Maneələr və Haqqa xidmət yolu

Fəthullah Gülən: Maneələr və Haqqa xidmət yolu

Sual: İnsanların zənn (ehtimal, guman), vəhm (əsli-əsası olmayan fikir), perseptiv əməliyyatlarla qaralandığı və cəmiyyətdə ciddi qanun pozuntularına yol verildiyi bir vaxtda Könüllülər hərəkatının “aksiyon” anlayışı və hərəkat fəlsəfəsi necə olmalıdır?

Cavab: Haqqa xidmət yolunun yolçuları ilk öncə bu reallığı qəbul etməlidir. Keçmişdə olduğu kimi, bu gün də kin, nifrət, həsəd və qısqanclıq kimi xislətlərin köləsinə çevrilən insanlar başqa dünyagörüşə malik insanları düşmən elan edəcək, sağa-sola hücum çəkəcək və öz mənafelərini qorumaq üçün hər cür çirkinliyə əl atacaqlar. Ancaq Könüllülər təvəkkül və təslimiyyətlə daim Haqqa sığınmalı, bütün fəaliyyətlərini sırf Onun rizası üçün həyata keçirməli, gözünü Güllər Gülündən (sallallahu aleyhi və səlləm) ayırmamalı və əngin vicdanla haqq yolda addımlamalıdırlar.

Düzdür, bu yolda bəzən vəfa umduğunuz insanlardan cəfa görəcəksiniz. Eyni taleyi bölüşdüyünüz və çiyin-çiyinə yeridiyiniz insanlar bir də baxacaqsınız ki, yanınızda yoxdur. Heç ağlınıza gəlməyən insanların xəyanəti ilə üzləşəcəksiniz. Ancaq yenə də bezmədən, usanmadan və bu kimi hadisələrə əhəmiyyət vermədən, doğru bildiyiniz yolda addımlamalı, mənəvi kamlilik yolunda hədəfinizi yüksəltməyə çalışmalısınız.

Əsl rəhbər

Xüsusilə qanunsuzluqların baş alıb getdiyi, hədis kitablarının “Kitabül-fitən vəl-məlahim” fəsillərində əks olunan böyük və qorxunc fitnə-fəsadın, anarxiyanın ayaq açıb yeridiyi və yalanın məharət sayıldığı bir dövrdə xalqın dürüst və etibarlı insanlara ehtiyacı var. Siz düz söz və dürüst hərəkətlərinizlə heç kimi aldatmayaraq etibarlı insanın nümunəsini ortaya qoymalısınız. Bütün dünya əlli il sizə göz qoysa belə, sizdə zərrə qədər əyrilik görməməlidir.

Düzdür, bu gün bir çox adam dünyanın və dünya nemətlərinin dalınca düşdüyünə görə, dünyanın bir küncündən yapışıb nəsə qoparmaq arzusu ilə yaşadığına görə başqalarına özünüzü istədiyiniz kimi tanıtmaqda çətinlik çəkə bilərsiniz. Yaxşı deyiblər, “Aləmi necə tanıyırsan? Özün kimi!”. Onlar da sizi özləri kimi sana bilərlər. Dünyaya yayılmağınızı, hər yerdə məktəblər və mədəniyyət mərkəzləri açmağınızı, bütün bəşəriyyətə sevgi ilə qucaq açmağınızı, müxtəlif mədəniyyətlərin nümayəndələri ilə dialoq qurmağınızı başqa yerlərə yoza bilərlər. Özləri hər işdə mənfəət axtardıqlarına görə, sizi də mənfəətpərəst kimi görə bilərlər. Hətta sizə yaxın olan və sizin sevdiyiniz, dəyər verdiyiniz insanlar arasında belə bu cür fikirlərə qapılanlar ola bilər. Onlar sizin hərəkət və davranışlarınızı öz duyğu və düşüncələri ilə izah edərək başqa mənalar çıxara və sizi özləri üçün təhlükə hesab edə bilərlər. Ancaq siz bütün bunlara əhəmiyyət verməməli, hər fürsətdə Allah rizasından başqa bir məqsədinizin olmadığını izah etməli, hərəkət və davranışlarınızla bunu ortaya qoymalısınız.

Niyyətdə dürüstlük

Dünyanın müxtəlif ölkələrində sevgi dünyası qurmağa, insanları uzlaşdırmağa, gözəlliklər ətrafında birləşdirməyə çalışan və bununla da yalnız Allahın rizasını qazanmaq istəyən insanların dünyəvi təmənnası olmaz/olmamalıdır. Dünyanı gözəlləşdirmək əzmi, ilahi rizanı qazanmaq niyyəti ilə yola çıxan insanların məqsədlərini istədikləri səviyyədə həyata keçirə bilməsələr də, niyyətlərinin mükafatını alacaqlar. Bir hədisdə buyurulur ki, əməllər niyyətlərə görədir və hamı niyyətinin əvəzini əldə edəcək. Demək, əsas məsələ niyyət ibrəsinin ilahi rizanı göstərməsidir. Bir insanın vicdanı nə qədər əngin, niyyəti nə qədər xalisdirsə, ilahi rəhmətin təcəllisi də o səviyyədə olacaq.

Məsələn, siz Allahın izni və inayəti ilə bütün dünyaya əmin-amanlıq gətirmək istəyirsiniz. Əlinizə imkan keçən kimi, şərait uyğun olan kimi, mühit əlverişli hala gələn kimi tutduğunuz yolda daha yeyin addımlayırsınız. Ancaq elə vaxt olur ki, yolda əngəllərlə qarşılaşır və planda tutduğunuz yolun ancaq onda birini qət edirsiniz. Sizin niyyətiniz onda bir deyil, onda on olduğuna görə, Allah mükafatı niyyətinizə görə verəcəkdir.

Ancaq bu mükafata nail olmaq üçün niyyətiniz o qədər səmimi və ürəkdən olmalı, “Görəsən, nə vaxtsa, bizi də kiçik bir vəzifəyə gətirərlər?” fikri ağlınızın ucundan da keçməməlidir. Əksinə, bu cür fikirləri şeytandan bilməli və dərhal onları özünüzdən uzaqlaşdırmalısınız.

Bu, o demək deyil ki, insanlar layiq olduqları məqamlara gəlməməlidir. Əlbəttə, layiq olanların kimisi müdir, kimisi müşavir, kimisi katib, kimisi deputat, kimisi də nazir olacaq. Ancaq həyatını bəşəriyyətin əmin-amanlığına həsr edən və ilahi rizadan başqa bir şey düşünməyən insanlar dünya mənfəəti üçün vəzifələr istəməməlidir. Hətta nazirlik, baş nazirlik kimi vəzifələri ayaqları altına sərsələr də, qəbul etməyə tələsməməli, bu təklifin uca məfkurələrinə faydasını düşünməli və bundan sonra qərar verməlidirlər. Əks halda niyyətlərini kirlətmiş və etibarlarını itirmiş olarlar.

Ona görə də ali bir məfkurəyə könül verən insanların nəinki bu cür vəzifələri istəməsi, dünyanın fəthini arzulaması belə, geri addım atmaq deməkdir. Bəli, dünya fatehliyi bir insanın hidayətə gəlməsinin yanında dəryada damla qədərdir. Bu səbəbdən də məfkurə mühacirləri könüllərdə haqq və həqiqət sevgisinin cücərməsini, ruhlarda əxlaq və fəzilətin çiçək açmasını, insanların bir-biri ilə qol-boyun olmasını həyatının ən böyük qayəsi bilməli və bir saniyə də hədər etmədən bu məfkurəyə uyğun yaşamalıdırlar.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.