Günah-tövbə və yenidən diriliş

Sual: Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm): "Günahdan üz döndərib tövbə edən onu heç işləməmiş kimidir. Allah bir qulunu sevdiyi zaman artıq günah ona zərər verməz," hədisi-şərifini necə anlamalıyıq?

Cavab: "Günahdan üz döndərib tövbə edən onu heç işləməmiş kimidir" (İbn Mace, zühd 30; et-Taberani, el-Mucemül-kebir 10/150) hədisi-şərifində keçən "əttəibu” ifadəsi sürüşüb üzüstə düşdükdən sonra dərhal ayağa qalxıb tövbə, inabə və ya övbə (tövdənin dərəcələri – tövbə, övbə, inabə) ilə özünə gələn, səhvini başa düşüb Allah-Təalaya təvəccöh edən (Ona yönələn), sonra da yalvar-yaxarla tövbə çeşməsində təmizlənməyə çalışan adamı təsvir edir. Hədisi-şərif ismi xəbər cümləsi ilə ifadə edilmişdir. İsmi xəbər cümləsi isə davamlılığı və sabitliyi ifadə edir. Deməli, bu nurlu bəyanda eyni zamanda tövbə və istiğfarın davamlılığına diqqət çəkilir. Yəni insan nə vaxt ayağı ilişərək səndələyib günah çuxuruna düşsə, hər dəfə vaxt itirmədən dərhal tövbə, inabə və övbə çeşmələrinə tələsməlidir.

Hədisi-şərifdə günah mənasına gələn "zənb" sözü ilə quyruq mənasına gələn "zənəb" eyni kökdən gəlir. Deməli, günah insan fitrətinə təzad, təbiətinə zidd quyruq kimidir. Bəli, günah insanı quyruqlu varlığa çevirir. Quyruq quyruqla yaradılan məxluqata yaraşsa da, insana yaraşmaz. Buna görə insan oğlu hər günah işləyəndə özünə bir quyruq taxdığını başa düşüb tövbə ilə dərhal o quyruğu kəsməyi bacarmalıdır. Əks təqdirdə həmin quyruğa başqa quyruq əlavə olunar və insan sonra bu quyruqları qoparıb atmağa çətinlik çəkər. Belə bir insan üçün hədisi-şərifdə buyurulan: "Qul bir günah işləsə, qəlbində qara bir ləkə meydana gələr. Əgər tövbə edib əfv diləsə, qəlbi yenə parlayar. Ancaq təkrar günaha dönsə, o ləkə böyüyər və bütün qəlbini istila edər" (Tirmizi, Tefsir, Muteffifin) həqiqəti keçərlidir. Bir ayədə isə bu "Allah onların qəlblərini möhürləmişdir" (“Bəqərə” surəsi, 2/7) ifadəsi ilə izah olunur. Hər günahda küfrə gedən bir yol olduğuna görə Peyğəmbər Əfəndimiz (sallallahu əleyhi və səlləm) "əttəibu" sözü ilə diqqəti tövbəyə çəkib bizi belə bir aqibətdən qorumaq istəmişdir.

İnsanı için-için əridən dərin tövbələr

Hədisi-şərifdə “tövbə edən adam heç günah işləməmiş kimidir” buyurulur. Diqqət edəndə görünür ki, hədisdə tövbə edən "günah işləməmişdir" deyil, "günah işləməmiş kimidir" deyilir. Yəni burada məhabət və məxafət (qorxu) qapısı açıq buraxılmışdır. Dolayısilə, bu üslubdan "kaş ki, insan bu günahı heç işləməsə idi, heç ləkələnməsə idi" nəticəsini də çıxara bilərik. Bəli, hər nə qədər tövbə və istiğfar qəhrəmanı o yara-paranı tövbə iksiri ilə silsə, təmizləsə də, yaradan iz qalmayacağı mövzusunda bir təminatımız yoxdur. Əlbəttə ki, Allah (c.c.) aşınmış mənəvi, ruhi və qəbi həyatımızı təkrar ummadığımız şəkildə təzələyə bilər. Ancaq bu həmişə belə olacaq deyə mütləq bir təminatımız yoxdur.

İnsan bəzən bir şeyə güclü meyil göstərib günaha dala bilər. Məsələn, şəhvani duyğuların əsiri və ya ehtiras və həsədə məğlub olub qorxunc cinayətə səbəb ola bilər. Günahın böyüklüyü nisbətində tövbə və istiğfar da dərin, əngin və əhatəli olmalı, insanı için-için əritməlidir. Əgər tövbə bu səviyyədə deyilsə, günahı tamamilə silib aparması mümkün deyildir. Hədisdə keçən "Günah heç işləməmiş kimi.." həqiqətinə bir də bu aspektdən baxmaq olar.

Günahlardan qorunma və Allah sevgisi

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) hədisin davamında: "Allah bir qulunu sevdiyi zaman, artıq ona günah zərər verməz" buyurur. Bu peyğəmbər bəyanından başa düşülür ki, Allahın bir qulu sevməsi həmin qulun günahlardan qorunması üçün çox əhəmiyyətlidir. Çünki Allah (c.c.) sevdiyi qulun qəlbinə günahın çirkinliyini bütün dəhşəti ilə duyurar və onda günaha qarşı diksinmə duyğusunu oyadar. Həmin qul hər necəsə günaha düşübsə, bu zaman da Allah-Təala onun qəlbində nədamət, peşmançılıq alovunu tutuşdurar və ona tövbəyə gedən yolları göstərər. Bəli, Allah-Təalanın sövqü, ilhamı, inayəti və riayəti ilə elə qeyri-adi hallar olur ki, siz günahın eşiyinə gəlib içinə düşməyə az qalmış bir əl sizi tutub geriyə çəkir. Və ya bir günah işləyirsiniz, ancaq iyirmi il boyu hər gün bu günahın iztirabını çəkirsiniz. Sanki, bütün sinir hüceyrələriniz bu günahı duyur, hər ağılınıza gələndə beyniniz qaynamağa başlayır. Arxasınca da: "Allahım! Səndən əfv diləyirəm, məni bağışla!", "Allahım! Günahlarımdan üz döndərib Sənə sığınıram!" kimi tövbə-istiğfarla Allaha yalvarıb-yaxarırsınız. Allah-Təala da bunların hər birini “Allaha qayıdış” kimi sizin savab dəftərinizə yazır. Bu məqamda bu xüsusu xatırlatmaq istəyirəm: Allah (c.c.) bir dəfə edilən tövbə-istiğfarla, bəlkə də, bu günahı bağışlayır. Ancaq qulun buna razı olmayıb bir dəfə deyil, min dəfə Allaha qayıtma cəhd və səy göstərməsi ilahi xoşnudluğu qazanma naminə məsələyə daha gözəl yanaşma tərzidir.

Allahın sevgili qulu olma məsələsi bu qədər əhəmiyyətli olduğuna görə İmam Şazili Həzrətləri kimi şəxsiyyətlərin virdlərində belə dua etdiklərini görürük: "Allahım, günahım varsa, sevdiyin qulların günahı kimi olsun; sevmədiyin insanların savabı kimi olmasın". Çünki Allahın sevmədiyi bəzi insanların da gözəl əməlləri ola bilər. Yəni bu cür insanların özləri olmasa da, sifətləri, vəsfləri mömin ola bilər. Ancaq iman xeyir və həsənəyə çatmaq üçün sirli bir miftah, açar olduğuna görə, onu əldə edə bilməyənlərin axirətdə gözəl əməllərindən yararlanması mümkün deyil. Buna görə də əsas olan Allahın qulunu sevməsidir. Çünki onsuz da, Allah-Təala bir insanı sevirsə, həmin şəxsi işlədiyi günahlarla baş-başa buraxmaz, onu tövbə, inabə və övbə yoluna sövq edib ona bütün mənliyi ilə günahlardan təmizlənmə duyğusunu ilham edər.

Necə ki, övladını sevən ana uşağını əyni çirkli həyətə buraxaraq onu başqaların qarşısında alçaltmaz. Uşaq əlli dəfə də əynini kirlətsə, yenə də onu təmizləyər, əlini, üzünü, gözünü silib tərtəmiz edər və elə həyətə buraxar. Allahın insanlara bağlılığı, mərhəməti və sevgisi ana-ata ilə müqayisə belə oluna bilməz. Allah-Təala sevdiyi qullarının üzünə günaha gedən yolları bağlayar, dərəcəsinə görə, bəlkə, bəzilərinə heç günah işlətməz. Günaha düşmüş sevgili qulunu da eləcə buraxmaz. Qulun qəlbinə min bir iztirab salaraq o günahı quluna duydurar və bu qulunu tövbə ilə yenidən dirildər, hər bir tövbə ilə ona hər dəfə "basu-badəl-mövt" yaşadar. Beləcə bu insan bir dəfə deyil, Allahın inayət və mərhəməti ilə tövbənin sayı qədər əngin və dərin həyat yaşayar.

Hədisi-şərifin sonunda Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) "Şübhəsiz Allah, çox tövbə edənləri və tövbə edib tərtəmiz olanları sevər," (“Bəqərə” surəsi, 2/222) ayəsini oxuyur. Bu ayeyi-şərifədə maddi-mənəvi kirlərdən təmizlənmənin Allahın sevgisinə məzhər olmaq üçün vacib bir səbəb olması ifadə edilmişdir. "Çoxlu və dərindən tövbə edənlər" mənasına gələn "təvvabin" sözü cəm şəkilçisi ilə işləndiyinə görə mübaliğə ifadə edir. Yəni bu, onlar tövbə mövzusunda çox ciddi əzm və cəhd göstərir, gördüyü işi bütün varlığı ilə hiss edir, bunu həyəcan və “göz yaşları ilə edir, bir dəfə deyil, hər səhv iş görəndə, günahları hər ağılına gələndə tövbə çeşməsinə tələsir, yuyunub təmizlənir,” deməkdir.

Sual: Günahların çirkinliyini göstərib insanları tövbəyə təşviq edərkən onları ümidsizliyə salmamaq üçün nələrə diqqət yetirməliyik?

Cavab: Qənaətimcə, bu məsələdə uşaqlarla mükəlləfləri (böyükləri) bir-birindən ayırmaq lazımdır. Belə ki, uşaqlar daha çox təşviq edilməli, ümidləndirilməlidir. Günah və əzabla qorxutmaq əvəzinə onlara gözəl əməllərin axirətdəki mükafatları izah edilməlidir. Əvvəla Allah və Peyğəmbər sevgisi aşılanmalı, daha sonra bu sevginin axirətdəki mükafatı izah edilməlidir. Xülasə, uşaqlar üçün sevgi və təşviq əsas götürülməli və buna görə hərəkət edilməlidir.

Mükəlləf olan insanlarda isə tarazlıq mütləq qorunmalıdır. İnzarla təbşiri (nəticənin yaxşı olmayacağını bildirərək xəbərdarlıq etmək və müjdələmək), tərhiblə tərğibi (çox qorxutmaq və təşviq və ümidləndirmək), məhabətlə məhəbbəti (qorxu və sevgi) bir olmalıdır. Bir tərəfdən insanların ümidsizliyə düşməsinə meydan verilməməli, digər tərəfdən də onların günahları bəsit görmələrinə fürsət verilməməlidir. Xüsusilə, haram-halala diqqət edilmədiyi, günahlardan uzaq durulmadığı, sadiq bir mömin kimi həyat sürmənin çətinləşdiyi belə bir dövrdə günahların bütün çirkinliyi ortaya qoyulmalı; günahların bəzi lətifələri (incə, zərif ruhi istedad və qabiliyyətləri) öldürdüyünü nəzərə verərək bu mövzuda həssaslıq göstərilməlidir. Çünki bu lətifələr içində elələri var ki, axirətdə Allah-Təalanı əzəmətinə, şanına uyğun şəkildə duyub hiss etməyimizi təmin edəcək. Bu səbəblə "qısa və fani dünyada müvəqqəti və bəsit zövq və ləzzət üçün əbədi həyata namizəd bu çox qiymətli dəyərləri günahlarla öldürmək məntiqə uyğun deyil?" deyib insanları bu mövzuda düşünməyə dəvət etməliyik. Çünki dəfələrlə diqqətə çatdırmağa çalışdığımız kimi, hər nə qədər bəzi əsas lətifələri tövbə, inabə və övbö ilə canlandırmaq mümkün olsa da, bəzi vacib lətifələr günahlarla ölsə, bir daha dirilməyəcəyini də xatırlatmaq lazımdır. Üstəlik müəyyən səviyyəyə çatmış insanlar bilə-bilə bu cür günahlara girirsə, bu daha dəhşətli bir haldır.

Buna görə, Allahın əfvini, bağışlamasını cibimizdə el-aləmə payladığımız konfet kimi görməməliyik. Əksinə onları xeyir və həsənə, ibadət və taət kimi müəyyən fəaliyyətin nəticəsi olaraq insanlara təqdim etməliyik. Yoxsa, haşa, comərdliyimizi Həzrəti Cavadın (Allah) cud və səxavətindən, mərhəmət və sevgimizi Həzrəti Rəhmanın mərhəmət və məhəbbətindən üstün görsək, bu Allaha (c.c.) qarşı hörmətsizlikdir.

Bu mövzuda insanlarda haram-halala qarşı həssaslıq duyğusunu oyatmaq çox vacibdir. Belə ki, insan vəqf xalçasına ayağını basanda belə buna haqqı olub-olmadığını, Allahın onu hesaba çəkib-çəkməyəcəyini düşünməlidir. Bunun üçün də səhv və günahların insanı nələrdən məhrum qoyduğunu yaxşı-yaxşı izah etmək lazımdır. Əgər bu mövzuda lazımi həssaslıq göstərilməsə, Allahdan gələn xüsusi varidat və mövhibənin (xeyir və bərəkət) kəsiləcəyi də xüsusilə dilə gətirilməlidir.

Xülasə, tövbə mövzusunda tarazlığı qorumaq üçün bir tərəfdən Allahın sonsuz mərhəmətinə güvən əsas götürülüb rica duyğusu gücləndirilməli, digər tərəfdən də günahların çirkin üzü göstərilib, işlənən günahlar nəticəsində bəzi lətifələrin ölə biləcəyi və bir daha dirilməyəcəyi xatırladılmalıdır, çünki hamımızın bu mövzuda təlqinə, təbliğə və irşada həmişə ehtiyacı var.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.