Necə və niyə Getdilər?

Qaldı ki, ayrı bir məsələ də var: nə vaxt onları anırsam, onları yad edirsəm və ya yoldaşlardan eşidirsəm, hər dəfə gözlərim dolur. Bu insanlar heç kimi tanımadan qalxıb yad ölkələrə getdilər. Malayziyaya getdilər, İndoneziyaya getdilər, adını bilmədiyiniz yerlərə getdilər. Afrikanın elə ölkələrinə getdilər ki... bu insanlar özlərini düşünmür, özlərini unudublar.. niyə, nə üçün? Onlar bu düşüncə ilə getdilər: "Dinimizdə hicrət çox mühüm amildir. Atalarımız da keçmişdə bu amildən istifadə etdilər". Biri getdi, o biri də ondan nümunə götürüb, dərs alıb getdi, o da getdi. Getdikləri yerdə ya bir ünvan tapdılar, ya tapmadılar. Yeri gəldikcə bəhs etmişdim. Meksikaya gedən bir yoldaşımız oradan mənə zəng elədi. "Telefon kitabçasına baxdım," - dedi, "bircə müsəlman adına rast gəlmədim ki, gedim "buralarda nə edə bilərik" deyim," - dedi. Telefonun başında hıçqıra-hıçqıra ağladım, danışa bilmədim, dəstəyi yerə qoydum. Və bunun kimi yüzlərlə gedən insan var. Mən Tuvanın adını bilmirdim.

Yerini də bilmirəm. Mənə bu gün desəniz ki, "Xəritədə, Asiyada yerini göstər" göstərə bilmərəm. "Yakutistanın yerini göstər", göstərə bilmərəm. Monqolları bir az tanıyırıq, amma Monqolustanı tanımıram. Orxon abidələrinin yerini bilsəm də, xəritədə göstərə bilmərəm.

Yurd-yuvasını qoyub o yerlərə üz tutan insanlar Türk Milləti naminə getdilər, Türk Dövləti naminə getdilər. Elə bil sürgünə getdilər. Ana vətəni möhkəmləndirmək üçün getdilər. Dünyanın dörd bir tərəfində Türk dövlətini dəstəkləyəcək, yüksəldəcək lobbilər qurmaq üçün getdilər. Sənin mədəniyyətinlə insan yetişdirmək üçün getdilər. Sənin milyonlarla dollar xərcləyib formalaşdırmaq istədiyin bir qisim süni lobbilər əvəzinə lobbi üçün könüllü çalışan insanlar yetişdirməyə getdilər. Maaş ala bilmədilər, dörd ay maaş ala bilməyən insanlar eşitdim və gözlərim doldu, ağladım. Türkiyədə evləri vardı, yurdları vardı. Hər şeyi arxada buraxıb, hətta duvaqlı gəlini qoyub gedənlər oldu. Bu fədakar insanların, gördüyünüz kimi, dünyada gözü yox. Olsaydı, onlar da siyasət səhnəsinə sıçramaq üçün bir fürsət axtarar, onlar da bir xortumun başına oturardılar. Amma eləmədilər. Ac-susuz qaldılar, bir şorba ilə kifayətləndilər və burada qalanların gözlərini yaşardan fədakarlıq örnəkləri göstərdilər. Bunu görməyənlər kordur, bunu qəbul etməyənlər nankordur. Türk milləti üçün bu Fəaliyyətin nə qədər faydalı olduğunu qəbul etməmək, Türk dövlətinə nə qədər faydalı olduğunu qəbul etməmək, məncə, mühakiməsizlikdir, həzm edə bilməmək və qısqanclıqdır.

Dövlətə alternativlik mövzusu olsa idi, Yunus Əmrənin (cənnət məkan) dediyi kimi, küpün içində nə varsa, çölə də o sızardı. Başqa niyyəti olan insan bunu onsuz da müəyyən dövrlərdə büruzə verir. Onlar öz xarakterini nümayiş etdirirlər. Çox vaxt öz dəyərlərini belə altını üstünə gətirirlər. Ancaq indiyə qədər etimad etmədikləri bu yoldaşların səhv bir hərəkəti oldumu, olmadımı? Məncə, oturub insafla bu məsələni düşünməlidirlər. Ortada fəaliyyət var, insanlar xidmət edir, Allah xatirinə görək bunu, görməyə çalışaq. Əslində, buna millət sahib çıxıb, bəzilərinin dəstək olmaması, onların hansı fikirdə olduğunu göstərir.

Paranoyak yoxsa həzm edə bilməmək?

Bəli, zənnimcə, təhsil fəaliyyətlərini dövlətə alternativ kimi görmə mülahizəsi və zərərli olacağı düşüncəsi.. bunlar əqli-səlimdən qaynaqlanmır, sağlam məntiqin, sağlam mühakimənin ifadəsi deyil. Məsələyə bu zaviyədən baxınca ya deməlisiniz ki, bu kimi şeyləri iddia edənlər mühakimədən, məntiqdən məhrum paranoyyanın təsiri altındadır... ya da qısqanclıq, həsəd gözlərini elə örtüb ki, özləri edə bilmədiyi bir şeyi başqaları həyata keçirincə, nə olur-olsun həzm edə bilmirlər, həsəddən od tutub yanırlar. "Biz bu qədər vaxtdır, bu qədər imkanlarla çox kiçik problemləri həll edə bilmədik, ancaq bu insanlar dünya miqyasında, xüsusi ilə millətimizin yaxın gələcəyi naminə böyük işlər gördülər. Ona görə də onları həzm edə bilmirik" deyə qısqanclıq içində qovrulurlar. Bunlar oliqarx azlıqdır, heç kim bundan əndişələnməsin.

Millətin yüzdə səksən faizi bu işə "bəli" deyir. "Bəli" deməsə, bu qədər xeyirxah fəaliyyətlərin öhdəsindən necə gəlmək olar? Türkiyənin iqtisadi vəziyyəti çox da gözəl deyil. Bəlkə də bir azlıq rifah içində yaşayır, Türkiyəni onlar sağırlar, onlar yeyirlər, onlar içirlər, yüzdə səksən isə orta təbəqədir. Kobiler, Anadolu qaplanları, filan.. siz onlara hansı ünvan verirsiniz verin, onların nə olduğu məlumdur. Hazırda dünyaya açılmağa çalışırlar və bu ağır yük onların çiynindədir. Bəzən baxıram, həm heyrətə gəlirəm, həm gözlərim dolur, deyirəm ki: bu insanlar özləri yeməyə bir şey tapa bilmirlər, ancaq iş adamı, sənayeçi, sərmayəçi kimi bir diyara gedir. Sonra da xəbər göndərib, "Bir neçə müəllim tapıb göndərə bilərsinizmi? Burada bir məktəb açaq," - deyir. O, ona baxır, o, ona baxır, o da ona baxır. Bəlkə də bir gün gələcək yer üzündə məktəb açmadıqları, mədəniyyət ocağı açmadıqları, Türk dili kursları açmadıqları yer qalmayacaq. Oturub düşünəcəklər, "Görəsən, göylərə yol varmı?"

Oradakı ruhanilərə də dilimizi, mədəniyyətimizi, dinimizi, milli dəyərlərimizi, tarixdən miras qalan, bir mənada dörd min illik zənginliyimizi, sərvətimizi, İslamiyyətlə müstəsna dərinlik keyfiyyəti qazanan dini mədəniyyətimizi, dini dəyərlərimizi tanıtma yolları axtaracaqlar.

Dolayısilə, oliqarx bir azlığın, indiyə qədər öz millətini belə bəyənməyən, kasta sisteminə görə özlərinin qaşdan, gözdən, dildən, dodaqdan yaradıldığını düşünən və insanlara, xalqın yüzdə səksən, doxsan faizinə dırnaqdan, ayaqdan, barmaqdan yaradılmış varlıq kimi baxan.. - onların ümumi rəftarı belədir - və onu bəyənməyən, bəyənmədiyinə görə də, özünə bənzətmək istəyən... bənzətmək üçün də bəzən qayda-qanunu, demokratiyanı, dövləti tanımayan; hər şeyi ayaq altına alan oliqarx bir azlıq... Məncə, bu, Anadolu insanının o eşqini, o həyəcanını söndürməməli, onu ümidsizliyə salmamalı. Bu boyunduruq, Allahın izni ilə, axıra kimi aparılmalıdır.

Röyalarımızda gələcəyin Türkiyəsi var

Onlar belə şeylər deməsələr, dövlətə alternativlik məsələsi özünü dövlətinə, xalqına həsr edən, millətinə xidmət edən bu insanların yuxusuna belə girməz. Qarşımda beş-on insan deyil, min insan olsaydı, Süleymaniyyə Məscidində olduğu kimi, onlardan soruşardım: "Kimsə belə bir yuxu gördümü?" "Xeyr" deyəcəkdilər. Freydə görə, yuxuların əksəriyyəti şüuraltı məlumatların büruzə verməsidir. Çox güman ki, belədir. Əgər insan bir şeyi yuxusunda da görmürsə, bu günə qədər də görməyibsə, bu mövzuda bircə kəlmə də demirsə, deməli, onun bu işlə əlaqəsi yoxdur. Ancaq siz bu insanlara kimin əli ilə böyüyür-böyüsün, Türkiyənin böyüməsi haqqında sual versəniz: "Siz Türk millətinin yüksəlib dövlətlər arasında öz möhtəşəm yerinə keçməsi ilə bağlı heç yuxu gördünüzmü?" desəniz, min nəfər əl qaldırar. Gələcəkdə biz olmasaq da, gələcək nəsillər bu şanı çox uca, uran kimi milləti layiqli mövqeyə yüksəldəcək. Onlar bunun röyasını görüblər. Lakin dövlət, idarə, siyasət... buna gəlincə biz onu yuxuda belə görmədik. Elə bir yuxu görsəm, şəxsən mən səccadəmi sərərəm, iki rükət tövbə namazı qılaram və deyərəm ki, "Allahım, mən nə səhv iş gördüm ki, mənə xəyal dünyamı, təsəvvür dünyamı kirlədən şey göstərdin?" deyərəm. Və mən bunları burada yoldaşlarımızın hislərinə tərcümanlıq mövqeyindən danışıram. "Mənimlə bu ricada müttəfiqdir cümlə ixvanım!" deyirəm. "Bu yoldaşlarla eyni duyğu, eyni düşüncəni bölüşürük!" deyirəm.

Ölkə və dövlət heç kəsin "inhisarında deyil

Üçüncü məsələ, Türkiyədə dövlətə sahib çıxma, dövləti qoruma məsələsi bir nəfərə aid deyil. O dövlətə - Allah qorusun - şimaldan, cənubdan, şərqdən, qərbdən kimsə hücum eləsə, bir vaxtlar Çanaqqalada, Milli Mübarizədə olduğu kimi məktəb şagirdlərdən böyüklərə qədər hər kəs "Mən dövlətimə yad əlin dəyməsinə imkan vermərəm!" deyə cəbhəyə yollanacaq. Heç kim özünü daha dövlətpərvərmi deyim, dövlətpərəstmi deyim, dövlətin qoruyucusumu deyim, - siz nə deyirsiniz-deyin - heç kim bu mövzuda özünü artıq görməsin. Hamımız bu dövlət, bu millət uğruna nəinki bir dəfə, min dəfə ölməyə razıyıq, hər şeyimizi o uğurda fəda etməyə hazırıq. Heç kim elə böyük iddialara girməsin! Dolayısilə, çox məsum, Anadolu insanının ruhundan doğulmuş və ruhundan zühur edən fəaliyyəti gerçəkləşdirmiş - Allahın izni, inayəti ilə - dövrün hadisəsini həyata keçirmiş, dastanını yazmış bu insanların davranışlarını o məlul düşüncələrlə kirlətməyə heç kimin haqqı yoxdur, həddi də deyil.

Üstəlik Türkiyədə müxtəlif sivil təşkilatlar var, iqtisadi, siyasi, mədəni qurumlar var. Ticarət təşkilatları var. Və bu təşkilatlar müxtəlif yerlərlə, müxtəlif dövlətlərlə əlaqələr qururlar, təyyarə karvanı təşkil edib bir ölkədən o bir ölkəyə gedirlər. Və dövlətin oralarda ticarət elçiləri var, mədəniyyət elçiləri var, konsulları var, onlarla əlaqə qururlar. Gedənlər də öz dövlətini tanıtmağa çalışır. Görəsən, bununla dövlətə alternativ nəsə qurmağamı çalışırlar? Əgər iş belədirsə, məncə, bunu da müzakirə etmək lazımdır. "Xeyir, onların belə bir niyyəti yoxdur" filan.. "Bu təhsil və mədəniyyət fəaliyyətlərinin iştirakçıları alternativ olmaq istəyirlər" filan... deyirlərsə ataların dediyi kimi bu, "dava bila dəlil" - əsassız, dəlilsiz, kor-koranə bir iddiadır. Onlar niyə dövlətin alternativi sayılmır, amma bu səmimi, Anadolunun bağrından, millətin bağrından çıxan, - mənim də tamamını, kəmiyyət və keyfiyyətini bilmədiyim - bu qədər insanın fədakarlığını qaralamağa çalışırlar. Bu məqamı da bir qədər durub dərindən düşünmək lazımdır.

Yeri gəlmişkən, nə danışdığını bilməyən bəzi insanlar bu Fəaliyyət haqqında danışarkən məqsəddən uzaq sözlər deyiblərsə, məncə, bu nə ümumi Fəaliyyəti maraqlandırır, nə də bu işə sahib çıxan insanları. Məsələn, belə demiş ola bilərlər: "Biz millətimizə, dövlətimizə xidmət edirik, bizə güvənə bilərsiniz bu mövzuda..." Bir şey umduqları insanlardan umduğunu görə bilməyiblərsə, rəsmi idarələrdən gözlədiyini görə bilməyiblərsə, xalqa qarışa bilməyiblərsə və əksinə bu insanlar xalqın içindədirlərsə, xalq bu insanlara daha çox etibar edirsə, "Sizdən çox şey gözləyirik, gəlin məktəb açın," deyirsə, hətta "universitet açın" deyirsə, - bu "deyirsə"nin sayı-hesabı yoxdur. Bəzi yoldaşlardan aldığım məlumata görə, bu cür bəlkə də əlli, yüz yer var - bu təqdirdir, təqdir isə təqdir olunan şeyə aiddir. Əgər bəzi insanlar təqdirəlayiq bir iş görə bilməyibsə, ancaq oralardakı könüllülər, o sivil qurumlar layiqli gözəl işlər görə bilibsə, bizim bu etibarı başqa tərəfə istiqamətləndirməyə gücümüz çatmaz; nə edək bunu təqdir edir, bunu bəyənirlər. Elə isə siz də layiqli iş görün. Müəllimlər göndərin dünyanın dörd bir tərəfinə, məktəblər açın dünyanın dörd bir tərəfində, mədəniyyət ocaqları açın, Türk dilini dünya dilinə çevirin, hər kəs Türk dilini sevsin, Türkləri də sevsin və gələcəkdə dəstək olsunlar. Buyurun siz edin bunu.

Hətta bir addım da irəli ataraq gücüm çatsa, səsim çatsa deyəcəyəm ki, əgər o bəzi insanlar, "Bunları verin, biz idarə edək" deyirlərsə, siz də verin qoy idarə etsinlər, görək, idarə olunurmu? Bu, fədakarlıqla bağlıdır, ac-susuz xidmət etməklə bağlıdır... almadan verməkdən asılıdır... bu, sağlıqda, vəzifə başında padşah kimi yaşayan, təqaüdə çıxanda da villalara doluşan insanın bacaracağı iş deyil. Ailəni evsiz-eşiksiz qoyub gedən insanların, yetim uşaqlar qoyub gedən qəhrəmanların işidir. Məncə, görə bilməyəcəyin işə nə gözünü dik, nə də "mən edərəm" deyib onu işlə. Sənin bundan sonra görəcəyin işlər bu günə qədər gördüyün işlərdən görünür. Etdiyin şeylər edəcəyin şeylərin göstəricisidir. Həddini bil, o Fəaliyyəti fədakar insanlar həyata keçirir, özünü Türk millətinin dirçəlişinə həsr etmiş insanlar gerçəkləşdirir, "Filan yox, filankəs yox, filan-filanın ənaniyyəti də yox, Türk milləti var!" inancında olanlar həyata keçirir. Heç kim dövlətə alternativ olmağa çalışmır, ortada dövləti dəstəkləmə fəaliyyəti var. Gələcəkdə dövlətin başında kim olur-olsun rahatlıqla bəzi şeylərə, gücə sahib olacaq və inşallah, bunların sayəsində dövləti daha da irəliyə aparacaq. Bəli, bu da məsələnin bir başqa yönüdür.

Məncə, bir yol var. Cənabi-Haqqın insanımızı sövq etdiyi bir fəaliyyət zəmini var. Bu fəaliyyət inşallah sonsuza qədər davam edəcək. Biz ölüb gedəcəyik, gələnlər daha coşqun eşqlə, şövqlə bu işə sahib çıxacaq. İnşallah, dünyaya bağlanmadan, bütün mənafelərdən üz döndərib böyüdəcəklər bu işi. Nə dünyəvi, nə də üxrəvi bir şey ummadan bu Fəaliyyəti irəli aparsınlar. Bunlar hamısı millətimiz və dövlətimiz üçün görüləsi şeylərdir. Sələflərimiz bunu elədi. Allahın hüzurunda onlardan geri qalmaq, onların məzhər olduğu şeylərdən məhrum olmaq istəmirik. Onlarla birlikdə həşr olunmaq, məncə, onların yolu ilə getməkdən asılıdır. Biz onların yolu ilə getməyə çalışırıq.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.