İdarəçilikdə Ciddilik və Şəfqət

Sual: Yumşaq və həlim idarəçi ilə insanlar yaxşı yola gedir, lakin işdə nizam-intizam pozulur; sərt idarəçi olanda isə işçilər işə daha ciddi yanaşsalar da, rəhbərlə uyğunlaşa, onu sevə bilmir, ruh düşkünlüyü meydana gəlir. İdeal idarəçi necə olmalıdır?

Cavab: İdarəçilik (rəhbərlik) məbdədə ana-atada başlayan, ailə üzvləri ilə münasibətlərdə davam edən və həyatın hər addımında rastlaşdığımız bir vəzifə və məsuliyyətdir. Buna görə, məktəbdə müdir, sinifdə müəllim, hərbidə komandir, fabrikdə işə götürən idarəçi olduğu kimi, bir insana görə məsuliyyət daşıyan da idarəçidir. Lakin göründüyü kimi, idarəçilik (rəhbərlik) üstəlik də adil rəhbərlik asan iş deyil; olduqca çətindir, çətin olduğuna görə də əsl rəhbər kimi çox az adam uğur qazanır.

“İşkolik” yoxsa, işin abidəvi şəxsiyyəti?

İdeal idarəçilikdə (rəhbərlik) ciddi iş əxlaqı və nizam-intizam, əlbəttə ki, çox vacibdir. Lakin kamil rəhbərlik üçün bu xüsusiyyətlər kafi deyil. Məsələn, idarəçi mövqeyində elə insanlar var ki, həyatını işinə həsr edib, ciddi nizam-intizamla işləyir; belə insanlar iyirmi saat işləsə də, evində də işi ilə bağlı planlar qurur. Ancaq bəzən belə insanlar “işkolik-işə düşkün” hesab edilirlər, hətta bundan narazı olanlar olur və belə insanlar tədricən getdikləri yolda tək qalırlar. Halbuki ülvi məfkurə yolunda çalışıb-çabalayan insanın işinə bağlı, düşkün olması, hətta işin dəlisinə çevrilməsi mənfi hal deyildir. Bəli, vəzifəsini layiqincə yerinə yetirmək üçün gecə-gündüz işləyən, özünü işində itirən, cavabdeh olduğu işdə problem çıxmaması üçün var-gücü ilə çalışan insanlar "işkolik" deyil, əksinə peşəsinin ustası, işinin abidəvi şəxsiyyətidir.

Üstəlik rahat yaşamağa düşkünlüyün və tənbəlliyin artdığı belə bir dövrdə kaş hər kəs ciddi iş əxlaqına sahib olaydı; ana-atanın, ailənin, daha doğrusu, üstündə haqqı olanların haqq-hüququna riayət edərək işinə həssaslıqla, ciddiyyətlə yanaydı. Buna (bir az əvvəl də ifadə etdiyim kimi) "işkolik" demək olmaz, əksinə bu, böyük insanlara xas ali əxlaq və təqdirəlayiq vəsfdir. Bu gözəl əxlaqlı insanlar işinə o qədər bağlıdır ki, dəstəmaz alanda da, istibrada da işi düşünürlər. Hətta ayaq yolunda -bu kimi mülahizələr xoş qarşılanmasa da- boş dayanmayıb işlə bağlı plan cızırlar. İnsan işinin (üstəlik bu iş uca və ali məfkurədirsə) dərdini çəkib onunla bütünləşirsə, daim işə aid problemlərin həlli ilə məşğul olur. Belə insana "kolik"i bir tərəfə atıb iş əxlaqı ilə sərəfraz, işi ilə bütünləşmiş, iş qəhrəmanı demək və "Nə gözəl xislətdir, bu nə mübəccəl halətdir!" deyib alqışlamaq lazımdır.

İnandırma və dərd ortağı

Lakin həqiqi lider təkbaşına yol gedən insan deyildir. O, birgə olduğu insanlarla (onların güc-qüvvəsinə, istedad və qabiliyyətinə görə) məsafə qət edən, ali və uca hədəf göstərib onları bu hədəfə sövq edən, onları bir ideal istiqamətində arxasınca aparan insandır. Bu da idarəçinin insanları məntiqlə razı salması, qəlbinə girməsi, məramını çatdırması və onları gördükləri işin əhəmiyyətinə inandırmasından asılıdır. Bəli, həqiqi lider qəlbində daşıdığı iztirabı rəhbərlik etdiyi insanların ruhuna duyurar, dimağına aşılar və dərdinin alovundan bir neçə qor da onların köksünə atar və dərd etdiyi məsələləri aləmin dərdinə çevirər. Məsələn, o: "Allah bizə bu qədər imkan verib. Bizə belə gözəl bir iş verib. Elə isə biz də bu imkanın qədrini-qiymətini bilməli, var-gücümüzlə səmərəli şəkildə çalışmalıyıq. Əgər biz bunun qiymətini bilməsək, Allah bunun hesabını soruşmaz? Bu günaha necə cavab verəcəyik?" deyə insanları şüurlandırmalı, razı salıb inandırmalıdır. Bir dəfə deməklə insanlar razı olmaya, qəlbən, əqlən qane olmaya bilər. Buna görə bu məsələ uyğun üslubla təkrar-təkrar ifadə edilməlidir. Əgər rəhbər mövqeyində olan adamın bu məsələləri dilə gətirməsi əks-reaksiyaya səbəb olacaqsa, o, başqa birini tapıb bu mühüm mövzuları onun vasitəsilə çatdırmalıdır. Yeri gəlsə, bu mövzuda bir neçə seminar, konfrans təşkil edilməli, məsələnin əhəmiyyəti insanlara izah edilməlidir. Əksinə boyunduruğu tək başına rəhbər çəkir, digərləri tərpənmirsə, gün gələr işin xatirinə bütün yükü özü daşımaq məcburiyyətində qalar, bu da nəticə olaraq bütün işlərin dayanmasına gətirib çıxarar. Buna görə də lider getdiyi yolda insaları yürüməyə razı salmalı, onlara marafonçuluq duyğu və düşüncəsini aşılamalı və beləliklə, müştərək səylərlə işlərin uzun ömürlü olmasını təmin etməlidir.

Rəhbər bunu həyata keçirmək üçün birgə işlədiyi insanların düşüncələrinə əhəmiyyət verməli, fikirlərinə hörmət göstərməli və fəaliyyətlərini xoşgörü ilə qarşılayıb təqdir etməli, onları həyəcanlandırıb həvəsləndirməlidir. Məsələn, işdə istədiyi nəticəni əldə etməsə də, "Yoldaşlar! Göstərdiyiniz səy və cəhdlərə görə sizə təşəkkür edirəm. Düzdü, görüləsi işlər filan idi, amma sizin gördüyünüzü də alqışlamamaq qeyri-mümkündür" deyə nöqsanlar zamanı müsbət rəftar etməyi bacarmalıdır. Beləcə o insanların hörmətsizliyinə və əks-reaksiyasına tuş gəlməz və hörmətinə xələl gətirməz. Çünki idarəçi rəhbər birgə işlədiyi insanları günahlandırsa, onların ittiham etmə hissini hərəkətə gətirmiş, onları özündən uzaqlaşdırmış, hətta özündən qoparmış olar.

Ana-atadan daha böyük şəfqət

Həqiqi idarəçi zahirən bir-birinə zidd görünən xüsusiyyətləri tarazlı şəkildə özündə cəmləyən müvazinət qəhrəmanıdır. O, ciddiyyət, nizam-intizamla yanaşı, insanlara sevgi bəslər, şəfqət göstərər. Yəni bir tərəfdən mövqeyinin tələb etdiyi təmkin və ciddiyyəti qoruyub saxlayar, rəhbərlik etdiyi insanlarla təmkin və ciddiyyətinə xələl gətirəcək dərəcədə yaxın olmaz, laübalilik etməz. Digər tərəfdən də şəfqət mələyitək bütün dərd və sıxıntılarını bölüşər və onların üstündə tir-tir əsər. Məsələn, bir işçisinin işə gələndə üzgün olduğunu hiss etsə, ana-atadan daha böyük şəfqətlə dərhal yanına gedib həyat yoldaşı, uşaqları, ya da başqa biri ilə problemi olub-olmadığını və ya borcu, çətinliyi olub-olmadığını öyrənməyə çalışar. Ana-atanın belə göstərmədiyi qayğı ilə onun problemlərini həll etməyə çalışar, səmimiyyətini ortaya qoyar və alternativ çözüm yolları axtarar. Və bunu hər dəfə, hər dərd və sıxıntıda yerinə yetiriləsi bir vəzifə sayar.

Misalları çoxalda bilərsiniz. Məsələn, müəllimsinizsə, şagirdlərinizlə məsafəli davranır, təmkin və ciddiyyətinizə xələl gətirəcək oyun və əyləncələrdə iştirak etmirsiniz. Çünki şagirdləri ilə oyun oynayıb qeyri-ciddiləşən, bir mənada uşaqlaşan müəllimin ciddiyyətini qoruması, qoruyub onlara sözünü keçirməsi çox çətindir. Lakin birinin dərdi olanda dərhal siyanət mələyitək yanına gedib ona qol-qanad olursunuz. Kədərli bir şagird görən kimi başını oxşayır, səmimiyyət göstərirsiniz və o qədər yaxın, məhrəm olursunuz ki, ana-atasına belə aça bilmədiyi dərdi sizə açır, sizi sirdaş və dərd ortağı bilirlər. Hansı sahədə olur-olsun, bir idarəçi bu iki məsələ arasında tarazlığı qoruya, onlara paralel riayət edə bildiyi qədər idarəçilikdə uğur qazanar. Yoxsa məsələ yalnız ciddiyyət və sərtliyə qalsa, ciddiyyətinizi kobudluq sayar, gördüyünüz işlərdən başqa mənalar çıxarar, adını "işkolik"lik qoyarlar və siz etibarınızı itirərsiniz, artıq siz sözükeçməz idarəçiyə çevrilərsiniz. Hətta var-güclə çalışıb-çabalasanız belə gördüyünüz işlərə mənfi nəzərlə baxarlar.

Həmçinin insan bu iki məsələdə tarazlığı qoruya bilməyib səhv etsə, səhvini davam etdirməməlidir və dərhal düzəltməyə çalışmalıdır. Deyək ki, siz səhvən haqsız yerə bir şagirdinizi tənbeh etdiniz, üstüörtülü şəkildə xəbərdar etmək mümkün ikən, sərt üslubla qəlbini qırdınız. Belə hallarda ilk fürsətdə onu bir kənara çəkib pul kisəsinin ağzını açmalı, ona cibxərcliyi verərək könlünü almağa çalışmalı: "Haqqını halal et. Əgər haqqını halal etməsən, səni buraxmaram, buraxa bilmərəm!" deməyi bacarmalısınız. Beləcə, xətanı dərhal düzəldər, qırılmış qəlbi sağaldar və münasibətiniz əvvəlki məcrasına qayıdar. Bəli, bizim yolumuzun, məsləyimizin əvəzolunmaz əsası şəfqətdir. Nizam-intizamla yanaşı şəfqət, iş əxlaqı ilə yanaşı şəfqət, şəfqət, şəfqət, şəfqət…

Baxın İnsanlığın İftixarının həyatına! O Şəfqət Peyğəmbəri (sallallahu əleyhi və səlləm) sözünü ümumi demiş, heç kəsi birbaşa tənbeh etməmişdir. Kim təhqir edilsə, dərhal onu müdafiə edərmiş. Məsələn, bir gün yenicə müsəlman olan bir nəfər Peyğəmbərimizin yanına gələrək Ondan kömək istəmişdi. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) ona istədiyini vermişdi. Lakin o, buna razı olmayıb narazlığını bildirmişdi. Bunu görən bəzi səhabələr etdiyi hörmətsizliyə görə onu cəzalandırmaq istəmişdilər. Lakin aləmlərə rəhmət Uca Nəbi onlara mane olmuş və istədiyini verərək həmin şəxsi razı salmışdı. Sonra da səhabələrə üz tutub belə buyurmuşdu: "Bir nəfərin dəvəsi götürülüb qaçır, insanlar o dəvəni tutmağa çalışır. Lakin hürkmüş dəvə daha da möhkəm qaçmağa başlayır. Dəvə sahibi əlində bir tutam otla gəlib: “Dəvəmlə arama girməyin!” deyir. Sonra da yavaş-yavaş dəvəsinə yaxınlaşır, yüyənini boynuna keçirir və tutub aparır" Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bu misalı verdikdən sonra səhabələrinə: "Əgər o adamı mənə həvalə etməsəydiniz, siz də onu qaçırmış və oda atmış olardınız. Ümmətimlə arama girməyin, səhabələrimi mənə həvalə edin!" buyurmuşdur. (Kadı İyaz, Şifa-i Şerif, 1/124-125)

Bu baxımdan "nizam-intizamlı olmalıyıq, nizam-intizamlı olub insanları yola gətirməliyik" deyib kobudluq və tündxasiyyətlik etsək, onları özümüzdən uzaqlaşdırarıq. Bunun əksinə ciddiyyəti qorumaqla səmimi sevgi və əngin şəfqətlə insanlara qucaq açmalı, onlara qol-qanad olmalıyıq. Belə ki, insanlar gözünü bizə dikməli, ana-atadan gözlədiklərini bizdən gözləməlidirlər.

Xülasə, bizim tərbiyə anlayışımızda bir tərəfdən mütləq nizam-intizam olmalı, ciddiyyət tərəddüdsüz qorunmalı, digər tərəfdən də əngin şəfqət olmalıdır. Bu iki əsas paralel və bərabər şəkildə qorunarsa, ideal idarəçilik ortaya çıxar. Çünki təvəccöh təvəccöhü doğurur. Bu ilahi bir əxlaqdır. Cənabi-Haqq: فَاذْكُرُونِي أَذْكُرْكُمْ “Siz Məni yad edin ki, Mən də sizi yad edim! " (“Bəqərə” surəsi, 2/152) buyurur. Bu baxımdan biz də rəhbərlik etdiyimiz insanlara qucaq açsaq, onları bağrımıza bassaq, şəfqət və rə'fətlə (Əsirgəmə) qucaqlasaq, onlar da arzuladığımız sədaqəti göstərər və vəzifələrinin icrası üçün əllərindən gələni əsirgəməzlər.