Amalın bir olsun!

Fəthullah Gülən: Amalın bir olsun!

Sual: Həzrəti Ustad səhih bir təfəüldə İmam Rəbbani Həzrətlərinin ona “Tövhidi-qiblə et!” (Bir amala yönəl!) deyə tövsiyə verdiyini və onun bu tövsiyəyə əməl edərək yeganə mürşiddən − Qurani-Kərimdən möhkəm yapışdığını bildirir. Bu məsələ necə başa düşülməlidir və sözügedən tövsiyə müasir dövrdə bizə nədən xəbər verir?

Cavab: Əvvəlla bəzi məsələlərin səhv anlaşılmaması üçün bir-iki məqamı diqqətinizə çatdırmaq istəyirəm.

Birincisi, unutmayaq ki, Həzrəti Pir təfəülə müraciət etməyi və yuxularla hərəkət eləməyi adət halına gətirməyi doğru saymamışdır. Çünki bu iki mənbədən əldə edilən məlumat obyektiv deyildir. Ancaq həm təfəüllə əldə edilən məlumatın, həm də yuxularda görülən hadisələrin düzgün yozulması olduqca vacib məsələdir. Yuxu yozmaq yuxuda görülən müəyyən rəmzləri dəyərləndirərək müəyyən bir nəticə çıxarma işidir. Bu baxımdan, yuxuda görülən hadisələrlə yuxunun ifadə etdiyi həqiqət bir-birindən fərqli mahiyyət daşıyır. Çox güman ki, Ustad Həzrətləri ümumi prinsiplərə müvafiq şəkildə yozmuş, əldə etdiyi nəticəni ağıl və qəlb tərəzisində çəkmişdir. Məhz bütün bunlardan sonra məsələyə əhəmiyyət vermiş və dilə gətirmişdir.

İkincisi, “Tövhidi-qiblə et” tövsiyəsindən elə başa düşülməsin ki, Həzrəti Pir Qurandan uzaqlaşmış və başqa şeylərin dalınca düşmüşdü! Həzrəti Ustadın həyatı göz qabağındadır. O, ömrünü Quran həqiqətlərinə həsr eləmişdir. “Tövhidi-qiblə et!” tövsiyəsi əslində Həzrəti Ustada məhz öz səviyyəsində bir məqsəd göstərirdi. Doğrudur, o, həyatının ilk illərində dövrün ruhuna uyğun şəkildə haqq və həqiqətlərin ehyası və təbliği yolunda müəyyən axtarışlarda olmuşdu. Bu məqsədlə bır sıra təkyə və zaviyələri gəzmiş, müxtəlif şəxslərlə görüşmüş, ancaq dövrün əsas problemlərini qavrayan, bunun dərdini çəkən və zəmanənin ruhuna müvafiq həll yolları irəli sürən bir insanla qarşılaşmamışdır. Nəhayət, İslam aləminə vurulan yaraları dərk edən və müsəlmanların üz-üzə qaldığı problemlərə fərqli bir üsul və üslubla yanaşmağın zəruriliyini anlayan Həzrəti Ustad doğru yol və metodu tapmaq üçün təfəül etmiş və beləcə yeganə mürşidə − Qurana müraciətin vacibliyini başa düşmüşdür.

Həzrəti Bədiüzzamanın yaşadığı dövrə baxanda, həqiqətən də hər şeyin yerlə-yeksan, bütün dəyərlərin alt-üst olduğunu görürsən. Mehmet Akif o illəri bu misralarla təsvir edir:

Xarab ellər, yıxılmış xanümanlar, kimsəsiz çöllər,
Əmək məhrumu günlər, fikri-fərda bilməz axşamlar.

Bütün bunları görən Ustad Həzrətləri dərdin böyüklüyünü anlamış və bu dərdlərə dərman axtarmışdır. Görüşdüyü insanlara mənəvi təxribatın çox böyük olduğunu, məsələnin kökündən həll edilməsinin vacibliyini və iman məsələsinin zəruri olduğunu izah etməyə çalışmışdır, ancaq təəssüf ki, dərdinə şərik tapa bilməmişdir. Beləcə, Qurana üz tutmuşdur. Ancaq o, nə İbn Cərir ət-Təbəri Həzrətləri kimi Qurani-Kərimi rəvayətlər əsasında təfsir etmiş, nə də Fəxrəddin Razi Həzrətləri kimi dirayət təfsiri ortaya qoymuşdur. O, Qurani-Kərimdən fərqli bir təfsir üsulu götürmüş və onun vasitəsi ilə Quranın almaz düsturlarından dövrün “xəstəliklər”inə məlhəmlər tapmışdır.

Əvvəlcə dövrün problemlərini müəyyənləşdirmək lazımdır

Əslində, müxtəlif əsrlərdə bir çox alimlər öz dövrünün ehtiyac və şərtlərini nəzərə alaraq müəyyən axtarışlarda olmuş və bu çərçivədə əsərlər ortaya qoymuşlar. Məsələn, İmam Qəzali Həzrətlərinin dövründə Yunan fəlsəfəsinin İslam dünyasına ayaq açması, Mötəzililik və Cəbrilik düşüncəsinin yayılması, Qərmətilik və Batiniliyin ortaya çıxması kimi problemlər özünü göstərmişdir. Xüsusilə, Yunan fəlsəfəsinə aid batini fikilərin geniş yayılması müsəlman dünyasında bir çox insanın fikirlərinə təsir etmişdir. Məsələn, Fərabi və ilk vaxtlar İbn Sina kökü Sokratdan gələn, daha sonralar Platon və Aristotelin əsərlərinin tərcüməsi ilə İslam dünyasına yayılan fəlsəfi düşüncənin təsirinə düşmüşlər. Məhz bu səbəbdən İmam Qəzali Həzrətləri öz dövründə Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) və Onun seçilmiş səhabələrinin (radiyallahu anhum) yolunun axtarışına başlamış və Allahın izni ilə istədiyinə nail olmuşdur. Beləcə o, Yunan fəlsəfəsi xaricində, fərqli bir yol və üsul ortaya qoymuş, İşraqiliyi cilalamışdır.

İmam Rəbbani Həzrətləri də öz dövrünün problemlərinə həll yolu axtarmışdır. Bildiyiniz kimi, İmam Rəbbani Həzrətlərinin yaşadığı dövrdə Hindistanda hakimiyyətdə olan Əli Əkbər Şah bəzi müasirlərimiz kimi, Qurani-Kərim və Sünneyi-Səhihənin o dövrə uyğun olmadığını düşünərək sanskritizmə oxşar bir din anlayışını irəli sürmüşlər. Yəni bir az yəhudilikdən, bir az xristianlıqdan, bir az buddizmdən, bir az hinduizmdən, bir az İslamdan götürüb yeni bir din meydana gətirmək istəmişlər. Belə bir dövrdə nəşət edən İmam Rəbbani bu sapqın düşüncə ilə mübarizə aparmaq üçün İslamın dövrəsində qalalar tikərək təcdid (yeniləmə) ruhu ilə İslamı dirçəltmişdir.

Əslində, Rəsuli-Əkrəm Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) vəhyin nazilindən altı ay əvvəl Hira Sultanlığına çəkilməsində də buna oxşar cəhd və səyləri görmək mümkündür. Hətta əngin zəkaya, xüsusi istedada malik bir insanın Hira Sultanlığına çəkilmədən əvvəl Cahiliyyə cəmiyyətindəki problemləri düşünməməsi mümkünsüzdür. Müstəsna ruha malik o Zat Hirayı şərəfləndirmədən qabaq kim bilir, bəlkə də, neçə dəfə: “Nə edim ki, bu insanları Allah yoluna, Hənif yoluna çəkim!” düşüncəsi ilə qıvranmışdır. Nəhayət, Cənabi-Allah vəhylə Ona səslənmiş və dövrün problemlərinə çarə − yeni bir din göndərmişdir.

Xəstə dövrün dərmanı − Quranın dəyərli düsturları

Həzrəti Pir İmam Rəbbaninin “Məktubat”ını açaraq təfəül etmiş və belə bir nəticə çıxarmışdır ki, on üç əsr əvvəl nazil olan Qurana təkrar yönəlməli, dövrün problemlərinin həllinin başqa yerdə deyil, Quranın qızıl həqiqətlərində axtarmalıdır. Demək, Həzrəti Bədiüzzamanın ruhunu çulğalayan duyğu və düşüncələri ilə təfəüldən çıxan nəticə eyni istiqaməti göstərirdi. Beləliklə, o, hər şeyi bir kənara qoyaraq özünü yalnız bir məqsədə həsr etmişdir. O, bu məsələyə bütün varlığı ilə elə yönəlmişdir ki, nə təzyiqlər, nə təcridlər, nə həbsxanalar, nə də zindanlar onu qorxudub çəkindirə, yolundan döndərə bilməmişdir. Çünki o, müasir insanın Quranın qızıl düsturları sayəsində qurtulacağına və bu qurtuluşun digər insanlar üçün də bir ümid qapısı olacağına ürəkdən inanırdı.

Bu günün pəncərəsindən baxmaqla o dövrdə ortaya qoyulan qəddarlığı və alçaqlığı açıq-aydın görmək və hadisələrin təfərrüatına vaqif olmaq mümkün deyildir. Belə ki, o dövrün əllammələri belə müəyyən məsələlərdə tərəddüd etmişlər. Məsələn, ehtiram bəslədiyiniz böyük alimlərdən bəzilərinin əsərlərinə bir baxın, təkamül və transformizmə meyil göstərdiklərini görəcəksiniz. Hətta bəziləri təkamülün bir nəzəriyyə olduğunu, bir gün sübut edildiyi təqdirdə Quran ayələri ilə izahının mümkün olduğunu söyləmişdilər.

Bəli, cəmiyyətin bünövrəsinin sarsıldığı, böhranların dalbadal baş verdiyi bir dövrdə hadisələri ümumi bir nəzərlə müşahidə edən, səbəb və nəticəni eyni anda görən Ustad, İmam Rəbbaniyə etimad bəslədiyinə görə onun tövsiyəsini diqqətə almışdır. Başqa sözlə desək, onun bu yozumu öz daxili təfəülü ilə üst-üstə düşdüyünə görə, bu iktiranı (iki şeyin üst-üstə düşməsi) dəyərləndirmiş və bu yolda yoluna davam etdmişdir.

Yeni baxış pəncərəsində yeni fikirlər

Bu gün də Həzrəti Bədiüzzamanın fikirlərinə əsaslanaraq onun işlədiyi məsələləri yeni bir üslubla təqdim etmək, bununla insanlarda yeni bir həyəcan oyatmaq mümkündür. Siz onun araşdırdığı həqiqətləri fərqli bir üslub və üsulla ortaya qoymalısınız ki, onu oxuyanlar “Biz bu məsələləri illərdir, oxuyuruq, ancaq belə fərqli yanaşma görməmişdik” desin və ruhlarında yeni bir həyəcan duysunlar. Əslində, onun dərin və məzmunlu sözlərinin hər biri bir risaləyə bərabərdir. Ancaq bunu görmək üçün ənənəvi deyil, yeni bir mütaliə üsulu tələb olunur. Bildiyiniz kimi, mərakeşli alim mərhum Fəridül-Ənsari Risaleyi-Nurun açar məfhumlarına dair “Məfatihun-Nur” adlı gözəl bir əsər qələmə almışdı. Niyə bizim ölkədə Ustad Həzrətlərinin əsərləri haqqında Fəridül-Ənsari bəy kimi araşdırma aparanlar yoxdur? Niyə o nəhəng şəxsiyyətin nadir əsərlərini fərqli aspektdən tədqiq etmirik? Düzünü desək, insan bunları düşünəndə heyfslənir.

Heyfslənməyi bir kənara qoyaq, qənaətimcə, müasir ziyalılar bu qiymətli əsərləri yeni bir aspektlə təkrar mütaliə etməlidir. Xüsusilə, dərin elmli ilahiyyat alimləri bu əsərləri İmam Maturidi, İmam Qəzali, İzz ibn Əbdüssalam, İbn Sina və Fəxrəddin Razi kimi əllamələrin əsərləri ilə müqayisəli şəkildə mütaliə edərək insanlarda onlara qarşı maraq oyada bilərlər. Hətta bu nadir əsərləri yeni mütaliə üsulu ilə təhlil edib gələcəyin elm düşüncəsini və fiqh metodologiyasını ortaya qoymağı, fiqh, hədis və təfsirə dair araşdırmalar aparmağı bacaran alimlər yetişdirmək mümkündür.