Könül qapılarının sirli açarı: insanı tanıma

Fəthullah Gülən: Könül qapılarının sirli açarı: insanı tanıma

Sual: Sevgi və dialoq düşüncəsi ilə dünyanın dörd tərəfinə yayılan məfkurə mühacirləri çox fərqli mədəniyyətlərlə qarşılaşırlar. Bu məsələdə nələrə diqqət edilməlidir?

Cavab: Həyatını əmin-amanlıq və sülhə həsr edən və bu yolda səy göstərən insanlar öz duyğu və düşüncələrini qarşı tərəfə rahat şəkildə çatdırmaq üçün ilk növbədə getdikləri yerləri, bölgə xalqını və mədəni mühiti yaxından tanımalıdır. Təmsil olunan duyğu və düşüncələr nə qədər müqəddəsdirsə, bu prinsip də o qədər əhəmiyyətlidir. Çünki məfkurə insanı yaşadığı mühiti nə qədər yaxından tanısa, ülvi duyğu-düşüncələrini də insanlara bir o qədər asan çatdırar.

Təəssüf ki, bu gün bəzi insanlar Quran və Sünnəyə bağlı olduqlarını, nübuvvət yolunun mümtaz və uca varislərini nümunə götürdüklərini ifadə və iddia etmələrinə baxmayaraq, bəzi üslub xətalarına yol verərək mənfi münasibət və əks-reaksiyalara və İslam əleyhinə şər cəbhənin meydana gəlməsinə səbəb olurlar. Halbuki ən ləziz yeməkləri belə təqdim edərkən yol verilən bəzi üslub xətaları insanlarda ürəkbulanma meydana gətirir. Əlbəttə, vəhyə, din və diyanətə aid həqiqətlərin heç bir çirkin cəhəti yoxdur. Onlarda, haşa, ürək bulandıran zərrə qədər bir şey tapa bilməzsiniz. Əksinə, Quranın hər bir prinsipi, hər bir düsturu ilahidir. Bu ilahilikdə heç bir yalan və şübhə yoxdur. Eyni şəkildə bu mənbənin şərhi sayılan Nəbilər Sərvərinə (sallallahu aleyhi və səlləm) aid kəlamlar, sələfi-salehinin hərəkət və davranışları da çox mükəmməldir. Ancaq bu mükəmməl əsasları insanlara təqdim edərkən qarşı tərəfi yaxşı tanımasaq, duyğu və düşüncələrini anlamasaq və impatiya qurmasaq, ciddi əks-reaksiyalara səbəb ola bilərik.

Bəli, doğrunun doğruluğu inkaredilməzdir və onun səmavi olduğuna şübhə yoxdur. Amma qarşı tərəfin əhval-ruhiyyəsinin, hərəkət və davranışlarının, böyüdükləri mühit və mədəniyyətin bu səmavi həqiqətə qulaq verib anlamağa və onları qəbul etməyə əlverişli olub-olmadığını hökmən nəzərə almalıyıq. Unutmayaq ki, xəstəyə dərman onun xəstəliyinə görə verilir. Həzrəti Pirin ifadəsi ilə desək: "Hər sözün doğru olmalıdır. Amma hər doğrunu demək doğru deyil" (Bədiüzzaman “Məktubat”, s. 300 (İyirmi ikinci məktub (Dördüncü vəch)). Belə ki, təbliğ və təmsil edilən ülvi həqiqətlərin başqa bölgələrin fərqli mədəni mühitlərində yanlış anlaşılması və hətta təhlükə sayılması ehtimal daxilindədir.

Əslində bu məsələ təkcə əcnəbi ölkələrin insanları üçün deyil, öz xalqımız üçün də keçərlidir. Hal-hazırda bir ideal ətrafında toplanan bu insanların (Könüllülər hərəkatını nəzərdə tutur) − tanımaq istəməyənlər istisna olmaqla − öz ölkələrində belə kifayət qədər tanındığını düşünmürəm. Çünki onlar (məfkurə yolçularını tanımaq istəməyənlər) onsuz da görmür və bir mənada "miyopiya" xəstələri kimi uzağı görə bilmirlər. Ancaq mənə elə gəlir ki, o məfkurə yolçuları ilə birlikdə çiyin-çiyinə namaz qılan və eyni canamaza baş qoyan insanlar da onları kifayət qədər tanımır. Bəzən elə davranırlar ki, sanki bu gözəl fəaliyyətləri heç görməyiblər, onlar haqqında yazılan əsərləri oxumayıblar, onlara haqqında danışılan xatirələri heç dinləməyiblər və (Hərəkatın) mahiyyətini analiz edib bir nəticəyə gəlməyiblər. Görülən gözəl işlərin bütün dünyada əks-səda doğurduğu, müxtəlif millət və xalqları bir araya gətirməyə başladığı bir dövrdə bu fəaliyyətlərin öz vətəndaşlarımıza da tanıdılmasına ehtiyac var. Üstəlik kimsəni incitmədən, qorxudub-hürkütmədən, "hizmət, cameə" deyib mənsubluq düşüncəsinə yol vermədən, eynən məscid camaatı kimi, yalnız ortaq məxrəcləri əsas götürərək gözəllikləri bölüşmək lazımdır. Belə ki, fərqli anlayış və dünyagörüşə sahib insanlar məscidə həyəcanla gəlir, imamın arxasında yan-yana düzülür və əmrə müntəzir şəkildə Allaha (cəllə cəlalühu) ibadət edirlər.

İnsanı tanımağın bəzi meyarları

Həzrəti Ömərə (radiyallahu anh) isnad edilən bir hadisə haqq və həqiqətin təbliğində mühüm əhəmiyyət kəsb edən insanı tanımağın düstur və meyarlarına gözəl nümunədir:

Belə ki, Həzrəti Ömər bir hadisə ilə əlaqədar şahidlik edən bir adama: "Mən səni tanımıram. Ancaq mənim səni tanımamağım sənə zərər verməz. Buna görə də, səni tanıyan bir adam gətir", − deyir. Bu vaxt bir nəfər irəli çıxıb: "Mən onu tanıyıram, ya Əmirəlmöminin!" − deyir. Həzrəti Ömər: "Necə insandır?" − deyə soruşur. O da: "Ədalətli və fəzilətli insandır", − cavabını verir. Həzrəti Ömər ona əlavə üç sual verir: "O adam gəcə-gündüz nə ilə məşğul olduğunu və haralara gedib-gəldiyini bildiyin çox yaxın qonşundur? O adam insanın təqvasını ortaya qoyan dinar-dirhəmlə alış-veriş elədiyin bir kəsdir? O adam insanın gözəl əxlaqını üzə çıxaran səfər yoldaşındır?" Bütün suallarına "xeyr" cavabını alan Həzrəti Ömər: "Demək, sən onu tanımırsan", − qənaətinə gəlir və şahid duran adama: "Get, səni tanıyan bir adam gətir", − buyurur (Əl-Mavərdi, "Əl-havil-kəbir", XVI/180).

Bu hadisədə də gördüyünüz kimi, bir insanı tanımaq üçün əvvəla onun gündüzlər nə işlə məşğul olmasına, gecələrini necə keçirməsinə, hər gün əməllərinə görə özünü min bir iztirabla sorğu-suala çəkməsinə, qeyri-itiyari xəyalına gələn şeylərə görə min dəfə "əstəğfirullah" deyib inildəməsinə şahidlik etməli, yəni ona bu qədər yaxın olmalısan.

İkincisi, onunla səfərə çıxmalı, yolun çətinliklərinə birlikdə qatlanmalısan. Bir məfkurə uğrunda dünyanın müxtəlif yerlərinə səyahət etmək və həcc ibadətinin çətinliklərinə birlikdə dözmək də buna nümunə ola bilər. Çünki insanların nə qədər həlim və səbirli, yaxud da dözümsüz və hövsələsiz olduğunu, çətinliyə tab gətirməyib depressiyaya düşdüyünü və ya nə olur-olsun mətin dayandığını ancaq bu cür səfərlərdə görmək mümkündür. Əks halda, çətinliklərə birlikdə sinə gərmədən o insanları lazımınca tanımaq mümkün deyil.

Üçüncüsü, alış-veriş etməkdir ki, insanların dürüstlüyü və ya nadürüstlüyü ticarətdə bariz şəkildə üzə çıxır. Nəticə etibarilə, bir insanla alış-veriş eləməmisinizsə, demək, onun bu məsələdə nə qədər həssas olduğunu bilmir və onu kifayət qədər tanınmırsınız.

İnsanı tanımaq üçün yuxarıda verilən meyarlara birini də əlavə edək: həbsxana kimi məkanlarda qalmaq. Çünki həbsxana kimi yerlərdə insanların ən xırda şeylərin üstündə mübahisə etdiklərini, ən ağıllı və təmkinli adamların belə, mənfi münasibət və davranışlara dözməyib necə depressiyaya düşdüklərini açıq şəkildə görmək mümmkündür. Bunu o mühitdə olanlar yaxşı bilir. Buna görə də, belə bir mühitdə olmadan insanları tanımaq mümkün deyil.

Sözügedən meyarlar olmadan insanlar haqqında dilə gətirilən "Biz onları tanıyırıq, yaxşı adamlardır" kimi sözlər ən azı, həqiqətə zidd ifadələrdir. Çünki insanları tanımaq və onlar barəsində bir qənaətə gəlmək mücərrəd sözlərlə deyil, ancaq yuxarıda sadalanan prinsiplərlə mümkündür. Ona görə də bu prinsiplərə riayət edərək onlarla münasibət və rəftarın formasını, hansı sözlərin əks-reaksiyaya səbəb olacağını, hansı hərəkət və davranışların onların hislərini “oxşayacağını” müəyyən etmək mümkündür. Əks halda, insanların önündə səmavi süfrələr açarkən özünüz də bilmədən onlarda nifrət və dəyərlərə qarşı isə antipatiya hissi oyatmış olarsınız.

Böyük səylər və pilləkənin pillələri

"Sənə əmr olunanı (canla-başla) təbliğ et!" (Hicr surəsi, 15/94) ayəsinin Nəbilər Sərvərinə (sallallahu aleyhi və səlləm) əmr etdiyi, Onun da bu ilahi əmri yerinə yetirmək üçün gecə-gündüz çalışdığı kimi din əsaslarının dirçəldilməsi uğrunda fədakarcasına səy göstərmək lazımdır. Ancaq ilahi həqiqətləri təbliğ edərkən Quranın tədricilik prinsipinə əməl edilməlidir. Buna görə də məsələ ilə bağlı təfəkkür, tədəbbür və təzəkkürə söykənən müəyyən prinsiplər ortaya qoyulmalı, nəyi, kimə, harada, nə qədər, necə çatdırmağın qaydası düzgün müəyyənləşdirilməli və buna əsasən hərəkət edilməlidir. O baxımdan bir daha təkrar edirəm: təbliğ müqəddəs bir əməl olduğu kimi, bu niyyətlə mühiti və insanları tanımaq da müqəddəs bir vəzifədir. Çünki insanları nə qədər yaxından tanısaq, gözəl dəyərləri onlara çatdırmaq bir o qədər asan olar. Əks halda insanları rəncidə etmiş, onlarda səmavi həqiqətlərə və ülvi dəyərlərə qarşı antipatiya hissi oyatmış olarıq.

Allahı və Peyğəmbərini sevdirmək məqsədi ilə təbliğ edərkən üsluba diqqət etməyib insanları Onlara düşmən eləmək böyük bədbəxtlikdir! Dini, imanı yeni öyrənən insanlara ilk öncə Cəhənnəmin dəhşətindən bəhs edərək onların qəlbində sağalmaz yaralar açmaq, beləcə onları dindən-diyanətdən tamamən soyudub uzaqlaşdırmaq nə böyük bədbəxtlikdir! Allah (cəllə cəlaluhu) haqq və həqiqətləri təbliğ edərkən üslubda xətaya yol verib incitdiyimiz və dindən uzaqlaşdırdığımız insanlara görə bizi hesaba çəkməsin! Bizi əfv və məğfirət eləsin!