Minnət

Sual: Minnət nədir? Dinimizə xidmət edərkən başa qaxan, minnət edən insan halına düşməmək üçün hansı xüsuslara diqqət edilməlidir?

Minnət sözü Allaha və insana isnad edilməsinə görə fərqli mənalar verir. Allaha isnad ediləndə Onun bütün varlıqlara namütənahi, nəhayətsiz, sonsuz lütf və nemətləri, ikram və ehsanları şəklində başa düşülür. İnsanlara isnad edildikdə isə "minnət" sözünün bir mənfi, bir də müsbət mənası var. Mənfi mənada minnət insanın etdiyi yaxşılığı başa qaxması, üzə vurması, yaxşılıq etdiyi şəxsdən qarşılıq gözləməsi… kimi mənfi hal və davranışları ehtiva edir. Müsbət mənada isə Cənabi-Haqqın sonsuz nemət və lütfü qarşısında insanların Ona olan həmd-səna, şükran, minnətdarlıq duyğularını ifadə etmək üçün istifadə edilir.

Sözün müxtəlif mənaları ilə bağlı “Hucurat” surəsində aşağıdakı ayəyə nəzər yetirək. Bu ayədə Cənabi-Haqq belə buyurur:

“Onlar İslamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De: “Müsəlman olduğunuzla mənə minnət qoymayın! Xeyr, əgər (iman gətirdiyinizi) doğru deyirsinizsə, (bilin ki) sizi imana müvəffəq etməklə, əslində Allah sizin boynunuza minnət qoymuş olur!” (“Hucurat” surəsi, 49/17). Əvvəla bunu qeyd etməliyəm ki, hər mömin bu ayəni daim boyundan asılan bir İlahi fərman kimi bilməli və Haqq qarşısındakı mövqeyini və halını nizama salmaq üçün tez-tez ona baxmalıdır. Çünki O, Allahdır (cəllə cəlaluhu). Hər şeyin mütləq və yeganə malikidir. Bu səbəbdən minnət Ona məxsusdur və Onun haqqıdır. Bu ayə ilə Allah (cəllə cəlaluhu) sanki bizə: "Mən sizi yoxdan var etmədimmi! Varlığınız Mənim vücudumun, varlığımın kölgəsinin kölgəsi deyilmi! Sizə izafi, nisbi sifətlər ölçü vahidi kimi Mənim varlığımı və sifətlərimi göstərmək üçün verilmədimi! Mən sizə imanı lütf etmədimmi, yaxşı bilirsiniz ki, əgər Mən iman alovunu içinizdə yandırmasaydım, nə afaqi (xarici aləmə məxsus), nə də ənfusi (daxili aləmə məxsus) təfəkkürünüz bunu sizə qazandıra bilməzdi! Mən sizi İslamın yaşandığı bir mühitdə yaratmadımmı? Sizi mütədəyyin, dindar bir ailədə dünyaya gətirmədimmi! Sizi İslam dininə xidmət yoluna sövq etmədimmi?"- demək istəyir.

Bəli, bütün bunlar bizdən soruşula bilər. Çünki bir ayədə: “Onları tutub saxlayın, çünki sorğu-sual olunacaqlar!" (“Saffat” surəsi, 37/24) deyilərkən, başqa bir ayədə: “Sonra o gün bütün nemətlərdən hesaba çəkiləcəksiniz" buyurulur. Yəni bizə həyat, iman, İslam, nəşət etdiyimiz, boya-başa çatdığımız mühit… və s. maddi-mənəvi bütün lütf və nemətlərdən sorğuya çəkiləcəyimiz bildirilir. Məhz Zati-Üluhiyyətin üstümüzdə namütənahi, saysız-hesabsız nemətləri olduğuna görə bizim üzərimizdə minnəti var və əlbəttə ki, bu minnət Onun haqqıdır. Müxtəlif məqamlarda−bir az da zarafatyana – dediyim kimi, Cənabi-Haqq bizə: "Mənə aid olanları bir kənara qoyun, öz şəxsiniz adına Mənə bir şey verin!" desə, nə deyəcəyik görəsən? Necə "mən" deyəcəksiniz? Hər şey Allahın olduğuna görə, "mən" dediyiniz şey nədir? İşdə bütün bunları təəmmül edib, ətraflı götür-qoy edib Cənabi-Haqqın üstümüzdəki saysız-hüsabsız lütf və ehsanını görüncə Ona qarşı həmd-səna hisləri ilə coşub: "Minnət və şükran Onadır!" −deyirik. Bu, minnətin müsbət mənasıdır.

Sözün mənfi mənasına gəlincə mövzunun başında da qeyd olunduğu kimi, istər açıq şəkildə, istərsə də üstüörtülü və işarə yolu ilə edilən yaxşılıqları demə, başa qaxma və beləcə yaxşılıq edilən insanı mənən əzmə ona əza və cəfa vermək deməkdir. Bu məna ilə əlaqəli Qurani-Kərimdə aşağıdakı ayəyə nəzər yetirə bilərik:

“Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın." (“Bəqərə” surəsi, 2/264). Sədəqə sizin Allaha sadiq bəndə olmağınızın nişanəsidir. Çünki mal canın “yonqu”sudur. Siz sədəqə verməklə sanki canınızı yonur; sədəqənizi bu yonub yığdığınız yonqulardan verirsiniz. Tər töküb qazandığınız malınızı verəndə elə bil canınız qopub gedir sizdən. Quran: "Belə mühüm bir ibadəti yerinə yetirərkən əziyyət verməyin, minnətə qoymayın!" deyir. Başa qaxmağın aqibətini də: “Sədəqələrinizi puça çıxarmayın" xəbərdarlığı ilə bizə göstərir.

Açıq göründüyü kimi, bu mənada minnət yaxşılığı ləğv edən, zərərli, haram, məmnu, qadağan edilmiş bir minnətdir. Çünki:

“…onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər" (“Bəqərə” surəsi, 2/3) ayə ilə də buyurulduğu kimi, biz heç kəsin deyil, Allahın bizə verdiklərini veririk. Buna görə biz sadəcə bir vasitəçi, əmanətçi, tövzi (paylama) məmuruyuq. Allahın verdiyi malın təmizlənməsi, mənən nəmalanıb, çoxalıb bərəkətlənməsi və heç bir mənfi təsirə məruz qalmadan qorunub saxlanması üçün imkana görə bəzən qırxda bir, bəzən onda bir, bəzən də beşdə birini Allah yolunda veririk. Bu, həmin malın qorunub saxlanmasının zəmanəti olduğu kimi, bizim də Allaha sədaqətimizin bir əlamətidir. Başqa sözlə desək, biz bu əmri yerinə yetirməklə malın da mülkün də Allaha məxsus olduğunu təsdiq etmiş oluruq.

Minnət Allaha və Onun Rəsulunadır

Bu nöqtədə minnətlə əlaqəli ağla gələn bir məsələyə diqqətinizi çəkmək istəyirəm. İnsanlığın Fəxri (sallallahu əleyhi və səlləm) həyatı boyu, əlbəttə ki, heç vaxt etdiyi xidmətlərə görə heç bir qarşılıq tələb etməmiş və "Sizin üçün filan-filan işlər gördüm!" deyə qətiyyən heç kəsə minnət qoymamışdır. Ancaq müxtəlif hikmət və məsləhətə görə, Onun müxatəblərinə böyük bir nemət olduğunu xatırlatmasına az da olsa şahid oluruq. Məsələn, Huneyn müharibəsindən sonra baş verən hadisələr buna misal ola bilər. Bildiyiniz kimi, Huneyn müharibəsindən əldə edilən qənimətləri Allah Rəsulu (sallallahu əleyhi və səlləm) daha çox, qəlblərini İslama isindirmək istədiyi insanlara paylamış və xüsusilə, onlardan bəzilərinə pay ayırmışdı. Bununla O (sallallahu əleyhi və səlləm), yenicə müsəlman olmuş bu insanların könlünü almaq, onları da gələcəyin qəhrəman səhabələrinə çevirmək, səmahətini, əl açıqlığını nümayiş etdirərək onların qəlbində də imanın oturaqlaşmasını istəyirdi. Üstəlik bu insanların çoxu nüfuzlu insanlar idi. Siz fəqir-füqəraya baxır, onları qoruyursunuz, amma elə insan da var ki, onun könlünü aldığınız zaman arxasınca minlərlə insanın da könlünü almış olursınız. O şəxs: "Buyurun gəlin!" – deyəndə arxasınca minlərlə insan da sizə qatılar. Böyük fətanət sahibi Əfəndimizin (sallallahu əleyhi və səlləm) qənimətin bölüşdürülməsində bu və buna bənzər bir çox hikmət və məsləhətləri olmuşdur. Hal-hazırda biz müəyyən dərcədə bunları düşünüb dərk edə bilirik, ancaq ogünkü şəraitdə ənsardan üç-beş gənc bunları dərk edə bilməmişdi. Dərk edə bilməmiş və: "Hələ onların qanı qılıncımızdan damlayır, halbuki ən böyük payı onlar alır!" demişdilər. Peyğəmbər Əfəndimiz (sallallahu əleyhi və səlləm) dərhal muhacirləri ənsardan ayıraraq onların bir çadırın altında toplanmasını əmr etdi. Təbii bu incə məqam da strategiya baxımından başqa bir mövsunun predmetidir. Çünki ətrafda fitnəyə, dedi-qoduya yol aça biləcək söz-söhbətlər gəzirdi. Məsələ həll edilərkən fitnə və dedi-qodunun yayılmaması üçün mühacir topluluğa bu şayə çatmamalı idi. Üstəlik ənsara toplu şəkildə xitab etməklə, bu söz-söhbəti yayanlar arasında pərdə yırtılmamış, onlar şəxsən tənbehə tuş gəlməmişdilər. Bu da heç kəsin günahkar vəziyyətə düşməməsi, günahkarlıq psixologiyasına sürüklənməməsi üçün əhəmiyyətli idi. Xülasə, Peyğəmbər Əfəndimiz (sallallahu əleyhi və səlləm) ənsarı bir yerə toplamış və onlara bu minnət ifadələrinə bənzər sözləri demişdi:

"Mən gələndə siz zəlalətdə deyildinizmi? Allah mənimlə sizə hidayət vermədimi? Mən gələndə siz yoxsulluq içində pərişan halda deyildinizmi?Allah mənimlə sizə var-dövlət vermədimi?Mən gələndə siz bir-birinizlə düşmən deyildinizmi? Allah mənimlə qəlblərinizi islah etmədimi?"Əlbəttə orada olanların çoxu, onsuz da, Ona (sallallahu əleyhi və səlləm) qəlbən tam inanmış insanlar idi. Əfəndimiz (sallallahu əleyhi və səlləm) hər cümləsini, hər sualını bitirdikcə hamısı birdən:

“Bəli, bəli, minnət Allaha və Rəsuluna aiddir!" (Buhari, Menakıbül-ensar 1-2; Megazi 56) deyə gur səslə cavab verirdilər. Göründüyü kimi, burada, haşa, nemətləri onların başına qaxma, başa vurma yox, əksinə onları düşə biləcəkləri bir təhlükədən qurtarma, fitnənin önünü kəsmə və ortaya çıxmış problemi həll etmə məqsədi var.

Peyğəmbər Əfəndimizin (sallallahu əleyhi və səlləm) bu xitabında həmçinin bizim üçün də ibrət vardır. Bu bəyanla Əfəndilər Əfəndisinin (sallallahu əleyhi və səlləm) Allah nəzdindəki məqama və başımız üstündəki o uca məqama diqqət çəkilir. Bəli, biz Ona çox borclu, Ona çox minnətdarıq. Çünki O olmasa idi, dünyanın da bir mənası olmazdı. İmanımız varsa, Onun sayəsində var. Varlıq aləmini düzgün oxuya biliriksə, Onun sayəsində oxuyuruq. Hal-hazırda hidayət yolundayıqsa, əbədi səadət yurdunun röyalarını görür, Allahın rizasına nail olmağı hədəf seçmişiksə, bütün bunlar Onun rəhbərliyi, yol göstərməsi, yollarımıza nur çiləyib işıqlandırması sayəsindədir. Bu baxımdan minnət Onun haqqı, bunu etiraf etmək də bizim vəzifəmizdir.

Bir addım da qət edə bilməyən talesizlər

Mövzunun bizə baxan yönünə gələndə isə, əlbəttə ki, Əfəndilər Əfəndisinin (sallallahu əleyhi və səlləm) mövqeyi fərqli, bizim mövqeyimiz isə tamamilə fərqlidir. Bu səbəblə istər insanların yeməyi-içməyi, geyimi-keçimi; istərsə elm və mədəniyyətlərinə xidmət etmək, beləcə onlara doğru yolu göstərərək rəhbərlik, pişdarlıq və pişvalıq olsun.. xülasə hansı yolla olur-olsun, etdiyimiz yaxşılıqların heç birinə işarə dərəcəsində də olsa, minnət qoymağımız doğru deyildir. Bu mövzuda bizə belə düşünməliyik: Allaha minlərlə həmd-səna olsun ki, bizi sizinlə birgə belə bir gözəl yola qoydu; imanımızın və islami həyatımızın, könül və ruh dünyamızın həqiqi bayramını görə bilməsək də, Rəbbimiz bizə əl-ələ, çiyin-çiyinə birlikdə bir bayram sevinci yaşatdı.

Bəli, etdiyimiz xidmət və yaxşılıqlara görə minnət qoyub qardaşlarımızı incitməməli, üzməməliyik. Bəzən başa düşülməmə, hiss edilməmə kimi hallar qarşısında bir insan olaraq incikliyimiz ola bilər. Ancaq belə hallarda bu duyğularımızı ifadə etməz və onları cilovlaya bilsək, inşallah, xətaya düşməmiş olarıq. Üstəlik, "Mən olmasaydım, haradan bu yolu tapıb doğrunu görə biləcəkdiniz?" kimi ifadələr işlətməyə, vəsilə olduğu xidmətlərlə qürrələnib başa qaxmağa heç kimin haqqı yoxdur. İstanbul kimi diyarları fəth edə bilər, Belqradlara, Viyanalara gedə bilər, qitələrə Əfəndimizin o mübarək adını çatdıra bilərsiniz. Üstəlik, insanlar bütün bu nailiyyətləri sizin dühanızın nəticəsi kimi görüb, belə qəbul edə bilərlər. Lakin bu gözəllikləri sizi addımbaaddım izləyən o insanların başına qaxar, minnət halına gətirərsəniz, o böyük işlərin hamısının üstündən xətt çəkər, savabını silər, axirətdə isə əli boş qalarsınız. Bu qədər iş görməyinizə baxmayaraq bir addım yol gedə bilmədiyinizi axirətdə çarəsiz-çarəsiz seyr edərsiniz.

Minnətin Dərəcələri

Minnət qoymanın da öz-özlüyündə dərəcələri var. Məsələn, bəzi insanlar buna bənzər duyğularını iradələri ilə cilovlayır və çölə sızıdırmır. Bu bir cəhətdən təqdir ediləcək haldır. Çünki heç olmasa mənnətlə insanları təhqir etməmiş və günaha girməmiş olur.

Bəzi kimsələr də var ki, içindəki o naxoş duyğunu saxlaya bilməz, ona qalib gələ bilməz, iradənin haqqını verə bilməzlər. Buna bir misal oldun deyə ağlıma gələn bir xatirəmi sizinlə paylaşmaq istəyirəm:

Əl-ələ, çiyin-çiyinə xidmət edən bir heyətin səmimi səyləri nəticəsində Cənabi-Haqqın elm və mədəniyyət dünyamıza lütf etdiyi bir müəssisənin açılış mərasiminə dəvət edilmişdim. Mərasimdə çıxış edənlərdən biri görülən işlərdən bəhs edərkən: "Bu günə qədər bu işləri, bu xidməti "bizdəniz" etdik, elədik, gördük…" kimi ifadələr işlətdi. Xətalı ifadə və möhtəviyyatın iç-içə olduğu bu naxoş haldan şəxsən çox utandım. Əvvəla bildiyiniz kimi, "bəndəniz" kəlməsi dilimizdə insanın özündən bəhs etmə məcburiyyətində qalanda müraciət olunan, xəcalətlə, utana-sıxıla ifadə edilən bir sözdür və "qul, kölə" mənasına gələn "bəndə" sözündən törəmişdir. Yəni "bəndəniz" deyəndə "qulunuz, köləniz" nəzərdə tutulur. Elə isə "bizdəniz"in söz və ifadə baxımından bir mənaya gəlmədiyi, səhv istifadə olunduğu ortadadır. Danışanda iddialı hal və üslubdan uzaq durulsa idi, səhv istifadə olunsa da təvazökarlığı xatırladan "bizdəniz" sözü, bəlkə, o qədər xoşagəlməz olmayacaqdı. Lakin dənizin coşqusuna bənzər bir üslubla, hafizanallah (Allah qorusun!), oradakı insanlara qarşı iddia, başa qaxma üslubu, havası vardı ki, düzü o səhnə qəlbimdə naxoş və ağrılı izlər buraxmışdı. Halbuki, bilirik ki, Allah istəsəydi o işi bir başqasına gördürərdi. Əgər O, bu şərəfi bir qula lütf edibsə, zənnimcə, Alvar İmamının dediyi kimi: "Deyil bu mənə layiq bu məndə. Mənə bu lütf ilə ehsan nədəndir?" deyilməli və "Necə olur ki, Allah bizim kimi yarım-yamalaq insanlara belə böyük işləri gördürür" anlayışı içində həmd-səna hisləri ilə dilə gətirilməli idi. Təqribən üstündən qırx il keçməsinə baxmayaraq, bir mənada çiy sayıla biləcək, ağrılı, insanın qəlbini yaralayan və səhv ifadə ilə ortaya çıxan bu xəta məzmunlu çıxışı, təəssüf ki, unuda bilmirəm. Unuda bilmədim və mövzunun əhəmiyyətini izah edə bilmək üçün bu xatirəmi sizinlə paylaşdım. Əgər səhv elədim, günaha girdimsə, Rəhməti Sonsuz Rəbbimdən bağışlanmaq diləyirəm.

Mövzuya bu xatirə aspektindən baxsaq, deyə bilərik ki, müxatəbi minnətlə sıxan söz, hal və rəftardan mümkün qədər çəkinməliyik. Heç olmasa, belə mənfi duyğuları iradəmizin haqqını verərək içimizdə saxlamalı, bizə lütf edilən iradənin varlığını ortaya qoya bilməliyik. Əgər bunun qarşısı alınmasa, məsələ daha təhlükəli səviyyəyə çatar. Bəli, insan əlindən gəldiyi qədər buna bənzər duyğuları lap başdan içində həbs etməli, kiçiltməli və əridib yox etməyə çalışmalıdır.

Sual: Belə problemlər haradan qaynaqlanır, insanı bu cür bir hüsrana sürükləyən amillər nələrdir?

Qənaətimcə, insanı xətaya sürükləyən ən böyük amil mərifətullah (Allah bilgisi) əskikliyi, qüsuru və cəhalətidir. Çünki Zati-Üluhiyyət mərifəti əldə edə bilməmiş bir insan Onun bəndələri üzərindəki təsərrüfünü, idarəsini də doğru anlayıb dərk edə bilmir. Bu da Qüdrət Sahibi Zatın iradəsinin görünüb bilinməsinə; nəticəni var edən Müəssiri-Həqiqinin təsirinin vicdanlarda duyulub hiss edilməsinə mane olur. Buna görə də, işlərin nəticəsini özündən bilən, özünə azca da olsa pay çıxaran insan eqoizm və təkəbbürə girir, gördüyü işləri göstərmək, eşitdirmək, özünü ifadə etmək dərdinə düşür, "Mən, mən!" deyərək nağara kimi gumbuldamaya başlayır.

İnsanın bu halı sadə və mücərrəd eqoizmdir. Bəzi insanlar bir az da həddi aşıb qatı eqoizmə sürüklənir və tam eqoist kimi davranmağa başlayır. Sanki o olmasaydı, bu gözəl işlərin ortaya çıxması mümkün deyilmiş kimi həzəyana qapılır.

Bəziləri də bir az da həddini aşaraq eqosentrist (mənmərkəzçi) olub özünə vurulur, gördüyü işlərin sevdası ilə həyatını qurur, onları hər şey kimi görməyə və göstərməyə başlayır.

Və hələ bəziləri narsistcəsinə gördüyü işlərə aşiq və məftun olur, bütün gözəlliklərin ona aid olduğu vəhmi ilə oturub-durur, başqaların heç nəyini bəyənmir, heç bir gözəlliyi qəbul etmir, ona aid olmayan heç bir gözələ gözəl demir. Sanki onun müdaxiləsi olmadan heç bir gözəlliyin ortaya çıxması mümkün deyilmiş kimi sapıq bir anlayışla həyatını davam etdirir.

Təbii ki, bu vəziyyətə gəlmiş zavallı bilmir ki, bu duyğular onu addım-addım məhv edir, addım-addım onun qəlbini öldürür. Daha da dəhşətlisi, bütün bunlara baxmayaraq, o hələ də yerində durduğunu zənn edir, daxilən bir firon, bir narsist (özünə tapınan insan) halına gəlmişkən qıldığı namaz, etdiyi ibadət, apardığı söhbətlər və insanlarda oyandırdığı süni həyəcanla xilas ola biləcəyi düşüncəsi içində əsfəli-safilinə yuvarlanıb getməyinin fərqinə vara bilmir.

Allah dostlarının halı

Göründüyü kimi, təhlükənin vaxtında sezilib qarşısı alınmasa, Allah qorusun, işin axırı gedib əsfəli-safilinə çıxar. Buna görə də, əhlullah (Allah əhli) təxəyyül və təsəvvürdə də olsa, nəfsani qıcıqlardan böyük bir günah işləmiş kimi ürkmüş və vaxt ötürmədən dərhal onunla mübarizəyə başlamışlar. Məsələn, onlardan biri:

“Allahı hər cür nöqsandan tənzih edir və Ona həmd edirəm. Əzəmətli olan Allah hər cür nöqsandan münəzzəhdir," deyərkən qəlbin dərinliyindən süzülən, qəlbinin səsi-sədası olan təsbeh və təhmidlərlə ətrafındakı insanlarda şövq və həyəcan oyandırır, cazibə dalğasını coşdurur. Kimi özündən gedir, kimi hönkürtü ilə ağlayır. Belə bir məqamda "Mənim zikrim, mənim sözlərimlə bunlar gerçəkləşdi…" kimi bir hiss qəlbinə toxununca zahirən heç əlaqəsi olmasa da, birdən-birə zikrini kəsir, bütün bədəni dəhşətli və tükürpədici hala bürünüb titrəyir: "Əstağfirullah, ya Rəbbi! Əstağfirullah, ya Rəbbi! Əstağfirullah, ya Rəbbi!" deyə inildəyir, inildəyib içinə doğan o mülahizəyə qarşı ciddi-cəhdlə mübarizəyə başlayır.

Bəli, sizin səpdiyiniz toxumlar gözünüzün önündə birdən-birə yerdən fışqırsa; biri min sünbül versə və hər sünbül min buğda versə… bütün bunlara baxmayaraq, ağılınızın küncündən "Bu işdə bizim də bir payımız var", deyə keçsə, böyük bir günaha girmiş kimi istiğfar etmirsinizsə, gördüyünüz işlərin hamısı hədər olub gedər. Bunları özünüzə bağlı gördüyünüz anda bu nemətlərlərdən məhrum edilərsiniz. Hədisdə də buyurulduğu kimi axirətdə: "Sən etdiklərini “edir” desinlər deyə, etdin və onlar da dedilər. Buna görə, sən etdiklərinin əvəzini aldın. Axirətin o genişliyinə, o ənginliyinə baxmayaraq, alacağın heç nə qalmadı" sözünə tuş gələrsiniz. Bu baxımdan, daim mərifət, sevgi, eşq və iştiyaq arxasınca olmaq bizim üçün böyük əhəmiyyət kəsb edir. Bu barədə tam hazır olmalıyıq. Rəbbimizin rizasına zidd və Onu göstərməyən mülahizələr içimizi bulandıranda, yəni bütün müsbət nəticələri Ona bağlamalı olduğumuz halda, özümüzə aid etmə kimi qafil, cahil və nadan bir xətaya düşəndə məsələni dərhal oradaca kəsməli və dərindən nəfsimizi sorğu-suala çəkib: "Əstağfirullah, ya Rəbbi! Mən yenə mənliyimə yenildim!" deməliyik. Çünki özünə yenilən qətiyyən Allaha doğru gedə bilməz, nəfsini ayaq altına alıb üzərində rəqs etməyən əsla Ona çata bilməz.

Xülasə, minnət etsə, O edər. Şükür gözləsə, O gözləyər. Həmdlər, mədhlər, sənalar, gözəlliklər hamısı Onundur, Ona aiddir, Onun haqqıdır. Bütün bunlar qarşısında minnət və şükranla həmd-səna duyğularımızı Ona təqdim etmək də bizim borcumuzdur.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.