Güclü iradə tələb edən dörd böyük əməl

Fəthullah Gülən: Güclü iradə tələb edən dörd böyük əməl

Sual: “Münəbbihat”da Həzrət Əliyə aid edilən bir kəlam var:

إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ: اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ، وَالْجُودُ فِي الْعُسْرَةِ، وَالْعِفَّةُ فِي الْخَلْوَةِ، وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ

“Dörd əməl var ki, çox çətindir: (birincisi) qəzəblənəndə bağışlamaq, (ikincisi) çətin vaxtlarda səxavətli olmaq, (üçüncüsü) günahla təkbaşına qalanda iffətli hərəkət etmək, (dördüncüsü) qorxduğu və ya mənfəət umduğu insana haqqı söyləmək”. Bu əməlləri və onların mükafatını izah edə bilərsiniz?

Cavab: Həzrət Əliyə (radiyallahu anh) aid edilən kəlamlara, “Nəhcül-Bəlağə”də əksini tapanifadələrə, onun üslubuna və dilinə baxandaistər-istəməz düşünürsən ki, Cahiliyyə dövrününtəzəcə qurtardığı, müxtəlif elm sahələrinə aid məfhumların yeni-yeni formalaşmağa başladığı, dil və bəlağət üzrə araşdırmalarınhələ aparılmadığıbir dövrdə bu cür əngin kəlamın ortaya çıxması mümkün görünmür. Çox güman ki, müxtəlif elm sahələrinin, həmçinin elmi ədəbiyyatın da inkişaf etdiyi hicri III və IV əsrdə bəzi insanlar bu sözləri ona aid etmişlər. Ancaq Həzrət Əlinin (radiyallahu anh) mənəviyyatını, coşqun ilhamını, “övliyalara atalıq”məqamını düşünəndə “yəqin, bu kəlamlar ona ilham edilmişdir” deyirsən.Ola bilsin ki, məfhumların adlandırıldığı və terminologiyanın oturuşduğu dövrdə bəzi insanlar öz gözəl kəlamlarını ona aid etmişlər. Ayrıca onun bəzi kəlamlarının o dövrün məzmun və məfhumları ilə zənginləşdirilməsi mümkündür. Bu barədə qəti söz demək çətindir, ona görə də “Doğrunu Allah bilir” deyib sualdakı dörd əmələ keçək.

Həzrət Əli (radiyallahu anh) bu kəlamda “إِنَّ أَصْعَبَ الْأَعْمَالِ أَرْبَعُ خِصَالٍ” buyuraraq “ən çətin əməl dörddür” deyir. Əslində, bir mənada hər əməlin özünəməxsus çətinlikləri var. Məsələn, gündə beş dəfə dəstəmaz almaq, namaz qılmaq, xüsusilə uzun yay günlərində oruc tutmaq, halal zəhmətlə qazanılan pulu infaq etmək, həcc ibadətini yerinə yetirmək, ana-ataya “of” demədən, üz turşutmadan onların haqlarına riayət etmək və s. ibadət və mükəlləfiyyətlərə baxanda hər birində müəyyən çətinlik olduğunu görürük. Zənnimcə, heç kim bu əməl və ibadətlərin asan olduğunu deməz. Həzrət Əli (radiyallahu anh) isə bu kəlamında ən çətin hesab etdiyi dörd əməli diqqətə çatdırmışdır:

1. Qəzəblənəndə bağışlamaq

Onlardan birincisi “اَلْعَفْوُ عِنْدَ الْغَضَبِ” qəzəblənəndə bağışlamaqdır. Əslində Qurani-Kərim də insana qəzəbdən, hiddətdən alışıb yandığı bir vaxtda hislərini cilovlamağı vəbağışlamağı təşviq edir. Məsələn, Allah (cəllə cəlaluhu) اَلَّذِينَ يُنْفِقُونَ فِي السَّرَّاءِ وَالضَّرَّاءِ وَالْكَاظِمِينَ الْغَيْظَ وَالْعَافِينَ عَنِ النَّاسِ “O müttəqilər ki, bolluqda da, qıtlıqda da mallarını Allah yolunda xərcləyər, (intiqam almağa gücü ola-ola) qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər” (“Ali İmran” surəsi, 3/134) buyurur. Yəni insanın qəzəbini cilovlaması, başqalarının günahlarından keçməsi tikanı udmaqdan da çətin olub təqva sahiblərinin işidir.Şübhəsiz, bu çətin əməlin savabı da böyükdür.

Bir insanın rahat vaxtlarda, münasibətlər öz axarında olanda qüsura yola verən adamlarıbağışlaması asandır. Əsl fəzilət incidilən, əziyyət görən insanın iradəsini ortaya qoyaraq qəzəbini cilovlaması, cavab qaytarmaması və belə anlarda günahdan keçməyi abacarmasıdır. Əslində insan "buynuz"ao saat"buynuz"la cavab verənvarlıq deyildir. Allah (cəllə cəlaluhu) insana kamilliyə çatmaq üçün hər cür istedad və qabiliyyət vermiş, onu mükəmməl bir varlıq kimi yaratmışdır. İnsan ona bəxş edilən iradə ilə ən çətin əməllərin öhdəsindən gələ, qəzəb və hiddətini ayağının altına alıb tapdalaya bilər.

Bildiyiniz kimi “əfv” bir şeyi silmək deməkdir. Yəni “əfv” insanların sizi narahat edən və qəzəbləndirən bəzi hərəkət və davranışlarına göz yumub, bir mənada üstünə xətt çəkməyiniz, bu cür xoşagəlməz hadisələrin yaddaşınızda yuva salmasına, orada iz buraxmasına belə razı olmamağınız, üstünüzə amansızcasına gəlsələr də, bu hərəkətləri əbədiyyən unutmağınızdır. Bu, həqiqətən çox çətin bir əməldir. Ancaq başqalarının günahından keçməyi xarakterə, xasiyyətə çevirən insanın mükafatı da çox fərqli olacaq. Ümid edilir ki, bu əməlinin müqabilində– əgər bir xəta və günahı varsa, – başına bəla və müsibət gəlməyəcək, bu dünyada xətaları bağışladığı üçün axirətdə dəbağışlanacaq.

2. Çətin vaxtlarda səxavət göstərmək

İkincisi: “وَالْجُودُ فِي الْعُسْرَةِ” ifadəsi imkansızlıq vaxtı möhtaclara əl tutmağın çətinliyindən və əhəmiyyətindən danışır. Anbardan, xəzinədən götürüb kiməsə kömək eləmək asandır. Cibdəki min lirənin bir lirəsini çıxarıb verəndənbir şey əskik olmaz? Əsl qəhrəmanlıq olmaya-olmaya infaq etməkdir. İnsanın qəzəbli vaxtında bağışlaması Allah-taalanın “Afüv” isminə bir səsləniş olduğu kimi, imkansız ola-ola kömək etməsi də Onun “Cavad” isminə çağırışdır.

Burada Həzrət Əli (radiyallahu anh) bir mənada isar duyğusunu diqqətə çatdırmaq istəyir. İsar bir mənada bir adamn ac-susuz ola-ola öz yeməyini başqasına verməsidir. Uca Allah buyurur ki: وَلَا يَجِدُونَ فِي صُدُورِهِمْ حَاجَةً مِمَّاۤ أُوتُوا وَيُؤْثِرُونَ عَلٰۤى أَنْفُسِهِمْ وَلَوْ كَانَ بِهِمْ خَصَاصَةٌ “Onlar möminlərə verilən qənimətə görə ürəklərində həsəd (qəzəb) duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar” (“Həşr” surəsi, 59/9).

Yermuk müharibəsində susuzluqdandodaqları təpiyən və ölüm ayağında olan bir səhabəyə su gətirirlər. O, suyu ağzına aparmamış başqa bir səhabənin "Su su"deyə inildədiyini eşidir və əli ilə işarə edir ki, suyu ona aparsınlar. Bu səhabə də bir başqa səhabənin iniltisini eşidir və bircə qurtum içməmiş suyu ona göndərir. Və bu şəkildə su tuluğu düz üç dəfə əldən-ələ ötürülür, lakin onların üçü də həmin sudan içə bilməyib şəhid olur. Bu hadisə isara, başqalarını özündən üstün tutmağa, yaşatmaq üçün yaşamağa, insani dəyərlərə sədaqətə ən gözəl nümunədir (əl-Hakim, “əl-Müstədrək” III, 270; İbn Əbdülbərr, “əl-İstiab”, III, 1084).

3. Günahlarla təkbaşına qalanda iffətli olmaq

Üçüncüsü: “وَالْعِفَّةُ فِى الْخَلْوَةِ”, yəni günahla təkbaşına qalanda iffətli davranmaq, o günahı işləməmək də ən çətin əməllərdən biridir.

Bir hədisdə Allah-Rəsulu (sallallahu aleyhi və səlləm) kölgəsiz qiyamət günü ərşin kölgəsində kölgələnən yeddi zümrədən bəhs edir. Onlardan biri günaha çağıran cazibədar bir qadına “Mən Allahdan qorxuram” deyərək etiraz edən insandır (Buxari, “Zəkat” 16; Müslim, “Zəkat” 91).

Xalqın içində iffətli görünmək bir mənada asandır. Çünki insan camaat arasında, göz qabağında işləməkdən çəkinir. Ancaq bir insanın bir günahla üzləşəndə, fitnəkar bir qadının toruna düşəndə iradəsini ortaya qoyub iffətini ləkələməməsi, Həzrət Yusif kimi “Bu günahdan Allaha sığınıram” (“Yusif” surəsi, 12/23) deməsi və insanın ağlını başından alan o günahdan qaçmağı bacarması çox çətindir. Bu cür vəziyyətdə dağ kimi möhkəm dayanmaq üçün, həqiqətən, polad iradə gərəkdir.Belə bir çətinliyin öhdəsindən gəlməyin mükafatı da təbii ki, böyükdür.

Həzrət Ömərin dövründə cazibədar bir qadının boy-buxunlu, yaraşıqlı bir oğlana gözü düşür və dəfələrlə onu yoldan çıxarmaq istəyir. Bir gün oğlan onun tələsinə birinə düşür və qapından içəri addım atır. Oğlan addım atsa da, o əsnada إِنَّ الَّذِينَ اتَّقَوْا إِذَا مَسَّهُمْ طَۤائِفٌ مِنَ الشَّيْطَانِ تَذَكَّرُوا فَإِذَا هُمْ مُبْصِرُونَ “Allahdan qorxanlara Şeytandan bir vəsvəsə toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar” (“Əraf” surəsi, 7/201) ayəsini pıçıldayır. Və beləcə ürəyi dayanır və oradaca canını tapşırır. Səhabələr əmirəl-mömininHəzrət Ömərə bu xəbəri verməkdən çəkinirlər. Başqasının qapısında vəfat edən oğlanın cansız bədənini aparıb basdırırlar. Ancaq Həzrət Ömər namazlarda həmişə birinci cərgələrdə duran həmin oğlanı görməyib harada olduğunu soruşur. Səhabələr hadisəni danışırlar. Hadisəni öyrənən Həzrət Ömər cəld oğlanın qəbrinə gedir və orada: وَلِمَنْ خَافَ مَقَامَ رَبِّهِ جَنَّتَانِ “Allahın hüzuruna çıxmaqdan qorxana iki Cənnət var” (“Rəhman” surəsi, 55/46) ayəsini oxuyur. Bu əsnada qəbirdən səs eşidilir: “Ey Əmirəl-möminin! Mənə onun iki qatı verildi” (İbn Kəsir, “Təfsirul-Quran”, II, 280).

Bu hadisə onu göstərir ki, bir insanın haramla baş-başa qalan zaman iffətini qoruması çox çətin, həm də olduqca qiymətli və vacibdir. Ancaq təəssüf ki, ötən əsrlər bir çox dəyərimizi götürüb apardığı kimi, iffət düşüncəmizi də yerlə-yeksan etdi. Beləcə biz də səfalətə düşdük. Kimiləri azadlıq adı altında əxlaqa zidd şeylərə zəmin hazırladı. Buna baxmayaraq, inanıram ki, Allah bu dövrdə həya və iffətini qoruyanlardan lütfünü əsirgəməyəcək, onları iki Cənnətlə şərəfləndirəcək, riza, rizvan və röyəti ilə mükafatlandıracaq.

4. Çətin vaxtlarda haqqı söyləmək

Dördüncü, sonən çətin əməl “وَقَوْلُ الْحَقِّ لِمَنْ يَخَافُهُ أَوْ يَرْجُوهُ”, yəni insanın qorxduğu və mənfəət umduğu adama haqqı söyləməkdən çəkinməməsidir. İnsan qorxanda və ya vəd verilən maddi imkanlar qarşısında davam gətirə bilməzsə, haqqı söyləməzsə, güc və iqtidarı əlində saxlayanlar çox keçmədənonun boynuna boyunduruq, ayaqlarına buxovkeçirər və onu qul-kölə kimi hər işinə alət edərlər.Hazırda da bəzi kəsimlərdə gördüyümüz kimi, qorxu insanı cilovlayan, iradəni iflic edən, əl-qolunu bağlayan, hətta qol-qanadını sındıran bir amildir.

Mənfəət də insanı zalım idarəçilərin zülmünə susan dilsiz şeytana çevirə bilər, bilə-bilə həqiqətləri təhrif etməyə, yalan-yanlış şeylər danışmağa, səhv işlər görməyə sövq edər. Bu gün bu sayaq acınacaqlı hadisələrə şahid oluruq, neçə-neçə insan ayağı altına sərilən maddi imkanlar və ya bəzi arzu-istəklər, yaxud da qorxu və əndişə ucbatından dünən dediyini bu gün inkar edir, eynən buqələmun kimi şərait dəyişəndə rəngdən rəngə girir, dayanmadan cinayət işləyir, axirət həyatını məhv edir. Onlar bir mənada əsirdirlər, heç cür azad hərəkət edə, azad ola bilmirlər. Qorxu və mənafenin hökmranlıq etdiyi bir dövrdə haqqı söyləmək həqiqi qəhrəmanlıqdır. Əlbəttə bu qəhrəmanlığın mükafatı axirətdə böyük olacaq.

Xülasə, əməllərin savab və mükafatı zaman və məkana görə dəyişir. Məşəqqətli və çətin bir əməlin mükafatı ancaq niyyətdəki ixlasdan və gizli-aşkar şikayət etməməkdən asılıdır. Başqa sözlə desək, insan sözügedən əməli işləyərkən əziyyəti qədər savab qazanmaq istəyirsə, çətinliklərdən şikayətlənməməli, canını dişinə tutub səbir etməli, taleyindən narazılıq etməməli, o əməli istəyərək və ürəkdən yerinə yetirməlidir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.