Biliyin əmələ çevrilməsi

Fəthullah Gülən: Biliyin əmələ çevrilməsi

Sual: Səhabeyi-kiram bir ayə və ya surə nazil olar-olmaz dərhal onu həyata tətbiq edirdilər. Ancaq biz bildiklərimizə, öyrəndiklərimizə onlar kimi əməl edə bilmirik. Niyə bildiklərimizi əmələ çevirə bilmirik, bunun üçün nə etməliyik?

Cavab: Biliyin əmələ çevrilməsi üçün ilk növbədə onun adi və səthi məlumat səviyyəsindən "bir məsələnin mahiyyətini (mahiyyəti-nəfsül-əmriyə) bilmək, onu şüurlu və sistemli düşüncə ilə qavramaq" kimi tərif olunan elm səviyyəsinə yüksəlməsi lazımdır. Əgər biliyimiz sırf səthi məlumatdan ibarətdirsə, qəlbə nüfuz etmədiyinə görə, bizi hərəkətə gətirməz. Beləliklə, bilgini əmələ çevirmək üçün ilk növbədə şövq və iştiyaqla həqiqi elmə, daha sonra da yəqin səviyyəsinə çaytmağa çalışmalıyıq. Çünki Cənabi-Allah “Taha” surəsində Rəsuli-Əkrəm Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) xitabən buyurur: "De ki, Rəbbim, mənim elmimi artır" (“Taha” surəsi, 20/114). O halda hər birimiz elmə yiyələnmək üçün peyğəmbəranə şövqlə "həl min məzid (yenə varmı?)" anlayışından yapışmalı, heç vaxt bildiklərimizlə kifayətlənməməli, "Görəsən, bunun o üzündə, arxasında başqa bir şey varmı?" deməli və dayanmadan dərinləşməyə çalışmalıyıq. Məsələn, bizə Qurani-Kərim oxumaq fərzdir. Ancaq biz hafiz olsaq da, Quranı başdan axıradək əzbərləsək də, onu anlamaq və dərinlyinə baş vurmaq məqsədi ilə oxumağa səy göstərməsək, Quran xəzinələri üzümüzə açılmaz, cahanı nura qərq edən o işığın mənbəyindən faydalana bilmərik. Zira, diqqətlə, fikrimizi cəmləyərək onu oxumağa çalışsaq, qəlbimizə elə mənalar axar ki, bunu da başqa yolla əldə etmək mümkün deyil.

Elmin şükrü

Birinci mərhələdən, yəni biliyin elmə çevrilməsindən sonra bir neçə məsələyə diqqət yetirmək lazımdır: Siz nəzəri planda əngin elmi dərinlik əldə edə, oradan elmül-yəqin dərəcəsinə, hətta eynül-yəqin üfqünə də çata bilərsiniz. Əgər elmi planda bu səviyyəyə gəldikdən sonra bu biliyinizi əmələ keçirməsəniz, əsma (isimlər), sifət və feilləri ilə birgə üluhiyyət həqiqətini düzgün öyrənə və Allaha sadiq bəndə ola bilməzsiniz. Üstəlik "Kim bildiyinə əməl edərsə, Allah ona bilmədiklərini də öyrədər" hədisi ilə müjdələndiyi kimi, elmlərin mirasını elmi əmələ çevirməlklə mümkündür. O halda Allah-taala sizi elmdə müəyyən bir səviyyəyə gətiribsə, siz də verilən elmə şükür mahiyyətində “üstünlük” düşüncəsinə qapılmamalı və bu üstünlüyün tələblərini yerinə yetirməyə çalışmalısınız. Məsələn, insanlar gündə nafilələr birlikdə 40 rükət namaz qılırsa, siz "Cənabi-Allah bu qədər nemət bəxş edib, niyə mən 80 rükət qılmıram?" deməli, subyektiv mükəlləfiyyətin əngin dünyasına qanad açmalısınız.

Yeri gəlmişkən, sizə bir xatirəmi danışım. Rəhmətlik anama arada bir baş çəkərdim. Bir gün mənə dedi: "Hacı Əfəndi, Böyük Cövşəni hər gün bitirirəm, başqa nə oxuyum, nəyi tövsiyə edərdin?" Bax budur "həl min məzid" üfqünün səsi və nəfəsi!. Bəli, Allahın lütfü ilə şərəflənən insan o lütf səviyyəsində Cənabi-Haqqa yönəlməlidir.

Aişə anamız Allah Rəsulunun (əleyhissalatu vəssalam) ibadətini təsvir edərkən mübarək ayaqları şişənədək namaz qıldığını söyləyir. Büseyri bunu qəsidəsində belə nəzmə çəkir: "Mən o Peyğəmbərin sünnəsinə zülm, haqsızlıq etdim. Ki, O, ayaqları şişmədən istirahət etməzdi (mən isə yatıram)." Hz. Aişə anamız bu mənzərəyə şahid olub Allah Rəsuluna: "Ya Rəsulullah! Allah keçmiş-gələcək bütün günahlarını bağışlayıb, niyə özünə bu qədər əziyyət verirsən?" deyir. İnsanlığın İftixarının cavabına bir baxın: "Rəbbimin bu qədər nemətinin əvəzində Ona şükür edən qul olmayım?" (Buxari, “Təhəccüd” 16).

Əslində burada qulluq şüuruna dair mühüm bir məsələ vurğulanmışdır: Hər bir qul Allah-taalaya ona bəxş etdiyi lütf və ehsan nisbətində şükür və minnətdarlıqla həmd-səna etməkdə mükəlləfdir. Odur ki, hər bir insan verilən elm (bilik) səviyyəsində əməl ortaya qoymalıdır.

Əməli ağıl

Kantın "Saf ağılın tənqidi" əsərində keçən fikirləri yadımıza salaq. Kant bu əsərində yazır ki, Allahı bilmək, yəni mərifətullaha çatmaq nəzəri ağılla deyil, ancaq əməllə mümkündür. İnsan buna nail osla, yəni elmi əmələ çevirə bilsə, qəlbində dərin ilahi mərifət, dolayısilə, əngin ilahi məhəbbət meydana gələcək. Beləcə Zati-Üluhiyyəti hər dəfə xatırlayanda ürəyi titrəyəcək, sonra da dərin bir eşqü-şövqlə "Liqa (vüslət) Allahım, liqa (vüslət)" deyib bu dünya zülmətindən qurtuluş anını, Allaha qovuşmağı can-dildən arzulamağa başlayacaq.

Hz. Pirə görə ibadətin məqsədi imanı-billahdır, sonra yüksələn xətlə mərifətullah, məhəbbətullah və Cənabi-Allahın lütfü sayılan zövqü-ruhanidir. Belə bir zövqi-ruhaninin hasilindən sonra bütün gözəlliklərin kölgəsinin kölgəsinin kölgəsi ... olan Zati-Üluhiyyəti görmə arzusu bir şəlalə tək içimizdə coşub daşacaqdır. Əgər ruhumuzda belə bir eşqü-iştiyaq hiss etmiriksə, demək ki, bu mərhələni hələ başa vurmamış, hələ də dəhlizdə var-gəl edirik. Bu sözlərlə kimsəyi ümidsizliyə, bədbinliyə salmaq istəmirəm, amma getdiyimiz yolun haqqını da bilmək lazımdır. Odur ki, təkrar edirəm, nəzəri cəhətdən nə qədər dərin olursunuz-olun, əgər əmələ sıçramırsınızsa, bir qarış da irəli gedə bilməzsiniz. Əməliyə çatandan sonra daha da dərinləşərək mərifətə sıçramasanız, yenə məsafə qət edə bilməz, zahirdən (şəkil və surətdən) o üzə (batinə) keçə bilməzsiniz. Belə ki, əyilib qalxmaqla, bir mənada, ibadətləri yola verər, ancaq mərifətullaha çata, məhəbbətullahı duya, zövqü-ruhanini dada bilməzsiniz.

Qurani-Kərim öyrəndiyi biliyini tətbiq etməyən kəsləri "çiynində yük daşıyan ulağa" (“Cumua” surəsi, 62/5) bənzədir. İnsan bu hala düşmək istəmirsə, diqqətli və qeyrətli olmalıdır. Bəli, insan biliyini praktikaya keçirib şəxsi və ictimai həyatda ondan istifadə etmirsə, həmin bilik çiynində ağır yükə çevrilir. Bu məlumat yığını həm də faydasız elm sayılır. Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) nəzəri qınından çıxmayan elmdən Allaha sığınaraq "Allahım! Fayda verməyən elmdən Sənə sığınıram" deyə dua etməsi bizə yol göstərir, yəni biliyimizin əmələ çevrilməsi üçün duanın gücündən də istifadə edə bilərik.

Birgə mütaliələrlə açılan üfüqlər

Bu mövzuda fərdi mütaliə, təfəkkür, tədqiqat, əşya və hadisələri araşdırma, insan, kainat və Allah əlaqəsini təkrar-təkrar gözdən keçirmə gözəl və faydalı fəaliyyətlər olsa da, mülahizə və düşüncəsi sırf bu istiqamətdə olan ali bir heyətin hazırladığı əlverişli bir mühitdə və uyğun bir şəraitdə olmaq insana daha üstün məziyyətlər qazandırır. Belə bir mühitə girən insan heyətdəki digər şəxslərlə baş-başa verəcək və yeni üfüqlərə qanad çalacaq. Çünki Cənabi-Allah “Fəth” surəsində buyurur: "Allahın (inayət, qüdrət, hifz, nəzarət, yardım və müvəffəqiyət) əli onların əllərinin üstündədir." (“Fəth” surəsi, 48/10). Allah Rəsulu da: "Allahın yardımı və hifzi camaatla birlikdədir" (Tirmizi, “Fitən” 7) buyuraraq camaatın içində olmağın fəzilətinə diqqət çəkmişdir. Bir başqa hədisində də tək qalmanın təhlükəsinə: sözləri ilə işarə etmiş, kollektiv şüurun əleyhinə hərəkət edən, halqadan ayrılan, heyətlə müştərək addım atmayan, onun addımları ilə ayaqlaşmayan insanın qurda yem olacağını buyurmuşdur. Buna görə, heç vaxt heyətdən ayrılmamalı, bir-birimizə dəstək olmalı və fərdi hərəkət etməkdən çəkinməliyik.

Ancaq məclislərimizi hər cür nəfsani oyun və əyləncələrdən qorumalı və saniyəsini belə hədər etmədən elm və mərifətdə dərinləşməkdə ondan faydalanmalıyıq. Təəssüf ki, bu məsələdə lazımınca həssas deyilik. Bəli, çox təəssüf ki, din, iman, xidmət üçün toplandığımız məclislərdə belə dünyəvi və üxrəvi həyatımıza heç bir faydası olmayan lüzumsuz məsələlərdən danışır, insanı qəflətə salan şən, şaqraq, laubalı hərəkətlərə yol veririk. Məncə, inanclı insan bu kimi şeylərə meyil etməməli, ömrünü təkyə və zaviyə intizamı içində keçirməyə çalışmalıdır. Səhih bir hədisi-şərifin bildirdiyinə görə, İnsanlığın İftixarı Peyğəmbərimiz həyatı boyu üç dəfə qəhqəhə ilə gülmüşdür (Buxari, Təfsiru surə (39) 2; Müslim, İman 308-310). Bildiyiniz kimi, Onun mübarək çöhrəsindən təbəssümü əskik etməsə də, ciddiliyini də həmişə qoruyurdu. Bəli, hər an Cənabi-Allahın hüzurunda olma düşüncəsi Onun bütün varlığına sirayət etmişdi: halı, rəftarı, hətta dərin baxışları Allahı xatırladırdı.

Xülasə, elm yolunda lazımi keyfiyyətə yiyələnmək və sonra onu həyatımıza əks etdirmək üçün məclislərimizdən, oturub-qalxdığımız və toplandığımız yerlərdən qəlb və ruh həyatımızın əhyası naminə səmərəli istifadə etməyə çalışmalıyıq. Bəli, heç bir yerə çırpılmadan, sağa-sola dəymədən, səhv yollara, dar küçələrə girmədən irəliləmək istəyiriksə, bütün duyğu, düşüncə, hiss, dialoq və müzakirələrimiz mükəmməl (düzgün) olmalı, mənən və ruhən dərinləşməyə və zənginləşməyə xidmət etməlidir.