“Mən” yox, “Biz” deyək

Mən yox, Biz deyək

Sual: “İstənilən dairənin mərkəzi nöqtəsində meydana gələn kiçik bir nöqsan kənarlara doğru getdikcə böyük problemlərə çevrilir” həqiqəti baxımından mərkəzdə dayanan insanların əsas prinsipləri nələr olmalıdır?

Cavab: Ali bir məfkurəni təmsil edən insanların hərəkət və davranışları əhəmiyyətlidir, çünki gələn yeni nəsil onlara baxıb nümunə götürür. Şayəd qabaqda gedənlər düz yol tutsalar, onları nümunə götürən insanlar da doğru yolda olarlar. Əksinə, böyüklər, Allah eləməsin, xətalara yol versələr, onların bu səhvləri davamçılarda daha böyük yanlışlar şəklində “əks-səda verər” və bir virus kimi sürətlə yayılar.

Ümumun hüququ

Təəssüflər olsun ki, keçmişdən bu günədək müxtəlif dirçəliş hərəkatına öndərlik edən bəzi insanlar tutduqları mövqeyə tam layiq ola bilmədiklərinə görə əndazəsiz sözlərin, qeyri-ixtiyari ağızdan çıxan ifadələrin, “yolunu itirən” fikirlərin və yersiz çıxışların qurbanına çevrilmişlər. Bu cür hallar aşağılara doğru getdikcə daha böyük fəsadlara yol açmışdır. Bəzən namünasib bir söz, namünasib bir davranış, hətta kobudcasına səsini qaldırma, xoşagəlməz əl-ayaq hərəkətləri, üz-gözü turşutma və s. insanlarda elə kin-nifrət oyatmışdır ki, nəticələrini aradan qaldırmaq mümkün olmamışdır. Rəhbər mövqeyində görünənlərin səhvləri ardıcıllar tərəfində nə çox, nə az olduğu kimi təqlid edilsə belə, bu kimi hallar çox böyük fəsadlara gətirib çıxarmışdır. Qaldı ki, bu xətalar heç vaxt olduğu kimi, dildən-dilə, ağızdan ağıza ötürülmür. Hər insan öz xarakteri və dərrakə səviyyəsinə görə bu xətaları izah edir və məsələ yuxarıdan aşağılara doğru yayıldıqca böyüyür, “iriləşir”. Bu səbəbdən də idarəçi mövqeyində olan və rəhbər vəzifəsində yer tutan insanlar hər bir hərəkət və davranışında həssas və diqqətli olmağa məcburdurlar.

Keçmişimi, yaşadığım həyatı gözdən keçirib sərf-nəzər edəndə düzəliş olunası bir çox məsələyə rast gəlir və “Kaş, belə yox, başqa cür olaydı!” deməkdən özümü saxlaya bilmirəm. Ancaq bilirəm, olub-keçənlər haqda bu cür düşünməyin təshih üçün bir faydası yoxdur.

Buna görə də insan iş-işdən keçəndən sonra faydasız peşmançılıq çəkməmək üçün söz, hərəkət və davranışlarına fikir verməli və həyatını bu istiqamətdə yaşamalıdır. Buna bir ağılın, bir beynin gücü çatmaz, buna görə də, xüsusilə idarəçi mövqeyində olan insanlar hər bir məsələni başqaları ilə məşvərət etməlidirlər. Bəli, onlar hər bir məsələni şura heyətinə gətirməli və bu heyətlə məsləhət- məşvərət etmədən heç bir iş barədə qərar verməməlidirlər. Zəngin milli, mənəvi və mədəni dəyərlərə sahib olsaq da, bu dəyərlərin müasir dövrün tələblərinə uyğun izah edilməsi yenə də məsləhət-məşvərətə həvalə olunmalıdır.

Bunu da yaddan çıxarmayaq ki, insanlara haqq və həqiqəti çatdırmaq kimi ülvi bir qayəyə xidmət edən bir məfkurə ümumun haqqını da ehtiva edir. Dolayısilə bu məsələdə bir nöqsana yol vermək ümumun hüququnu tapdalamaq deməkdir. İslam fiqhində millətin haqqı Allah haqqına bərabər olduğuna görə, belə bir xəta Cənabi-Allahın haqqına da təcavüz sayılır. Hətta Rəsulullahın haqqı, bu yolu tutan sələflərin haqqı və bu gün bizimlə qoşa addımlayan insanların da haqqı tapdalanmış olur.

Məşvərətin əhəmiyyəti

Əslində məşvərət, bir mənada, insanın öz düşüncəsi ilə deyil, ortaq fikirlə hərəkət etməsi deməkdir. Bəzi hallarda insan öz fikirlərinə zidd olsa da, heyətin qərarına əməl edir və bundan fayda görür, bəzi hallarda da öz ağıl və məntiqi ilə hərəkət etdiyi üçün böyük ziyana uğrayır. .

Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində: “سَبْعَةٌ يُظِلُّهُم اللَّهُ في ظِلِّهِ يَوْمَ لاَ ظِلَّ إِلاَّ ظِلُّهُ Hesab günü bircə kölgə − ərşin kölgəsi olacaq ki, oranı da Allah-taala bu yeddi zümrəyə lütf edəcək” deyir və sonra إِمامٌ عادِلٌ buyuraraq birinci sırada ədalətli və haqpərəst rəhbərin adını çəkir (Buxari, “Əzan” 36; Müslim, “Zəkat” 91). Demək, bir işin başında dayanan adamın ədalətli olması çox çətin işdir. Çünki xalqın başına keçən, gücü-qüvvəti əlində saxlayan, millətin imkanlarından məsuliyyət daşıyan bir insanın ədalətdən, düz yoldan (istiqamət), haqpərəstlikdən, mürüvvətdən ayrılmaması öz istəkləri ilə yaşamamasından asılıdır.

Bir başqa hədisində İnsanlığın İftixarı (aleyhissalatu vəssalam) buyurur: “ثَلاَثَةٌ لاَ يُكَلِّمُهُمُ اللَّهُ يَوْمَ القِيَامَةِ وَلاَ يُزَكِّيهِمْ وَلاَ يَنْظُرُ إِلَيْهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ. شَيْخٌ زَانٍ ومَلِكٌ كَذَّابٌ وعَائِلٌ مُسْتَكْبِرٌ “Hesab günü Allah-taala bu üç zümrə ilə kəlmə kəsməyəcək, onları təmizə çıxarmayacaq, onların üzünə belə baxmayacaq. Onları − zina edən qocalar, yalan danışan hökmdarlar və təkəbbürlü yoxsulları qorxunc əzab gözləyir”. (Müslim, “İman” 172).

Bu hədisdə mənfi nümunələr göstərilərək bəzi məsələlərə diqqət çəkilmişdir. Belə ki, zina hər kəsə haramdır. Ancaq yaşa dolmuş, əslində dünyadan əl-ətək çəkməli olan bir adamın belə bir çirkaba bulaşması ikiqat murdarlıqdır. Belə adama ancaq “Ar olsun sənə! Saçın-başın ağarıb, utanmırsan! Bəndə bir tərəfə, barı Allahdan həyan olsun!”

Acı əzaba tuş gələn ikinci zümrə yalana adət edən sultanlardır. Yalanı xalqın başında duran bir idarəçi söyləyəndə, vəbalı qat-qat artır.

Hədisin bəhs etdiyi üçüncü zümrə təkəbbürlü yoxsullardır. Bir söz var: “Evdə yox ayran-aşı, özü gəzir bölükbaşı”. Kasıbdır, amma təkəbbürlüdür, lovğa hərəkətləri var. Deməzlər ki: “Ay filankəs, lovğalıq sənin harana yaraşır?!”. Bu cür adamlar bu hərəkətləri ilə daha çox günah qazanırlar. Əksinə götürəndə isə, təvazökar varlının dəyəri öz-özlüyündə ortaya çıxır. Çünki təkəbbürlü kasıbdan fərqli olaraq, o, nəfsini cilovlamağı bacarır.

Bu iki hədisdən birincisində nəfsini cilovlayan, ikincisində isə nəfsani arzu-istəklərinə uyan insandan danışılır. Cəhənnəmi cismani və nəfsani arzu-istəklər əhatə etmişdir, odur ki, həvaü-həvəsinə qapılan insanın bu əzablar yurduna sürüklənməsi qaçılmazdır. Cənnətə gəlincə, o, nəfsin xoşuna gəlməyən şeylərlə dövrələnmişdir. Yəni oraya girmək istəyən insan bəşəri arzularına hakim olmalı və nəfsindən keçməyi bacarmalıdır.

Məşvərət edən peşman olmaz

Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisdə buyurur: “Məşvərət edən ziyan görməz, peşman olmaz” (ət-Təbərani, “əl-Mücəmül-kəbir”, 6\365; əl-Qudayi, “Müsnədüş-Şihab”, 2\7). Peşman olmaq və zərər çəkmək istəməyən insan tək başına öhdəsindən gələ bildiyi məsələləri belə, mütləq başqaları ilə müzakirə etməlidir.

Şəxsən mən ən kiçik məsələlər haqda belə, qərar verməzdən əvvəl yanımada olan üç-beş nəfərlə məşvərət etməyə çalışmışam. Bəzən gecə saat birdə bir məsələ yadıma düşür, burada söyləməyə adam tapmasam, Türkiyəyə zəng edirəm, “Belə bir məsələ var. Bu haqda alternativ fikirləriniz varsa, lütfən bildirin” deyirəm. İndiyə qədər bunun zərərini görməmişəm. Yanılmışıqsa, hamılıqla yanılmışıq, yəni yanılmanı bölüşmüşük. Allahın hüzuruna çıxanda da deyəcəyik ki: “Ey Rəbbim, danışdıq, məşvərət etdik, ancaq verdiyimiz qərar düz olmadı. Neyləyək, demək, ortaq ağlımız da buna kifayət etmirmiş.”

Elə insanlar var ki, tutduqları mövqe baxımından müəyyən işlərdə səriştə qazanıb, təcrübə əldə ediblər. Amma unutmayaq ki, hadisələrə hərtərəfli və bir bütöv kimi baxmağı bacaran insanlar da az deyil. Belə insanlar hansısa məsələni gözdən keçirməklə kifayətlənmir, həmin məsələnin başqa yerlərlə əlaqəsini də nəzərə alırlar. Üstəlik bəzi insanların öz mövqelərindən baxaraq məsləhət kimi gördükləri bəzi işlər həqiqətdə məsləhət (fiqh termini, xeyirli, faydalı mənasında) olmaya bilər. Kim bilir, bəlkə də, bu, məsləhət cildinə girmiş bir məsləhəti-mərdudədir.

Bir şəxsin “Məncə...” deyib aldığı qərarın , söylədiyi sözün məqul (ağlabatan, məntiqli) olduğunu iddia etməsi, verilən qərarın və ya irəli sürülən fikrin məqul olması demək deyildir. Çünki məqulun “məncə”si olmur. “Məqul” fikir birliyi ilə qəbul edilən həqiqət deməkdir. Xüsusi mənada isə, Muhasibinin sözü ilə desək, Quran yolu, Quran məntiqi ilə uzlaşan həqiqətdir. Dolayısilə, fikirlərinin məqul olub-olmadığını öyrənmək istəyən, ilk növbədə onu Kitab və Sünnə süzgəcindən keçirməlidir. Əks halda, zahirən ağlabatan görünən fikirlər nəfsani ola bilər.

Qurani-Kərim gündə qırx dəfə oxuduğumuz “Fatihə” surəsinin ِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!” məallı ayəsi ilə bizə “Biz” deməyi təlim edir. Çünki bir insanın fərdi şəkildə etdiyi ibadətlərlə İlahi əzabdan qurtulması mümkün olmaya bilər. Onun qurtuluşu, bir mənada eyni yolun yolçuları ilə qardaşlıq tellərini möhkəmlətməkdən və özünün savab hovuzuna onların savablarını da axıtmasından asılıdır. Eyni şəkildə bir idarəçi xətadan ən uzaq və doğruya ən yaxın nəticə əldə etmək istəyirsə, “Biz” deməyi bacarsın, müştərək ağıl və kollektiv şüurla hərəkət etsin.

Xülasə, hazırkı fəaliyyətlərin geniş yayılması üçün başda görünən insanlar şəxsi maraqlarını bir kənara atmalı və “Heç kimə ehtiyacım yoxdur... Öz ağlım, öz idrakım mənə bəsdir!” fikrindən əl çəkərək söylədiyi hər sözü, verdiyi hər qərarı sistemli bir düşüncə süzgəcindən keçirməlidir. Bəli, hədisdə keçən ifadə ilə desək, “adil imam” olmaq istəyən bir idarəçi başqalarının düşüncələrinə qiymət verməli, məşvərət etməli, yeri gələndə öz fikirlərini güzəştə getməli və beləcə ağlabatan variantı tapmağa çalışmalıdır. Məsələlər heyətin müzakirəsinə həvalə edilsə, fikir mübadiləsi nəticəsində həqiqət üzə çıxar və beləcə səhv qərarların qarşısı alınar. Ancaq hansı sahə, hansı peşə olur-olsun, harada işlər fərdi qərarlarla icra edilirsə, orada xətaların olması qaçılmazdır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.