Yarı yolda qalanlar

Fəthullah Gülən: Yarı yolda qalanlar

Sual: “Cihadda iştirak etməyib arxada qalanlar Allahın Rəsuluna qarşı çıxaraq (evdə) oturub qalmalarına sevindilər. Allah yolunda malları və canları ilə cihad etmək istəmədilər və “Bu istidə döyüşə çıxmayın” dedilər. De: “Cəhənnəm odu daha istidir!” Kaş biləydilər!” (“Tövbə” surəsi, 9/81) ayəsi bu günün hizmət yolçularına nə deyir?

Cavab: Təfsirlərin verdiyi məlumata görə, sözügedən ayə münafiqlər barədə nazil olmuş, daha çox əhli-nifaqın (münafiq) cihada mənfi münasibəti qınanmışdır. Bu ayə özünü kəsalət və tənbəlliyin qucağına atıb ileyi-kəlimətullah yolundan uzaqlaşan hər möminə də ciddi xəbərdarlıq və tənbeh ehtiva edir. Həzrəti Aişə, həzrəti Əbu Zərr və Ömər ibn Əbdüləziz kimi böyük şəxsiyyətlər başda olmaqla səhabə, tabiun və təbeyi-tabiun dövründə yaşamış bir çox həzərat münafiqlər haqda nazil olan hər bir ayəni özünə aid etmiş və bu ayələrdən ibrət götürmüşdür. Əlbəttə, bir möminin etiqad baxımından özünü münafiq hesab etməsi doğru deyil. Çünki həqiqi mənada münafiqlik kafirlik deməkdir. Müsəlmanın kafirliyə, haşa, razı olması mümkün deyil. Ona görə də Hz. Pirin “İkinci ləma”da qeyd etdiyi kimi, mömin الحمد لله على كل حال سوى الكفر والضلال “Küfr və zəlalət istisna, hər cür halımıza görə Allaha həmd olsun”, deməlidir. Bəli, küfrə razı olan insanı küfrə aparar. Odur ki, müsəlman ilandan-çayandan qaçdığı kimi nifaq (münafiqlik) və küfr düşüncəsindən də uzaq olmalıdır.

Hər şeyə meyilli adəm oğlu

İnsan övladı bir bəşər olaraq zəif cəhətlərə, müxtəlif boşluqlara malikdir. Şeytan Həzrəti Adəmin (ala nəbiyyina və əleyhissalatu vəssalam) mahiyyətində deyil, surətində nəfsin istəklərinə uyma, şöhrətpərəstlik, alqış hərisliyi, rahata düşkünlük, ailəpərəstlik, Allahdan qeyrisindən qorxma, başqasının malını yağmlama kimi bir çox zəif cəhətlər, boşluqlar görmüş və: “Sən məni lənətlədiyin üçün mən də doğru yolunun üstündə oturub insanlara mane olacağam. Onları tələyə salaycağam, gah öndən, gah arxadan, gah sağdan, gah soldan soxularaq onları fəsada sürükləyəcəyəm” demişdi (“Əraf” surəsi, 7/16-17). Çünki şeytan məhz bu boşluqlarda at oynadıb meydan sulaya bilir. Odur ki, insan potensial olaraq zəlalət, nifaq və küfrə meyilli bir varlıqdır.

Məsələyə bir az da aydınlıq gətirsək, bir insan müsəlman olsa belə, onda zəlalət, münafiqlik və küfrə xas xüsusiyyətlər ola bilər. Ancaq bu xüsusiyyətlərə baxıb bir insanın zəlalətdə olduğunu demək, üstəlik onu “münafiq”, “kafir” adlandırmaq qətiyyən doğru deyil. Ancaq insan gərək iç dünyasına nəzarət etsin, bu kimi mənfi xüsusiyyətlərinin olub-olmadığına baxsın, əgər varsa, tezliklə onları aradan qaldırmağa çalışsın.

Bəd bəxtinə sevinən bədbəxtlər

Mövzumuza qayıdaq: sözügedən ayənin başlanğıcında Cənabi-Allah فرح المخلفون بمقعدهم buyuraraq Təbük döyüşündə iştirak etməyən münafiqlərin necə sevindiyini xəbər verir. Yəqin ağıllı iş gördüklərini düşünür, bəlkə də: “Bunlara bir bax! Nəhəng Roma imperiyası ilə döyüşməyə gedirlər. Çölün qızmar istisində qovrulmaq azmış kimi, üstəlik məğlub olub geri qayıdacaqlar”, deyirdilər. Onlar yürüşə qatılan müsəlmanlar haqqında bu cür yerli-yersiz danışır, onları məsxərəyə qoyur, öz aləmlərində sevinirdilər.

Bildiyiniz kimi, Təbük səfəri havaların çox isti keçdiyi, temperaturun 50-60 dərəcəyə yüksəldiyi iyul və avqust aylarında olmuşdu. Digər tərəfdən, bu aylarda meyvə yetişdiyindən ağacların kölgələri nəfsi oxşayır, insanı yoldan edirdi. Dolayısilə, sərin suyu, ağacların mehli kölgəsini, yetişmiş meyvələri qoyub yerin-göyün od tutub yandığı bir vaxtda hərbi səfərə çıxmaq olduqca çətindi. Üstəlik bu döyüş İordaniyaya qədər gəlib çatan romalılarla baş tutacaqdı. Nəbilər Sultanı (əleyhissalatu vəssalam) belə ağır şəraitdə romalılarla döyüşə çıxaraq Mədinənin müstəqilliyini, gücünü hər kəsə göstərmək, bu coğrafiyada təhlükəsizliyi və asayişi təmin etmək istəyirdi. İnsanlığın İftixarı ağır şəraitə baxmayaraq, qoşunu ilə romalıların qarşısına çıxmış, Allahın izni və inayəti ilə onları geri dönməyə məcbur eləmişdi. Belə bir şəraitdə yüzdən çox münafiq səfərdən imtina edib bəhanələr gətirərək evdə qalmağa üstünlük vermişdi.

Münafiqlərdən savayı əmrə itaətin hikmətini anlamayıb səfərə çıxmayan üç nəfər mömin də vardı. Bəlkə də, onlar ictihad xətasına yol vermiş, bu səfərdə hər kəsin iştirakının vacib olmadığını düşünmüşdülər. Ancaq Allah-taala: وعلى الثلاثة الذين خلفوا (“Tövbə” surəsi, 9/118) buyuraraq onların bu hərəkətini “təxəllüf” kimi xarakterizə etmişdi. Təxəllüf münafiqlik xüsusiyyəti olduğuna görə onlar da müvəqqəti olaraq ilahi cəzaya məruz qalmışdılar. Ancaq bu igidlər ilahi sınaqdan alnıaçıq çıxmış, əfv olunmuşdular.

Sözügedən ayədə Cənabi-Allah خلاف رسول الله bəyanı ilə münafiqlərin Rəsulullaha (s.ə.s.) itaətsizlik edərək belə bir hərəkətə yol verdiyini bildirir. Demək ki, Allah Rəsulunun yolundan ayrılmaq insanı həlaka sürükləyən böyük bir xətadır. Odur ki, insan nəyin bahasına olur-olsun, Onun yolundan ayrılmamalıdır.

Virusu başqalarına yoluxdurmaq

Ayədə xüsusiyyətləri diqqətə çatdırılan münafiqlər mallarını Allah yolunda sərf etmək, zəhmət çəkmək, məşəqqətlərə sinə gərmək istəmədikləri kimi, لا تنفروا في الحر “Bu istidə səfərə çıxmayın!” deyərək insanları da ruhdan salmağa və ətrafa fitnə-fəsad toxumları səpməyə başlamışdılar. Elə insanlar var ki, onların heybəsindən fitnə-fəsad əskik olmaz. Bəli, onların oxu da, yayı da fitnədir. Yayını gərib ətrafa daim fitnə oxları atırlar. Qarışqanı fil edir, kiçik şeyləri şişirdir və daima faydalı işlərə mane olmağa can atırlar. İşi-gücü fitnə-fəsad olan bu insanlar ənsarla mühacirlər arasına girib “Bu istidə döyüşə çıxmaq olar. Siz özünüzə bəla axtarırsız?” deyir, onları səfərdən saxlamağa çalışırdılar.

Onların bu sözlərinə Cənabi-Allah: قل نار جهنم أشد حرا لو كانوا يفقهون “De ki, “Cəhənnəm odu bundan daha istidir.” Kaş bunu biləydilər!”bəyanı ilə cavab vermişdir. Burada “səthi məsələləri başa düşmək” mənasında işlənən يعلمون və ya يعقلون kəlmələri yerinə, “dərindən düşünmək, məsələləri səbəb və nəticə çərçivəsində araşdırmaq, bir işin əvvəlini, axırını düşünərək hərəkət etmək” mənalarına gələn يفقهون sözünün işlədilməsi əbəs deyildir. Bu ifadənin seçilməsində: “Kaş fiqhi azacıq biləydilər və səbəb-nəticə əlaqəsini dərk edəydilər! Təəssüflər olsun ki, bu qədər xəbərdarlığa baxmayaraq bu həqiqəti heç cür anlamadılar!” mənası sezilir.

“İbrət götürsəydilər, təkrarlanardı?”

Əslində o dövrün hadisələrini bugünkülərlə yan-yana gətirsək, arasında çox fərq olmadığını görərik. O dövrün münafiqləri bunu dərk etmədikləri kimi, bu gün də Allah yolunda olmağın əhəmiyyət və zəruriliyini anlamayanlar var. O dövrdə olduğu kimi, bu gün də hicrətə barmaqarası baxan, Allah yolunda mübarizənin əhəmiyyətini dərk etməyən, Məhəmmədi ruhun pərvazlanıb hər yana yayılmasını əhəmiyyətli görməyən insanlar var. Halbuki bu həqiqətin qanad açmadığı yerin zindandan fərqi yoxdur. O zindanda yaşamağa məhkum edilmiş insanları tapmaq, onlara bir mənada səfalı, hüzurlu aləmlərə gedən yolu göstərmək üçün bütün çətinliklərə sinə gərmək dərin anlayışdan asılıdır. Çünki bu səthi yanaşma ilə başa düşüləsi məsələ deyil.

Xülasə, hal-hazırda Allahın uca adını dünyanın hər yanına bir daha yaymaq və qəlblərlə Allah arasındakı maneləri aradan qaldırmaq uğrunda hər cür çətinliyə və məşəqqətə dözmək lazımdır. Ruhumuzun ilhamlarını könüllərə boşaltmaq, min illik səmavi dəyərlərimizi başqalarına da çatdırmaq üçün dayanmadan çalışmalı və qətiyyən ahəstə tərpənməməliyik. Yeri gəlmişkən, unutmayaq ki, o biri tərəfdə özümüzü cəhənnəm odundan qorumaq istəyiriksə, burada istiyə dözməliyik. Bəli, axirətdə rahatlığın, səadətin yolu burada çəkilən çətinlik və məşəqqətlərdən asılıdır.