyana görə, burada kor-koranə və dalğın, necə gəldi ömür sürənlər axirətdə bunun cəzasını çəkəcəklər. Ancaq burada qorxudan tir-tir titrəyənlər orada qorxudan uzaq olacaqlar. Onlara, "Sən o biri tərəfdə qorxu içində yaşadın. Burada sənə qorxu yoxdur!" deyiləcək.

Bu o demək deyil ki, insan dünyada tamamilə rica[1] hissini itirməli; Allahın mərhəmətindən ümidini kəsərək qorxu halətinə bürünməlidir. Bununla yalnız müasir dövrdə unudulan xövfü-xəşyət duyğusunun insan üçün nə qədər mühüm olduğunu və axirət həyatı üçün xövf-rica tarazlığının nə dərəcədə əhəmiyyət kəsb etdiyini xatırlatmaq istədik.

Çünki xövf və rica tarazlığı keçmişdən bu günə əxlaqçılar, əqidəçilər və tərbiyəçilərin də müzakirə etdiyi çox vacib məsələdir. Məsələn, Həzrəti Qəzali bu mövzu ilə bağlı mülahizələrini bildirərkən belə buyurur: İnsan, xüsusən də, gənclik dövründə, ölümü hələ bədənində duyub hiss etmədiyi zamanlarda xövf yönümlü, qorxu mehvərli həyat yaşamalıdır; yaşamalı və "hesab", "mizan" adı gələn ürəyi ağızına gəlməlidir. Ancaq ömrünün son günlərində, sürətlə ölümə yaxınlaşdığını hiss etdiyi anlarda rica hissi artmalı və İmamı Şafii Həzrətləri kimi:

وَلَمَّا قَسَا قَلْبِي وَضَاقَتْ مَذَاهِبِي جَعَلْتُ الرَّجَا لِعَفْوِكَ سُـلَّمَا
تَعَاظَمَنِي ذَنْبِـي فَلَمَّا قَرَنْـتُـهُ بِعَفْوِكَ رَبِّي كَانَ عَفْوُكَ أَعْظَمَا

"Qəlbim qəsvət bağlayıb yolumu azanda, ümidimi əfvinə nərdivan etdim.
Günahım gözümdə böyüdükcə böyüdü, amma onu götürüb əfvinin yanına qoyanda, əfvini təsəvvürlərfövqü böyük gördüm" (İmam eş-Şafii, Divanul-İmam eş-Şafii s. 100) deməlidir.

Bir noxud dənəsi də...

Vicdanı ilə üzləşməyi bacaran Allah dostları daim bu cür xövf mehvərli həyat yaşamışlar. Məsələn, Əsvəd b. Yezid ən-Nəhai Həzrətləri ölüm ayağında tir-tir əsib ağlayırdı. Ondan bu qorxunun səbəbini soruşanlara: "Necə qorxmayım?! Allahdan qorxmağa məndən daha layiq kim var? Cənabi-Haqq məni bağışlasa da, həya hissi məni daim narahatlığa sövq edir," deyə cavab verir. Vəfatından sonra onu yuxuda görüb halını soruşanlara isə belə deyir: "Vallah, peyğəmbərliklə aramda dörd barmaq məsafə qalmışdı". Əsvəd b. Yezid ən-Nəhai Həzrətləri dini həqiqətləri öz dövründə əhya edən Əbu Hənifə məktəbinə məxsus ilk ailələrdən Nəhai ailəsinin bir üzvü idi. Yüzlərlə səhabə ilə görüşmüş bir insandır. Bu iradə qəhrəmanı zərrə qədər də yanlış addım atmamışdı. Əgər bu böyük övliya Peyğəmbərimizdən (sallallahu əleyhi və səlləm) əvvəlki dövrlərdə yaşasaydı, peyğəmbər olardı. Lakin gördüyünüz kimi bütün bunlara rəğmən o, dünyadan köçərkən əndişə içində yanıb qovrulurdu.

Deməli, çox həssas və duyuq olan bu insanlar arpa boyu qədər səhvi belə böyük təhlükə kimi görmüş, “bu məni batırar” deyib əndişələnmişlər. Ustad Həzrətləri də: "Özünü qoru, addımını diqqətlə at, batmaqdan qorx. Bir loğmada, bir kəlmədə, bir dənədə, bir ləmada, bir işarədə, bir öpməkdə batma" demirmi? Çünki ayağınızın altındakı kiçik bir noxud dənəsi sizi üzü üstə yerə sərə bilər. Məhz bunun kimi haqqınız olub-olmadığını düşünmədən ağzınıza qoyduğunuz bir loğma, haram olub-olmadığına baxmadan dediyiniz bir söz, bir baxış, bir dinləmə, bir addım, bir əl uzatma kimi kiçik şeylər kiçik olmasına baxmayaraq sizə çox baha başa gələ bilər. Bu nöqteyi-nəzərdən insan günah işləmə qorxusu ilə tir-tir titrəməli və bu qorxu ilə yaşamağa çalışmalıdır. Əlbəttə, bu cür qorxu içində ömür sürərkən, eyni zamanda kamilliyə mane olan ümidsizlik bataqlığına da düşməməlidir.

Birlik və siyanət

Bir birliyə, bir fəaliyyətə mənsub olma mövzusuna gəlincə, mən bunu mətafdakı[2] insanlara bənzədirəm. İnsan orada bəzən öz ayağı ilə, bəzən də başqalarının ayağı ilə yeriyir. Üstəlik bayram günlərində ifada təvafı edərkən elə izdiham olur ki, çox vaxt ayaqlarınız havaya qalxır və insan başqalarının çiynində gedir, beləcə məsafə qət edirsiniz. Bir tərəfdən siz də başqa birini çiyninizə alıb aparırsınız. Eynilə bunun kimi, bir camaat, bir birlik içində olan insan da bəzən iradəsinin çatmadığı, həvaü-həvəsinə məğlub olduğu anlarda məsləkdaşları sayəsində o haləti dəf edər. Məsələn, yoldaşlarının gözəl əxlaq və rəftarını görüb nəfsini sorğu-suala çəkməyə başlayar: "Belə təmiz və pak yoldaşların yanında bu xətanı eləmək eyib deyilmi?" deyib özündən utanar, gözünə, qulağına diqqət yetirər və özünə mənən səliqə-sahman verər. Məsələn, dilinin ucuna bir yersiz söz gəlsə, yoldaşının üzünə baxıb onun ədəb və nəzakətindən utanar və həmin çirkin sözü deməyə çəkinər. Deməyə hazırlaşdığı sözü içinə atıb udar. İnsan gözəl yoldaşları sayəsində zəif cəhətlərini həvaü-həvəsini nəzarətdə saxlayar və beləcə yuvarlanmaqdan, yıxılmaqdan qurtular. Buna görə yeri gələndə ətrafımda olan insanlara həmişə "Bir yerə gedərkən mütləq bir-iki yoldaşınız da sizinlə olsun," demişəm. Çünki insan günah selində tək qalanda, bəzən gözünü-qulağını günahdan, əlini-ayağını dinin istədiyi səviyyədə qoruya bilmir. Xeyirxah camaat içində olmanın bir üstün cəhəti də var: Yaxşılıq və gözəllik naminə şam kimi yanan insanların halı bizdəki xeyirxah hisləri də oyadar, bizə təsir edər, qibtə hislərimizi coşdurar və təşviq edər.

Bununla yanaşı bir çox nəslərdə açıq şəkildə bildirilmişdir ki, xeyirxah camaatın içində olmaq insanı həlakdan hifz edir və üstünlük sayılır. Məsələn, bir hədisi-şərifdə Peyğəmbərimiz Həzrəti Məhəmməd Mustafa (sallallahu əleyhi və səlləm) belə buyurur:

هُمُ الْقَوْمُ لاَ يَشْقَى بِهِمْ جَلِيسُهُمْ

"Onlar elə bir camaatdır ki, onlarla oturub-duran peşman olmaz" (Müslim, Zikr 25.) Bəli, gördüyümüz kimi hədisi-şərif camaatla birlikdə olan insanla günahkar kimi rəftar edilməyəcəyini müjdələyir. Dolayısilə, xeyirxah insanların içində olmaq, Allah rizası üçün gözəl bir işdə istehdam olunmaq ümidsizlik girdabına düşməməkdə böyük əhəmiyyət kəsb edir. Buna görə də “Hikəmi-Ataiyə”də keçən: "Allah nəzdində yerinizi öyrənmək istəyirsinizsə, Allahın sizi nədə istehdam etdiyinə baxın" ifadəsi xəta və günahlar altında əzilən, ümidsizlikdən iradəsini itirən insanların ümidlərini coşdurur. Ancaq bu mövzuda tam və sağlam bir fikir yürütmək üçün bu təməl prinsipi daim nəzərə almaq lazımdır: "Cənabi-Haqqın nəzdində yerinizi bilmək istəyirsinizsə, Allahın sizin nəzdinizdəki yerinə baxın". Bəli, siz Zati-Üluhiyyətə nə qədər yaxınsınızsa, o həqiqətə nə qədər bağlısınızsa, ötədə o səviyyədə qarşılanacaqsınız. Lakin bir insan Zati-Üluhiyyətə zərrə qədər bağlı deyilsə, eşq və iştiyaqdan bixəbərdirsə, qafilanə həyat yaşayırsa, o biri aləmdəki vəziyyəti bura ilə eynidir. Bəli, insanın bu dünyadakı qəlbi və ruhi həyatı o biri aləmdəki halətinin əksidir.

Vəzifə və istidrac

Digər tərəfdən Ataullah İskəndərani Həzrətlərinin bu sözü bir həqiqətin ifadəsi kimi şərh edilməlidir. Lakin digər cəhətdən, mütləq meyar kimi qəbul edilməməli, digər nəslərin də süzgəcindən keçirilməlidir. Bəli, istehdam olduğu vəzifə insanın ümidvar olması baxımından bir vasitədir. Məsələn, kanalları təmizləmək üçün istifadə edilən bir toxanın dəyəri işin səviyyəsi ilə ölçülür. Ancaq elə toxa da var ki, onunla gül bağını becərirlər. Belə gözəl işlərdə istehdam olma Cənabi-Haqqın sizə təvəccöhünün təzahürü ola bilər. Buna bir ümid çırağı kimi baxmaq olar.

Ancaq yenə də bu yanaşma sorğuya çəkilə bilər. Çünki məsələnin bir də istidrac yönü var. Çünki bildiyiniz kimi, mənqibələrdə rəvayət olunur ki, hətta Bəlam b. Baura və Bərsisa kimi övliyalıq dərəcəsinə yüksəlmiş çox böyük insanlar - Allah qorusun - ənaniyyətdən tam qurtula bilmədiklərinə görə üzüstə yuvarlanmışlar. Lakin digər tərəfdən, mənqibələrdə yaramaz işlərlə məşğul olan bir sərxoşun bir yaxşılıq etdiyinə görə, məsələn, verdiyi bir sədəqəyə görə tamamən dəyişməsindən, bütün Ramazanı ibadətlə keçirməsindən və belə halda dünyadan köçməsindən bəhs edilir.

Bu baxımdan insan "Yaxşı yerdə istehdam olunuram" deyə özünü mütləq mənada fəzilətli saymamalıdır. Bunu Allahın bir neməti bilib, buna uyğun hərəkət etmək lazımdır. Çünki bu nemətin əbədi olacağı haqda zəmanət yoxdur. Buna görə də bu böyük nemətin daimi olması üçün həmişə Allaha yalvarmaq, dua etmək lazımdır. Həmçinin insan bunun bir istidrac olmaması üçün daim Cənabi-Haqqa sığınmalı; Ondan uzaqlaşdıran hadisələrdən titrəməli, təmkinli və ayıq-sayıq ömür sürməlidir. Bəli, hal-hazırda çox əhəmiyyətli, çox parlaq fəaliyyətlərdə istehdam edilmiş ola bilərik. Ancaq heç birimiz müzəkka olmadığımıza görə, yəni nəfsimizi təmizləməyə müvəffəq ola bilmədiyimizə görə, özümüzü,

إِنَّ اللّٰهَ لَيُؤَيِّدُ هَذَا الدِّينَ بِالرَّجُلِ الْفَاجِرِ

"Allah bu dini facir insanla da gücləndirər" (Buhari, Cihad 182) hədisi-şərif ilə bəhs olunan facirlərdən saymalıyıq. Başqası haqqında belə bir qənaətə gəlmək, əlbəttə ki, doğru deyil. Ancaq hər insan özü haqqında belə düşünməli və son nəfəsinə qədər “bütün yaxşılıq və gözəlliklərin, lütf və ehsanların həqiqi sahibi Cənabi-Haqdır” həqiqətini unutmamalıdır.


[1] Ümid

[2] Həcdə təvaf edilən yer