Ruhumuzu dinləmək zamanı – üç ay

Fəthullah Gülən: Ruhumuzu dinləmək zamanı – üç ay

Sual: Müqəddəs zaman kəsimi sayılan üç ayın (rəcəb, şaban, ramazan) həyəcanını qəlbən duymaq və ruhi-mənəvi ab-havasından maksimum dərəcədə faydalanmaq üçün nə tövsiyə edərdiniz?

Cavab: Əvvəla qeyd edək ki, müqəddəs zaman kəsimi sayılan bu üç ay Allaha yaxınlaşmaq, Onun əngin rəhmətinə layiq olmaq, günahlardan arınıb qəlbi və ruhi aləmlərə pərvaz etmək üçün ən mühüm zaman dilimlərindəndir. Onsuz da, nəfsin təzkiyə, ruhun tərbiyə, qəlbin də təsfiyəsi naminə hər il bu cür səmavi “reabilitsiya”ya ehtiyacı var insanın. Bunu həyata keçirmək üçünsə mübarək üç ay çox böyük bir vəsilə və fütsətdir.

Şübhəsiz, bu mübarək üç ayda cismani (bədəni) və nəfsani yükü çiyindən atıb müəyyən bir mərtəbəyə yüksəlməq, müəyyən bir səviyyəyə çatmaq əvvəla ciddi bir təfəkkür və təzəkkür tələb edir. Ancaq insan bununla məşğul ola-ola qəlb və ruhun qapılarını da açıq saxlamağı unutmamalıdır. Yəni bir tərəfdən ağıl və zehnini hərəkətə gətirib müzakirə məclisləri ilə imana və Qurana dair məsələləri anlamağa, digər tərəfdən də üstünə leysantək yağan mənəviyyat və işıq yağışını qurtum-qurtum içməyə çalışmalıdır.

Təvəcöhə təvəccöhlə cavab verilir

İndiyə qədər bu mübarək ayları - əlbəttə, öz nöqteyi-nəzər və mənəvi dərəcəsinə görə - təmtəraqlı sözlərlə təsvir edən, gözəl ifadələrlə mədh edən, gündüz və gecələrinin möminə bəxş etdiyi gözəlliklərdən bəhs edən çox insan olmuşdur. Bu qiymətli əsərləri birlikdə oxuyub hər kəlməsini ciddi təhlil etmək, mövzuları müzakirə metodu ilə mənimsəmək bu ayların varidat (ilahi hədiyyələr) və feyzini qavrayıb hiss etməkdə mühüm əhəmiyyətə malikdir. Bəli, bu üç ay haqqında qələmə alınan yazıların istənilən səviyyədə faydalanmaq üçün səthi və dayaz mütaliə üsulundan əl çəkib məsələlərin dərinliyinə nüfuz etmək lazımdır. Duyğu-düşüncələr bu istiqamətdə formalaşmasa, insan üç ay haqqında oxuyub dinlədiyi heç bir şeydən istənilən səviyyədə faydalana bilməz.

Üstəlik bu müqəddəs ayların özünəxas gözəlliyini və könüllərə sirayət edən zövq və ləzzəti hiss etmək istəyiriksə, əvvəlcə bu zaman kəsiminin “qənimət” olduğuna inanmalı, ardınca da bir saniyə belə hədər etmədən gecəsini, gündüzünü ciddi şəkildə dəyərləndirməliyik. Məsələn, əzmkarlıq və qətiyyət göstərərək gecələr qalxıb Cənabi-Allaha üz tutmayan, gecənin ilahi ərməğanlarını feyz heybəsinə doldurmayan bir insanın bu aylar haqda yazılan-deyilən gözəllikləri sözün əsl mənasında hiss etməsi, ondan həzz alması mümkünsüzdür. Bəli, insan bu ayları yüksək mənəvi əhval-ruhiyyədə qarşılmasa, ciddi qulluq şüuru ilə özünü ibadətə həsr etməsə, bu aylardan süzülən məna leysantək üstünə yağsa da, bunu hiss edə bilməz. Hətta bu müqəddəs zaman dilimi haqqında deyilən sözləri öz idrak tərəzisində çəkib onları utopiya və fantaziya saya bilər.

Bəli, bu mübarək günlərin başımıza leysantək yağdırdığı ilahi ərməğanları duymaq istəyən ilk öncə buna inanmalı və təvəccöh etməlidir. Zira təvəccöh edənə təvəccöh edərlər. Bu ayların ruh və mənasına təvəccöh etməsəniz, onlar qapılarını üzünüzü açmaz. Hətta bu aylar haqda deyilən həyatbəxş və parlaq sözlər belə gözünüzə ölü cəsəd kimi sönük görünər. Nə İbn Rəcəb əl-Hənbəlinin sarı simə toxunan sözləri, nə də İmam Qəzali həzrətlərinin qəlbi eşqü-həyəcan oduna atan kəlmələri ürəyinizə təsir edər, “Görən, bu insanlar nə demək istəyir?!” deyib üstündən keçərsiniz. Çünki bir sözün təsir gücü sözün qiyməti qədər dinləyənlərin yanaşma tərzi, niyyəti, idrak səviyyəsi və qəlb qapılarının açıq olmasından da asılıdır.

Ona görə də insan bu məsələyə elə möhkəm bağlanmalıdır ki, bir mənada, “rəcəbləşsin”, “şabanlaşsın” və “ramazanlaşsın”. Bəli, insan bu aylara elə qaynayıb-qarışmalı, onlarla elə bütünləşməlidir ki, bu müqəddəs zamanın ruhuna nələr pıçıldadığını duyub hiss etsin. Əgər siz özünüzü dəyişdirməsəniz, səthilikdən əl çəkməsəniz və bu qüdsi zaman diliminin həqiqətinə varmasanız, bu aylar haqda deyilən sözlər nə qədər gözəl olur-olsun, bir qulağınızdan girər o birindən çıxar. Bu baxımdan laqeydliyə, biganəliyə meyil edən, bu “qənimət” aylarında özünü yeniləməyə çalışmayan, hərəkət və davranışlarına ciddiyyət libası geydirməyən insanların bu aylardan faydalanması çox çətindir.

Müqəddəs aylara layiq tədbirlər

Bu məsələ ictimai ruh və düşüncə ilə də yaxından bağlıdır. Bu mübarək ayların mənəvi dərinliyi və ənginliyini ancaq qəlbi və ruhu dərin insanlar hiss edə bilər. Ancaq hal-hazırda ümumiyyətlə xalqımız da bu ayların qiymətini müəyyən qədər bilməyə, bərəkətindən faydalanmağa, məscidlərə axışmağa, Cənabi-Allaha yönəlməyə başlamışdır. Bu vəziyyətdən istifadə edib bu mübarək aylarda müxtəlif tədbirlər təşkil etməklə insanlara həqiqətləri çatdırmaq mümkündür. Üç aylara daxil olan Rəqaib, Merac, Bəraət və Qədr gecələrində də dinin ruhuna sadiq qalaraq müasir düşüncəli insanlar üçün də məxsusi tədbirlər təşkil etmək olar. Beləcə bu mübarək gecələrin bərəkətindən faydalanıb insaların Allaha yaxınlaşmasına və dini həqiqətləri öyrənməsinə vəsilə olarsınız. Bəzi həqiqətləri məscidə gələn insanlara çatdırmaqla yanaşı, məclislər təşkil edib müzakirəli söhbətlərlə də canlandırmaq mümkündür. Beləliklə bu ayların qiymətinə və bərəkətinə inanan insanları da düzgün istiqamət vermiş olarsınız.

İcazənizlə bu tədbirlər haqda çox əhəmiyyətli gördüyüm bir məsələni çatdırmaq istəyirəm. Müəyyən fürsət və imkanlardan yararlanaraq təşkil etdiyimiz tədbirlərin yeganə qayəsi insanların duyğu və düşüncə dünyasını bir addım da olsa Allaha yaxınlaşdırmaq olmalıdır. Əgər keçirilən tədbirlər, təşkil edilən proqramlar bizə bizliyimizi xatırlatmır və dəyərlərimizi tapmaqda bir yol göstərmirsə, demək, boş işlərlə məşğul oluruq. Bəli, tədbir və proqramlarda Rəbbizə dair bəzi həqiqətləri səsləndirə bilmir, insanları bir addım da olsa, Allah Rəsuluna yaxınlaşdırmırıqsa, hətta sırf insanların həvaü-həvəslərinə uyğun tədbirlər keçirir, onlara “Gözəl vaxt keçirdik” dediririksə, vaxtı israf edir, bəlkə də, günaha giririk. Zira Allaha (cəllə cəlaluhu) və Peyğəmbərimizə (sallallahu aleyhi vəsəlləm) aparmayan hər bir yol insanın aldanışıdır. İnsanları əyləndirmək, paradlar, karnavallar təşkil etmək haqq və həqiqətə tərcüman olmaq istəyən insanların işi və vəzifəsi deyil.

Unutmayaq ki, çağdaş insan ümumiyyətlə əyləncəyə meyilli həyat yaşayır. Dolayısilə onların bu məsələyə göstərdikləri maraq sizi aldatmasın. Onların razı və məmnun qaldıqlarını görüb yaxşı bir iş gördüyünüzü sanaraq özünüzü aldada bilərsiniz. Halbuki əsas olan onların məmnuniyyəti deyil, görülən işin Quran və sünnənin prinsiplərinə uyğun olub-olmamasıdır. Odur ki gördüyünüz işlərə və təşkil etdiyiniz tədbirlərə az insan maraq göstərib iştirak etsə belə, siz daima doğru yola sadiq qalmalısınız. Başqa sözlə desək, mühüm olan insanların təqdir edib alqışlaması deyil, keçirilən tədbirlərin qəlb və ruh dünyamıza faydalı olub-olmamasıdır.

Göylərin nura qərq olduğu, yerin səmavi süfrələrlə bəzəndiyi bu bərəkətli aylarda insanları ruhi-mənəvi kamilliyə yönəltməli, hər işimizdə yüksək hədəf və əngin düşüncədən ayrılmamalıyıq. İnsanlara yeni məna, yeni bir ruh aşılamalı və onlara nəhayətsiz mənəviyyat ümmanında yelkən açdırmalıyıq. Bunu həyata keçirmək üçün, istər keçmiş ilahilər, nətlər, minacatlar oxunsun, istərsə də yeni bəstə və yeni nəğmələrlə həmin məna dilə gətirilsin, fərqi yoxdur, bizim hər fəaliyyətimiz insanlarda hökmən əbədiyyət arzusu oyatmalı, sonsuz səadəti qazanma həyəcanı və bundan məhrum olma nigarançılığını hərəkətə gətirməlidir ki, insanlar dinin ruhunu duya bilsinlər.

Xülasə, məscidlər, camaatlar, cümələr, rəcəblər, şabanlar, ramazanlar, Rəqaiblər, Meraclar, Bəraətlər, Qədrlər mütləq insanların Cənabi-Allaha yönəlməsinə vəsilə edilməli və hər anında əbədi səadət yatan bu müqəddəs aylara aid bütün tədbirlərdə niyyət yüksək qayələri reallaşdırmaq olmalıdır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.