İffət və İradənin Haqqı

Sual: "Siz başqalarının qadınlarına qarşı iffətli və namuslu olun ki, sizin qadınlarınız da iffətli və namuslu olsunlar" (Kenzü'l-ummal, 34/34) məallı hədisi necə başa düşməliyik? İzah edə bilərsinizmi?

Cavab: Hədis meyarları baxımından qaynaqlarda

عِفُّوا عَنْ نِسَاءِ النَّاسِ تَعِفَّ نِسَاؤُكُمْ

şəklində rəvayət edilən bu hədisi-şərifin səhihliyi müzakirə oluna bilər. Lakin məna və məzmun etibarilə Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) bəyani-ləli-gövhərlərində çox gördüyümüz və bənzərinə şahid olduğumuz nurəfşan, mübarək və cəvamiul-kəlim (qısa, əhatəli ifadə) bir söz olduğu aşkardır.

Salim ağıl və iffət

Əvvəlcə hədisi-şərifin məzmununda və digər nəslərdə (Quran və Sünnə hökmləri) də gördüyümüz təməl bir prinsipə diqqətinizi çəkmək istəyirəm: İnsanlar əməllərinin qarşılığını, ümumiyyətlə eyni növ əməllərdən görürlər. Yəni siz başqalarına hüsnü-zənn etsəniz, onlar da sizin haqqınızda hüsnü-zənn edər. Siz insanlara məhəbbət və sevgi ilə qucaq açsanız, onlar da könlünü məhəbbət və sevgi ilə sizə açar. Siz insanlara yaxşılıq və ehsan etsəniz, onlar da yaxşılıq və ehsanla cavab verərlər. Çünki sizin yaxşılığınız onların yaxşılıq hissini hərəkətə gətirir. Bu həqiqəti Qurani Kərimin:

وَأَنْ لَيْسَ لِلْإِنْسَانِ إِلَّا مَا سَعٰى وَأَنَّ سَعْيَهُ سَوْفَ يُرٰى ثُمَّ يُجْزَاهُ الْجَزَۤاءَ الْأَوْفٰى

"İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar! Şübhəsiz ki, (qiyamət günü) onun zəhməti (səyi, əməli) görünəcəkdir! Sonra da ona (zəhmətinin, əməlinin) tam əvəzi veriləcəkdir!" (“Nəcm” surəsi, 53/39-41) fərmanı-sübhanisi ilə (hər cür nöqsan və qüsurdan münəzzəh və mübərra olan fərman) də izah etmək mümkündür. Bəli, insan bəzi mənfi əməllərinin qarşılığını burada (dünyada) görəcək. Dünyada əfv edilməyən, məhkəmeyi-kübraya (böyük məhkəmə, hesab günü) saxlanılan pis əməllərin əvəzini isə o biri dünyada görəcək. Yeri gəlmişkən söyləyim ki, İlahi rəhmətin ənginliyini və sonsuzluğunu düşünəndə ümid edirik ki, Allah (cəllə cəlaluhu) edilən pis əməlləri axirətdə mərhəməti ilə sıxıb, kiçildib "Sənin haqqın bu qədərdir!" deyib göndərəcək. Yaxşılıqlara gəlincə Haqq Təala onları da torpağa atılmış bir toxumun min sünbül verməsi kimi, əngin lütfü və sonsuz rəhməti ilə çoxaldaraq axirətdə insana bəxş edəcək. Faktiki olaraq Qurani Kərimdə keçən:

فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ

"Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir)." (“Zilzal” surəsi, 99/7-8) ayeyi-kərimə mütləq ədalətin ifadəsi baxımından bir həqiqətdir. Ancaq məsələyə İlahi rəhmət və Allahın axirətə aid isimləri nöqteyi-nəzərindən baxanda “zərrə qədər olan günahlar da mütləq cəzasını çəkəcək” şəklində düşünmək də doğru deyil.

Bu təməl prinsipə diqqət yetirdikdən sonra, gəlin hədisi-şərifin mətninə qayıdaq. Hədisin عِفُّوا عَنْ نِسَاءِ النَّاسِ bəyanı sanki bilavasitə kişilərə xitab edir. Yəni bu xitabla Rəsuli-Əkrəm Peyğəmbərimiz belə xəbərdarlıq edir: "Ey kişilər! Əvvəlcə siz başqalarının həyat yoldaşlarına qarşı iffət və ismətinizi qoruyun ki, sizin həyat yoldaşlarınız da başqa kişilərdən iffətlərini qorusunlar". Çünki əgər bir insan mənfi bir iş görər və bütün xəbərdarlıqlara baxmayaraq israrla bunu görməkdə davam edərsə, Allah (cəllə cəlaluhu) gec-tez eyni əməli həmin şəxsə göstərir. Bu bəzən şəxsən özündə, bəzən həyat yoldaşında, bəzən də başqa bir yaxınında ortaya çıxır. Çünki “cəza cinayət növündən olur”

اَلْجَزَاءُ مِنْ جِنْسِ الْعَمَلِ prinsipinə əsasən cinayət və cəza arasında bir uyğunluq, müvafiqlik və növ eyniliyi vardır. Allah eləməsin, insan işlədiyi günahın qarşılığını belə bir xəcalətlə ala bilər. Kərim yaradılan, əhsəni-təqvim sirrinə nail olan insan oğlu üçün bu, çox ağır hadisədir. Rəbbim heç kimi belə bir iffət xəcaləti ilə utandırmasın!

Bəli, insan məxluqatın ən şərəflisidir. Dolayısilə, o, iffətli, ismətli olmaq üçün ağlını, məntiqini və fətanətini işlətməlidir və bu, çox önəmlidir. Çünki insan salim ağıla (eyibsiz nöqsansız ağıl) baş vurub məsələnin əvvəlini, axırını, səbəb və nəticəsini düşünər, əməllərin axırını başdan görər və beləcə iradəsini işlədib özünü xəcalətli vəziyyətə salmazsa, bu kimi hərəkət və davranışlardan uzaq olar.

Elə isə iffətinə zərrə qədər ləkə gəlməsini istəməyən insanlar başqalarının iffətinə də diqqətli olmalıdırlar. Ümumi prinsip baxımından əmin-amanlığın timsalı olan mömin öz ismət və namusunu həssaslıqla qoruduğu kimi başqalarının ismət və namusunu da həssaslıqla qorumalıdır. Bu əsasa görə bir mömin yalnız "mənim ismətim", "mənim namusum", "mənim iffətim" və ya "həyat yoldaşım" deməməlidir. Çünki biri mənim həyat yoldaşımsa, o biri də mənim bacım, qızım və ya xalamdır. Bu duyğu və düşüncəni daşıyan bir insan – Allah eləməsin – qat-qat artaraq özünə qayıdan səhvlər eləməz, başqa insanların iffət və namusu ilə oynamaz, heç kimə kəm gözlə baxmaz.

Yaşı keçmiş insanlar belə...

Bəs İslam bu mövzuda hansı prinsipləri ortaya qoyur?

Məsələn, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bir yerdə buyurur:

لَا يَخْلُوَنَّ رَجُلٌ بِامْرَأَةٍ إِلَّا مَعَ ذِي مَحْرَمٍ

"Bir kişi yanında məhrəmi (nikah qadağan olan yaxın qohum) olmadan yad bir qadınla əsla tək qalmasın" (Buhari, Nikah 111). Rəsuli-Əkrəm Peyğəmbərimiz (əleyhissalatu vəssalam) bir başqa hədisində də: "Bir qadın yanında məhrəmi olmadan səfərə çıxmasın" buyurur (Buhari, Cihad 140). Belə ki, Hənəfi füqəhası həcc kimi fərz bir ibadətdə belə qadının yanında yoldaşının və ya bir məhrəmin olmasını şərt qoyur. Bu prinsiplər bir mənada bir divar, sərhəd və sütrə (pərdə) rolunu oynayır. Mömin həmişə bu sütrənin arxasında dayanmağa çalışmalı və bu sərhədləri aşmamalıdır. Bir başqa hədisdə də bu, belə ifadə edilir:

اَلْحَلَالُ بَيِّنٌ وَالْحَرَامُ بَيِّنٌ وَبَيْنَهُمَا مُشَبَّهَاتٌ لَا يَعْلَمُهَا كَثِيرٌ مِنَ النَّاسِ فَمَنِ اتَّقَى الْمُشَبَّهَاتِ اسْتَبْرَأَ لِدِينِهِ وَعِرْضِهِ

"Halal olan şeylər (şəksiz-şübhəsiz, açıq-aşkar) bəllidir, haram olan şeylər də məlumdur. Bu ikisinin arasında bəzi şübhəli şeylər də var ki, insanların çoxu bunları bilə bilməz. Şübhəli şeylərdən uzaq olan dinini və ismətini qoruyar" (Buhari, İman 39). Şübhəli sahələrə girmək minalı ərazidə gəzmək kimidir. Orada gəzən insan isə hər an bir partlayışın qurbanı ola bilər. Elə Söz Sultanının bəyani-ləli-gövhərlərində gözün baxmasına, ayağın addım atmasına, əlin tutmasına və müəyyən bir mərhələdən sonra artıq haramdan qayıtmağın mümkün olmamasına diqqət çəkilir və buna görə də bu cür mənfi və çirkin xəyallara dalarkən dərhal geri qayıtmaq tövsiyə edilir. Çünki insan bu çirkin xəyal dünyasında yürüməyə davam etsə, təbiətə və cismaniyyətinə məğlub olub qəlbi və ruhi həyatını iflic edən ölümcül təhlükələrlə üzləşə bilər. Hətta yaşı keçmiş, əlliyə, altmışa ayaq basan insanlar belə əgər bu mövzuda İslamın qoyduğu prinsiplərə riayət etməsələr və prinsipial olmasalar, onlar da eyni təhlükə ilə üz-üzədirlər. Rəbbim, gənc, yaşlı – heç kimi iffətsizlik bataqlığına salıb xəcalətli etməsin. Əgər (bu batqlığa) düşüblərsə, ondan sıyrılma yollarını lütf etsin. Çünki bir az əvvəl ifadə etdiyim kimi, əhsəni-təqvim sirrinə məzhər, məxluqatın ən şərəflisi olan insan oğlu üçün bu xəcalət olduqca ağırdır.

Yeri gəlmişkən, saatsaz və şair dostumuzun bir sözünü icazənizlə təkrar edəcəyəm: "Üsyan dəryasına yelkən açmışam. Kənara çıxmağa qoymayır məni". Bəli, insan bəzən elə bir axına düşür ki, əməllərinə peşman olub düşdüyü vəziyyətdən xilas olmaq istəsə də, bir daha geri qayıda bilmir. Ən yaxşısı, insan nə gücünə, nə qüvvətinə, nə də iradəsinə güvənməlidir. O, başdan çalışmalıdır ki, belə bir axına düşməsin. Allah eləməsin, bəzi amil, səbəb və faktorlarla belə bir axına düşmüşsə, o zaman da "Mən instinktlə hərəkət edən heyvan deyiləm" deməli, iradəsini işlədib dərhal geri dönməyi bacarmalıdır.

Ancaq bu dövrdə belə bir həssaslığın varlığından danışmaq olduqca çətindir. Mövcud vəziyyət daha çox mərhum Akifin bu misralarını insana xatırladır:

"Həya sıyrılmış, enmiş: Elə üzsüzlük ki hər yerdə...
Nə çirkin üzlər örtərmiş məgər bir incəcik pərdə!
Vəfa yox, əhdə hörmət heç, əmanət ləfzi-bi-mədlul;
Yalan rayic, xəyanət mültəzəm hər yerdə, haqq məchul.

Beyinlər ürpərər, ya Rəbb, nə qorxunc inqilab olmuş:
Nə din qalmış, nə iman, din xarab, iman turab olmuş!
Məfaxir qaynasın getsin də, vicdanlar kəsilsin lal...
Bu izmihlali-əxlaqi var ikən, dayanmaz istiqlal!"

Bəli, dövrümüzdə bu mövzuda ard-arda süqut, tənəzzül, və deformasiya yaşanır. Dolayısilə, belə bir dövrdə bu axıntını tərsinə çevirən kəramətvari davranışlara, bu davranışları nümayiş etdirən iradə qəhrəmanlarına ehtiyac vardır. Öz iffətini düşünməklə kifayətlənməyib millətin iffəti üstündə də tir-tir əsən, dəyərlərimizə xas o nəzakətli və zərif duyğu və düşüncəni təkrar canlandıran və beləcə bu axıntını tərsinə çevirən yüksək iradələrə... Zənnimcə, "Din həyatın həyatı, həm nuru, həm əsası. Əhyayi-dinlə olar bu millətin əhyası" deyən Hz. Piri-Muğan, Şəmi-Taban da bu sözləri ilə məsələnin əsas nöqtəsinə təmas edir.

Amudi vəlilik

Son olaraq bir xüsusa diqqətinizi çəkim; mənfi hiss, arzu və təmayülü güclü olan insan Rəbbinə sığınıb iradəsini layqincə ortaya qoyursa, Allah (cəllə cəlaluhu) da o insana həmin sədləri aşmaq üçün bol-bol lütf bəxş edir. Demək olar ki, hər kəsdə az-çox bəzi pis əməlləri etmə hissi var. Məsələn, acgözlük, başqasının malına göz qoyma, özünü göstərmə hissi, eqoizm, şöhrət və vəzifə düşkünlüyü nüvə şəklində ‒ az və ya çox hər bir insanda ola bilər. Amma bu hislərin bəziləri bəzi insanlarda daha güclü olur. Məsələn, elə insan var ki, onu qızılların içinə qoysanız, bircə qızıla da əl vurmaz. Əgər səhvən onun üstünə bir qızıl ilişib qalsa və o da bunu bilmədən uzaqlara getsə, görən kimi ‒ günlərlə yol getmiş olsa da, ‒ qayıdıb o qızılı yerinə qoyar. Çünki onun buna qarşı zəfi (zəif cəhəti, zəifliyi, meyli) yoxdur. Ancaq həmin adamın hübbu-cah (mənsəb, vəzifə sevgisi) məsələsində bu səviyyədə qərarlı olub-olmamasına əmin ola bilməzsiniz. Çünki bu məsələdə bir zəfi, bir boşluğu ola bilər. Hətta bəzi insanlarda Ustadın “Hücumatı-Sittə”də ifadə etdiyi “virus”ların hamısı da ola bilər. Bu viruslar hökm etmək istəyir, amma onları daşıyan bir insan iradəsini layiqincə ortaya qoyaraq: "Mən hayvaniliyin və cismaniliyin əlində aciz qalan bir varlıq deyiləm. Mənim bunlarla yanaşı, həm də qəlbim və ruhum var. Mən o mehvərdə səyahət etməliyəm" deməyi bacarır, bütün bu hislərə qarşı qəhrəmancasına mübarizə aparır və bir qladiator kimi onlardan qorunursa, aldığı savab çox fərqli olacaqdır. Məhz belə bir insanın dərəcəsi arzu və təmayülü bu səviyyədə güclü olmayan adi bir insanla müqayisədə daha alidir və bu da onu raket kimi, amudi (şaquli) sürətlə vəlilik (övliyalıq) üfüqünə ucaldır.