Övladpərəstlik

Fəthullah Gülən: Övladpərəstlik

Sual: “Əraf” surəsinin “Allah onlara saleh övlad verdikdə valideynlər ifrata varıb Allaha şəriklər qoşmağa başladılar. Allah isə Ona qoşulan şəriklərdən ucadır!” (“Əraf” surəsi, 7/190) məallı ayəsini necə başa düşməliyik?

Cavab: Allah-taala bu ayeyi-kərimədə bütün insanları bir nəfsdən (bir nəfərdən, Həzrət Adəmdən) xəlq etdiyini, ünsiyyət etmək, sakitlik və rahatlıq tapmaq üçün ondan zövcəsini yaratdığını buyurduqdan sonra zövcəsinin yüngül bir yüklə yükləndiyini və hamiləliyi bir az ağırlaşdığı vaxt hər ikisinin əllərini qaldırıb: “Əgər bizə saleh bir övlad versən, mütləq Sənə şükür edən bəndələrdən olarıq!” (“Əraf” surəsi, 7/189) deyə dua etdiyini xəbər verir. Ayədə işlənən “saleh” kəlməsi həm fiziki cəhətdən sağlam və qüsursuz, həm də dərin imanlı, ibadətlərinə diqqət edən, əngin ehsan şüuruna sahib olan insanlar haqqında istifadə edilir.

Əslində, Allaha və axirət gününə inanan hər bir insan uşağının həm sağlam, həm də müttəqi (təqvalı) olmasını diləməlidir. Uşaq gözləyən hər bir inanclı insan əllərini açıb: “Allahım! Bizə saleh övlad ver! Əli, ayağı, gözü, qulağı, dili, dodağı, bütün orqanları sağlam olsun! Onu iman, İslamiyyət və ixlasda da saleh eylə! Vücudu ilə yanaşı, əməlini, qəlbini, ruhi-mənəvi dünyasını da nöqsansız və qüsursuz et!” deyə dua etməlidir.

Buna baxmayaraq, insan bəzən şikəst və əlil uşaqla sınağa çəkilir. Belə bir halla qarşılaşanlar səbir etməli və çətinliklərə dözməlidir. Çünki uşağın dünyaya şikəst gəlməsinin hikmətini biz bilmirik. Nə bilmək olar, bəlkə də, Allah-taala bununla insanın günah və xətalarını təmizləmək, bu uşağa qayğının əvəzində valideynlərin mənəvi məqamını ucaltmaq istəyir.

Xitab peyğəmbər timsalında onun ümmətinədir

Əvvəlki ayədə ilk insanın yaradılışından bəhs edildiyinə görə, ilk baxışda adama elə gəlir ki, burada söhbət Həzrət Adəm və Həzrət Həvvadan gedir. Ancaq Allahdan saleh övlad diləyənlər onlar (Həzrət Adəm və Həzrət Həvva) olsa da, “peyğəmbərlər məsumdur, günahlardan qorunmuşdur” həqiqəti göstərir ki, ayədə “şərik qoşanlar” peyğəmbərlər deyil, digər Adəm övladlarıdır. Əlbəttə, peyğəmbərlərin bu cür xəbərdarlıq məzmunlu ayələri öz üzərlərinə götürə bilərlər, bu, başqa məsələ. Burada əsl xəbərdarlıq peyğəmbərlərin timsalında ümmətləridir. Bildiyiniz kimi, ümmətlərə aid bəzi xüsusiyyətlərin peyğəmbərlərə xitabən bəyan edilməsi Qurana xas bir üslub olub müxtəlif ayələrdə özünü gösrtərir.

Məsələn, “Zumər” surəsində Peyğəmbərimizə (sallallahu aleyhi və səlləm) xitabən buyurulur: “Əgər (Allaha) şərik qoşsan, bütün əməlin puça çıxar!” (“Zumər” surəsi, 39/65). Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) şirkdən, ümumiyyətlə bütün günahlardan qorunmuşdur. Demək, bu ayə Onun tamsalında bütün bəşəriyyətə xitab edir: “Əgər Allaha şərik qoşsanız, əməlləriniz puça gedər!” Allah-taala Peyğəmbərimizi (sallallahu aleyhi və səlləm) hifz və inayət edir. O (sallallahu aleyhi və səlləm), məsun (hifz edilən, qorunan) və məsumdur. Bəli, İnsanlığın İftixarı (sallallahu aleyhi və səlləm) peyğəmbərlikdən əvvəl də, insanların boğazadək günaha batdıqları bir dövrdə belə, zərrə qədər şirkə bulaşmamışdı. Allaha şirk qoşmaq bir yana qalsın, ədəb-ərkanda belə nöqsana yol verməmiş, kimsəyə çırtma vurmamış, kimisə zərrə qədər incitməmişdir.

Bu baxımdan hansı məsələni götürürsünüz-götürün, ilk növbədə bunu qəbul etməliyik ki, peyğəmbərlər ismətlidir və müzəkkadır (təmizlənən, pak edilən, islah edilən). O halda unutmamalıyıq ki, peyğəmbərlərə xitabən nazil olan bu qəbil ayələrin hökmü ilk növbədə onların ümmətinə aiddir. Bu prinsipə əsaslanaraq sözügedən ayəni bu cür başa düşmək daha doğru olar: “Diqqət edin! Əgər məsun və məsum bir zat bu cür xəbərdar edilirsə, görün günaha meyilli olan adi insanlar nə qədər ehtiyatlı davranmalıdır”.

Sözügedən ayədə Həzrəti Adəmə aid hissəyə bu aspektdən yanaşmaq lazımdır. Əks halda, Allah eləməsin, Allahın (cəllə cəlaluhu) bütün insanların, bütün millətlərin içindən seçdiyi bir zata (Bax: “Ali İmran” surəsi, 3/33) yaraşmayan düşüncələrə qapılarıq. Halbuki peyğəmbərlər haqda düşüncələrimiz daim pak və təmiz olmalıdır. Bu baxımdan, bir daha təkrar edək ki, saleh övlad diləyən Həzrəti Adəm olsa da, övlad üzündən şirk qoşan o deyildir. Ayə bizə xitab edir.

Şirkə zəmin hazırlayan övladpərəstlik

Bəli, Həzrəti Adəmin övladları saleh övlada sahib olandan sonra ifrat uşaq sevgisi üzündən tarazlığı qoruya bilməyib Allaha şirk qoşma təhlükəsi ilə daima üz-üzədir. Bəzi insanlarda bu hiss o qədər güclüdür ki, “Varsa-yoxsa, mənim uşağım” deməkdən çəkinmirlər. Məsələn, bir məclisdə tamam başqa bir məsələdən söhbət açılır. Söhbət zamanı elə ki bir övladpərəstin uşağının adının ilk hecası ilə başlayan bir söz deyilir, onun dərhal övladından danışmağa başladığını görürsən. Deyək ki, uşağın adı Musadır. Biri “mu” dedimi, dərhal onun sözünü kəsir və başlayır uşağını tərifləməyə: “Oğlum Musa yaman savadlı uşaqdır. Uğurları bizi çox sevindirir...” Bəli, bəzi insanlarda bu hiss çox güclüdür, hər hadisədən, hər sözdən bir yol tapıb oğullarından, qızlarından danışmağa çalışırlar. Bu cür insanlara dilimizə fars dilindən keçən “övladpərəst” də demək olar.

Övlad sevgisi uşağı əbədi səadətə aparmalıdır

Halbuki, biz bilirik ki, əhsəni-təqvimin kiçik aynası olan uşaqlar Allahın bizə verdiyi əmanətdir. Onları seviriksə, Yaradanından ötrü sevməliyik. Daha vacibi, bu sevgi və şəfqəti əhsəni-təqvimə namizəd olan uşaqların İslami tərbiyə ilə yetişməsində sərf eləməliyik. Başqa sözlə desək, valideyn sevgisi uşaqların düzgün tərbiyə almasına və doğru yolu tutmasına zəmin hazırlamalıdır. Ana-atalar övladlarını oxşarkən onların qulağına daim bu həqiqətləri pıçıldamalıdır ki, uşaqlar Allaha asi olmasın, dinə biganə böyüməsin, günah girdabına yuvarlanıb əbədi səadətlərini təhlükəyə atmasınlar. Çünki valideynlər dünyaya pak, tərtəmiz gələn övladlarının imanlı yaşayıb dünyadan pak köçməsi üçün əlindən gələni eləməyə, düzgün tərbiyə almasına zəmin hazırlamağa borcludur. Bütün bunlar övlad sevgisinin fərqli bir təzahürüdür və bunda bir qəbahət yoxdur.

Ancaq bir insan bu düşüncələrdən uzaqdırsa, uşağını sırf övladı olduğu üçün sitayişkaranə sevirsə, fikri-zikri ondadırsa və elə hey ondan bəhs açmağa çalışırsa, o, Allaha və Peyğəmbərə inandığını desə belə, bilmədən şirkə yol verir. Kəlmeyi-tövhidi deyən, yəni “Allahdan başqa ilah yoxdur. Həzrəti Məhəmməd (sallallahu aleyhi və səlləm) Onun elçisidir” sözlərini söyləyən bir insan müşrik olmaz. Ancaq uşağa bu cür nəfsani sevgi müşrik sifəti sayılır. Peyğəmbərimiz hədisi-şərifdə: “Sizə görə ən çox qoxduğum şey kiçik şirkdir”, − buyurur. Səhabənin: “Kiçik şirk nədir?” sualına isə: “Riyadır, özünü nümayiş etdirməkdir” (Əhməd ibn Hənbəl, “əl-Müsnəd” 5/428, 429; Təbərani, “əl-Mücəmül-kəbir”, 4/253) cavabını verir. Bəzi insanlar uşağının məziyyətləri ilə özünü göstərmək, fərqli olduğunu insanlara eşitdirmək istəyir. İnsan bəzən boy-buxun, gözəllik, mal-sərvətlə kiçik şirkə girir, yəni riyakarlıq edir, bəzən də özünü nümayiş etdirmək ehtiyacını uşaqların məziyyətləri vasitəsilə üzə çıxarır.

Bunu konkret misallalarla izah etməyə çalışaq, məsələn, bir insanın mimikalarla öz məziyyətlərinə işarə vurması özününümayiş sayılır. Təklikdə ibadətlərinə həssaslıq göstərmədiyi halda, başqalarının yanında həssas davranması özünü nümayiş etdirməkdir. Gözəl yazılar yazmaq, səlis danışmaq kimi məziyyətləri göstərməyə çalışmaq özünü nümayişdir. Üstəlik “acizanə, fəqiranə” kimi ifadələrlə bu özününümayiş hissinə don geyindirməsi də qorxunc riyadır. Mahiyyət etibarilə bir insanın uşaqlarının məziyyətləri ilə özünü nüamyiş etdirməsinin bundan bir fərqi yoxdur. Bu cür insanlar övlad sevgisini şirk sifəti ilə kirlətmiş olur. Məncə, mömin namusunu qoruduğu kimi, möminlik sifətini də qorumalıdır. Duyğu-düşüncələrini riya, süma, ucb, fəxarət, təkəbbür kimi şirk sifətlərindən pak saxlamalıdır. Çünki bunların hər biri müşrik sifətidir. İnsanda şirk sifəti sağlam bədəndəki virusa bənzəyir. Viruslar qrip, xərçəng, QİÇS və s. xəstəliklərə səbəb olurlar. Bu baxımdan insan küfr və şirk sifətlərinin heç birini zərərsiz görməməli, bu sifətlərin ruh və qəlbdə kök salmasına imkan verməməlidir.

Əlbəttə, uşaqlarına, ailəsinə ifrat dərəcədə sevgi bəsləyən insanda müşrik sifəti olsa da, o, müşrik deyildir. Bu insan imanla ölsə, Cənnətə gedər. Və güman ki, − Allah bilir – Allah-taala onunla müşrik kimi rəftar etməz. Ancaq bu müşrik sifəti bir virus kimidir, ona görə də onunla mübarizə aparmaq və bu məsələdə təmkinli hərəkət etmək lazımdır. Çünki bir qrip virusu belə müalicə edilmədikdə bəzən insanı yatağa salır və ya ölümünə səbəb olur. Ona görə də insanın saf fitrətinə və əhsəni təqvimə zərər verən bütün virusları təmizləmək lazımdır. Qapını döyən viruslara “Bihudə yorulma, qapılar qıfıllıdır” deməli və qapıları möhkəm bağlamalıyıq.

Bəs insan şirkə qarşı niyə bu qədər həssas olmalıdır? Çünki bəzən insan kiçik və ya gizli olduğuna görə şirkdən xəbəri olmur və ya əhəmiyyət vermir. Ancaq unutmayaq ki, bəzən əhəmiyyət verilməyən, zahirən kiçik görünən və mütəmadi işlənən kiçik günahlar böyük günahları da keçir. Əhəmiyyət verilməyən kiçik günahlar göz qabağında olan böyük günahlardan daha təhlükəli olur. Bütün bunlarla yanaşı, böyük günahlarını bilir və məsələyə ciddi baxırsa, dərhal tövbə, övbə və inabə ilə Allaha pənah aparar. Bu da onu günahlarla mübarizəyə sövq edər və beləcə həssas həyat yaşayar.

Valideynlərin uşaqlarına olan məhəbbəti başlanğıcda gözə çarpmasa da, tarazlığı qorumasalar, tədricən böyüyüb ciddi problemə çevrilə bilər. Məsələni ətraflı izah etmək üçün Həzrəti Nuhun göndərildiyi qövmdən əvvəl yaşayan insanların elədiyi bir xətanı misal çəkmək olar. Bildiyiniz kimi, bir vaxtlar o qövmdə Vədd, Yağuş, Yauk və Nəsr kimi böyük şəxslər yaşayırdı. Bəzi insanlar dillərdə dastan olan bu insanların izində getmişlər. Sonrakı nəsillər onların gözəl xatirəsini yaşatmaq üçün və onları yad edib doğru yoldan ayrılmamaq üçün evlərinə şəkillərini asmışlar. Başlanğıcda zahirən məsum görünən bu düşüncə tədricən insanların onlara sitayiş etməsinə gətirib çıxarmışdır. Başlanğıcdakı kiçik bir əyinti daha sonra böyük günhalara səbəb olmuşdur. Buna görə də insan nə övlad, nə də başqa insanlara qarşı sevgidə ifrata yol verməməli, sərhəddi aşmamalıdır.

Övlad sevgisində müvazinəti qorumaq

Bu gün bəziləri müasir ailələrin “uşaq mərkəzli” olduğunu irəli sürür. Düzü, uşaq mərkəzli, yoxsa həvaü-həvəs, nəfs, ənaniyyət mərkəzlidir, bilmirəm, amma mənə elə gəlir ki, ikincisi, üstünlük təşkil edir. Ancaq bir şey var ki, dinin əmr və qadağalarına əməl eləməyən və başqa bir həyat tərzinə üstünlük verən ailələr “çoxmərkəzli” şəklə düşür. Nəticədə, bu cür ailələlərdə tövhid əqidəsinə zidd olan bir sıra şirkə yol verilir.

Üstəlik ailələrin uşaq üstündə qurulması, uşaqlı ailələrin xoşbəxt, uşaqsız ailələlərin isə bədbəxt olması, hətta ailədaxili münaqişələrin, boşanma hallarının baş verməsi mömin əxlaqı baxımından doğru deyil. Çünki, bu cür davranış, Allah qorusun, qəzavü-qədərə razı olmamağın, Allahın hökmünə üsyan etməyin bir ifadəsidir. Bəli, taleyin bir hökmü olaraq uşaq səsi gəlməyən ailələrdə özünü göstərən bu cür problemlər Allahın razı olmadığı əməllərdir. Və unutmayaq ki, uşağın olması da bir imtahandır, olmaması da.

Uşağı hər şeydən üstün tutan, ona ifrat dərəcədə sevgi bəsləyən və onu ailənin mərkəzinə yerləşdirən ailələr bu davranışlarının bir nəticəsi olaraq övladlarının xoşagəlməz hərəkətlərini güzəştə gedir və düzəltməyə çalışmırlar. Bu cür münasibət də problemli uşaqların yetişməsinə səbəb olur. Halbuki, valideynin əsas məqsədi uşağını saleh, əxlaqlı, mənən təmiz, dürüst və yaxşı bir fərd kimi yetişdirmək olmalıdır. Valideynlər bu yolda əllərindən gələni əsirgəməməlidir. Ancaq hal-hazırda əksər ailələr cahil, küçə-bayır insafsız, məbədlər ruhsuz, məktəblər ala-yarımçıq olduğuna görə, belə bir şəraitdə yetişən uşaqlar da, təəssüf ki, hədər olub gedirlər.

Əvvəlcə valideynlər

Bu baxımından, saleh övladların yetişməsi ilk öncə valideynlərin düzgün yetişməsindən asılıdır. İlk növbədə onlara mükəmməl valideyin olmağı, uşaqla düzgün ünsiyyət qurmağı öyrətmək lazımdır. Hətta ailə qurmaq istəyənlər kurslara cəlb edilməli və bu kursları ancaq uğurla başa vuranların ailə qurmasına icazə verilməlidir. Bu kurslarda ailənin məqsədi, ailədə kişi-qadın münasibətləri və uşaq tərbiyəsi kimi mövzular əsaslı şəkildə öyrədilməlidir. Əgər ailə qurmağa hazırlaşanlar bu mövzuda istənilən səviyyəyə çatsalar, gələcək ailələrin hər biri bir Cənnət yuvasına dönər. Şübhəsiz ki, bu cür ailələrdə böyüyən uşaqlar da saleh övlad olacaqlar. Ancaq valideynlər valideynliyə layiq deyillərsə, uşaqlar iki arada bir dərədə qalar. Təəssüf ki, müasir nəsillərin çoxu bu aqibətə düçar olub. Bəziləri təmiz bir mühitə və camaatlara qoşularaq gözəl əxlaqa yiyələnsə də, əksəriyyəti belə bir imkandan məhrumdur.

Kimə və nəyə olursa-olsun, Allahdan qeyrisinə sevgi bəsləməkdə ifrata varanlar çox vaxt əks zərbə almışlar. Bu baxımdan, övladlarını Allahın bir əmanəti kimi deyil, sırf özünün bir parçası kimi görüb eqoistcəsinə sevən, onlara sitayişkaranə bağlanan valideynlər gələcəkdə onlara görə çətin sınaqlara çəkilər, onlardan həqarət və nifrət görər. Çünki hər ifrat bir təfritə, hər təfrit də bir ifrata səbəb olur. Bu qayda valideyn-uşaq sevgisinə də, digər sevgilərə də aiddir. Bəli, kim olur-olsun, əgər bir insanı layiq olmadığı halda ucaltsanız və ona ifrat dərəcədə sevgi bəsləsəniz, onun əks münasibəti ilə qarşılaşacaqsınız. Gün gələr, dəlicəsinə sevdiyiniz o insanın dilindən ən xoşagəlməz sözlər eşidərsiniz və siz də onun haqqında ən ağır sözləri işlədərsiniz.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.