Elmin İzzəti və Ənaniyyət (Eqoizm)

Sual: “Elmin izzəti” nə deməkdir? Elmin izzəti necə qorunur?

Cavab: Təbii ki, bir mömin üçün elmin izzətini qorumaq çox mühümdür, ancaq inanan könül üçün elmin izzətini də ehtiva və təzəmmün edən dinin izzətinin qorunması birinci dərəcəli əhəmiyyət daşıyır. Çünki Hz. Ömərin ifadəsi ilə, Allah bizi dinlə əziz etmişdir, buna görə də, inanan insan mömin kimi davranmalı, bu işin etibarını və məsuliyyətini daşımağa səy göstərməli və beləliklə ömür boyu dinin etibarını, qiymətini, izzətini və şərəfini qorumağa çalışmalıdır. Bəli, inanan bir könlün hər halı; oturuşu-duruşu, sözü-sükutu və s. möminə layiq olmalı və hər kəs onu etibarlı insan kimi tanımalıdır. O, insaniyyəti-kübra (böyük insanlıq) olan İslamı yaşamaqda heç bir güzəştə getməməli, gözəl xasiyyət və əxlaqı ilə daim səviyyəli təmsil ortaya qoymalı və əsla öz şəxsində “doğru”ların yanlış anlaşılmasına, yanlış oxunmasına səbəb olmamalıdır. Siyər şərhçilərinin ifadə etdiyi kimi, insanlar İnsanlığın İftixarına (əleyhissalatu vəssalam) inanmadıqları dövrdə belə birinə bir əmanət qoymaq istəyəndə onların ağılına ilk gələn şəxs yer üzündə əmin-amanlığın və etibarın təmsilçisi Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) olurdu.

Bu baxımdan mömin daim əmanətə sadiq olmalı və beləcə insanların onun timsalında görüb tanıdığı möminlik anlayışına xələl gəlməsinə əsla imkan verməməlidir. O, İslamı böyük həssasiyyətlə yaşamalı və əlindən gəldiyi qədər büdrəməməyə, yıxılmamağa çalışmalıdır. Bəşər olaraq büdrəsə də, yıxılsa da, dərhal tövbə, inabə və övbə ilə bunu düzəltməyə, ayağa qalxmağa çalışmalıdır; Hz. Adəm və Hz. Həvva Anamız kimi:

رَبَّنَا ظَلَمْنَا أَنْفُسَنَا وَإِنْ لَمْ تَغْفِرْ لَنَا وَتَرْحَمْنَا لَنَكُونَنَّ مِنَ الْخَاسِرِينَ

"Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!" (“Əraf” surəsi, 7/23) deyə yalvarıb-yaxarmalı və ya Hz. Musa kimi:

رَبِّ إِنِّي ظَلَمْتُ نَفْسِي فَاغْفِرْ لِي

"Ey Rəbbim! Mən özümə zülm etdim. Məni bağışla!" (“Qasas” surəsi, 28/16) ifadələri ilə Rəbbinə üz tutmalı, yaxud da Hz. Yunus ibni Mətta kimi:

لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ

“Səndən başqa heç bir ilah yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, özümə zülm edənlərdən olmuşam!” (“Ənbiya” surəsi, 21/87) deyərək Rəbbinə halını ərz etməlidir. Diqqət yetirin, bu duaların hamısında o böyük peyğəmbərlər "zülm" sözünü işlədib, ondan Allaha sığınırlar. Zülm isə haqsız yerə bir şeyin yerini dəyişmək və haqqı götürüb onun yerinə haqsızlığı qoymaq deməkdir. Peyğəmbərlər belə – şübhəsiz ki, özünəməxsus üfüq, həssaslıq və dərinlik ölçüsündə – həmişə belə vəziyyətə düşməkdən Allaha sığınmışlar. Dolayısilə, biz də inanan insan kimi ilk növbədə belə bir həssaslığı təmsil etməyə çalışmalıyıq. Üstəlik millətin sözünü dinlədiyi, böyük bildiyi insanlar bu mövzuda daha da həssas olmalıdır. Çünki bir atalar sözündə deyildiyi kimi, başqa yerdə çox gözə çarpmasa da, imamın ağ sarığına qonan milçək dərhal görünür. Bu baxımdan elm əhli olan və ya millətə rəhbərlik, pişva və pişdarlık edən insanlar bilavasitə və bilvasitə dinə xadimlik etdiklərinə görə elmin izzətini qorumaq naminə başqalarına nisbətən daha diqqətli, daha həssas yaşamalıdırlar.

"Elmin İzzəti" örtüyü altında eqoizm

Lakin bu məqamda bir xüsusa diqqət yetirilməlidir: Bəzən elmin izzəti eqoizmə də çevrilə bilər. Bəli, insan elminə və uğurlarına görə özünü fərqli görüb fərqli aparmağa başlasa, müəyyən müddət sonra heç fərqinə varmadan “elmin izzətini qoruyuram” deyib başqalarına yuxardan baxan, gözü özündən başqa heç kəsi görməyən eqoistə çevrilə bilər. Dolayısilə bir-birindən fərqli olan bu iki xüsusu qarışdırmamaq lazımdır. Bir az da konkretləşdirsək: bir insan öz şəxsində elmin etibar və şərəfinə xələl gəlməsin deyə, səhvə, günaha yol verməmək üçün ciddi mübarizə aparır, böyük həssaslıq göstərir, heç kimə əl açmır, heç bir minnət götürmür. Ancaq həmin insanın elm öyrənib biliyi artdıqca eqoizmi güclənirsə, bunun adı elmin izzəti yox, olsa-olsa dərəcəsinə görə eqoizm və ya eqosentrizm olar. Belə bir insanın isə nəfsinin tərbiyəsinə, təzkiyəsinə (arınmasına) mütləq ehtiyacı var. Bu da bir mənada həmin insanın yaxşı bir mürşidin rəhbərliyində heyvaniyyətdən[1] çıxıb, cismaniyyəti tərk edib, qəlb və ruhun mehvərində səyahət etməsindən asılı olan bir məsələdir.

Nə idik, nə olduq

Tabiun və təbeyi-tabiun dövrünə baxanda – hələ sistemli bir sufilik, təsəvvüf və təriqət olmasa da – dərin ruhi-mənəvi həyatın yaşandığını görürük. Sonrakı dövrlərdə isə seyru-suluqi-ruhani, yəni insanın Allaha yaxınlaşması və yüksəlməsi mövzusunda müəyyən sistemlərdən istifadə edilmişdir. Bu sistemlərin müxtəlifliyində dövrün şərtləri, elmi səviyyə və s. kimi bəzi faktorlar müəyyənedici rol oynamışdır. İmam Rəbbani, İzz ibni Abdüssalam, Fəxrəddin Razi, Abdülqadir Geylani, Həsən Şazili kimi böyük şəxsiyyətlər zamanın tələbini və dövrün şəraitini də nəzərə alaraq ümmühata[2] sadiq qalmaqla təvil[3], istinbat[4] və ictihad[5] sahələrini dolduraraq müxtəlif metod və sistemlər qurmuşlar.

Lakin sonrakı dövrlərdə, nə baş verdisə, mədrəsə bir tərəfdən nəfsi tərbiyə və təzkiyə edib insanı qəlbi və ruhi-mənəvi həyatda səyahətə aparan təkyə ruhundan uzaqlaşmış, digər tərəfdən də qapılarını təkvini qanunları mütaliə və müzakirə edən müsbət elmlərin üzünə bağlamışdır. Halbuki Hz. Pir Qurani-Kərimi bu kainat kitabının əzəli tərcüməsi, təkvini ayələri (yaradılış qanunları) oxuyan mütənəvvi dillərin əbədi tərcumanı kimi tərif edir. Bəli, Haqq-Təala öz müqədəss və münəzzəh məqsədini kainat kitabında qüdrəti və iradəsi ilə ifadə edir. Qurani Kərim isə kəlam sifətindən gələn bəyanlarla bu təkvini ayələri şərh edib mənasını açıqlayır. Əslində Ustad Həzrətlərinin əsərlərinə diqqətlə baxsaq, başdan-ayağa bu həqiqətlərdən bəhs edildiyini görərik. Amma çox təəssüf ki, biz İslamın ruhi-mənəvi həyatı ilə bağlı hər şeyi mədrəsədən çıxarıb atdığımız kimi, təkvini qanunlar haqda elmləri də qapıdan qovmuşuq. Əslində, bir mənada öz əlimizlə özümüzü əsarətə məhkum etmişik. Dolayısilə, bir həqiqətin üç üzü olan qəlbi-ruhi həyat, dini elmlər və dəqiq elmlər bir-birindən ayrı salınmaqla hamısı yetim qaldı. O dövrdə, təəssüf ki, təkkələrin vəziyyəti də mədrəsələrdən fərqli deyildi. Onlar da qürbətə düşmüşdülər. Məscid də başqa bir qürbətin əsiri idi. Əsrlər çəkən bu ayrılıq nəticəsində bu qürbətlər bütöv bir millətin qürbətinə çevrilmişdi. Bəli, bütün millət qürbət içində qürbət çəkirdi. Bu gün bu reallığı görməzliyə vura bilmərik.

Qəlb ayağı ilə yürüyən elm əhli

Bu mövzuya bir məsələni vurğulamaq üçün girdim: Əgər elmlə məşğul olan insanlar nəfsini təzkiyə, ruhunu tərbiyə, qəlbini təsfiyə etməsə, elmin qayəsini, əsasını, ruhunu qavraya bilməz, elmdən gözlənilən nəticəni əldə edə bilməzlər. Əksinə bilik artdıqca özündən danışacaq, səsində, sözündə, hətta hayqıranda, höykürəndə də sözünü yeritməyi düşünəcək, məsələyə həva-həvəsini qarışdırıb özünü göstərmə niyyət və mülahizəsi ilə öz məqsədinin arxasınca düşəcək.

Bu problemlər bizim cəmiyyətimiz kimi, ümumən İslam dünyasından da əsrlər boyu əskik olmadı. Təsəvvür edin ki, son dövrlərin çox dəyərli alimi olan Səid Həvva bir sıra qiymətli əsərlərdən sonra İslamın ruhi-mənəvi həyatı haqqında bir əsər qələmə aldı. Bu əsərində əslində o, təsəvvüf və sufilikdən danışır. Ancaq bəzi səbəblərə görə, əsərinə təsəvvüf və ya bu məzmunda bir ad vermədi, verə bilmədi. Çünki belə bir ad qoyacağı təqdirdə bəzilərinin qəzəbinə tuş gələcəyini düşünürdü. Bu kimi örnəklərə baxıb, eyni ağır vəziyyət və problemin bütün İslam dünyasında mövcud olduğunu deyə bilərik. Bu isə məsələlərə bir mənada Zahiri və Xaricilər kimi yanaşmağa gətirib çıxarır. Belə olanda da məsələlərə mahruti baxışla yanaşmaq və bir bütöv olaraq götürmək mümkün olmur, bu istiqamətdə boşluq yaranır. Hər kəs çalışdığı sahənin hər şeyə kifayət etdiyini düşünəndə də məsələlərin digər yönləri, başqa cəhətləri, fərqli aspektləri ehmal edilir. Dolayısilə, əkməliyyət və ətəmmiyyət (mükəmməl, qüsursuz, tam, bütöv) şəklində bizə əmanət edilən İslam dini əkməliyyət və ətəmmiyyətdən məhrum edilir. Halbuki Haqq Təala ayeyi-kərimədə Rəsuli-Əkrəm Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm):

الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الْإِسْلَامَ دِينًا

"Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim" (“Maidə” surəsi, 5/3) buyuraraq rizasının əkməliyyət və ətəmiyyətə bağlı olduğunu bildirir.

Biz isə əsrlərdən bəri, bir tərəfdən müsbət və ya təcrübi elmlərdən üz çevirmişik, digər tərəfdən də qəlbi və ruhi həyatdan uzaq gəzmişik. Bu reallığı qəbul edib buna uyğun tədbir görməsək, heç vaxt problemlərimizi həll edə bilmərik. Həmçinin bütün varlığımızla Haqq Təalaya yönəlib əsrlərdir bir kənara atılmış bu ağır vəzifənin icrasında bizi bir anlıq da olsa, nəfsimizlə baş-başa buraxmaması, inayəti ilə iradəmizə arxa olması üçün yalvarıb-yaxarmalıyıq. Çünki bu yük, həqiqətən, çox ağır yükdür. Mənsub olduğumuz qrup və ya topluluğu əsas gətirib bu mövzuda bir şey iddia etmək ədəbsizlik olar. Əksinə, biz mövcud şərtləri də nəzərə alaraq, bu mövzuda həyata keçirilən bütün fəaliyyətləti alqışlamalı, təqdir etməli, insanları şövqə gətirməli, bu qədər vaxtdır fövtə verilən bu böyük məsələni həll etmək üçün təkrar “bismillah” deyib əl-ələ, çiyin-çiyinə verib əsrlərdən bəri tərk edilən o işin “qəza”sını birlikdə yerinə yetirməyə çalışmalıyıq. Və bunu edərkən də heç bir sahəni kənarda qoymamalı, təzkiyeyi-nəfs, tərbiyeyi-ruh və təsfiyeyi-qəlb sistemini daim işlətməli və beləliklə, “elmin izzəti” deyib ənaniyyət və qurura sürüklənmə ehtimal olan elm taliblərini qorumalıyıq.

[1] Qısaca, insanın yemək, içmək və çoxalma xüsusiyyəti
[2] İman, İslam, ihsan və İlahi əxlaq
[3] Ayələrin sirlərini, sözlərin pərdəsini açıb diqqətlə araşdırmaq və ayənin ehtimal olunan mənalarından birini müəyyən etmək
[4] Müctəhid və ya böyük bir alimin gizli bir mənanı ictihadla ortaya çıxarması
[5] Şəriətin təfərrüata aid məsələləri (dövrün tələbinəndən irəli gələn) haqda üsuluna uyğun şəkildə Quran və hədisdən məna çıxarıb hökm vermək
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.