Qaynaqlarımızdan maksimum istifadə etmək

Sual: Əsərlərdə qeyd edilir ki, əsl Quran tələbəsi öz mənbələrimizdən birbaşa, xarici mənbələrdən isə süzgəcdən keçirərək istifadə etməlidir. Xarici mənbələrdən hansı üsullarla maksimum yararlanmaq olar və bu zaman hansı məqamlara diqqət yetirmək lazımdır?

Cavab: İnsanları əsas qaynaqlara səsləmədən əvvəl, onlara maraq hissi və öyrənmə eşqi aşılanmalıdır. Başqa sözlə, toplumun vicdanında ilk öncə həqiqət eşqi və həmin həqiqəti əldə etmək üçün elm və araşdırma şövqü hərəkətə gətirilməlidir. Belə ki, insanlar dayanmadan, yorulmaq bilmədən əşya və hadisələri ələk-vələk etmə, əşyanın həqiqətini öyrənmə eşqi ilə alışıb-yanmalıdır. Bu eşq və həyəcanın oyanması bizi biz edən əsas qaynaqlara marağı da artıracaq. Bəli, millətimiz öyrənməyə dəlicəsinə aşiq olduqdan sonra böyük arzu və həvəslə öz mənbələrimizə yönələcək, yönəlib onlardan doya-doya içmək istəyəcək.

Axmazları bir yerə yönəldə bilməzsiniz

Başqa mövzuya aid bir yanaşmanı nümunə üçün burada da dilə gətirmək istəyirəm: Öz düşüncəmizi canlandırmaq və dirçəltmək üçün insanlar əvvəlcə dəli bir həyəcanla coşmalıdır. İnsanı bir yerdə dayanmağa qoymayan, dəli-divanə kimi yollara salan bir həyəcanla! Əgər belə bir həyəcan yoxdursa, insanları ətalətdən, yol yorğunluğundan xilas edib bir yerə yönəltmək olduqca çətindir. Həyəcanla dolu bir insana gəlincə, o, bəzi ifratlara yol versə də, onu ehtiram göstərdiyi dini prinsiplərlə istiqamətləndirmək daha asandır. Məsələn, ona "Sən coşqun sel kimisən. Ancaq bu coşqunluq əksinə, hər şeyi yıxıb-dağıda bilər. Qəlbən bağlı olduğun dəyərlər, dininin əsasları bunu doğru saymır. Ən yaxşısı, gəl, bu həyəcanı, bu coşqunu biz müsbət yöndə istifadə edək. Lazımsa, elə yüz ildə bir cücərən toxum kimi torpağa əkək, qoy o bu yolda sənə qətiyyət versin. İllər dolanıb əsrlər keçsə də, fikir sancısından beynimiz çatlasın, gözəl layihələr ortaya qoyaq” deyib onun həyəcanına düzgün istiqamət vermək mümkündür.

Bu, elm öyrənməyə və kitab oxumağa da şamildir. Yəni elm, həqiqət və araşdırma eşqi oyatmadan insanları müəyyən mənbələrə istiqamətləndirmək olduqca çətin məsələdir. Siz belə bir həyəcandan məhrum insanları müəyyən qaynaqları öyrənməyə nə qədər təşviq edirsiniz-edin, onlar güman ki, yenə də bir elmihalı kafi görəcəklər. Bu baxımdan millətimizdə ilk növbədə belə bir həyəcanı, coşqunu aşılamaq və mənimsətmək, sonra da bu həyəcana bir yol və istiqamət vermək lazımdır. Çünki durğun və axmaz suyu bir istiqamətə yönəltmək mümkün deyil.

Əvvəlcə möhkəmatı bilmək

İkincisi, düşüncə dünyamıza dair hansı məsələlərdən başlamalıyıq? Yəni ilk növbədə nəyi öyrənməli, hansı meyarlara əsaslanmalı, hansı kriterilərə sadiq qalmalıyıq? Başqa sözlə, əldə etdiyimiz məlumatı hansı möhkəmat süzgəcindən keçirməliyik və bu möhkəmat hansı qaynaqlarda əksini tapır?

Bu sualların cavabı, yəni duyğu-düşüncəmizi ehtiva edən mədəniyyətin əsas qaynaqları başda Quran, Sünnə, icma və müqayisədən ibarət ədilleyi-şəriyyeyi-əsliyyə (əsl şəriət dəlilləri), sonra da adət, ənənə, məsləhət, istehsan kimi dəlillərdən ibarət ədilleyi-şəriyyeyi-fəriyyədir (fəri, yəni ikinci dərəcəli, təfərrüata aid şəriət dəlilləri). Bu qaynaqları öyrənmədən, onlarda ehtiva olunan möhkəmatı müəyyənləşdirmədən başqa qaynaqlara baş vurmaq çox vaxt fikri qarışdırır. Siz Tənzimatdan əvvəl başlayıb məşrutə illərində də davam edən fikir qarışıqlığını, metodologiyaya sadiq qalmamağımızı, əlimizə keçən hər şeyi doğru qəbul edib arxasınca sürünməyimizi, cürbəcür fantaziyalara qapılmağımızı bununla izah edə biləsiniz.

Məsələn, bu gün insan resursları və fərdi inkişafla bağlı xeyli material var. Əgər biz insan yetişdirmə kimi vacib bir məsələdə Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) ləl-gövhər kəlamlarına baş vurmur və metafizikaya yer verməyən fərdi inkişaf nəzəriyyələri oxumaqla kifayətləniriksə, deməli, hələ çox şeyi ala-yarımçıq edirik. Biz təlim-tərbiyə kimi mühüm bir məsələdə Rəhbəri-Əkməlin ortaya qoyduğu əsaslar çərçivəsində insanları “kamil insan” olmağa sövq edə bilmiriksə, onda, haşa, demək, biz "Onun gətirdiyi sistemdə bir nöqsan var, Quranda çox şey natamamdır və 1400 ildə sələfi-salehin də bəzi mövzuları heç anlamayıb" anlayışını qəbul edirik ki, bu da açıq-aşkar zəlalətdir. Elə isə, niyə kor-koranə kiminsə arxasınca sürüklənək! Onların yazdıqları, dedikləri öz terminologiya və sistemi çərçivəsində müəyyən bir məntiqə əsaslana bilər. Ancaq biz həmin məsələlərə ilk növbədə öz dəyərlərimiz və əsas qaynaqlarımız aspektindən yanaşmalıyıq ki, öz-özümüzə əks getməyək, pedaqogikaya, psixologiyaya dair bir fikir deyəndə iman əsaslarına zidd olmasın. Bəli, əgər qibləni təyin etmədən yola çıxmışıqsa, heç vaxt yolumuzu, istiqamətimizi tapa bilməz, ortada çaş-baş qalarıq.

Bu şərtlə, yəni insan öz qaynaqlarını mütaliə edib öyrəndikdən və onlarda əksini tapan möhkəmatı mənimsəyib bir meyar kimi əlinə aldıqdan sonra istədiyi kitabı oxuya bilər. Mən Sartr və Marqusun düşüncələrini dəyərsiz sayıram, hətta xüsusən gənclər üçün çox təhlükəli hesab edirəm, amma yenə də “onları oxumayın” demirəm. Çünki bunlarda belə faydalı şeylər ola bilər. Lakin bu əsərlərdən düzgün faydalanmaq üçün əlinizdə mütləq bir meyarınız olmalıdır. Bəli, əvvəlcə bir naxış sxeminiz olmalıdır ki, hörgünü ona uyğun hörə biləsiniz. Əgər oturuşmuş dəyərləriniz yoxdursa, bu gün filan axının, sabah başqa bir axının dalınca düşüb əli ətəyindən uzun ortada qalarsınız. Təəssüflər olsun ki, bir-neçə əsrdir, bizim ziyalıların düçar olduğu acınacaqlı vəziyyəti budur.

Məktəb-mədrəsə, təkyə-dərgah..

Əsas qaynaqlarına yaxşı bələd olan insanın digər mənbələrdən məlumat əldə etməsinə gəlincə, onlar onun biliyini zənginləşdirir. Məsələn, hicri V əsrə, bir mənada da XI və XII əsrə qədər sələflərimiz kənardan bilik almış, onlardan istifadə etmiş və ciddi bir problemlə də qarşılaşmamışdır. Çünki onlar aldıqlarını süzgəcdən keçirmiş, nəyi alıb-almayacağını çox yaxşı müəyyənləşdirmişdilər. Əgər biz də bu gün bunu həyata keçirə bilsək, biliyimizi, dünyagörüşümüzü xeyli zənginləşdirmiş olarıq.

Digər tərəfdən, xəzinə qədər dəyərli əsas qaynaqlardan layiqincə faydalanmaq üçün həm qəlb və ruhun üfüqündə səyahət etməyi bacaran, o üfüqə dair lazımi biliyə sahib əngin vicdana, həm də kainat kitabının mənalarını sezən və izah edən bir dünyagörüşünə ehtiyacımız vardır. Bu gün belə bir dünyagörüşə sahib neçə nəfəri göstərə bilərəm? Bilmirəm! Çünki insanın maddi-mənəvi, qəlbi-ruhi, əqli-fikri ... bütün yönlərini bir bütöv kimi götürən və onu bu çərçivədə yetişdirən müəssisələrdən xeyli vaxtdır, məhrum olmuşuq. Bəli, bir dövrdə neçə-neçə şəxsiyyətlər yetişdirən elm və mədəniyyət yuvası mədrəsələrimiz ‒ bəzi faydalı yönləri olsa da ‒ çox təəssüf ki, səmərəliliyini itirmişdi. Köhnəni təkrar etməklə məşğul idi. Öz dövrü ilə ayaqlaşmadığı üçün cəmiyyətin ehtiyaclarını təmin etməkdən də uzaqlaşmışdı. İslami əsaslarla fəaliyyət göstərən təkyə və dərgahlar da eyni şəkildə səmərəliliyini itirmişdi. Usulüddinin qanun və prinsipləri ilə fiqh metodologiyası əsas götürülmədiyi üçün dini hislərlə, duyğularla və bəzi subyektiv mülahizələrlə izah edir və beləcə onu mistisizm qəlibinə salırdılar. Belə bir vəziyyətdə qarşı tərəfdə baş qaldıran etirazlar get-gedə naturalizm və materializmə meyillənirdi. Dolayısilə, bu iki tərəf bir-birinə dəstək vermək və birgə işləmək əvəzinə, fərqli yönlərə üz tutmuşdu. Hətta bəziləri Qərbi təqlid edərək heç fərqinə varmadan din və elm sahəsini bir-birindən tamamilə ayırmışdı. Nəticədə olan yenə bizə oldu.

Dünyaya bağlandığımız, İslamın ruh və qəlb həyatı ilə elm həyatını bir-birindən ayırdığımız və zaman kimi bir müfəssirin şərh və təfsirinə müraciət etmədiyimiz üçün özümüzü dar qəliblərə saldıq və nəticə olaraq din parçalanıb tanınmaz hala düşdü. Beləliklə, məktəb mədrəsəylə, mədrəsə təkyə və dərgahla, bunlar da hərbi təlim və tərbiyə ilə birləşib bir üçbucağı meydana gətirmədən biz yenidən özümüz ola, özümüz kimi düşünə və məsələləri özümüz kimi təhlil edə bilməyəcəyik.

Bir məsələyə də toxunmaq istəyirəm: biz nə vaxt ciddi elm və həqiqət eşqinə yiyələnsək və bu eşqi təmsil etsək, zənnimcə, məhz o zaman insanlara islami dəyərləri həqiqi çərçivədə təqdim edə biləcəyik. Çünki ən təsirli, uzunömürlü və tutarlı dərs (təbliğ) insanın rəftar və davranışlarıdır. Bəli, bir gerçəyi çatdırmaqda ən yaxşı yol insanların inandığı həqiqətləri layiqincə təmsil etməkdir. Kitabların və bəyanın əsas vəzifəsi həqiqətlərin təmsilində müəmmalı qalan nöqtələri aydınlaşdırmaqdır. Biz isə yalnız kitab və bəyanla kifayətlənirik. Halbuki ən müqəddəs kitab Qurani-Kərim üç əsrdən bəri məxmər içində evimizin ən dəyərli yerində olmasına baxmayaraq, özünü ifadə edə və bizə yol göstərə bilmədiyinə görə iztirab çəkir. Qurani-Hakim o vaxt kitablar kitabı olar ki, məna və məzmunu ilə yaşansın və insanların həyat tərzi olsun. Bəli, siz məhz o zaman ilahi aləmlərin səsini və nəfəsini dinləyə, mələklərin səs və nəfəsini eşidə bilərsiniz. Hətta bir az da cəhd göstərsəniz, onu Rəsululahın (sallallahu əleyhi və səlləm) gövhər dilindən dinləyə bilərsiniz. Amma bir kitabı həyatımıza tətbiq etmir və dilini bilmiriksə, o ucalardan uca bir kitab olsa da, bizə çox şey anlatmaz. Beləliklə, dil-dodaq, söz-bəyan, qələm-kəlam daima qəlb mehvərli və qəlbin əmrində olmalıdır.