Kin bəsləməkdən doymayan münafiqlər və möminin mövqeyi

Fəthullah Gülən: Kin bəsləməkdən doymayan münafiqlər və möminin mövqeyi

Sual: Ətrafımızda baş verən bəzi xoşagəlməz hadisələrə necə münasibət göstərməliyik?

Cavab: Əvvəla bunu bilməliyik ki, xoşagəlməz hadisələr ilk dəfə baş vermir və bu, sonuncu da olmayacaq. Qurani-Kərim bu həqiqəti peyğəmbər qissələri və heyrətamiz hadisələrlə gözlərimiz önündə canlandırır. Bu nümunələrlə həm Peyğəmbərimizə (sallallahu aleyhi və səlləm) təsəlli verir, həm də tarixin təkrar etdiyini diqqətə çatdırır. Bu tarixi hadisələrə nəzər salanda qarşımıza belə bir mənzərə çıxır: Cənabi-Allah mənəviyyatı pozulan və doğru yoldan çıxan toplumu peyğəmbərlər göndərərək islah etmişdir.

Xatəmül-Ənbiya Həzrəti Məhəmməd Mustafadan (sallallahu aleyhi və səlləm) sonra isə cəmiyyətin yeni ruha qovuşması, mənən dirçəlməsi və mənəvi yaraların sağalması mücəddidlərin öhdəsinə düşmüşdür.

Zülmün zəvalı ağlına gəlməzdi, amma...

Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) zamanında bəşəriyyətin məruz qaldığı müsibətlərə heç bir dövrdə rast gəlinməmişdir. Mehmet Akif

Sırtlanları keçmişdi bəşər yırtıcılıqda,
Dişsizmi bir insan, onu qardaşları yerdi.
Fövza bütün üfüqləri sarmışdı zəminin,
Salqındı bu gün Şərqi yıxan təfriqə dərdi.

misraları ilə o dövrün fəlakətlərini təsvir etdikdən sonra

Başlarda gəzən qanlı ayaqlar suya ərdi,
Əczin ki, əzilməkdi bütün haqqı, dirildi,
Zülmün ki, zəval ağlına gəlməzdi, gəbərdi.

misraları ilə ictimai həyatda mövcud olan “sünnətullah”ı (Allahın qanununu) diqqət çatdırmışdır.

Bu gün “əcz” (zəif və əzilən insanlar) dirçəlməyi, zülm isə əzilməyi ağlına belə gətirməyə bilər. Ancaq bu sayaq hadisələr Allahın izni və inayəti ilə, tarixdə dəfələrlə baş vermişdir. İndiyədək baş verənlər isə gələcəkdə baş verəcək hadisələrin ən böyük sübutudur. Keçmişə bağlılığın bir çox faydaları var, onlardan biri də məhz bu həqiqəti anlamaqdır. İndiyəcən maddi-mənəvi təxribat mərhələsi ilə maddi-mənəvi dirçəliş dönəmlərinin, gecə ilə gündüzün bir-birini aramsız əvəzləməsi, Allahın izni və inayəti ilə hadisələrin bundan sonra da bu minvalla davam edəcəyindən, qaranlıq gecələrin yerini işıqlı günlərin tutacağından xəbər verir.

Ömür boyu təzyiqlərə məruz qalmışam, amma heç vaxt ümidimi üzməmişəm

Bir qədər ətraflı desək, bəşəriyyət əlli dəfə yolunu aza bilər, əlli dəfə sapı qırılan təsbeh muncuqları kimi sağa-sola səpələnə bilər... Cəmiyyətdə böyük mənəvi tənəzzül üz verə bilər. Ancaq heç vaxt unutmayaq ki, yeni bir nur və yeni bir ürfanla insanları mənən dirçəltmək və ülvi bir məfkurə ətrafında birləşdirmək Allahın əlindədir.

Şəxsən mən iddia edə bilmərəm ki, güclü imanım var, amma iyirmi yaşımdan bəri nə qədər təziyiqlərlə üzləşsəm də, heç vaxt ümidimi üzməmişəm. Əsgərlikdən qabaq məscidin pəncərəsində qaldığım vaxtlarda məni polis şöbəsinə apardılar, həqarət və təhdid etdilər. Ancaq mənə bu hadisələrin heç bir mənfi təsiri olmadı. Yolumdan dönməyi heç vaxt düşünmədim. Nəzarət, həbs kimi təhdid və təzyiqlərə əhəmiyyət vermədim. İki nəfər adam gördümmü, dərhal məsciddə oturub onlara dindən, dəyanətdən danışdım. Əsgərlikdən sonra da çətinliklər qurtarmadı. Ancaq mən heç vaxt ümidsizliyə, bədbinliyə qapılmadım. Ömrüm boyu həmişə

Doğacaqdır sənə vəd etdiyi günlər Haqqın,
Kim bilir, bəlkə, yarın, bəlkə yarından da yaxın.

düşüncəsinə sadiq qaldım. Çünki Cənabi-Allah “... Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!” (“Yusuf” surəsi, 12/87) ilahi kəlamı ilə insana ilahi rəhmətdən ümidini üzməməyi əmr buyurur və kafirlərdən başqa heç kimin ümidsizliyə düşmədiyini bildirir.

Mən bu sözlərlə həyatını ülvi bir məfkurəyə həsr edənlərin hislərinə tərcüman oluram. Çünki onlar çətinliklərə məruz qalsalar da, hər biri Nəsimi kimi

Bir cəfakeş aşiqəm, ey Yar, Səndən dönməzəm,
Xəncər ilə ürəyimi yar, Səndən dönməzəm,
Gər Zəkəriyyatək məni başdan ayağa yarsalar,
Başıma qoy ərrə Nəccar Səndən dönməzəm,
Gər məni yandırsalar, torpağımı sovursalar,
Külüm oddan qovursalar, Səttar, Səndən dönməzəm.

deyəcəklər. Çünki onlar üçün vacib məsələ Onun rizası və bu rizaya vəsilə olan hizmət karvanının yoluna davam etməsidir. Karvan yoluna davam edəndən sonra bizim ciyərsuz hadisələrə məruz qalmağımızın nə əhəmiyyət var?! Üstəlik bu xeyirxah fəaliyyətlərin əsl sahibi biz deyilik. İroniya ilə desək, “dünyanı buynuzlarında saxlayan öküz” deyilik ki, biz öləndə dünya dağılsın!

Qorxmazlıq və qətiyyət pis niyyətli insanların planlarını pozar

O halda ümidləri sarsıdan, şövq söndürən və ürək bulandıran hadisələrə məruz qalsaq da, nə təşvişə düşməli, nə də mənəvi kamilliyin düşməni olan yəsə (ümidsizliyə) qapılmalıyıq. Əksinə, qarşıdurmalardan uzaq duraraq və heç kimə kin-nifrət bəsləmədən mətanətimizi qoruyub saxlamalıyıq. Möminlərin qorxmazlığı və qətiyyəti xəbis niyyətli qüvvələri də susduracaq. Çünki onları ölümlə təhdid edənlər “Qurban olum, elə mən də şəhadət şərbətini içib tezliklə Rəbbimə qovuşmaq həsrəti ilə yaşayıram” sözlərini eşidəndə çarəsiz qalar, nə edəcəklərini bilməzlər. Bəli, möminlərin qətiyyət və mətanətinin mənbəyi Allaha etimad və güvən hissidir. Bu qətiyyət və dönməzlik qarşı tərəfin məkrli planlarını alt-üst edib onları təşvişə salmağa qadirdir.

Səbir və zəfər

Digər tərəfdən, səbir nicatın yeganə sirli və sehrli açarıdır. Cənnət səadətinə, Camalullahın seyrinə, rizvana və əbədiyyətə qovuşmaq səbirlə mümkün olduğu kimi, dünyanın çətinliklərindən qurtuluşun və dünyəvi zəfərlərin ən böyük vəsiləsi də səbirdir. İbadətləri nöqsansız yerinə yetirmə, günahlarla mübarizə aparma, bəla və müsibətlərə sinə gərmə, zülmə boyun əyməmə, zamanı gəlməyən məsələlərdə tələsməmə, dünyanın cazibədarlığına qapılıb yol dəyişdirməmə, Camalullaha duyulan eşq və şövqü hizmət düşüncəsi ilə tənzimləmə və s. səbirdən asılıdır.

Səbrin növləri hesab edilən bu məsələlərin hamısına riayət edilsə, bu sirli açarla neçə-neçə qapılar açılar. Ancaq səbir göstərməyib tələskənlik etsək, yolda büdrəyə bilərik. Çünki

Tiz rəftar olanın payinə damən dolaşır,
Ərişir mənzili-məqsuda ahəstə gedən.

Tələsənin ayağı ətəyinə dolaşar, təmkinli hərəkət edən isə məqsədinə çatar. O baxımdan mömin gərək hər şeyi yüz ölçüb, bir biçsin. Hər şeyi ölçüb-biçməyi və ya səbirli hərəkət etməyi ətalətlə qarışdırmamaq lazımdır. Əksinə, insan həmişə fəal olmalı, məqsidinə çatmaq üçün can atmalı, bir yandan da tədəbbürü, təzəkkürü, təəmmülü və təmkini əldən verməməlidir. İşin əvvəlini-axırını düşünməli, paxıl və həsədkar insanları nəzərə almalı, qarşı tərəfin kini və nifrətini əsla gözdən qaçırmamalıdır.

Qurbağanın quruldaması ilə təmiz su çirklənməz

Yeri gəlmişkən, zalım və təcavüzakarların məkrli planlarına, iftiralarına və yalanlarına əhəmiyyət verməmək lazımdır. Bir türk atalar sözündə deyilir ki “Abi-paka nə zərər, vaqvaqayi-qurbağadan!” Yəni qurbağanın quruldamasının təmiz suya heç bir ziyanı yoxdur. Əsas məsələ suyun pak və təmiz olmasıdır. Siz doğru yolda olandan sonra işi-gücü fitnə-fəsad olan bəzi bəd ağızlıların sözlərinin heç bir əhəmiyyəti yoxdur. Bu məqamda Həzrəti Ustadın Qurani-Kərimə dil uzadanlar haqqında dediyi sözləri xatırlamaq yerinə düşər: “Hər hürən itə daş atası olsaq, dünyada daş qalmaz” (Bədiüzzaman, “İşarətül-icaz”, s. 127).

Ona görə də, hürən qoy hürməyində olsun. Diş qıcayanlara əhəmiyyət verməmək lazımdır. Yeri gəlmişkən, bu cür ifadələrə bizim üslubumuzda yer olmasa da, unutmayaq ki, Qurani-Kərimdə belə, bəzi həqiqətlərin bəyanında uzunqulaq və itdən misallar verilir (Bax.: “Əraf” surəsi, 7/176; “Loğman” surəsi, 31/19). Qurani-Kərimin müqəddəs və pak üslubu bunu caiz görürsə, demək, həqiqətə ehtiram hissi müəyyən məsələləri bu şəkildə dilə gətirməyi tələb edir.

Bəli, həyatınızı millətimizin öz ruhu, öz ağlı və öz qəlbi ilə bütünləşməsi, əsarətdən azad olması, dövlətlər arasında öz yerini almasına həsr etmisinizsə, sağdan-soldan deyilən çirkin və xoşagəlməz sözlərə və nalayiq münasibətlərə əhəmiyyət verməməlisiniz. Əgər siz tutdğunuz yolun doğruluğuna, Haqqın rizasından başqa bir təmənnanız olmadığına əminsinizsə, sizin əleyhinizə görülən işlərə fikir verməməli, belə şeylərə vaxt itirməməlisiniz.

Qoy səhv yolu tutanlar qorxsun aqibətindən

Əslində nədənsə qorxası, təşvişə düşəsi və parannoya keçirəsi adamlar səhv yolda olanlardır. Bu cür insanların işi-gücü bir şeyi qurmaqdan, düzəltməkdən daha asan başa gələn təxribatçılıq olsa da, onlar yenə də bir addım irəli gedə bilmirlər. Hədə-qorxu gəlmə, başının üstünü alma, dəyərləri yerlə-yeksan etmə, sizin dəyərlər sisteminizə hücum çəkmə kimi hər cür çirkin və amansız yollara əl atsalar da, bir qarış da irəliləyə bilməyiblər.

Bəli, bu sağalmaz yaralar, viranələr insanı ümidsizliyə sövq etməməli, onu qorxutmamalıdır. Ancaq bu, o demək deyil ki, törədilən təxribatlara göz yummalıyıq. Əksinə bu dəhşətli təxribatı görməyi bacarmalıyıq. Çünki təxribatı görmək insana daşıdığı məsuliyyəti və vəzifəsini xatırladır. Beləliklə, məfkurə yolçusu bu mənzərəni görüb Allahın sadiq bəndələrindən nə diləyəcəyini düşünər, “Görəsən, bir peyğəmbər belə bir mənzərə ilə qarşılaşsa idi, nə edərdi?” deyər, fikri-zikri öz vəzifəsini yerinə yetirməkdə olar.

Əgər bu mənzərəni bütün detalları ilə görməsək, baş verən hadisələri hərtərəfli qavramasaq, hansı tədbiri görəcəyimizi də kəsdirə bilmərik. Üstəlik, başımıza bu qədər fəlakət gəlməsinə baxmayaraq, bəzi insanlar rahat həyata qapıla, cəmiyyətin yerlə-yeksan olmasına, xarabalığa çevrilməsinə biganə qalaraq öz işi ilə məşğul olmağı kafi görə bilər. Bu isə bir mənada eqoistlikdir, biganəlikdir, hissizlikdir. Bu baxımdan təvəkkül etmək və ümidvar olmaqla çirkin sözlərə, nalayiq hərəkətlərə əhəmiyyət verməmək, “Od hara düşür-düşsün, məni də yandırır” düşüncəsi ilə iztirab çəkmək, öhdəyə düşən vəzifəni yerinə yetirmək heç də bir-birinə zidd deyildir. O halda bir tərəfdən hazırkı vəziyyəti ətraflı analiz etməli, digər tərəfdən də sarsılmaz iman, ümid və əzmkarlıq göstərib bu maddi-mənəvi təxribatı keçmişdən miras qalan əsaslara uyğun bərpa etmək üçün canla-başla çalışmalıyıq.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.