Dini həyatı canlı saxlayan iki əsas

Fəthullah Gülən: Dini həyatı canlı saxlayan iki əsas

Sual: Dini həyata dayaq verən və onu canlı saxlayan “müəyyidat”ın iki vacib əsası var. Bunlardan birincisi “əmri-bil-məruf, nəhyi-anil-münkər”, ikincisi “rəqaiq”dir. Bu iki əsası, xüsusilə müasir dövrə görə izah edə bilərsiniz?

Cavab: Əmri-bil-məruf, nəhyi-anil-münkər dinin əmrlərini təbliğ etmək, qadağalarından da çəkindirmək deməkdir. Maturidi əqidəsinə və Hənəfi fiqh alimlərinin fikrincə isə “əmri-bil-məruf, nəhyi-anil-münkər” insanlara ağılın gözəl gördüyü şeyləri təbliğ etmək, ağılın çirkin gördüyü şeylərdən də çəkindirmək deməkdir. Başqa sözlə desək, əmri-bil-məruf, nəhyi-anil-münkər yaxşı və gözəl olan hər şeyi insanlar arasında yaymaq, onları pis və çirkin olanlardan çəkindirmək və qorumaq deməkdir.

Ən böyük fərz

Peyğəmbərimizin dövründən başlayaraq müsəlmanlar bu vəzifəni (yəni "əmri-bil-məruf, nəhyi-anil-münkər"i) cəmiyyətin bütün sahələrində sistemli şəkildə yerinə yetirmək üçün müxtəlif yollara baş vurmuş, xütbələr oxumuş, vəzü-nəsihətlər etmiş, elm məclisləri qurmuşlar və bu sözügedən təbliğ üsullarını adət-ənənələrin süzgəcindən keçirərək, tədricən fərqli naxışlar əlavə edərək bəzədərək bugünədək yaşatmışlar. Bu fəaliyyətlər təkyə və zaviyələrdə daha səmərəli olmuşdur. Çünki təkyə və zaviyələrdə ömrünü haqq yola həsr edən insanlar xalqa qəlblərinin səsi ilə səslənmiş, məntiqi üstələyən vicdanları ilə qəlblərə yol tapmağa çalışmış, lətifeyi-rəbbaniyənin, sirrin, xəfi və əxfanın dili ilə ruhlara nüfuz etmiş və Cənabi-Allahın əsması, sifətləri və Zatı ilə əlaqədar məsələlərdə həmsöhbətlərini feyziyab edərək onları daim mənən gümrah saxlamışlar.

"Əmri-bil-məruf, nəhyi-anil-münkər" fəzifəsi dini həyatı canlı saxlayan ən vacib müəyyidədir. Bu vəzifəyə nə vaxt biganə yanaşılıbsa, məhz o zaman dini həyat da sönməyə başlamış və millət dini dəyərlərəinə yadlaşmışdır. Bəzi dövrlərdə məscidlərin qapısına qıfıl vurulmuş, bəzi vaxtlarda məbədlər əsas funksiyasını itirmiş, xütbə və moizələrdə aktual məsələlərdən bəhs edilərək kürsü və minbərin etibarına xələl gətirilmişdir. Nəticə etibarilə, bu mühüm müəyyidə bir kənara qoyulmuş, “sən bir az gözlə” deyilmişdir. Dini duyğu və düşüncənin zəiflədiyi vaxtlarla müqayisədə müasir dövr "əmri-bil-məruf, nəhyi-anil-münkər" vəzifəsinin yerinə yetirilməsi baxımından daha yaxşı vəziyyətdə olsa da, Əsri Səadət və Osmanlın ilk dövrləri ilə müqayisədə hələ də iməkləmə dövrünü keçiririk. Bədiüzzaman həzrətləri müasir dövrdə əmri-bil-məruf, nəhyi-anil-münkər vəzifəsinin “fərz dər fərz”, yəni ən böyük fərz, fərzdən vacib fərz olduğunu buyurur (Bədiüzzaman, Ləmalar s. 53 (Onuncu ləma, birinci toqat)). Ona görə də hal-hazırda bu ən böyük fərzin məsuliyyəti hamımızın çiynindədir. Və bu fərz yenidən dirçəliş yolunda əvəzolunmaz əsasdır, düsturdur.

Rəqaiq – qəlb incəliyi

Rəqaiq isə qəlbləri yumşaldan, ruhu oyadan, axirəti, hesabı, mizanı yada salan, eyni zamanda rica (ümid) hislərini coşduran məsələlərdən danışmaqdır. Bu baxımdan rəqaiq inanclı insanlara xas xüsusi irşad yolu sayılır. Rəqaiqdə iman və İslama dair məsələlər, xüsusilə insanın aqibəti ilə bağlı mövzular, məsələn, insanın ölüm mələyi ilə qarşılaşması, dəfn edilməsi, qəbir əzabı, bərzəx həyatı, məhşər, hesab, mizan, sirat kimi mövzular əksini tapır.

Böyük Hənəfi fiqh alimi Əbül Leys əs-Səmərqəndi həzrətlərinin “Tənbihül-qafilin” adlı kitabı sanballı rəqaiq əsərlərindən biri qəbul edilir. Kitabda ixlas, Cənnət, Cəhənnəm, mizan (tərəzi) kimi mövzular əks olunub. Əsərin son bölümündə şeytanın Allah Rəsulu ilə (sallallahu aleyhi vəsəlləm) qarşılaşması təsvir edilib. Alim əsərində bu mövzuları işləyərkən, ola bilsin ki, ravi silsilələrinə Buxari, Müslim, Nəsayi qədər həsssaslıq göstərməmişdir. Eyni xüsusa İmam Qəzalinin “Əhyai-ülumud-din” əsərində də rast gəlirik. Çünki onlar tərğib (təşviq) və tərhib (qorxutma) mövzularını işləyərkən zəif hədisləri də kitablarına salmaqda qəbahət görməmişlər.

Bu sahədə əsər qələmə alan İmam Qurtubi həzrətləri məsələyə daha ehtiyatlı, daha təmkinli və daha diqqətli yanaşmışdır. Maliki məzhəbinin məşhur fiqh alimi Qurtubi təfsir sahəsində də ad çıxarmışdır. Onun heyrətamiz cəhətlərindən biri də Əndəlüsdə ömür sürməsinə baxmayaraq, Şərqdə yazılan bütün əsərlərə vaqif olmasıdır. Əndəlüslü Əbu Hayyanda da eyni xüsusiyyətə rast gəlirik. Onlar İslam dünyasının ucqar qərbində yaşasalar da, Orta Asiya, Şam, Misir, Mədinə və Bağdadda yazılan əsərləri əldə edib oxuyurdular. Onların din və imanı qorumaq üçün göstərdikləri misilsiz səyləri heyranlıqla təqdir etməmək mümkün deyil.

Bu vaxtadək bir çox alim dini həyatı canlandırmaq üçün rəqaiqə böyük əhəmiyyət vermiş, bu mövzuda əsərlər qələmə almışlar. Ancaq bu əsərlərin qəlblərə yol tapması və ruhlara təsir etməsi üçün əvvəla insanda sağlam iman olmalıdır. Çünki insan nə qədər imanda kamilləşər və yəqin məqamlarında yüksələrsə, sözügedən əsərlərdə yazılanları da bir o qədər qəbul edər, günahlardan uzaq durar və ibadətə qarşı şövq duyar. Şübhəsiz, dini məsələlərə bu səviyyədə həssas yanaşan insanların sözügedən müəyyidələrə münasibəti də fərqli olacaq. Əks halda, deyilən sözlərin qəlbləri hərəkətə gətirməsi müşkül məsələdir.

Aqibətindən qorxan həqiqi mömin

Məsələ ilə bağlı başıma gələn bir hadisəni danışmaq istəyirəm. İlk dəfə kəndimizdə vəz verəndə on beş-on altı yaşım olardı. İndi keçmişə baxanda məəttəl qalıram, O kəndlilər necə ədəb-ərkanlı, necə təvazökar insanlar imiş! Atam, babam yaşda adamlar balaca bir uşağın moizəsinə qulaq asırdılar. Günorta moizəsində “Tənbihül-qafilin”dən, ikindi moizəsində “Dürrətül-vaizi”ndən dərs keçirdim. Bəzən Beyzavinin təfsiri kimi əsərlərdən də istifadə edərək Quran ayələrini təfsir edir, arabir mənqibələr və qissələr də danışırdım. Axşamlar da İbrahim Hələbi həzrətlərinin “Ğunyətül-mütəməlli fi şərhi münhətil-müsalli” əsərindən fiqhi məsələlərdən danışırdım.

“Tənbihül-qafilin”dən ixlas mövzusunu izah eləməyə başlamışdım. Yəqin, camaat nəfslərini sorğu-suala çəkməkdən o qədər sıxılmış, o qədər üzülmüşdü ki, bəziləri “Əşşi, bunu kim bacarar!” deyirdilər. Onlar əllinci illərin Osmanlı nəsli idi. O dövrdə dini həyata ağır zərbələr vurulsa da, onların məsələlərə bu cür yanaşmaları adamı heyrətə gətirir! "İxlas"dan sonra Cəhənnəm mövzusuna keçmişdim. Bir-iki gündən sonra bəziləri hönkürtü ilə ağlamağa başladılar. Bir gün məsciddən çıxanda bir iki nəfər, – adları hələ də yadımdadır, – mənə yaxınlaşdı, “Əfəndim, Allah xatirinə, Allahın Cənnəti yoxmu? Daha bizdə taqət qalmadı!” dedilər. Üstündən əlli il keçsə də, bu hadisə heç yadımdan çıxmır, hələ də o insanların simaları gözümün qabağından getmir. Sonrakı illərdə böyük məscidlərdə moizə oxuyanda o qələbəliklər içində məsələlərə bu səviyyədə əngin vicdanla baxan insanlara çox az rast gəldim.

Demək, idrak və yanaşma çox vacibdir. Əgər bir məsələni bu şəkildə dərk etmirsinizsə, demək, hələ də qıraq-bucaqda gəzirsiniz, mərkəzə ayaq basmamısınız. Rəqaiqə dair mövzuların qəlbə təsir etməsi üçün insan gərək deyilən sözləri özünə götürsün, deiyilənlərin ona ünvanlandığını düşünsün. Məsələn, Cənnətdən söz düşəndə ondan ümid üzməmək, Cəhənnəmdən söz açılanda ilahi əzabdan qorxmaq, söz "ixlas"a gələndə əməlləri gözdən keçirmək, riyanın qarışıb-qarışmadığına baxıb tir-tir əsmək çox vacibdir. Əgər sözügedən məsələlər hekayə kimi nəql olunursa, dinləyicilər də onlara mənqibə kimi qulaq asırsa, nə rəqaiqə baş vurmağın, nə də bu mövzularla məşğul olmağın bir faydası var.

Həzrət Əbu Bəkir (radiyallahu anh) həqiqi möminin timsalıdır. O, həmişə aqibətindən qorxurdu. Çünki aqibətindən qorxmayanın aqibətindən qorxarlar. Həzrət Ömər (radiyallahu anh) də daim aqibətindən əndişə etmişdir. Kufədə Nəxai məktəbinin imamlarından Əsvəd ibn Yezid ən-Nəxai ölüm ayağıda çox qorxmuş, üzü avazımışdı. Bunu görən Əlqamə ibn Qeys: “Yoxsa günahlarından, qorxursan?” – deyə soruşmuşdu. O, istehza ilə gülümsəyərək: “Nə günahlar! Mən kafir kimi ölməkdən qorxuram” – deyə cavab vermişdi (Bax: Əbu Nuaym, “Hilyətül-övliya” II/103-104; əz-Zəhəbi, “Siyərü aləmin-nübəla” VI/52). Budur, aqibətindən qorxan həqiqi mömin!

Ləzzəti acı edən ölüm

Rabiteyi-mövt də rəqaiqlə bağlı mühüm məsələlərdən biridir. Rabiteyi-mövt ölümü və axirəti düşünmək, qəbir qorxusunu və tənhalığını yada salmaq, axirətdə insanı gözləyən təhlükələri xatırlamaq və ölümü heç vaxt unutmadan yaşamaqdır. Başqa sözlə desək, rabiteyi-mövt “Hələ cavanam. İyirmi, yaşım var, səksənə hələ çox var. Səksən yaşınadək yaşayanlar az deyil” kimi düşünmək deyil, əksinə ölümü vaxtlı-vaxtsız qapını döyən bir qonaq kimi görmək və buna hazırlaşmaqdırr. Bir ərəb şairi deyir ki “Ölüm gələndə birdən gəlir, qəbirsə sənin əməl sandığın” (İbn Hacər, “əl-Münəbbihat” s. 4). Bu sandıq insanın dünyada qazandığı, öləndə də özü ilə birlikdə apardığı cehizdir.

Axirətə hazırlanmaqda bu cür hiss və duyğuları keçirmək çox vacibdir. Çünki insan dünyada doğru yolu tutmayıbsa, axirət yolundan arxayın olmamalıdır. Belə insan dünyadakı kimi axirətdə də təhlükəli yolla səfərinə davam etməli olacaq. O baxımdan rabiteyi-mövt insana daim ölümü, ölümdən sonrakı həyatı xatırladan vacib xüsusdur.

“On ikinci nota”da əks olan mülahizələrə baxanda Həzrət Bədiüzzamanın Risaleyi-Nuru yazmadan əvvəl bu məsələdə nə qədər həssas olduğunu görürük. O, nəfsinə olmazın sözlər deyir (Bax: Bədiüzzaman, Ləmalar, s.160-162 (On yeddinci ləma)). Əslində Əbül-Həsən əş-Şazəli, Əbdülqadir Geylani və Həsən əl-Bəsri həzrətlərinin minacatlarına baxanda onların da eyni hiss və duyğularla yaşadığını görürük.

Bildiyiniz kimi Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) müəyyən bir dövrdə, çox güman ki, qəbiristanlıqla bağlı yanlış adətlər olduğuna görə, möminlərə qəbirlərə baş çəkməyi qadağan etmişdi. Ancaq bir müddətdən sonra bu düşüncə aradan qalxmış, O da “Mən sizə qəbirləri ziyarət emtəyi qadağan etmişdim. Bundan sonra qəbirlərə baş çəkin, (çünki) qəbirlər axirəti xatırladır” buyurmuşdu (Tirmizi, “Cənaiz” 60; Əbu Davud, “Cənaiz” 75).

Xülasə, istər “əmri-bil-məruf, nəhyi-anil-münkər” vəzifəsini yerinə yetirmək, istərsə “rəqaiq”ə dair məsələlərdən danışmaq olsun, fərqi yoxdur, hər ikisi bədənimizdəki arteriya və venalar kimidir. Bədənin yaşaması bu damalardan asılı olduğu kimi, dini həyatın canlı qalması da bu iki müəyyidənin yerinə yetirilməsindən asılıdır. Çünki insan bu sayədə öz aqibətini düşünər, qəlbi daim ayıq-sayıq olar, hər addımı təmkinlə atar və hər anı nəfsini sorğu-suala çəkərək keçirər.