Riza üfüqünü diləmək

Fəthullah Gülən: Riza üfüqünü diləmək

Sual: “Rəbb olaraq Allahdan, din olaraq İslamdan, rəsul olaraq da Həzrəti Məhəmməddən (sallallahu aleyhi və səlləm) razıyıq” (Buxari, “Elm” 29; Müslim, “Siyam” 197) hədisi mömin üçün nə ifadə edir? Bu mübarək sözü hansı əhval-ruhiyyədə (hansı düşüncələrlə), nə cür demək lazımdır?

Cavab: Həzrəti Ruhi-Seyyidül-Ənam (sallallahu aleyhi vəsəlləm) Peyğəmbərimiz səhər və axşam vaxtları

رَضِينَا بِاللهِ رَبًّا وَبِالْإِسْلَامِ دِينًا وَبِمُحَمَّدٍ رَسُولًا

deyən müsəlmandan Cənabi-Allahın axirətdə razı və xoşnud olacağını müjdələmişdir (Bax.: Əbu Davud, “Ədəb” 100). Demək, bu müqəddəs bəyan səhər-axşam möminlərin dilindən düşməməlidir. Çünki bunu deməklə insan ilk öncə Allahdan və dolayısilə Onun bütün icraatlarından razı olduğunu, İlahi bir sistem kimi İslamiyyəti qəbul edib ondan məmnun qaldığını və peyğəmbər kimi də Nəbilər Sərvəri Həzrəti Məhəmməd Mustafadan xoşnud və Ona tabe olduğunu dilə gətirir ki, həqiqi möminliyin yolu da məhz bu cür duyğu-düşüncədən, belə bir iman və izandan keçir.

Allah Rəsulu (sallallahu aleyhi vəsəlləm) bu ləl-gövhər bəyanı ilə bizə mühüm bir həqiqəti təlim edir və dolayısilə də, müsəlamanları dilləri ilə iqrar etdikləri riza üfüqünə aparan və bu hissi onların ruhunda püxtələşdirən, bu duyğunu onların qəlbinin dərinklərinə həkk edən əməllər işləməyə təşviq edir.

Riza mərtəbəsinin dan ulduzu

Allah Rəsulu (aleyhissalatu vəsəlləm) رَضِينَا بِاللهِ رَبًّا deyərək və həyatı boyu bu həqiqətə sadiq qalaraq riza mərtbəsinin dan ulduzu olduğunu sübut etmişdir.

Bəli, O, riza mərtəbəsinin mərkəzində taxt qurmuşdur. Odur ki, hər dəfə رَضِينَا بِاللهِ رَبًّا deyəndə Onu önümüzdə rəhbər kimi görməliyik. Belə ki, insan Allaha doğru qanadlanıb uçsa və bilavasitə Ondan “Mən səndən razıyam” sözünü eşitsə, hətta Cənabi-Allah onu Peyğəmbərimizlə yan-yana oturtsa və Allah Rəsuluna vəhy edərkən ona da ilham, varidat və mövhibə lütf edib hər ikisinə də eyni dərsi keçsə, yenə də onun vəzifəsi Rəsuli-Əkrəmin (sallallahu aleyhi vəsəlləm) rəhbərliyinə boyun əyməkdir. Çünki o, bu duyğu-düşüncəni, bu məntiq və fəlsəfəni, bu anlayış və təfəkkürü Onun sayəsində, Onun rəhbərliyi ilə öyrənmişdir. O olmasaydı, dünyası da, axirəti də zülmət qaranlığında qalardı. Ona görə də insanın ilk öncə iradi şəkildə Peyğəmbərimizi (sallallahu aleyhi vəsəlləm) rəhbər və müəllim kimi tanıyıb qəbul etməsi riza üfüqünə çatmaqda mühüm əhəmiyyət kəsb edir.

Seyrü-süluki-ruhanidə müəyyən bir məqama çatmaq bəzi insanların Ona bağlılığını artırır. Şəriət meyarlarına etinasız yanaşan bəzi insanlar isə, Allah eləməsin, mənəvi sərxoşluğa və laübaliliyə qapılıb “Mənim nurum Onun nuruna təndir” deməyə cürət edirlər. Halbuki O (sallallahu aleyhi vəsəlləm), həm nuri-əvvəl, həm nuri-övsat, həm də nuri-axırdır. Bəşərin o nura çatması və Onun səviyyəsinə yüksəlməsi mümkün deyildir.

Daha sonra Allah Rəsulu (aleyhissalatu vəsəlləm) وَبِالْإِسْلَامِ دِينًا sözü ilə İlahi bir sistem kimi İslamdan razı olduğunu söyləmişdir. Bəli, İslamı Onun qədər qavrayan, bu İlahi sistemdən Onun qədər razı olan, bu sistemə ömrünü həsr edən və onu bərqərar etməkdən başqa bir şey düşünməyən ikinci bir adam yoxdur. Həzrəti Əbu Bəkirin sədaqətini, Həzrəti Ömərin haqqı batildən ayırmaq üçün göstərdiyi qeyrəti, Həzrəti Osmanın Qurana ehtiramını, Həzrəti Əlinin ruh və məna qəhrəmanlığını bir yerə cəm etsəniz, Peyğəmbərimizin (sallallahu aleyhi vəsəlləm) onlardan on qat çox İslamdan razı olduğunu görəcəksiniz. Bunu o böyük şəxsiyyətlərə hörmətsizlik kimi başa düşməyin. Bu sözləri böyüyün böyüklüyünü vurğulamaq və Onun İslamdan nə dərəcədə razı olduğunu göstərmək üçün söyləyirəm.

Sonda Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) وَبِمُحَمَّدٍ رَسُولًا sözünü əlavə edərək öz peyğəmbərliyindən də razı olduğunu bəyan etmişdir. Həddi-zatında Həbibi-Əkrəm (aleyhissalatu vəsəlləm) o qədər təvazökar və məhviyyət sahibi bir insandı ki, Allahın bir bəndəsi kimi davranır, xidmətçisi ilə birlikdə süfrədə oturur, o yemədən yemir və özünü ən sıravi bir insandan belə fərqli görmürdü. Buna baxmayaraq, O, çox ağır bir vəzifəni – peyğəmbərliyi çiynində daşıyırdı. Belə ki, “Lə iləhə illəllah”ı söyləyən “Muhammədun Rəsulullah” deməsə, müsəlman ola bilmir. Çünki Onun peyğəmbərliyini qəbul etmək İslamın və imanın əsaslarından biridir. Peyğəmbərimizin misilsiz məhviyyəti ilə peyğəmbərlik missiyasını elan etməsi arasında zahirən ziddiyyət var. Məhz buna görə də fövqəladə təvazökar olmasına baxmayaraq, وَبِمُحَمَّدٍ رَسُولًا deyib peyğəmbərliyindən razı olduğunu da dilə gətirməsinin ayrı qiyməti var. Çünki bu, Allahın təqdiri və istəyidir.

Mərifət və riza şüuru

Bu müqəddəs kəlamın hansı əhval-ruhiyyədə söylənilməsi məsələsinə gəlincə; bu qutlu sözləri qəfləti bir kənara qoyaraq qəlbin dərin qatlarından qopub gələn bir vəcdlə, həyəcanla demək lazımdır. Həddi-zatında Allahdan, Peyğəmbərimizdən və İslamiyyətdən razı və xoşnud olmaq ilk növbədə bu müqəddəs dəyərləri yaxşı tanımaqdan asılıdır. Çünki bilən bildiyi qədər sevir, tanımayan da tanımadığı şeyə qarşı etinasızlıq edir. Odur ki Cənabi-Allahın əzəmətini və ululuğunu, əsrari-rübubiyyətini və əsrari-üluhiyyətini öyrənib bilməsəniz, riza üfüqünə çata bilməzsiniz. İnsanlığın İftixarının (sallallahu aleyhi vəsəlləm) yalnız ona xas xüsusiyyətlərini tanıyıb öyrənməsəniz, peyğəmbərliyindən layiqincə razı ola bilməzsiniz. Eyni şəkildə İslam dini və onun əngin və dərin dünyasını, üsul və füruunu öyrənməsəniz, ondan razı ola bilməzsiniz.

Müasir dövrdə əksər insanların İnsanlığın İftixarı Peyğəmbərimizə etinasızlıq göstərməsi Onu tanımamaqdan və Ona yadlaşmaqdan irəli gəlir. Şayəd bu insanların ürəyində bir çıraq yandırılmış, onların qəlbinə bir qığılcım atılmış olsaydı, Peyğəmbərimizə maraqları artar və Onu tamıma imkanı əldə edərdilər. Ancaq nə küçə-bayır buna imkan verdi, nə də məktəb. Hətta məscidlər belə Onu layiqincə tanıtmadılar. Ailədə də buna zəmin hazırlanmadı. Beləliklə, bu insanlar Kainatın İftixarına (sallallahu aleyhi və səlləmi) yad mühitdə yetişdilər. Əgər bu qədər etinasızlığa və laqeydliyə baxmayaraq, insanların könlündə hələ də Ona dair mənaların işartıları varsa, hələ də “Lə iləhə illəllah, Muhammədən Rasulullah” deyirlərsə, buna Cənabi-Allahın xüsusi lütfü kimi baxmaq lazımdır.

Ən böyük nemət üçün...

Madam ki, riza Cənnət və Cənnət nemətlərindən daha ülvi bir nemətdir, elə isə əllərimizi açıb daima “Allahım, məni riza üfüqünə çatdır” deyə yalvarmalıyıq. Bəli, hər nəfəsdə “Allahım, məni bəyəndiyin və razı olduğun şeyə nail et!” deməli, oturub-durub “Allahım, Səndən bağışlanma, afiyət və riza diləyirəm!” duasını virdi-zəban etməliyik. Çünki Cənabi-Allah səmimi qəlbdən dua edənə istədiyini verəcəyini vəd edir. Bir şərtlə ki, israrlı olsun. Odur ki, əgər Cənabi-Allahın bizdən razı olmasını istəyir, Onun hər bir icraatını müşahidə edib qəlbimizin riza ilə döyünməsini, ürəyimizin həmişə riza nəğmələri söyləməsini arzulayırıqsa, on il, iyirmi il bunun üçün yalvarıb-yaxarmalıyıq.

Mənə elə gəlir, bu məqsədlə bir dua səfərbərliyinə də start vermək olar. Çünki Cənabi-Allah “Allahın rizası hər şeydən üstündür” (“Tövbə” surəsi, 9\72) buyuraraq İlahi rizanın Cənnətə girməkdən, Firdövsi qazanmaqdan, Həzrəti Məhəmməd Mustafanı (sallallahu aleyhi vəsəlləm) görməkdən daha ali bir mükafat olduğunu göstərmişdir. Ancaq, mənə elə gəlir, xeyli vaxtdır ki, riza üçün dua etməmişik. İyirmi beş il “Allahım riza, riza, riza...” deyib ürəyimizi boşaltmamışıq. Halbuki nəinki iyirmi beş il, ömrümüz olsaydı, iki yüz il yalvarıb-yaxarmalıydıq.

Xülasə, Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bu hədislə müsəlmanların qarşısına ülvi bir məqsəd qoymuşdur. Onların vəzifəsi nəyin bahasına olursa-olsun bu məqsədə çatmaq olmalıdır. Buna görə də hər bir inanan insan bu qayəni mənimsəməli və özünə dərd bilməlidir. Bu qayəni özünə məqsəd seçən insan oturub-durub bu idealı həyata keçirməyin xəyallarını qurar. Belə ki, dəstəmaz alarkən, namaza gedərkən, hətta namaz qılarkən belə zehni əksər hallarda bununla məşğul olar. Nəticədə onun daim zehnində çək-çevir etdiyi və həmişə məşğul olduğu bu düşüncələr İlahi dərgahda bir dua surətinə bürünər və Allah onları puça çıxarmaz. Odur ki, biz Allah Rəsulunun qarşımıza qoyduğu məqsədə – riza üfüqünə çatmaq üçün canla-başla çalışmalı, həmişə ondan danışmalı, onunla yatıb-durmalı, yolda-küçədə onun fikrini çəkməli və onunla oturub-durmalıyıq.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.