İstiqamətdən ayrılmama və zülmə meyl etməmə

Fəthullah Gülən: İstiqamətdən ayrılmama və zülmə meyl etməmə

Sual: “Hud” surəsində istiqaməti əmr edən ayədən sonra gələn ilahi bəyanın zalımlara az da olsa meyl etməməyin zəruriliyini vurğulaması hansı hikmətlərlə bağlıdır?

Cavab: Sualda da keçdiyi kimi, Cənabi-Allah

فَاسْتَقِمْ كَمَا أُمِرْتَ
"Sənə əmr edildiyi kimi, düz (yolda) ol" (“Hud” surəsi, 11/112)

ayəsi ilə Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) timsalında müsəlmanları istiqamətə səsləyir. Dolayısilə bu ayəni "Ey möminlər! Sizə əmr edildiyi kimi, düz (yolda) olun" şəklində başa düşmək lazımdır.

Əmrlərin tək və cəmdə işlənməsinin hikməti

Bu ayə eyni zamanda Rəsuli-Əkrəmi (əleyhissalatu vəssalam) öyür, ucaldır. Sanki Cənabi-Allah qüdrət əli ilə Rəsuli-Əkrəmin uca əxlaqını oxşayıb ona "düz (yolda) ol" deyir. Bu, bir atanın yaxşı işlər görən övladına "Səni həmişə belə düz (yolda) görmək istəyirəm" deməsinə bənzəyir. Yoxsa Allah Rəsulu haqqında, haşa “bir əyriliyi vardı, bu ayə onu doğruluğa səsləyir” şəklində düşünmək qətiyyən doğru deyil. Qənaətimcə, bu ayənin nə ibarəsindən, nə işarəsindən, nə dəlalətindən, nə də iqtizasından belə bir məna çıxarılmamalıdır. Çünki Allah Rəsulunun duyğu, düşüncə və davranışları heç vaxt istiqamətdən ayrılmamışdır. Dolayısilə bu ayə Ona "Daim belə doğru yolda ol!" deyir.

İkinci şəxsin təkində işlənmiş istiqamət əmrindən sonra gələn

وَلَا تَطْغَوْا إِنَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
"İstiqamətdən ayrılıb həddi aşmayın. Şübhəsiz, Allah nə etdiklərinizi görür!"

məallı qadağa əmrinin ikinci şəxsin cəmində olması da, ehtimal ki, bu məsələyə işarə edir. Çünki bu və buna bənzər ayələrə diqqət yetirsək, "İstiqamətdən ayrılma!" əmrində olduğu kimi, müsbət hərəkətlərdə birbaşa Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) xitab edilir (II şəxsin təkində), amma "İfrata varmayın, həddi aşmayın" kimi qadağalarda isə feil ikinci şəxsin cəmində işlədilir. Beləliklə, ayədə ortaya qoyulan bu üslubla göstərilir ki, əsl müxatəb ümmətdir, Rəsulullaha ancaq ümmətə ən gözəl nümunə olduğuna görə xitab edilir.

Üstəlik, istiqamət əmr olunduqdan sonra ifratdan çəkindirmə ayəsinin gəlməsində incə bir məqam var: istiqamətini itirən insan yavaş-yavaş ifrat və zəlalətə sürüklənir. Dolayısilə “imtahan yurdu”nda olan insan oğlu bir tərəfdən istiqamətə çağırılmalı, digər tərəfdən də "zinhar həddini aşma!" xəbərdarlığı ilə yoldan azmaqdan çəkindirilməlidir.

Zülümdən uzaq ol

Sualda qeyd olunduğu kimi

وَلَا تَرْكَنُوا إِلَى الَّذِينَ ظَلَمُوا فَتَمَسَّكُمُ النَّارُ وَمَا لَكُمْ مِنْ دُونِ اللَّهِ مِنْ أَوْلِيَاءَ ثُمَّ لَا تُنْصَرُونَ
"Zülm edənlərə azca da olsa meyl etməyin, yoxsa sizə atəş toxunar. Sizin Allahdan başqa dostunuz, himayədarınız yoxdur. Sonra Ondan da kömək görməzsiniz!" (“Hud” surəsi, 11/113)

məallı növbəti ayə müsəlmanlara azca da olsa zalımlara meyil etməməyi əmr edərək zalımların yanında olmağı da qadağan edir. Çünki zülmə və zülmü edənlərə az da olsa meyil edən insan fərqinə varmadan yavaş-yavaş onların düşdüyü çirkaba yuvarlana bilər ki, bu da bir mənada istiqamətdən ayrılmaq deməkdir.

Əslində Qurani-Kərimdə zülm məsələsinə çox geniş yer verilmişdir. Məsələn, bu söz kafir və münafiqlərin haqsızlığını və azğınlığını ifadə etmək üçün işləndiyi kimi, bəzi müsəlmanların xətalarını bildirmək üçün də istifadə edilmişdir. Belə ki, bir ayədə buyurulur:

الَّذِينَ آَمَنُوا وَلَمْ يَلْبِسُوا إِيمَانَهُمْ بِظُلْمٍ أُولَئِكَ لَهُمُ الْأَمْنُ وَهُمْ مُهْتَدُونَ
"İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadır. Haqq yola yönəlmişlər də onlardır!" (“Ənam” surəsi, 6/82)

Bu ayə nazil olanda səhabeyi-kiram təşvişə düşür, qorxudan ürəkləri ağızlarına gəlir. Bunu görən Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) “Loğman” surəsində keçən

إِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ
"Şübhəsiz şirk, böyük bir zülmdür" (“Loğman” surəsi, 31/13)

ayəsi ilə onlara təsəlli verir və yuxarıdakı ayədə keçən zülmlə şirkin nəzərdə tutulduğunu açıqlayır.

Bu baxımdan; Allahın qoyduğu qadağaları pozmaq, əmrlərinə laqeyd yanaşmaq, insanlara dini mükəlləfiyyətləri yerinə yetirməyə mane olmaq, fitnə-fəsad törətmək zülm olduğu kimi, haqq və həqiqətə əhəmiyyət verməmək, düşmənçilik və paxıllıq hissi ilə müsəlmanları dincliyini əlindən almaq, "haqq-ədalət" deyə car çəkib riayət etməmək, xalqın hüququnu tapdalamaq, vəzifəyə keçib insanların haqqını yemək və bunu haqq saymaq, millətin malını yağmalamaq kimi əməllər də zülm kateqoriyasına daxildir. Sualda keçən ayə məhz bu zülmlərin hər birindən uzaq olmağı əmr edir, üstəlik bu əməlləri işləyənlərə meyl göstərməyi də yasaqlayır.

Burada mühüm bir məqama da diqqət etmək lazımdır: zülm təkcə açıq-aşkar edilən haqsızlıq və azğınlıq deyildir. Dolayısilə unutmayaq ki, məsələn, bir idarəçinin yaxınlarını (qohum-əqrəbalarını), tərəfdarlarını, özü kimi düşünən insanları layiq olmadığı vəzifəyə çəkməsi, himayə etməsi zülm olduğu kimi, xalqın bir arpa qədər belə olsa malını yemək də zülmdür. Ayədə nə səviyyədə olursa-olsun, zülmkara meyl etmək atəşin insana toxunması üçün haqlı bir səbəb kimi göstərilir. Başqa sözlə desək, zülmə göz yumaraq zalımlarla birlikdə oturub-durmaq, onlara qibtə eləmək, onların yerində olmağı arzulamaq və s. də "meyl etmə" çərçivəsinə daxildir. Belə ki, “Ənam” surəsində buyurulur:

وَإِذَا رَأَيْتَ الَّذِينَ يَخُوضُونَ فِي آَيَاتِنَا فَأَعْرِضْ عَنْهُمْ حَتَّى يَخُوضُوا فِي حَدِيثٍ غَيْرِهِ
"Ayələrimizə istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevirib uzaq dur!" (“Ənam” surəsi, 6/68).

Yəni Qurani-Kərim mədh-sənaya layiq dəyərləri nalayiq sözlərlə məsxərəyə qoyub zülm edən insanların yanından uzaqlaşmağı əmr edir.

Bəli, Cənabi-Allah bir tərəfdən önümüzə istiqamət kimi bir hədəf qoyur, müsəlmanları yoldan azmaqdan çəkindirir, digər tərəfdən də zülmə və haqsızlığa meyl etməyi yasaqlayır. Əslində niyyət, yaşayış, söz, rəftar və davranışında istiqamətdən ayrılmayan bir insan zülmü də, haqsızlığı da qəbul etməyəcək. Belə ki, hər cür zülmdən uzaq durub istiqamətə sadiq qalmağın mükafatını açıqlayan bir ayədə buyurulur:

إِنَّ الَّذِينَ قَالُوا رَبُّنَا اللَّهُ ثُمَّ اسْتَقَامُوا تَتَنَزَّلُ عَلَيْهِمُ الْمَلَائِكَةُ أَلَّا تَخَافُوا وَلَا تَحْزَنُوا وَأَبْشِرُوا بِالْجَنَّةِ الَّتِي كُنْتُمْ تُوعَدُونَ
"Şübhəsiz: “Rəbbimiz Allahdır!” – deyən, sonra da istiqamətə sadiq olan kəslərə mələklər enib (belə deyəcəklər): “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!" (“Fussilət” surəsi, 41 / 30)

Sual: İnsan niyə zalımlara meyl edir?

Cavab: Zülmə və zalımlara meylin müxtəlif səbəbləri var. Bəzən insan qorxudan zülmə qarşı çıxmayıb zalımları alqışlayır. Bəşər tarixi boyu "vəzifəmi, məqamımı, mövqeyimi əldən verərəm" qorxusu ilə zülmü alqışlayıb zalımlara “əhsən” deyən o qədər bədbəxt insan var ki... Gələcəkdə də mövqeyini qorumaq və ondan faydalanmaq məqsədilə zalımları təqdir edən o qədər insan çıxacaq ki... Bəli, vəzifəpərəstlik virusu zülmə baş əydirir. Alqışlanma arzusu, rahat həyata düşkünlük, ifrat həyat eşqi və ailəyə həddən artıq bağlılıq kimi xüsuslar də zalıma meyil səbəblərindəndir. Uşaqlarının, nəvələrinin, nəvələrinin nəvələrinin dərdini çəkən, dağ başında, dəniz sahilində villalar tikdirib qışda bir yerdə, yazda başqa bir yerdə gün keçirib həyatdan kam almaq istəyən insan da bu yolda bir çox zalıma əl açmaqdan yaxa qurtara bilməz. O, haqq yolda olduğunu zənn etsə də, əslində çox təhlükəli və “sürüşkən” bir yerdə addımlayır.

Bu mövzuda çox səbəb saymaq olar. Bunların hər biri, bir mənada, zülmə açılan bir qapı kimidir. İnsan bu qapılardan hansını açır-açsın, bir də baxacaq ki, zülmün qucağındadır. Bu səbəblə insan həm zülmdən, həm də zülmə aparan yollardan uzaq olmalıdır. Üsuli-fiqhin istilahı ilə desək, insan "səddi-zərai"yə riayət edib zülmə aparan vəzifəpərəstlik, alqış hərisliyi və qorxu kimi bütün zəif cəhətlərin qapılarını örtməli və bərk-bərk qıfıllamalıdır. Xəstəliklərə yoluxmamaq üçün xəstəliyin daşıyıcıları - viruslardan uzaq gəzdiyimiz kimi, bizi zülmə və zalıma meylə sürükləyən öldürücü viruslardan da uzaq olmaq ən təhlükəsiz yoldur. Əks halda insan bilmədən, fərqinə varmadan etdiyi zülm və haqsızlıq üzündən böyük məhrumiyyətlərlə üzləşər. Çünki Cənabi-Allah ayənin sonunda zalımlara meyl edən insanların Allahdan başqa himayədarı olmadığını və heç bir yardım da görməyəcəyini bildirir. Çünki onlar Allahla əlaqəsi kəsilmiş insanlardır.

Yekun olaraq bir məsələni də çatdırım: zalımlara meyli qadağan edən ayədən sonra

وَأَقِمِ الصَّلَاةَ طَرَفَيِ النَّهَارِ وَزُلَفًا مِنَ اللَّيْلِ إِنَّ الْحَسَنَاتِ يُذْهِبْنَ السَّيِّئَاتِ ذَلِكَ ذِكْرَى لِلذَّاكِرِينَ
"Namazı gündüzün iki başında və gecənin bəzi saatlarında qıl. Həqiqətən, yaxşı əməllər pis işləri yuyub aparar. Bu, (Allahı) yada salanlara öyüd-nəsihətdir (xatırlatmadır)." (“Hud” surəsi, 11/114)

bəyanı ilə namazın əmr olunması olduqca mənalıdır. Məsələyə ayələrarası əlaqə nöqteyi-nəzərdən baxanda belə aydın olur ki, insan formal və nəzəri müsəlmanlığı atıb namazı daxili və xarici rüknlərinə riayət edərək layiqincə qılsa, zülmə və zalımlara meyl etməkdən özünü qorumuş olacaq.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.