Dörd Nəsihət

Sual: Bir söhbətinizdə Rəsuli-Əkrəm Əfəndimizin (s.ə.s.) Həzrəti əbu Zərrə (r.a.) dörd maddəli bir nəsihət verdiyini izah etmişdiniz. Öz adımıza bu nəbəvi  bəyandan nə götürməliyik?

Cavab: İbni Hacər əl-Askalani həzrətləri İnsanlığın İftixarının (s.ə.s.), Əshabı-kiramın və Tabiunun böyüklərinin iki ya da daha çox maddədən ibarət bəzi sözlərini toplamış və bir neçə cümləlik nəsihətləri ehtiva edən bu əsərinə "Münəbbihat" adını vermişdir. “Münəbbihat”da sünaiyyat, sülasiyyat, rübaiyyat... deyilən iki maddəli, üç maddəli, dörd maddəli...həqiqət dərsləri vardır.

Sevgililər Diyarına Hazırlıq

Saleh əməllərə arzu oyandıran, iradəni daha da gücləndirən və iştiyakı artıran, pis işlərə qarşı da nəfsi, həvanı cilovlayan və həvəsi dayandıran bu söz incilərindən birində Rəsuli-Əkrəm Əfəndimiz (s.ə.s.) Əbu Zərr (r.a.) həzrətlərinin şəxsində bütün ümmətinə belə buyurmuşdur:

جَدِّدِ السَّفِينَةَ فَإِنَّ الْبَحْرَ عَمِيقٌ
وَخُذِ الزَّادَ كاَمِلاً فَإِنَّ السَّفَرَ بَعِيدٌ
وَخَفِّفِ الْحِمْلَ فَإِنَّ اْلعَقَبَةَ كَئُودٌ
وَأَخْلِصِ الْعَمَلَ فَإِنَّ النَّاقِدَ بَصِيرٌ

"Gəmini bir daha gözdən keçirərək yenilə, çünki dəniz çox dərindir. Azuqəni kifayət qədər götür, şübhəsiz, səfər çox uzundur. Çiynindəki yükünü yüngülləşdir, çünki çıxacağın yoxuş çox dikdir. Əməlində ixlaslı ol, çünki hər şeyi görən və qiymətləndirən Rəbbin bütün etdiklərindən xəbərdardır."

Əslində, hələ dünyaya ilk addımını atdığı andan, insan üçün geriyə, ölümə doğru vaxtın axını başlamışdır. Hətta embrioloji müddətin başlanğıcı, bir mənada onun üçün sonun da başlanğıcıdır. Körpəlik, gənclik, yetkinlik və qocalıq dövrləri bu mərhələdə yalnız bir xanədən, bir evdən ibarətdir. İnsan nəsibinə görə ya bu evlərin hamısına bir qonaq kimi müvəqqəti baş çəkər,və ya bəzi mənzillərə heç çata bilmədən ömrünü tamamlayar; hər hansı bir məchul nöqtədə ölüm adlı çıxış biletini alıb, yol gedən qatardan atılan adam kimi dünyaya əlvida deyib qəbir koridorundan keçərək axirət yoluna çatar.

Kimiləri üçün ölüm bir yox olma, bir çöküntü, bir həll olub dağılma, bir heçlik və bir tükənmədir; möminlər üçün isə, yaradılarkən müəyyən bir plan, proqram, hikmət və məsləhətə görə yaradılan insanın yenə bir plan və proqrama əsasən bir ölçüdən başqa bir ölçüyə köçürülməsi, bir hal dəyişikliyi, əməllərinin dəyərinə görə fərqli bir mərhələyə girməsi və nəticədə əsl vətəninə dönərək, Uca Yaradanla "bi kem u keyf" görüşməyə və ridvan içməyə getməsi deməkdir. Xalis bir qulun nəzərində ölüm, "Sevgililər diyarı"na və "Əbədi səadət yurdu"na giriş qapısıdır. Onun nəzərində ən böyük məsələ bu dünyada həmişə saf və pak bir ömür sürərək axirətə köçməyə hər zaman hazır olmaqdır; həşrə(öldükdən sonra dirilməyə) qəlbən inanaraq və axirət aləminə müştaq halda yaşayaraq əbədi səadəti üçün əzm və səy göstərməkdir. Rəhbəri-Əkməl Əfəndimizin (s.ə.s.) Həzrəti əbu Zərrə (r.a.) nəsihətində də insanın bu uzun səfərinə, səfər hazırlığına və yol ədəbinə diqqət çəkilir.Ümmana Görə Gəmi "Cəddidis-səfinətə fəinnəl-bahra amikun". Gəmini bərpa et, sağını solunu gözdən keçir; ehtiyac olan yerlərini təmir et və baxım-görümünü tamamla. Çünki ruhlar aləmindən Cənnətə uzanan ucsuz-bucaqsız ümmanda nəhəng  dalğalarla qarşılaşmağın qaçılmazdır. Gəmin möhkəm olmalıdır ki, uzun səfərə, çılğın dalğalara və qorxunc fırtınalara tab gətirə bilsin. Kiçik bir göldə istifadə edilən qayıqla okean aşılmaz, açıq dənizdə uzun yol gedilməz. Gəmini elə təmir elə, o qədər inkişaf etdir və elə qayğısına qal ki, bir transatlantik kimi ən çətin maneələri aşa biləsən!..

Gəmini yeniləməkdə məqsəd daim Kəlmeyi-Tövhidlə (Lə iləhə illəllah) məşğul olmaq və təhqiqi imana çatmağa çalışmaqdır. Əfəndimiz (s.ə.s.): "Cəddidu imanəküm bi la ilahə illəllah-İmanınızı “La ilahə illəllah”la yeniləyin" buyurur. Allah Rəsulunun (s.ə.s.) bu nəsihəti yalnız dillə Kəlmeyi-Tövhidi söyləmək kimi başa düşülməməlidir. Bu mübarək bəyan dillə tələffüz edilərkən, eyni zamanda vicdanda da duyulmaldır ki, iman təzələnmiş olsun. Beləliklə də, "Lə ilahə illəllah deyin" sözü "Bu sözləri vicdanınızda, qəlbinizdə duyun, din və imanınız üçün daim dərinləşməyə çalışın; davamlı özünüzü yeniləyin və yaradılışın hikmət və məqsədinə çatmaq  uğrunda dayanmadan yol qət edin!.." deməkdir.

İmanı yeniləmə məsələsi mütəmadilik tələb edən məsələdir. Bu yenilənmə möminin təbiətinin bir yönü, fitrətinin bir parçası halına gəlməlidir ki, o, davamlı şəkildə imanını dərinləşdirsin və nəhayət, təhqiqi(Haqqın,həqiqətin araşdırılmasına səy) imana çatsın. Bəli, imanı yeniləmə və beləcə ruhən yenilənmə, dillə "La ilahə illəllah Muhammədun Rəsulullah" deməklə başlayıb, onun mərifət halına gətirilməsi ilə davam edər; sonra da mərifətin məhəbbəti, məhəbbətin eşq və şövqü və eşq-şövqün də cəzb və cazibəsi nəticəsində ən yüksək səviyyəyə gəlib çatar.

“Məktubat”da da vurğulandığı kimi, nəfs, həva, qorxu və şeytan az-çox hər insana hökm edir; qəflətdən istifadə edərək, bir çox hiylə, şübhə və vəsvəsə ilə iman nurunu söndürür. Onun üçün, hər gün, hər saat, hətta hər an imanı cilalamağa ehtiyac vardır. Hər fürsətdə cilalanan, daim parlaq saxlanılan və təhqiq üfüqünə çatan bir iman gəmisi ilə, nəinki okeanlar, Cəhənnəm quyuları belə rahatlıqla aşılacaq.

Axirət Azuqəsi

"Və huziz-zadə kamilən fəinnəs-səfərə baidun". Azuqəni kifayət qədər al, yol boyu ehtiyacın olacaq hər şeyi tədarük et. Sahildən ayrıldıqdan sonra artıq ərzaq tapmaqda olduqca çətinlik çəkərsən, hətta heç tapa bilməzsən. Elə isə hələ vaxt varkən uzun səfərdə möhtac olacağın ləvazimatı yaxşı düşün, gözəlcə hesabla və hazırla!

Hədisi-şərifdəki "zad" sözü yemək, içmək ,geyim, minik və sair ehtiyaclar deməkdir; dilimizdəki "azuqə" sözünün qarşılığıdır. İnsan üçün iki səfər qaçınılmazdır; birincisi, dünyaya səfərdir; ikincisi də, dünyadan səfərdir. Dünya səfəri üçün yemək, içmək, geyim və yeri gələndə mal lazım olduğu kimi, dünyadan səfər üçün də azuqə lazımdır. Birincisindən daha xeyirli olan bu azuqə təqvadır.

Bəli, Haqq yolçusu üçün hər səviyyədə təqva bir zadi-axirətdir(axirət azuqəsidir). "Uzun və məşəqqətli səfərlərdə mütləq azuqə əldə edin və bilin ki, azuqənin ən xeyirlisi haramlardan qorunma, mərufları (dinin gözəl buyurduqlarını) yerinə yetirmə mənasına gələn təqvadır" (Bəqərə, 2/197) ayəsinə görə, Allahın rizasını əldə etməyə niyyət edən hər iradəli qəhrəman təqvaya sığınmalıdır. İnsana təqva azuqəsi qazandıran vəsilə isə, saleh əməllərdir. Başqa sözlə, başda namaz olmaqla, Allaha ibadət və qullara şəfqət istiqamətində görülən xeyir işlərin hər biri mömin üçün axirət azuqəsidir.

İnsan bir kənddən digərinə, bir şəhərdən başqa birinə, bir ölkədən başqa bir ölkəyə gedərkən nə qədər götür-qoy edir, hazırlıq görür və yola çıxmadan əvvəl tədbirini tökür. Ey adəm övladı,bir kənddən digərinə, bir ölkədən başqa birinə, bir planetdən digər bir planetə, hətta bir sistemdən başqa bir sistemə deyil, maddədən, fiziki aləmdən, elektron və neytronlar aləmindən heç bilmədiyin bir diyara köçürsən. Yolun nə qədər çəkəcəyini belə bilmədiyin səfərlə qarşı qarşıyasan. Bu səfərdə ehtiyac duyacağın əşyanı da öz ağlına görə təyin edə bilməzsən! Dünya səfərinə nə lazım olduğunu düşünüb tədarük edə bilərsən, lakin dünyadan səfər mövzusunda isə axirət azuqəsinin nə olduğunu ancaq səni o yola sövq edən və sənə səyahət gücü verən Qüdrəti-Sonsuzun bəyanlarından öyrənə bilərsən.

Vəhyin rəhbərliyinə müraciət etmədən təhəccüdlə qəbir bərzəxi arasındakı əlaqəni bilə bilməzsən.. Allaha xalis qulluqla mizandakı tərəzi arasındakı əlaqəni sezə bilməzsən.. burada sirati-müstəqimdə yaşamaqla axirətdə Sirat körpüsünü keçmək arasındakı əlaqə və uyğunluğu təqdir edə bilməzsən.. imanla Cənnətə girmə və küfrlə Cəhənnəmə düşmə arasındakı möhkəm bağı görə bilməzsən. Belə ki, səni yaradan, istiqaməti təyin edən və gedəcəyin yolu hazırlayan Rəbbin sənə yolu bildirdiyi kimi, səfərdə ehtiyac duyacağın azuqəni də xəbər vermişdir. İlahi bəyana görə yaşadığın, axirətə hazırlandığın və qəbir qapısına tədarüklü addım atdığın təqdirdə axirətin yol xəritəsi əlindədir və əbədi səadətə açılan yolda səyahətin olduqca asanlaşacaq. Unutmamalısan ki, Cənnət azuqəsi itaət(təqva), Cəhənnəminki isə günahlardır; heybəndə hansı varsa, sənə onun qapısı açılacaq.

Dünyada Aşılan  Ukba (Axirət)Təpələri

"Və haffifil-himlə fəinnəl-aqabətə kəudun" Azuqəni kifayət qədər götür, amma yol boyunca sənə lazım olmayacaq yükləri boş yerə yanında daşıma. Cəhənnəm yanacağı olan dünyəvi  nə varsa, insanın kürəyində ağır yükdür. Küfr, fisq, üsyan yükdür, hər bir günah və xəta yükdür. Beləliklə, yükün yüngülləşdirilməsində  əsas məqsəd günahlardan təmizlənməkdir.

Önündəki çətin maneələri, aşılmaz keçidləri və dik yoxuşları düşün; belini bükən yüklə qət edə bilməzsən o uzun məsafəni. Əlli, yüz, yüz əlli kq-lıq ağırlığı bəlkə də, bir neçə addım apara bilərsən, lakin onunla kilometrlərlə yol gedə bilməzsən, o yüklə hədəfə varmağa gücün çatmaz. Elə isə, axirətə addımını atarkən dünyəvi yüklərdən xilas olmalı, axirətdə işə yaramayacaq heç bir şeyin əziyyətini çəkməməli və yükü yüngülləşdirərək gedişi asanlaşdırmalısan.

Əvvəlcə, dünya həyatında insanın qarşısına çıxan hər müsibət bir dik yoxuşdur. Şeytanın tələləri və nəfsin arzuları aşılmalı təpələrdir. Günahlara qarşı səbirdən saleh əməl arxasınca getməyə qədər hər xeyirli əməlin qarşısında da çətin keçidlər var. Nəfsi-əmmarə (pisliyi əmr edən nəfs) iradənin qolunu-qanadını qırmaq üçün hər vaxt insanın qafil və zəif anını gözləyir. Xüsusilə, insanlığın kin, nifrət və qeyzlə oturub-durduğu, dünyanın müharibələrlə çulğalandıği və qan gölünə çevrildiyi axır zəmanədə sevginin təmsilçisi olmaq və hər kəsə şəfqətlə yanaşmaq  çox çətin bir əməl halına gəlmişdir. Necə ki, Cənabi-Haqq insanların önlərindəki dik yoxuşları, böyük qəhrəmanlıq tələb edən çətin işləri sayarkən, bu xüsusu da vurğulayır. "Dik yoxuş bilirsənmi nədir?" -dedikdən sonar; "Dik yoxuş bir köləni, bir əsiri azadlığa qovuşdurmaqdır, qıtlıqda yemək yedirməkdir, bir yetimi, ya da yeri-yatağı (göyü yorğan edən, sığınacaq heç bir yeri olmayan) olmayan kasıbı doyurmaqdır. Bir də dik yoxuş, könüldən iman edib, bir-birinə səbir və şəfqət dərsi vermək, səbir və şəfqət nümunəsi olmaqdır." (Bələd, 90/12-18) buyurmuşdur.

Ölüm də, axirət aləminə uzanan dəhşətli bir keçiddir. Əslində, axirət keçidlərinin hamısı çox dəhşətvericidir; qəbir, sual, məhşər, mizan və Sirat kimi axirət dayanacaqlarının hər biri insanı dəhşətə gətirəcək mahiyyətdədir. Lakin əməllərin keyfiyyəti bu dayanacaqları müəyyən ölçüdə munisləşdirməyə, ya da daha ürpərdici hala gətirməyə səbəb və vəsilə ola bilir. Mömin kimi ölən bir insanın məhşəri ilə imandan nəsibsiz bir talesizin(günahkarın) həşri bir-birindən çox fərqli cərəyan edəcək.

Təbii ki, beynini masiva ilə, şüuraltı dünyasını mal-mülk düşüncələri ilə doldurmuş və tamamilə dünyəvi mülahizələr içində boğulmuş bir insanın ölümdən sonrakı halı da bu istiqamətdə şəkillənəcək. Belə bir zavallı: "Mən Rabbukə? (Rəbbin kimdir?)" sualı ilə qarşılaşınca, qətiyyən doğru cavab verə bilməyəcək, çünki şüuraltı müqtəsəbatında bu suala dair bir məlumat tapa bilməyəcək. Duyğu və düşüncə xırmanında, əlini atdığı hər yerdə nəfs, mal-mülk, şan və şöhrət qırıntılarına rast gələcək, amma İlahi mərifət (Allahı tanıma) hesabına heç bir səmərəyə rast gələ bilməyəcək. Bəli, qəbirdə "Mən Rabbukə və mən Nəbiyyukə və ma dinukə?" sualları ilə başlayan axirət mənzillərinin hər biri bir təpədir (maneədir) və bunların aşılması hələ dünyada ikən azuqə toplamaq və faydasız yüklərdən xilas olmaqdan asılıdır.

Yeri düşmüşkən, bir mənqibə anlatmaq istəyirəm. Deyirlər ki: “Rəhbəri-Əkməl Əfəndimiz (s.ə.s.) bir gün məsciddə qəbir əzabına, Münkər və Nəkirin ilk sorğu-sualdakı heybətli hallarına və bərzəx həyatına dair söhbət edərkən, Həzrəti Ömər (r.a.): "Ya Rəsulallah, sual-cavabda indiki ağlımız bizə verilərmi?" -deyə soruşur. Əfəndimiz (s.ə.s.): "İndiki ağlınızla necəsinizsə, qəbirdə də elə olacaqsınız," -buyurur. Həzrəti Ömər: "Elə isə, qəbir sorğu-sualından qorxub əzab çəkməyə ehtiyac yoxdur," -deyir.

Həzrəti Ömər (r.a.) həyata vida edəndən sonra bu hadisə Həzrəti Əlinin (r.a.) yadına düşür: "Görək Münkər və Nəkirə necə cavab verəcək?" -deyir. Cənabi- Haqqın aradakı qeyb pərdəsini qaldırması ilə Heydəri-Kərrar Həzrəti Əli (r.a.) dostunun sual-cavabına şahid olur. Mələklər heybətli şəkildə Həzrəti Ömərin (r.a.) yanına gəlir və ondan: "Rəbbin kimdir? Peyğəmbərin kimdir? Dinin nədir?" -deyə soruşurlar. Ömər Əfəndimiz(r.a.) mələklərin sualına bir sualla cavab verir: "Siz haradan gəlirsiniz?" -deyir. "Yeddinci qat səmadan.." cavabını alınca: "Yeddinci qat səma ilə bu yer arasındakı məsafə nə qədərdir?" -deyə soruşur. Mələklər: "Yeddi min il.."-deyirlər. Bu zaman Həzrəti Ömər (r.a.) öz üfüqünü dilə gətirir və: "Siz yeddi min illik yoldan gəldiyiniz halda Rəbbinizi unutmadınız, mən evimdən çıxıb qəbirə gələnə qədər Rəbbimi, Peyğəmbərimi və Dinimi niyə unudum?" -deyir. Bu sirli hadisəni müşahidə edən Həzrəti Əli (r.a.): "Allahın rəhmət və bərəkəti sənin üzərinə olsun, ey Ömər, həqiqətən, büyük insanmış!"- buyurur.

Bəli, əslində ölüm, qəbir, sual, bərzəx, məhşər, hesab, mizan və Sirat kimi keçidlər bir mənada burada keçilir. Ömür sərmayəsini və saysız-hesabsız nemətləri qiymətləndirə bilənlər, hələ dünyada ikən o dik yoxuşları dümdüz bir yola çevirirlər. Tövbə çeşmələrində təmizlənərək dünyəvi yüklərdən xilas olur və çiyinlərində çox yük daşıma zəhmətinə düçar olmadan rahatlıqla Cənnətə uçurlar.

Elə isə, sən də yükü yüngülləşdirməli və dünyəvi ağırlıqdan uzaq olmalısan. Bir gün səndən ayrılacaq və axirətdə fayda verməyəcək əməllərlə məşğul olmamalı, fani işlərə bağlanıb onlarda boğulmamalısan. Bu fani dünyada qoyub gedəcəyin mövqe, mənsəb, şan-şöhrət, mal-mülk kimi həvəslərlə axirətdə sənin üçün qurtuluş fərmanı ola biləcək vəsilələri əldən qaçırmamalısan. Hər kəsin haqqına riayət edərək yaşamalı və görülməmiş hesabları axirətə aparma çətinliyindən xilas olmalısan. Həm ibadət borclarından, həm də qul haqqlarından xilas olmalısan. İstiğfara sarılmalı və məhşərdə səni tərlədə biləcək hər cür masivanı qəbrin o üzündə qoymalısan. Yoxsa, orda sənə kömək edəcək, yükünü yengülləşdirəcək heç kəsi tapa bilməz və tab gətirə bilməyəcəyin ağırlıqların altında qalarsan.

Əməllərin Canı

"Və axlisil-amələ fəinnən-naqidə basirın". Gördüyün hər işdə doğru, səmimi, , riyadan uzaq və ürəkli ol; əməllərini yalnız Allaha həsr et. Ürək təmizliyini və fikir istiqamətini hər zaman qoru; Allahla münasibətlərində dünyəvi qərəzlərdən uzaq ol. Vəzifə və məsuliyyətini sırf O əmr etdiyi üçün yerinə yetir; bunu edərkən də yalnız Onun razılığını um və Onun üxrəvi təvəccöhlərinə yönəl.

Şübhəsiz, hər şeyi görən, yalnız cisimlərə, surətlərə deyil ürəklərə və niyyətlərə də nəzər yetirən və hər əməli qiymətləndirən Rabbi-Rahim sənin əməllərinə də bələddir. Allah-Təala əməllərini gördüyü kimi, onu nə niyyətlə etdiyini də bilir.

Allah-Təala iş və səmərənin çoxluğundan daha çox hər işdə rizasına əhəmiyyət verir. Bəli, Onun dərgahında: "bir dirhəm ixlaslı əməl, batmanlarla xalis olmayandan üstündür".

İxlasın bu sirli gücünə görə, Allah Rəsulu (s.ə.s.): "Dini həyatda ixlaslı olsan, az əməl də yetər,"-buyurmuş və: "Hər zaman əməllərinizdə ixlası qoruyun, çünki Allah yalnız işin xalis olanını qəbul edir",-tənbehini etmişdir. Deməli, əməl bir vücuddursa, ixlas onda candır; ixlassız iş yalnız bir ruhsuz bədəndir.

Beləliklə, hər möminin öz iman gəmisini yeniləməsi, axirət azuqəsini tədarük etməsi və çiynindəki yükü yüngülləşdirməsi lazımdır. Belə ki, axirətə səfər üçün hazırlıq mahiyyətindəki bu əməllər də ancaq Allahın razılığı nəzərə alınaraq edilsə, həqiqi dəyərini alacaqdır.