Kasıblıqmı, zənginlikmi?

Sual: Kasıblıq və zənginliyi nemət-nikmət nöqteyi-nəzərindən necə dəyərləndirməliyik?­

Qənaətimcə, kasıblığı, zənginliyi mütləq mənada nemət və ya nikmət şəklində dəyərləndirmək doğru deyil. Çünki tarixdə bir çox kasıb saleh insan olduğu kimi, həyatını Allah yoluna həsr etmiş bir çox zəngin "Allah adamı" var. Dolayısilə, yerinə görə kasıblıq, yerinə görə də zənginlik xeyirli ola bilər... əksinə hər ikisi də həm nemət, həm də nikmət[1] ola bilər.

İradi kasıblıq

Rəsuli-Əkrəm (sallallahu əleyhi vəsəlləm) kasıb həyat yaşadı. Lakin Oun kasıblığı iztirari[2] kasıblıqdan çox iradi kasıblıq idi. Bəli, O, kasıb həyat seçdi. İstəsəydi, dünyanın sərvəti xanəyi-səadətinə axardı. Lakin çox yaxşı bilirik ki, sərvət o bərəkətli xanəyə axdığı vaxtlarda belə O (sallallahu əleyhi vəsəlləm) həyatını heç dəyişdirmədi. Məsələn, Həzrəti Xədicə (radıyallahu anha) bütün sərvətini Allah Rəsuluna bağışlamış, O da bunları Allah yolunda sərf etmişdi. Belə ki, bir dəfə Həzrəti Ömərə: "İstəməzsənmi, ey Ömər, dünya onların, axirət də bizim olsun" buyurmuşdu. Peyğəmbərlərdən sonra ən fəzilətli insan Həzrəti Əbu Bəkirin (radıyallahu anh) Sunhdakı evi daxmanı andırırdı. O, uzun müddət qonum-qonşunun qoyunlarını sağaraq dolanışığını təmin edirdi. Həzrəti Ömər (radıyallahu anh) də eyni şəraitdə ömür sürdü. Xəlifəlik dövründə belə “maili-inhidam”[3] evdə yaşayırdı.

Digər tərəfdən “mütləq xeyir kasıblıqdır” desəniz, peyğəmbərlərdən böyük sərvəti olan Həzrəti Davud və Həzrəti Süleyman (ə.s.); əshabədən Həzrəti Osman və Həzrəti Abdurrahman ibn Afv (radıyallahu anhum əcmain) və övliyadan Şahı-Geylani (quddisə sirruh) kimi şəxsləri nəzərə almamış olarsınız. Həmçinin tarixdə çoxlu xeyirli iş görmüş, məscid, külliyyə[4], bədəstanlar[5] tikdirmiş Osmanlı sultanları və məsələn, comərd və fədakar xanımlardan Məkkədən Ərafata qədər su çəkdirən Harun Rəşidin yoldaşı Zübeydə Xatun... Bunun kimi fani şeyləri baqiləşdirən, biri minə çevirən, Haqqın lütf etdiyi imkanları qullarına sərf edən saysız-hesabsız insan vardır. Dolayısilə, bu qədər insanı və bu qədər gözəlliyi nəzərə almasaq, məsələyə düzgün yanaşmamış olarıq. Ancaq təəssüf ki, kasıblıq zənginlikdən xeyirlidir, mal-mülk insanı yoldan azdırır və s. kimi düşüncələr inananlar arasında geniş yayılmışdır. Halbuki dinə bir bütöv olaraq baxanda, əmr və qadağaları külli nəzərlə təhlil edəndə aydın görünür ki, sərvətdən imtina etmə, mütləq mənada kasıblığı seçmə düşüncəsi, anlayışı doğru deyildir.

"Bundan sonra Osmana (radıyallahu anh) etdikləri (əməlləri) zərər verməz"

İndi isə dediyimiz bu mücərrəd əsasları müşəxxəs[6] nümunələrlə izah etməyə çalışaq. Yuxarıda da ifadə etdiyimiz kimi Raşid Xəlifələrdən Həzrəti Osman (radıyallahu anh) çox imkanlı insan idi. O, eyni zamanda səmahət[7] və comərdlikdə qəhrəman idi. Belə ki, Həzrəti Osman ileyi-kəlimətullah uğrunda üç yüz, beş yüz dəvəni, üstəlik yükü ilə birlikdə verirdi. Bunu o dövrün imkanları ilə müqayisə etsək, bu gün üç yüz-beş yüz Mersedes markalı maşın deməkdir. Zənnimcə, bu dövrdə xeyirxah, səmahətli bir insan Həzrəti Osmanın (radıyallahu anh) Allah yolunda verdiyinin yüzdə birini versə, onu alqışa tutar, bu səxavətliliyini hər kəsə danışarıq. Ehtimal ki, o şəxs də rica (ümid) ilə "ümid edirəm ki, məni də səhabə ilə birlikdə Cənnətə qoyarlar" deyə düşünməyə başlayar. Bu mülahizəyə görə həmin şəxsə: "Haqqın yoxdur" da deyə bilməzsiniz, çünki Allahın mərhəməti çox genişdir. Ümid olunar ki, Həzrəti Osmanın yolunda gedən, onun comərdliyini nümunə götürən insanı Cənabi-Haqq Onunla birlikdə həşr edib Onunla birlikdə Cənnətlə sərəfraz edər. Budur Allah Rəsulunun üçüncü xəlifəsi Həzrəti Osman Allah yolunda göstərdiyi səmahət və bundan dolayı Peyğəmbərimizin (əleyhi əkməlüttəhaya): “Bundan sonra artıq Osmana etdikləri zərər verməz" müjdəsi... Bəli, var-dövləti və bu var-dövləti Haqqın yolunda sərf etməsi onu alayi-illiyyinə yüksəltmişdi. Deməli, sərvət Allah yolunda sərf edilərsə, insanı Cənnətə aparan nurlu bir hələzona çevrilər.

"Bu, o qulum üçün daha xeyirlidir"

Digər tərəfdən Qurani-Kərimin əks qütbdə göstərdiyi başqa bir nümunə də Qarundur. Cənabi-Haqq Həzrəti Musanın (əleyhissalam) qövmündən olan Qaruna elə xəzinələr bəxş etmişdi ki, açarlarını güclü-qüvvətli bir birlik belə çətinliklə daşıyırdı. Ancaq o, bu sərvəti öz bacarığı ilə qazandığını iddia edirdi. Allahın ona verdiyi lütf və ehsana şükür edib insanlara yaxşılıq etmək əvəzinə, yaxşılığın Həqiqi Sahibini unutmuş, özünü eqoizmin girdabına atmış və mal-mülklə lovğalanmağa, özü ilə fəxr etməyə, yolundan azmağa başlamışdı. Cənabi-Allah da buna müqabil onu bütün sərvəti ilə birlikdə yerlə-yeksan etmişdi. Beləcə Qarun ülül-əzm[8] peyğəmbərə yaxınlığa layiq ola bilməyib talesiz sərvət sahibi kimi tarix səhifələrində öz yerini almışdır.

Həzrəti Musa (əleyhissalam) dövründə baş verən aşağıdakı hadisə də mövzumuzla bağlı ibrətvericidir. Rəvayətlərə görə Həzrəti Musa dövründə övrət yerlərini qumla örtən çox kasıb bir adam vardı. Bir dəfə Həzrəti Musaya: "Ya Musa, Cənabi-Haqqa mənim halımı ərz edərsənmi?" dedi. Həzrəti Musa da onun bu xahişini qəbul etdi. Cənabi-Allah: "Bu, o qulum üçün daha xeyirlidir" buyurdu. Lakin Allah təkid və israr edən yoxsula mal-mülk verdi. Əvvəl bir qoyun aldı, sonra həmin qoyundan sürülər əmələ gəldi və sərvəti başdan aşmağa başladı. Lakin var-dövlət o yazığı qəflətə sürüklədi və yolundan azdırdı. Həmin şəxs hətta içki də içəməyə başlamışdı. Bir gün Həzrəti Musa (əleyhissalam) yoldan keçərkən bir dəstə insana rast gəldi. "Burada nə baş verir," deyə soruşanda: "Bir nəfərə cəza veirlir. Bu adam çox kasıb idi, sonra malı-mülkü oldu. Bu mal-mülk onu yolundan azdırdı. İçkiyə başladı, sonra da adam öldürdü. İndi isə cəzasını çəkir".

Bu iki misala əsasən məsələyə mücərrəd deyil, aqibət nöqteyi-nəzərindən baxmaq lazımdır. Bəli, bəzən insan mal-mülklə Həzrəti Osman və Abdürrahman ibn Avf kimi alayi-illiyyinə yüksələr, bəzən də, Allah qorusun, Qarun və yuxarıda keçən şəxs kimi əsfəli-safilinə yuvarlanar.

“Mənə Səni gərək Səni”

Cənabi-Allahın Qurani-Kərimdə buyurduğu:

رَبَّنَا آَتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الْآَخِرَةِ حَسَنَةً

"Ey Rəbbimiz! Bizə həm bu dünyada, həm də axirətdə gözəl nemətlər ver" (“Bəqərə” surəsi, 2/201) ayəsi ümumi bir duadır. Bu şəkildə həm dünya, həm də axirətin gözəlliklərini istəyənlər Allahın lütfü və kərəmi ilə, niyyət və fəaliyyətlərinin səmərəsini həm dünyada, həm də axirətdə görəcəklər. Dolayısilə, insan yalnız dünyasını deyil, eyni zamanda axirətini, hətta dünyanın fani və keçici axirətin isə əbədi və sonsuz olduğunu nəzərə alaraq dünyadan daha çox axirətini düşünməlidir. Bəli, o, hər iki aləmin də gözəlliklərini istəməli, dünyasını abad edərkən axirətini bərbad etməməlidir. Necə ki, Qurani-Kərim yalnız dünya arxasınca qaçanları:

رَبَّنَا آَتِنَا فِي الدُّنْيَا

"Ey Rəbbimiz! Bizə verəcəyini elə bu dünyada ver!" deyənləri xatırladır və:

وَمَا لَهُ فِي الْآَخِرَةِ مِنْ خَلَاقٍ

"Belə şəxslərin axirətdə heç bir payı yoxdur" (“Bəqərə” surəsi, 2/200) deyə yalnız dünyanı istəyənlərin acınacaqlı aqibətlərinə diqqət çəkir.

أَذْهَبْتُمْ طَيِّبَاتِكُمْ فِي حَيَاتِكُمُ الدُّنْيَا وَاسْتَمْتَعْتُمْ بِهَا

"Siz dünya həyatınızda pak nemətlərinizi sərf edib qurtardınız və onlardan zövq aldınız" (“Əhqaf” surəsi, 46/20). Bu, bir sözlə, ülvi qayələr üçün yaradılmış insanın süqutudur. Öz səviyyəsinin altına düşməkdir. Çünki yalnız dünyanı düşünüb ömrünü yemək-içməklə keçirmək digər məxluqata xasdır.

Bir daha təkrar edək, insan Allahın (cəllə cəlalühü) verdiyinə razı olmalı, Allahdan həmişə xeyirli olanı istəməli, daim: "Allahım, mənim üçün xeyirli olanı ver. Əgər mənə verəcəyin nemətlər ağlımı başımdan alacaqsa, istəmirəm, vermə. Qənaətlə, ölməyəcək qədər ruzi ilə yaşamağa razıyam. Mən Səndən yalnız Səni istə­yi­rəm. “Mənə Səni gərək, Səni” deməlidir.

"Allahım! Yoldaşlarımıza bol-bol ehsan elə!"

Buna görə insan əvvəla Allah Rəsulu olmaqla “infaq qəhrəman”larının həyatına baxaraq özünü tez-tez sorğuya, hesaba çəkməlidir. Məsələn, insan baxmalıdır ki, əlinə mal-mülk, sərvət gəldiyi kimi, qəlbində, könlündə heç iz buraxmadan Allah yoluna gedirmi. Əlində az olanda Allah yolunda verirsə, yəni əgər bu insanın bir pencəyi, bir paltosu var və bunu əynindən çıxarıb verirsə, maşını olsa, onu da Allahın izni ilə, verər. Hətta belə insan: "Əlimə hər gün bir milyon dollar gəlsə, mən də bu pullarla dünyanın hər yerində məktəblər açsam; orada işləyən təhsil könüllülərinin ala bilmədikləri təqaüdü versəm, hətta o bahadırların beş aylıq təqaüdünü birdən verə bilsəm" deyə düşünər. Əgər insan belə düşünür və öz-özü ilə apardığı sorğu-sualdan, Haqqın inayəti ilə, üzüağ çıxdığına inanırsa, bu insana mal-mülk, sərvət, inşaallah, zərər verməz. Bu qədər niyyəti əngin və qəlbi saf insanların kisəsinə qoy həmişə sərvət axsın. Fəqir (özünü nəzərdə tutur) əksər yoldaşlarımızın məhz bu dərəcədə üstün xarakterli, mərd və əhli səmahət olduqlarını düşünür, onlara çox dua edir və: "Allahım, həmin yoldaşlarımıza bol-bol ehsan elə. Çünki onlar Sənin lütfünü, ehsanını dünyanın hər yanına “ileyi-kəlimətullah” üçün sərf edirlər," deyirəm.

Lakin insan ərzurumluların dediyi kimi “gırgıt”dırsa, xəsislik edirsə, öz rifahını millətin, möminlərin rifahından üstün tutur, insanların haqq-hüququnu nəzərə almırsa, İslamiyyəti düşünmür və heç cür bu mənfi duyğulardan xilas ola bilmirsə, Allahdan mal-mülk, sərvət istəməməlidir. Mərd olmalı, özünə əmin olmadığını qəbul etməli və: "Allahım mənə verəcəyin gözəllik, lütf və ehsanlar məni Səndən uzaqlaşdıracaqsa, vermə, istəmirəm. Bu vaxta qədər aramıza girənləri də" deyə bilməlidir. Çünki qulluq bu dərəcədə səmimiyyət və sədaqət tələb edir.

Yamaqlı yorğan

Burada mövzu ilə bağlı Ustad Bədiüzzaman Həzrətlərindən və onun “əcz və fəqr” anlayışından da bəhs etmək yerinə düşər. Ustad Həzrətləri elmin və dinin izzətini qorumaq, iman xidmətinə xələl gətirməmə fikri ilə istiğna[9] ilə yaşamış və çox yoxsul ömür sürmüşdür. Bildiyiniz kimi mərhum Eşref Edib “Tarihçey-i Həyatkitabında Onun haqqında: "Ona bir kasa şorba, bir stəkan su, bir loğma çörək bəs edərdi. Paltarı çox sadə idi. Çox təmizkar idi. Dünya malından heç nəyi yox idi. Özü üçün deyil, cəmiyyət üçün yaşayırdı" deyir. Həzrəti Ustad özü də: "Dadına baxmağa icazə var, doymağa yox" deyərək dünyaya baxışını ortaya qoymuşdur. “Lahikalar”[10]a baxanda bunu açıq-aşkar görmək mümkündür.

Vehbi Vakkasoğlu bəydən onun cəmiyyət və bəşəriyyət uğrunda fədakarlıq anlayışından bəhs edən bir xatirə eşitmişdim. O, mərhum Nəcib Fazilin ziyarətində ikən ona Zübeyr Gündüzalp bəydən eşitdiyi bir xatirəni danışır. “Büyük Doğu” jurnalının müyyən çətinliklərlə üzləşdiyi, gah çap olunduğu, gah da olunmadığı vaxtlarda yenə maddi imkansızlıqdan jurnalın çapı dayandırılır. Bu jurnal o dövrdə böyük missiya daşıdığına görə Ustad Həzrətləri ona İslamın səsi-sədası kimir baxırdı. O dövr üçün xatırlayıram, “Büyük Doğu” inananları cəsarətləndirən, onlara tərcüman olan, çətinliklərini dilə gətirən mühüm bir jurnal idi.

“Büyük Doğu” jurnalının imkansızlıqdan dayandırılması Ustad Həzrətlərinə çox təsir edir və Zübeyr bəyə: "Zübeyr, “Doğu” dayandırılır, mütləq nəsə eləməliyik," – deyir. Zübeyr bəy də: "Ustadım, nəyimiz var ki, nə edək?" cavabını verir. Ustad Həzrətləri: "Mənim qışda üstümə örtdüyüm köhnə, yamaqlı bir yorğanım var. Bəlkə, kimsə alar. Siz də əlinizə keçəni “Doğu”ya göndərin," – deyir. Həzrəti Ustad həmin yorğanı satdırıb pulunu jurnala göndərir. Vehbi Vakkasoğlu bəy: "Bunu Nəcib Fazilə danışanda o üzünü pəncərəyə tutub hıçqıra-hıçqıra ağladı," – deyirdi.

Budur Ustad və onun yaşadığı kasıb həyat. Ancaq onun məsləyinin altı əsas prinsipindən “əcz, fəqr, şövq, şükür, şəfqət və təfəkkür” biri olan "fəqr" məfhumu bizim bildiyimiz kasıblıq deyildir. Onun “fəqr” anlayışına görə istər kasıb, istər zəngin – insan özünü heç nəyin sahibi hesab etməməli, hər neməti Allahdan bilməlidir. Bu eynilə insanın özünü aciz bilib Haqqın sonsuz qüdrətinə sığınması kimidir. Məhz bu mənada “fəqr” anlayışını mənimsəyənlərə dünyanı da versələr, qəlbində ona zərrə qədər yer verməz, əlindən çıxana heyfslənməz, əlinə keçənə də sevinməz. Belə insanların dərdi-səri millətinin, dövlətinin zənginliyidir. İbrahim Əthəm kimi ömür sürər, qırx yamaqlı paltara, bir tikə çörəyə razı olar, amma millətin gələcəyi üçün dörd əllə iş görərlər. Yadıma düşmüşkən deyim ki, tarix boyu Cənabi-Haqqın zənginliyi qarşısında özlərini fəqir, güc və qüdrəti qarşısında da aciz görən insanlar olmuşdur. Lakin məsələni sistemləşdirib prinsip halına gətirən Bədiüzzaman Həzrətləridir.

Sərvət düşmənçiliyi əvəzinə insanların qəlbini qazanmaq

Xülasə, bəzi insanların halal-harama baxmadan sərvət, mal-mülk yığmaları inanan insanlarda sərvət və sərvət sahibi insanlara qarşı mənfi münasibət formalaşdırır. Ancaq haram qazanan, ya da qazancından Allah yolunda verməyən insanlara baxıb sərvət düşmənçiliyi etmək, başda da deyildiyi kimi, doğru deyil. “Sərvət düşmənçiliyi” sosial inqilabların müəlifləri Marks, Engels və s. - nin bəşəriyyətə “ərməğan”ıdır və bunun bəşəriyyət üçün böyük təhlükə və təxribat olduğu tarixi az-çox bilənlərə məlumdur.

Bunun əvəzinə, yəni zənginlərə ədavət edib zənginlik düşmənçiliyi yerinə varlı insanların Allaha dost olmalarına və imkanlarını Allah yolunda, bəşəriyyətin rifahı üçün sərf etmələrinə nail olmağa çalışmalıyıq. Bunun üçün bütün məşru (halal) yollar dəyərləndirilməlidir. Çünki bu, o insanların axirəti üçün çox əhəmiyyətli vəzifə və məsuliyyətdir. İnsanlar, bəlkə, başlanğıcda bir az çətinlik çəkə bilərlər. İlk addımlarda malından az versə də, elə bilər ki, canını verib. Qırx illik müşahidələrimə əsasən deyə bilərəm ki, qəlbində din, millət, insan sevgisi oyanan insanlar müəyyən vaxtdan sonra verməyin məcnunu olurlar. Qadın, kişi ağlaya-ağlaya gəlib millətimizin adını yüksəklərdə dalğalandırmaq naminə, Haqqın rizası üçün hər şeyini verən insanlar görmüşəm.

Elə isə bir mömin kimi bizim vəzifəmiz sərvət və ya sərvət düşmənçiliyi deyil, insanları mürüvvət yolunda, Allah rizası üçün verməyə alışdırmaq olmalıdır. Bu baxımdan sərvət və sərvət sahibi insanların qəlblərini fəth etməyə, onları dinin, imanın, insanlığın dostuna çevirməyə, bu ülvi dəyərlər üçün çalışıb-çabalamağa, səy göstərməyə və beləliklə, həm mövcud imkanların doğru yerdə sərf edilməsinə, həm də imkan sahiblərinin axirətdə qurtulmasına səbəb olmaq çox vacibdir, çünki bu yol Allah Rəsulunun (əleyhi əkmelüttəhaya vəttəslimat) yoludur.


[1] Nemət- lütf, ehsan, səadət. Nikmət- Şiddətli cəza

[2] Əlacsızlıq, çarəsizlik

[3] Uçmağa hazır

[4] Osmanlı dövründə Ərəbistan vilayətlərində bəzi mədrəsələrə universitet mənasınde verilən ad.

[5] Qiymətli parça, silah, ləl-cəvahirat və s. satıldığı üstü örtülü bazar

[6] Konkret

[7] Cömərdlik, əliaçıqlıq

[8] Quranda adı keçən böyük peyğəmbərlər

[9] Əlində olan şeylə kifayətlənmə

[10] Ustad həzrətlərinə gələn və özünün yaktublardan ibarət kitablar

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.