Miskin anlayışının əsl mahiyyəti

Fəthullah Gülən: Miskin anlayışının əsl mahiyyəti

Sual: Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bir duasında belə buyurur: “Allahım, məni miskin olaraq yaşat, miskin olaraq öldür və miskinlər zümrəsi arasında həşr eylə!” (İbn Macə, “Zöhd”, 7) Allah Rəsulunun bu istəyini necə başa düşməli və bu hədisdən hansı nəticəni çıxarmalıyıq?

Cavab: Ərəb sözü olan “miskin” kəlməsi “sə-kə-nə” kökündən gəlir və lüğəvi anlamına görə, ətalət basmış, hərəkətsiz, işləməyən və yenilik ortaya qoymayan insan mənasını verir. Dini termin kimi isə “miskin” bir mənada döşəyi quru yer, yorğanı göy qübbəsi olan mal-mülksüz, yoxsul insan deməkdir. Bu baxımdan miskin kasıbdan da yoxsul sayılır. Çünki kasıb nisab miqdarı (80 qram qızıl dəyərində) malı olmayan adamlara deyilir. Yəni kasıbın az da olsa dünya malından nəyisə var. Miskinin əlində isə heç bu “az” da olmur. Nəticə etibarilə, miskin zəkat qəbul edən, sədəqə alan, ancaq başqa insanların köməyi ilə dolanan bilən şəxs deməkdir.

Qınanan miskinlik

Əvvəla, qeyd edək ki, Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) ətaləti, passiv yaşamağı, heç bir iş görməməyi və el-aləmin əlinə baxmağı əsla istəməz, buna heç vaxt razı olmaz. Çünki O (sallallahu əleyhi və səlləm) dilənçiliyi qəbahət saymış, bir çox hədisi-şərifində onun pis bir əməl olduğunu bildirmiş, ümmətini də dilənçilikdən çəkindirmişdir. Məsələn, bir gün yoxsul bir adam Onun (sallallahu əleyhi və səlləm) hüzuruna gəlib yardım istəmişdi. Peyğəmbərimiz də həmin adamın evindəki bəzi əşyaları satdırmış, əşyaların pulu ilə bir balta aldıraraq onu meşəyə göndərmiş, yığdığı odunları satıb dolanmağı məsləhət görmüşdür. Beləcə, əli çörəyə çatan həmin adam bir müddət sonra qazandığı pullarla Peyğəmbərimizin hüzuruna gəlmişdi. Allah Rəsulu ona belə buyurmuşdu: “Bu, sənin üçün qiyamət günü üzündə dilənçilik ləkəsi ilə gəlməkdən daha xeyirlidir”. (Əbu Davud, “Zəkat”, 26; İbn Macə, “Ticarət”, 25)

Nəbiyyi-Əkrəm (sallallahu əleyhi və səlləm) başqa bir hədisində isə: “Yuxarı (alan) əl aşağı (verən) əldən daha xeyirlidir” (Buxari, “Zəkat”, 18; Müslim, “Zəkat”, 94-97) buyuraraq verən əlin alan əldən daha xeyirli olduğunu üstüörtülü şəkildə nəzərə çatdırmış, bununla da bir mənada “Başqalarından nəsə istəməklə, bir şey ummaqla şərəf və heysiyyətinizə xələl gətirməyin. Nə qədər ki əliniz, ayağınız tutur, işləyin, öz güzəranınızı özünüz təmin edin və heç kimin əlinə baxmayın” demək istəmiş, möminləri verən əl olmağa səsləmişdir. Bütün bunlarla yanaşı, aclıq və susuzluq kimi hallar insanın həyatı üçün təhlükəli həddə çatdıqda dilənmək, kimdənsə kömək istəmək caiz sayılmışdır. Belə ki, Qurani-Kərim “Lakin naəlac qaldıqda (başqasının malını) zorla mənimsəmədən və həddi aşmadan (zəruri ehtiyacı ödəyənə qədər) bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur” ayəsi ilə zəruri hallarda donuz ətinin yeyilməsini caiz görmüşdür (“Bəqərə” surəsi, 2/173).

Sözügedən hədisi-şərifin mənasını yaxşı anlayan sələflərimiz zəkat və ya sədəqə verərkən əllərini aşağıda tutaraq kasıbların heysiyyətinə toxunmamağa diqqət yetirmişlər. Osmanlı dövlətində sədəqə daşlarından istifadə edilməsi də kasıbların izzət və şərəfini qorumaq baxımından çox əhəmiyyətlidir. Varlılar sədəqələrini bu daşların üstünə qoyar, kasıblar da ehtiyacları qədərini oradan götürərdilər. Bu adət eyni zamanda insanların nə qədər saf qəlbli olduğunu, yardımlaşma və həmrəylik hissinin cəmiyyətdə nə səviyyədə hökm sürdüyünü göstərir. O dövrdə təşəkkül tapan toplum fəzilətinə görə bir mənada göydəki mələklər aləmi ilə qoşa addımlayırdı. Bu gün o qədər polis, jandarma və hüquq-mühafizə orqanları ola-ola bir bölgədə belə, bu səviyyədə asayişi və əmin-amanlığı təmin etmək mümkün olmur və biz bu acı mənzərəni iztirab içində müşahidə edirik. Çünki qəlbdə günahdan çəkinmə duyğusu, axirət düşüncəsi qeyb olub, hesaba çəkilmə hissi qətlə yetirilib. Təbii ki, bu vurhavur qəlb və vicdanın da ölümünü özü ilə gətirib.

İradi miskinlik və ya “Qul Peyğəmbər” olmaq istəyi

Bütün bu sadalananlardan da aydın olduğu kimi, Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) Allahdan istədiyi miskinlik başqalarına əl açıb dilənmək mənasına gəlmir. Demək, burada “miskinlik” sözü ilə sadə həyat yaşamaq, yaxud da acizlik və ya fəqirlik şüuruna yiyələnmək nəzərdə tutulub. Həzrəti Bədiüzzamanın özü yolunun bir düsturu kimi götürdüyü “fəqir (fəqirlik)” də insanın həqiqətdə heç bir şeyə malik olmadığını dərk eləməsi, Allaha möhtac olduğunu hiss etməsi mənasına gəlir. Bu şüura və duyğuya yiyələnən insan: “Ya Hayyu, ya Qayyum! (Ey həqiqi həyatın sahibi və kainatı yaşadan, var edən Ucalardan Uca Allah!) mərhəmətinin hörmətinə kömək et mənə. Hər halımı islah et, düzəlt və məni bir göz qərpımında da olsa, nəfsimlə tək qoyma!” (Əbu Davud, “Ədəb”, 101; Əhməd ibn Hənbəl, “əl-Müsnəd”, V/42) deyib daima Allahın himayə və inayətinə pənah aparar.

Nəbilər Sultanı (sallallahu əleyhi və səlləm) da məhz bu hislərlə yaşamağı, bu duyğularla dünyadan köçüb getməyi, o biri aləmdə də acizlik və fəqirlik qanadları ilə pərvazlanan, daima Allaha pənah aparan, hər an Ona sığınan insanlarla birlikdə həşr olunmağı, yenidən dirilməyi Rəbbindən diləyir. Başqa sözlə, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bu duyğuya və şüurla yaşayıb dünyadan köçən insanların axirətdə də rəhbəri olacaq. Çünki O (əleyhissalatu vəssalam) bir ömür boyu daima sadə bir insan kimi yaşamış, məhviyyət və təvazökarlıq hissindən zərrə qədər ayrı qalmamışdır.

Həzrəti Aişə anamızın (radıyallahu ənhə) sözləri ilə desək, bəzən iki ay geridə qalar, üçüncü ay girər, ancaq Rəsulullahın evində ocaq asılmaz, bir şorba da bişməzdi. (Buxari, “Hibə”, 1, “Riqaq”, 17; Müslim, “Zöhd”, 26, 28) Kim bilir, bəlkə də, belə günlərin birində Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) bir az da ailəsinin haqqını düşünərək, onların maddi sıxıntılarından narahat olaraq ürəyindən nələrsə keçirmişdi. Ehtimal ki, məhz belə bir vaxtda Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Həzrəti Cəbrailin yanında olarkən başqa bir mələk onların yanına enib: “Allah soruşur ki, hökmdar peyğəmbər olmaq istəyirsən, yoxsa qul peyğəmbər?” – demişdi. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bu sualın cavabında onsuz da düzgün seçim edəcəkdi. Ola bilsin ki, Həzrəti Cəbrail məsələnin çox ciddi olduğunu düşünərək: “Ey Allahın Elçisi! Rəbbinə qarşı təvazökar ol!” − demişdi. Peyğəmbərimiz də: “Qul peyğəmbər olmağı istəyərəm!” − buyurmuşdu. (Əhməd ibn Hənbəl, “əl-Müsnəd”,II/231; Əbdürrəzzaq, “əl-Müsannəf”, III/183-184)

Belə ki, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) yoxsul və olduqca sadə ömür sürmüş və necə yaşamışsa, elə də vəfat etmişdir. O, Allahın bəxş etdiyi dünya malını Onun yolunda sərf eləmiş, beləcə, Rəbbin hüzuruna da alnı açıq, üzü ağ getmişdir.

İffət abidəsi və iffət qəhrəmanları

Bununla yanaşı, Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) həyatı boyunca ətalətə düşməmiş, çəkdiyi çətinliklərdən kiməsə şikayətlənməmiş, kimsənin əlinə baxmamış, dilənməmiş, kimsədən sədəqə və zəkat götürməmişdir. Onsuz da, Uca Allah Ona sədəqə və zəkat götürməyi haram buyurmuşdu (Buxari, “Zəkat”, 60, “Cihad”, 188; Müslim, “Zəkat”, 161). O (sallallahu əleyhi və səlləm), özünə gələn hədiyyələri də həmişə başqalarına paylamışdı. (Baxın: Buxari, “Bədül-vəhy”, 5-6, “Zəkat” 50, Riqaq, 20, “Savm”, 7; Müslim, “Zəkat”, 124, “Fəzail”, 50)

Peyğəmbərimiz ailəsini dolanışığını təmin eləmək üçün bir yəhudidən borca ərzaq almış, əvəzində mübarək qalxanını girov qoymuşdu. Dünyadan köçəndə də qalxanı girovda idi. (Buxari, “Cihad”, 89; Tirmizi, “Büyu”, 7; İbn Macə, “Ruhun” 1) Ehtimal ki, bu hadisədən heç səhabələrin də xəbəri olmamışdı. Bundan xəbər tutsaydılar, nə edəcəklərini yaxşı bilirdilər. Bəli, Allah Rəsulu (sallallahu əleyhi və səlləm), daima infaq etmiş, əlində-ovucunda nə varsa, hamısını Rəbbin yolunda fəda etmiş, öz istəyi ilə ən yoxsul müsəlman kimi yaşamış, amma kimsəyə əl açmamış, kimsədən bir şey ummamış, buna eyham da eləməmişdi. Beləliklə, Onun Allahdan dilədiyi miskinliyi bir tərəfdən comərdlik və cavanmərdlik göstərərək ən sadə həyatı seçmək, digər tərəfdən də bir iffət abidəsi kimi ömür sürərək zərrə qədər də təmənna ummamaq şəklində anlamaq lazımdır.

O (əleyhissalatu vəssalam), bənzərsiz bir iffət abidəsi olduğu kimi, Onu addım-addım izləyən səhabələr də iffət qəhrəmanları idi. Qurani-Kərim yoxsulluq və ehtiyac içində qıvrıldığı halda kimsəyə əl açmayan, camaatın əlinə baxmayan və dilənçilikdən çəkinən İslamın o ilk qəhrəmanlarını “... Belə şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə onların vəziyyətini bilməyənlər onları varlı hesab edirlər. Ya Rəsulum! Sən isə onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər...” (“Bəqərə” surəsi, 2/273) ayələri ilə təqdir etmişdir.

Bəli, səhabələrin həyatına baxanda onların başqalarından bir şey istəməkdən ciddi şəkildə qaçındığını və dolanışıqlarını öz əllərinin zəhməti ilə qazandıqlarını görürük. Məsələn, əşəreyi-mübəşşərə zümrəsindən olan Əbdürrəhman ibn Avf (radıyallahu ənh) bütün sərvətini Məkkədə qoyub Mədinəyə hicrət etməli olmuşdu. Mədinəyə gələndə əlinə bir ip götürüb bazarın yolunu tutmuş, yük daşımaqla işə başlamış (Buxari, “Mənaqibül-ənsar”, 3), Allahın izni və inayəti ilə bol bərəkətli ruzi qazanmış və gün gəlmiş Allah yolunda yeddi yüz dəvə vermişdi. (Əhməd ibn Hənbəl, “əl-Müsnəd”, VI/115; Təbərani, “Mücəmül-kəbir”, I/129) Bəli, dilənməyin çox ayıb bir iş olduğunu bilən səhabələr maddi sıxıntılar içində yaşamalarına baxmayaraq, həmişə öz əllərinin zəhməti ilə keçinməyə və halal qazanmağa çalışıblar. Bu baxımdan vaxtını Allah yolunda sərf edən, Haqq yolunda xidmət edən insanların belə, fikrimcə, təqaüd və maddi yardım gözləməsi ayıbdır. Kaş ki imkan ola, daş daşıyaq, mənzillərdə xidmətçi işləyəcək, amma hər zaman alnımızın təri ilə qazandığımız pulla dolanaq. Lakin bəzi məqamlarda başqa bir iş görmək doğru olmaz. Yalnız bu kimi məqamlarda olan insanların zəruri ehtiyacları təmin edilə bilər.

Bu mövzuda öz həyatımı da sorğu-suala çəkmək zərurətini hiss edirəm. Əsgərlikdən əvvəl üç il məsciddə imamlıq etdim və maaş aldım. Hərçənd aldığım maaşın çoxu kitablara və din yolunda xidmətlərə xərclənirdi, qalan pul da gündə bir öyünlük yeməyə çatırdı. Daha sonra vaizlik məsələsi ortaya çıxanda “əmri bil-məruf nəhyi anil-münkər” vəzifəsinin maaş müqabilinə yerinə yetirilməsinin caiz olub-olmadığını soruşmağa ehtiyac duydum. Bu məsələni Həzrəti Pirin ən yaxın tələbələrindən birindən soruşdum. O böyük insan da eyni problemin Həzrəti Pirdən soruşulduğunu, onun da “Əgər vaiz olmadan vəz verə bilməyəcəksənsə, bu vəzifəni qəbul et. Əgər vaizlik maaşına ehtiyacın yoxdursa, onu kiməsə verərsən. Ehtiyacın varsa, ehtiyacın qədər istifadə edərsən” şəklində cavab verdiyini nəql etdi. Mən də bundan sonra vaizliyə başladım. Vaizliyə görə verilən maaşın bir hissəsi ilə zəruri ehtiyaclarımı təmin elədim, qalanını Allah rizası üçün ehtiyac sahiblərinə verdim. Kitablardan əldə edilən bütün gəlirin isə ehtiyacı olan bir adama verilməsini istədim.

Bu günün hizmət ərləri də başqalarına əl açmaqdan qaçınmalıdır. Hətta o səviyyədə ki, insanlar onların arxasınca düşüb zəruri ehtiyaclarını qarşılamağa çalışmalı, “Sizin başqa sahələrdə inkişaf etməyiniz və cəmiyyətə daha faydalı olmağınız üçün buna ehtiyac var” deməlidirlər. Məhz belə bir vəziyyətdə siz də onların verdiyi təqaüd miqdarında məbləği istmədən qəbul edə bilərsiniz. Digər hallarda insanların yardımından asılı vəziyyətdə yaşamaq, qənaətimcə, Quran və Sünnədə xoş qarşılanmayan miskinlik kateqoriyasına daxil olar.

İnsan pulla alınıb satılan dəyərsiz bir əşya deyil

Dinə xidmət yolunun yolçuları bu məsələdə daha həssas olmalı və ömür boyu şərəfli, izzətli yaşamağa çalışmalıdırlar. Onlar heç kimdən bircə qəpik də olsa, ummamalı və heç kimin yanında gözükölgəli olmamalıdır. Bəli, o iffət qəhrəmanları daima mətin yaşamağı və dayanmağı bacarmalıdırlar. Əks halda mənfəətpərəst qüvvələr dinin ehyası uğrunda yorulmadan çalışan bu insanları özlərinin köləsinə çevirər, gün gələr, onları dinlərindən, inanclarından nələrisə qurban vermək məcburiyyəti ilə üz-üzə qoyarlar.

Təəssüf ki, hal-hazırda bunun çox ağrılı-acılı nümunələrini müşahidə edirik. Bəli, neçə-neçə insanın satın alındığını, sonra da başqa məqsədlərə alət edildiyini görürük. Halbuki, insan pulla alınıb satılan dəyərsiz bir əşya deyil, olmamalıdır. Onun dəyəri Cənnətdir, camalullahdır, Allahın rizasıdır. Qalan heç bir şey insanın dəyərinə tən ola bilməz. Bəli, insanın özünü satmasının əvəzində İstanbulun fəthini də versələr, dəyməz. Yəni bir adamın satılması müqabilində İstanbul fəth edilsə belə, o insan yenə də buna razı olmamalıdır. Çünki insanın izzət, şərəf və şərəfi bunların hamısından daha dəyərlidir.

Bu qüdsi halqada bəzi insanların bu səviyyədə safa ruha, qəlbə yiyələndiyini, belə bir uca fəzilət məqamına çatdığını söyləməmək nankorluq olar. Lakin biz hər kəsi bu ruh halətinə yüksəltməyə çalışmalıyıq. İnsanlara alın təri ilə dolanmağın, etibarı qorumağın, izzətli yaşamağın dəyərini aşılamalıyıq. Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) “qul peyğəmbər”liyi seçməsi də göstərir ki, peyğəmbərlik yolunu bu ruhla, bu şüurla yaşatmaq olar.

Həzrəti Pirin vəfatından sonra onun tanınmış tələbələrindən çoxunu görmüşəm. O illərdə Türkiyədə cəmi bir neçə tələbə evi vardı. Bu evlərdə sadə həyat hakim idi. Oralarda çox vaxt şorba bişərdi, onun da yağı olmazdı. Çayın yanında bir tikə çörək və pendirlə kifayətlənərdilər. Lakin onlar haqqa xidmət yolunda ciddi səy göstərirdilər, şövqlü, həyəcanlı idilər. Hər biri köhlən kimi şahə qalxırdı Haqqa xidmət eşqi ilə. Bu baxımdan, din yolunda həqiqi xidməti onlar etdi, bugünkü zəmini sizin üçün onlar hazırladı. Torpağı şumladılar, toxumu səpdilər, suyunu, gübrəsini verdilər. Məhsul yığımının vaxtı gələndə iş sizə düşdü.

Bu səviyyədə göz-könül toxluğu və iffətlə yaşamaq bəzi insanlara ağır gələ bilər. Lakin ülvi bir amal yoluna könül vermiş məfkurə mühacirləri daima bu məqama çatmağa səy göstərməlidir.

Əsla unutmayaq ki, bu uca məfkurəni ancaq bu cür uca əxlaqla yaşatmaq mümkündür. Çünki Allah qorusun, dəbdəbəli həyat yaşamağa başlasanız, insanların siz bəslədiyi etibar sarsılar və nəticədə sizi himayə etməzlər, dəstək olmazlar. O zaman da geniş bir coğrafiyaya yayılmış bu gözəl fəaliyyətlər, Allah qorusun, dayanar, yarımçıq qalar. Bəli, saysız-hesabsız haqq yolçusunun saysız-hesabsız fədakarlıqları olmasa, bütün insanlığa təqdim edilən bu fəaliyyətlərin davamı gəlməz. Bu gün kimi cahillikdən, kimisi də yaxşı bildiyi halda sırf qısqanclıq və həsəddən “Bu dəyirmanın suyu haradan gəlir?” şəklində ittiham dolu suallar ortaya ata bilər. Bu dəyirmanın çarxları su və ya küləklə deyil, İstiqlal mübarizəsində ağlagəlməz fədakarlıqlar göstərən mərd Anadolu xalqının dəstəyi ilə fırlanır. O halda kiçik bir səhvə belə, yol verməməli, bu mərd insanların zehinini bulandırmamlı, onları sui-zənnə sövq etməməliyik. Bu, vəbalı ağır bir günahdır və Allah bunun hesabını soruşar.

Təbii ki, iş adamları işləməli, çalışıb qazanmalıdır. Rəbbim onların işlərinin bərəkətini birə min eləsin. Onlar da işləyib qazana bilsinlər. Ancaq məqamına görə sadə bir həyat yaşamağa məcbur olan haqq yolunun yolçuları, məfkurə mühacirləri son nəfəslərini verənədək zahidanə həyatı seçməli, dünyaya qarşı gözləri-könülləri tox olmalı, duyğuları, düşüncələri, ağılları və ürəkləriylə özlərini tamamilə iman və Quran yolunda xidmətə həsr etməlidirlər.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.