Halal ruzi − saleh əməl

Fəthullah Gülən: Halal ruzi − saleh əməl

Sual: Quran ayələrinin birində buyurulur: “Ey peyğəmbərlər! Halal və təmiz nemətlərdən yeyin-için və saleh əməl işləyin! Mən, həqiqətən, sizin nə etdiyinizi bilirəm!” (“Muminun” surəsi, 23\51). Halal ruzi ilə saleh əməl arasındakı əlaqəni izah edə bilərsinizmi?

Cavab: Qurani-Kərim və Sünneyi-Səhihə halal-haram məsələsinə olduqca həssas yanaşmışdır. Quran və sünnəni çox yaxşı bilən İslam alimləri də bu məqamla əlaqədar müsəlmanlığın halal-haramı bilməkdən və ona əməl etməkdən ibarət olduğunu söyləmişlər. Bu mövzuda gözəl bir kəlam var: “اَلدَّينُ اَلمْعُاَمَلَةُ Din/Müsəlmanlıq müamilətdən (davranış prinsipləri) ibarətdir”. Həzrəti Ömər (radiyallahu anh) də bu məsələnin əhəmiyyətini vurğulamış: “Təkcə qılınan namaza, tutulan oruca görə insana qiymət verməyin. Doğru danışırmı, əmanətə riayət edirmi, halal-harama diqqət edirmi... – belə şeylərə baxın” (Beyhaqi, “Əs-sünənül-kübra”, VI, 288; Şüab, IV, 230, 326) məsləhətini vermişdir. Əlbəttə ki, namaz, oruc, zəkat, həcc kimi mükəlləfiyyətlərin Allahın dərgahında böyük qiyməti var və bu ibadətlər bir çox fəzilətlərə haizdirlər. Odur ki, kimsə bunların əhəmiyyətinə şübhə edə bilməz. Ancaq insaların yeməyinə, içməyinə və geyiminə diqqət etməsi, həm fərdi, həm də ümumi haqq-hüquqlara riayət etməsi və haqpərəstlik yolundan ayrılmaması, yəni halal-harama həssas yanaşması da müsəlmanlığın vacib əsasıdır və belə demək mümkünsə, buna layiqincə əməl etmək şəxsi ibadətlərdən daha çətindir. Ona görə də insan İslamiyyəti layiqincə yaşamaq üçün halallıqdan ayrılmamalı, halallıq axtarmalı, haram məsələsində qətiyyətli olmalı, mətin dayanmalı və nəyin bahasına olursa-olsun boğazından haram tikə keçirməməlidir.

Böyük şəxsiyyətlərin hərəkət və davranışlarına nəzər yetirəndə onların digər insanların həyatına ciddi təsir edib yollarını işıqlandırdıqlarını görürük. O şəxsiyyətlər bu məsələyə o qədər həssas yanaşmış və o qədər cidd-cəhd göstərmişlər ki, bilmədən əlini harama uzatsalar da, Cənabi-Allah onları qorumuşdur. Bəli, onların arasında elə insanlar var ki, əl uzatdıqları şeyin haram olduğunu bilməsələr də, əllərin titrəməsindən və ya ürək döyüntüsündən işin nə yerdə olduğunu anlamış və əllərini geri çəkmişlər. Hətta bəzi kimsələr səhvən ağzına haram tikə qoymuş, uzun müddət ağzında çeynəmiş, lakin udmağa müyəssər ola bilməmişlər. Bilmədən mədəyə haram loğma ötürdüyünü öyrənənlər isə, dərhal sifraq etmiş və onu çıxarmağa çalışmışlar. Buna xidmətçisinin cahiliyyə dövründə kahinliklə qazandığı pulla aldığı yeməyi bilmədən yeyən Həzrəti Əbu Bəkrin, zəkat dəvələrindən sağılan südü bilmədən içən Həzrəti Ömərin işin əslindən xəbər tutar-tutmaz əlini boğazına salıb sifraq edərək mədəsini təmiz boşaltmasını misal gətirmək olar. Demək, harama bu cür həssas yanaşmaq və qətiyyətli olmaq çox mühümdür.

Tərəqqinin ən böyük vəsiləsi Digər tərəfdən, halal-harama riayət məsələsi Allahın əmrlərinə əməl etməyin və Ona ehtiram göstərməyin bir əlaməti olduğuna görə çox vacibdir. Üstəlik halal qazanc əldə etmək və haramdan uzaq durmaq naminə ortaya qoyulan bütün cəhdlər ibadət yerinə keçir. Müsəlmanın haramların əleyhinə olması, bəla və müsibətlərə səbirlə sinə gərməsi kimi, onun halal ruzi üçün qeyrət göstərməsi də “mənfi (bilvasitə) ibadət”sayılır. Bu məsələni Cənabi-Allahın aşağıdakı qövli-kərimi ilə də əlaqələndirmək olar. إِلَيْهِ يَصْعَدُ الْكَلِمُ الطَّيِّبُ وَالْعَمَلُ الصَّالِحُ يَرْفَعُهُ “Ən pak və ən gözəl sözlər Ona yüksələr. Onu da yüksəldən saleh əməldir” (“Fatir” surəsi, 35\10). Burada bildirilir ki, həmd, təsbih, təkbir və salavat kimi mübarək kəlmələr yalnız saleh əməl vasitəsilə Cənabi-Allaha yüksəlir. Demək, istər namaz, zəkat, oruc kimi bilavasitə, istərsə də haramalarla araya məsafə qoyma və bu məsələdə cidd-cəhd göstərmə kimi bilvasitə ibadət olsun − hər iki ibadət Allaha yüksələn pak kəlmələrin qol-qanadı sayılır. Odur ki, bu məsələyə ciddi baxılmalı, halal-harama həssas yanaşılmalıdır.

Bəli, halal qidanı haramdan ayırmaq, təmizlə murdarı qarışdırmamaq və bu məsələyə son dərəcədə həssas yanaşmaq insana ibadət savabı qazandırır. Məsələn, qəbul edilən dərmanın tərkibinə baxmaq, marketdən alınan bir qidanın tərkibində haram bir maddənin olub-olmadığını araşdırmaq, qəssabdan alınan ətin İslami qaydalara görə kəsilib-kəsilmədiyinə diqqət etmək və halal zəhmətlə qazanmağa əhəmiyyət vermək insanı mənən tərəqqi etdirir. Əksinə insanların bu məsələdə iradəsini ortaya qoymaması, diqqətsizlik və etinasızlıq göstərməsi onların mənəvi həyatını korşaldır, qəlbə aid incə, lətif hislərini öldürür və mənən süqut etməsinə gətirib çıxarır.

“Maidə” surəsində keçən سَمَّاعُونَ لِلْكَذِبِ أَكَّالُونَ لِلسُّحْتِ Onlar yalana qulaq asanlar və haram yeyənlərdir” (“Maidə” surəsi, 5\42) ayəsi haram yeməyi bir qövmün ən çirkin halı kimi təsvir etmişdir. Bəzi hədislərdə buyurulur ki, ayədə “süht” sözü ilə ifadə edilən haram ruzinin insanın damarlarında gəzdiyi müddətdə onun ibadəti və duası qəbul olunmaz. Məsələn, Allah Rəsulunun (sallallahu aleyhi vəsəlləm) bir hədisində bu məsələyə xüsusi diqqət çəkilir: “مَنْ أَكَلَ لُقْمَةً مِنْ حَرَامٍ لَمْ يُقْبَلْ لَهُ صَلَاةٌ أَرْبَعِينَ لَيلَةً وَلَمْ يُسْتَجَبْ لَهُ دَعْوَةٌ أَرْبَعِينَ صَبَاحًا وَكُلُّ لَحْمٍ يُنْبِتُهُ الْحَرَامُ فَالنَّارُ أَوْلَى بِهِ وَإِنَّ اللُّقْمَةَ الْوَاحِدَةَ مِنَ الْحَرَامِ لَتُنْبِتُ اللَّحْمَ Kim haram tikə yesə, qırx gecə namazı, qırx səhər də duası qəbul edilməz. Haramla böyüyən ətə ən layiq yer cəhənnəmdir. Yaxşı bilin ki, bir tikə haram belə əti (vücud) bəsləyib böyüdür” (Süyuti, “Camiül-əhadis”, 20\55; Əli əl-Müttəqi, “Kənzül-ümmal”, 4\15)

Haram tikənin acı aqibəti

Tirmizinin Əbu Hüreyrədən rəvayət etdiyi hədislərin birində haramın “nəticəsi” belə izah edilmişdir: Allah Rəsulu (sallallahu aleyhi vəsəlləm) uzun yoldan gələn, üst-başı toz-torpaq içində qalan, saçı-başı dağınıq vəziyyətdə əllərini açıb: “Ya Rəbbim! Ya Rəbbim!” deyə dua edən bir nəfərdən söhbət açdı və buyurdu: “وَمَطْعَمُهُ حَرَامٌ وَمَشْرَبُهُ حَرَامٌ وَمَلْبَسُهُ حَرَامٌ وَغُذِّيَ بِالْحَرَامِ فَأَنَّى يُسْتَجَابُ لِذَلِكَ Bu yol adamının yediyi haram, içdiyi haram, geydiyi haramdır – (nəticə etibarilə) haramla bəslənir. Belə bir insanın duasına necə cavabsız qalmasın!” (Müslim, “Zəkat” 65; Tirmizi, “Təfsir” 3)

Başqa bir hədisdə isə halal və təmiz qazancla həcc ibadətini yerinə yetirən adamın “لَبَّيْكَ اللَّهُمَّ لَبَّيْكَ “Əmr et, ya Rəbbi, buyur, ya Rəbbi!.. Çağırdın, biz də gəlmişik, ya Rəbbi!..” şəklindəki sədasına səmadan bir carçının “لَبَّيْكَ وَسَعْدَيْكَ زَادُكَ حَلَالٌ وَرَاحِلَتُكَ حَلَالٌ وَحَجُّكَ مَبْرُورٌ غَيْرُ مَأْزُور Xoş gəlmisən, ey xoşbəxt insan! Sənin yediklərin halal, miniyin halal, dolayısilə həccin də məqbuldur” nidası ilə cavab verəcəyi, murdar və haram qazancla həccə gedən, لَبَّيْكَ deyə car çəkən adamın da nidasına bir başqa carçının “لَا لَبَّيْكَ وَلَا سَعْدَيْكَ زَادُكَ حَرَامٌ وَنَفَقَتُكَ حَرَامٌ وَحَجُّكَ غَيْرُ مَبْرُور “Ləbbeyk”in də, “Sadəyk”in də sənin olsun. Sən nə xoş gəlmisən, nə də səfa gətirmisən! Yediyin haram, qazancın haramdır və buna görə də həccin məqbul deyildir” sözləri ilə qarşılayacağı buyurulmuşdur. (Təbərani, “Əl-mücəmül-övsat”, 5\251)

Bəli, yediyi haram, içdiyi haram, geyimi haram, miniyi haram olan bir insanın duası və həcci heç qəbul olunarmı?! Boğazına qədər haram içində üzən bir adam “Rəbbim! Sənin əmrinlə gəlmişəm. Əmrinə müntəzirəm. Mərhəmətini və əfvini diləyirəm. Lütf və kərəmini istəyirəm” sözlərini necə dilinə gətirir. Fərz edək ki, dilə gətirdi, bu sözlərini yırtıq əsgi kimi üzünə çırpmazlarmı?! Məhz buna görə ibadətlərin Allaha yüksəlməsi üçün halallığın və halal ruzi ilə yaşamağın əhəmiyyəti böyükdür. Sualda keçən: “يَا أَيُّهَا الرُّسُلُ كُلُوا مِنَ الطَّيِّبَاتِ وَاعْمَلُوا صَالِحًا إِنِّي بِمَا تَعْمَلُونَ عَلِيمٌ “Ey peyğəmbərlər! Halal və təmiz nemətlərdən yeyin-için və saleh əməl işləyin! Mən, həqiqətən, sizin nə etdiyinizi bilirəm!” (“Muminun” surəsi, 23\51) ayəsi də bu məsələyə işarə edir. Yəni insanın halal ruzi ilə qidalanması ibadətinin qəbul olunmasına ciddi təsiri var.

Bir məsələyə də toxunmaqda fayda var. Qurani-Kərim bir çox ayədə halal və təmiz qidalar yeməyi əmr etmişdir. Bu, insanın halalı axtarıb-araşdırmada ortaya qoyduğu cəhddən asılıdır. Haram harama, savab da savaba qapı açır. Çünki hər bir şey öz oxşarını özünə çəkir ki, ona bənzəsin, eyni xüsusiyyətə yiyələnsin və ona dost olsun. İnsan təbiətcə belə olduğu kimi, onun davranışları da, əməlləri də, hərəkətləri də öz oxşarına meyl edir. Bir ayədə də işarə edildiyi kimi, təbiətcə murdar insanlar murdar şeylərə, pak insanlar da pak şeylərə meyil edir (“Nur” surəsi, 24\26). Başqa sözlə, təmizlik, gözəllik, təyyibat (ümumiyyətlə bütün gözəl sözlər, mənalar, surətlər) gözəlliklərə səsləniş, pisliklər, lövsiyat (murdarlıq) və xəbasət (xəbis şeylər) isə murdar şeylərə çağırışdır. Bu baxımdan ilk öncə halalla haramı yaxşı ayırd eləmək lazımdır.

Haramın kütləvi hal alması bahanə deyil

Təəssüf ki, müasir dövrdə ümumiyyətlə halal-haram bir-birinə qarışmış, insanların bu məsələyə həssaslığı zəifləmişdir. Ancaq insan bilməlidir ki, kiminsə bu məsələyə etinasızlığı ona heç bir fayda gətirməyəcək. Həzrəti Pirin dediyi kimi, “”Hamı belə yaşayır” deyib təsəlli tapmaq qəbrin o üzündə heç bir fayda verməz” (On dördüncü söz). Bu baxımdan xalqın haram yeməsi, harama baxması, haram danışması, el-aləmin lüzumsuz söhbətlərlə vaxt keçirməsi insana zahirən təsəlli kimi görünsə də, axirətdə bunun heç bir faydası olmayacaq. Başqalarının müsibətinə, yəni dolayısilə günahına şərik olmaq axirətdə insanın müsibətini yüngülləşdirməyəcək. O halda mömin yediyi hər loğmanın hardan gəldiyinə diqqət etməli, haraya gedəcəyini yaddan çıxarmamalı və gələcəkdə başına nə iş açağını ölçüb-biçməlidir.

Unutmayaq ki, bu məsələdə göstərilən diqqətsizlik və etinasızlıq axirətdə insanın başını çox bəlalar gətirər. Orada insandan arpanın yeddidə birinin belə, hesabı soruşulacaq. Biz arpanın yeddidə biri desək də, Qurani-Kərim: “فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onun mükafatını alacaqdır. Kim də zərrə qədər pis iş görmüşdürsə, onun cəzasını çəkəcəkdir” sözləri ilə zərrə (atom) çəkisi qədər bir şeyə görə də hesaba çəkiləcəyimizi bildirir. Demək, atom qədər bir xeyirxah iş görən onun mükafatını alacaq, atom qədər şər əməl işləyən də cəzasını çəkəcək. Bəli, ağızdan çıxan sözlərin, mədəyə gedən tikənin, qulağa girən sözlərin, gözə ilişən mənzərələrin və s. hər şeyin hesabı axirətdə veriləcəkdir. İnsan dünyada təmkinli olub həssas ömür yaşamasa, axirətdə çox incə məsələlərə görə hesaba çəkilər və Allah qorusun, orada nəfəsini kəsərlər. O halda bu məsələdə həssaslığını itirənlər yeyib-içdiklərini, qazanıb xərclədiklərini təkrar gözdən keçirməli və bir daha özlərini hesaba çəkməlidirlər.

Yekun olaraq qeyd edim ki, bir-iki etinasız insanın qeyri-ciddi hərəkətlərinə baxaraq məsələyə bədbin bir don geyindirməyə də ehtiyac yoxdur. Xüsusilə, başda görünən insanlar bu məsələdə son dərəcədə həssas olsalar və bu anlayış üzrə yaşasalar, bu şüur və həssaslıq dalğa-dalğa ətrafa yayılacaq və tədricən bütün cəmiyyətə sirayət edəcəkdir. Əsas odur ki, biz zahiri müsəlmanıqdan uzaqlaşaraq, düşünərək, təfəkkür edərək, əngin dərinliyə baş vuraraq, ağı qaradan, halalı haramdan, gözəli çirkindən ayırmaqda əzmkar, məqsədli və qətiyyətli olaq!

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.