Zikr və hüzur

Fəthullah Gülən: Zikr və hüzur

Sual: “Rad” surəsində məalən buyurulur ki, "O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə hüzur tapmışdır. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar!" (“Rad” surəsi, 13/28). Qəlblərə hüzur verən zikrin xüsusiyyətləri nələrdir?

Cavab: Ayədən də göründüyü kimi, qəlbin hüzuru Allahı zikir etməkdən asılıdır. Elə isə ilk növbədə zikr anlayışına ümumi bir nəzər yetirək.

Əslində zikr namazdan həccə, həcdən cihada qədər bütün ibadətlərdə yer alan və onların içində dövr edən can, qan kimidir. Üstəlik zikrə vaxt və yer məhdudiyyəti də qoyulmamışdır, dolayısilə sahəsi çox genişdir.

Ən böyük zikr – Quran

Zikr bütün ibadətlərin ruhudur. Ən yüksək, ən uca, ən kamil zikr isə Qurani-Kərimdir. Çünki o, həm onu yer üzünə gətirən Cəbraili, həm dünyanın ən Ən Etibarlı İnsanını, həm də Allahı xatırladır. Bəli, Qurani-Kərim Mömin olan Allahın etibarlı mələyi Cəbraillə ən etibarlı Zata təslim edilən müqəddəs bir əmanətdir.

Digər tərəfdən Quranın məna aləminə səyahət etsək, o uca bəyan bizə o qədər şey xatırladacaq ki… Məsələn, “Fatihə” surəsinə bir nəzər yetirək, görün nələrlə qarşılaşırıq: ilk növbədə Cənabi-Allahın nemətlərinə şahid olur, həmd-səna hissi ilə cuşa gəlir və Rəbbiniz Allahın hüzurunda ürpərirsiniz. Bu hislərin ardınca Rəhman və Rəhim isimləri dadınıza çatır və siz yalnız Allaha qulluq edib yalnız Ondan yardım dilədiyinizi elan və etiraf edirsiniz. Tutduğunuz yolun doğruluğunu görüncə də dərhal sirati-müstəqimə yönəlirsiniz. Yəni deyirsiniz ki, "Allahım! Səndən ilk növbədə etidal (mötədillik), istiqamət, haqq, ədalət və hər işdə tarazlıq diləyirik." O yolu tapsanız da, daim təhlükədə olduğunuzu yada salıb “büdrəyib yıxıla bilərəm” qorxusu ilə Allahın qəzəbinə tuş gəlmiş, zəlalətə yuvarlanmış ümmətlərin yoluna düşməkdən Ona sığınırsınız. Dolayısilə “Fatihə”nin hər bir kəlməsi bizim kimi daim Ona möhtac olan və Onu xatırlamağa ehtiyac duyan aciz və zəif insanlarla yaxından bağlıdır. Qurani-Kərimi “Fatihə”dən “Nas” surəsinə qədər məna və məzmununu qavramaq əzmi ilə oxusanız, hər bir ayəsini şəxsimizə yönəlmiş bir xitab kimi mütaliə etsəniz, o uca kəlamın necə böyük bir zikir olduğunu və hər bir ayənin insan xarakterinə, məntiqinə, insan düşüncəsinə və psixologiyasına, xülasə onun hər cəhətinə xitab etdiyini görərsiniz.

Quranda kainatın zikrini dinləmək

Qurani-Kərimdə yaradılış qanunlarını seyr etmək də bir zikrdir. Hz. Pir "Quran kainat adlı böyük məsciddə kainatı oxuyur, gəlin, onu dinləyək, o nurla nurlanaq. Hidayəti ilə əməl edək. Və onu dilimizin əzbəri edək. Bəli, söz odur, söz ona deyərlər. Haqq olub Haqdan gəlib haqq deyən, həqiqəti göstərən nurani hikmət odur" ifadələri ilə Quranın kainat kitabını şərh etdiyini vurğulayır. Əgər Qurani-Kərim öz ziyasını kainatın çöhrəsinə yaymasaydı, kainat bizə xaos, dəhşətli kabus və amansız hadisələr silsiləsi kimi görünərdi. Bəli, Quranın kainata saçdığı işıq sayəsində biz hər şeyin həqiqi çöhrəsini, hər varlığın Cənabi-Allahın gözoxşayan sənət əsəri olduğunu gördük və öyrəndik. Bəzən vəhyin ziyası qəlbdə bu cür hislər oyadır, ağacı, otu qucaqlayıb, öpüb, "Sən də Onun əsərisən" demək istəyirsən. Rəcaizadə Əkrəmin sözü ilə desək, "Bir kitabullahı-əzəmdir başdan-başa kainat. Hansı hərfi yoxlasan, mənası Allah çıxar." Hz. Pir deyir ki, kainatın sətirləri ətraflı mütaliə edilsə, hər birinin məleyi-əladan biz insanlara göndərilmiş bir namə olduğunu görərik. Yəni bu kainatın səhifə və sətirləri arasında gəzən, onun sözlərini, hərflərini bir-bir yoxlayan hər kəs onların "Allah" deyə hayqırdığını görəcək və özü də Allah deyəcək. Çünki belə mükəmməl bir sistemi başqa bir şeylə izah etmək mümkün deyil. Göyü və yeri yaradıb mükəmməl bir sistem quran Allah, insan mahiyyəti və fiziologiyasında ahəngi təmin edən də Allahdır (cəllə cəlaluhu). Kainatda var olan hər bir əşya və hadisənin Onu xatırlatması da zikrin bir növüdür.

Kəhkəşanlar təsbeh dənəsi…

Həzrəti Allahın lütf etdiyi nemətlərə müqabil "Allahım! Kainatın zərrələri qədər Səni təsbeh və təqdis edirik. Allahım! Əgər kainatın zərrələri qədər ağzımız və söz qabiliyyətimiz olsaydı, hər biri ilə Səni təsbih edərdik" şəklində edilən zikirlər var. Möminlər hər namazdan sonra otuz üç dəfə "Sübhanallah, Əlhəmdülillah və Allahu əkbər" deyirlər. Möminlərə əziyyət olmasın deyə zikirin sayı az olsa da, bunu çoxaltmaq mümkündür.

Hz. Pirin yaxın və sadiq tələbələrin birindən eşitmişdim: Hz. Pir Həsən Şazəli, Əbdülqadir Geylani, Mustafa Siddiqil-Bəkir, Əhməd Rifayi, Məhəmməd Bəhauddin Nəqşibəndi, Mövlana Xalidi-Bağdadi kimi böyüklərin təsbehin hər bir dənəsinə toxunmaqla bütün kainat zərrələri qədər Cənabi-Allahı təsbeh etdiklərini və bunu əngin vicdanlarında hiss etdiklərini deyirmiş. Allahın haqqının böyüklüyünü dərk edən, bir təsbehlə o haqqı qaytarmağın mümkün olmadığını düşünən bu şəxslər “dənizlərin qumu, yağışların damlası və məxluqatın nəfəsi qədər” deyib zikirlərini bərəkətləndirməyə çalışırmışlar. Hz. Pir onlara qibtə ilə baxır və onlar kimi hər muncuğu çəkəndə trilyonlarla zikrin qəlbinə axıb getməsini istəyirdi. Həyatının son günlərində bu sadiq tələbəsinə deyir ki, "Qardaşım, Allaha həmd olsun. Mən də artıq Həsən Şazəli və Əbdülqadir Geylani Həzrətləri kimi "Sübhanallah" deyəndə bütün kainat zərrələrini birdən eşidirəm."

Bəli, zikir bizim borcumuz, Allahın da haqqıdır. O haqqı bir ilə deyil, trilyonlarla ödəməyə çalışmalıyıq. Düzdür,"Sübhanallah, Sübhanallah..." deyə təsbihini çəkən də vəzifəsini yerinə yetirmiş olar, bu ayrı bir məsələ. Ancaq niyə trilyonlarla savab dura-dura bir savabla kifayətlənək! Trilyonlarla qürbiyyət, məiyyət, təvəccöh ola-ola niyə bir ilə qane olaq!

İlk dövrlərdə zikir

İslamın ilk dövrlərində təkyələrdə "Lə iləhə illəllah", "Əstağfirullah" kimi zikirlərin sayı-hesabı olmazdı. İnsan şəraitdən asılı olaraq Allahı müxtəlif kəlmələrlə zikir edə bilər. Məsələn, altı saatlıq yola çıxmısınız. Yol boyu vaxtınızı zikrə ayırsanız, bəlkə də, yüz min dəfə "Lə iləhə illəllah" deyə bilərsiniz. Zikrin şüurunda olmaq əsas olsa da, hər birini şüurlu deyib-deməmə məsələsinə də mütləq yanaşmamaq lazımdır. Ancaq yenə də zikri hiss edərək söyləməyə çalışmalıdır. İnsan zikrin kəmiyyətini artırmasa, onu dərindən hiss etməsi mümkün deyil.

Bir vaxtlar Allaha yönəlişin adı qoyulmamışdı. Nəqşi, Xalidi, Qadiri, Şazəli, Bəkri, Cərrahi adlarını heç kim bilmirdi, amma onların elədiyi hər şey bilinirdi. Hər yerdə Allahı gur sədayla anırdılar. O, hər ürəkdə taxt qurmuşdu. Könüllər Onun təcəlligahı idi. Gün gəldi, buna ad qoydular və bu iş onların adı ilə yad edildi. O səmimi insanlar sayəsində müsəmma (ad verilən) unudulmadı. O müsəmmanı vicdanlar dərindən duydu və isim-müsəmma ittifaqı quruldu. Onlar biri min etməyi bacardılar. Onların dilindən çıxan bir "Sübhanallah, Əlhəmdülillah, Allahu əkbər"i minə tən gəlir, qəlblərə hüzur səpilirdi. Bəli, bir vaxtlar isimlə müsəmma qoşa gedirdi. Ancaq gün gəldi, "müsəmmasız isim" dövrü başladı. Əl əldən üzüldü, yar əldən getdi, o axar bulaq da qurumağa başladı. Məna və ruh sıradan çıxdı, iş nəsəb və vərasətin ümidinə qaldı. Ümid edirəm ki, qəlb və ruh dünyasının həqiqi qəhrəmanları bu məsələyə əl atacaq və onu layiq olduğu səviyyəyə çatdıracaq. Bir daha əsl isimlə müsəmmanı birləşdirib bizi yenidən gül dövrünə qovuşduracaqlar. Bəziləri də Akif demiş, o gül dövrünün bülbülü olacaq.

Həzrəti İbrahimin itminan arzusu

Sözügedən ayədən sonra buyurulur ki, "İman gətirib yaxşı işlər görənlərin xoş halına! (Onları) gözəl bir aqibət gözləyir!" (“Rad” surəsi, 13/29). Bu ayə zikir qəhrəmanlarını bu dünya ilə yanaşı, axirətdə də hüsnü-aqibət gözlədiyini xəbər verir. Ancaq qəlbin zikr vasitəsilə aram tapması dünya həyatında mühüm əhəmiyyət kəsb etdiyinə görə peyğəmbərlər Allahdan bunu da diləmişlər. Məsələn, "xillət"lə şərəflənən və bir mənqibədə də deyildiyi kimi, Nəmrud tərəfindən oda atılanda belə mələyin kömək təklifinə "Oda atıldığımı məgər Allah bilmir?!" deyib Allaha etimadı ilə düşmənə təkbaşına meydan oxuyan iman qəhrəmanı Hz. İbrahimin Cənabi-Allahdan itminani-qəlb (qəlbin aram tapması) dilədiyini görürük. Çünki eşitməklə gözlə örmək eyni deyil.

Hz. İbrahim aldığı mərifət dərsinin təsiri ilə təpədən-dırnağadək ürpərmiş, Allahın hüzurunda tir-tir əsmiş, hudu və xəşyətdən qəddi bükülmüşdü. Yenə də "həl min məzid" deyib bu mərifətlə daha da şahlanmış, bu eşq və şövqlə bir başqa məclisdə başqa bir həqiqətə şahid olmuşdur. Oradan da görüb götürmüş, amma yenə də doymaq bilməmişdi. Çünki ruhun sonsuzluğa səfəri sonsuz olur. Allaha aparan yolda sona çatmaq mümkün deyildir. Allah namütənahi olduğuna görə, Onun əsma və sifəti-sübhaniyəsi də sonsuzdur. Hər biri insana bir ilahi ərməğan bəxş edir. Bu məsələnin zirvə nöqtəsi isə Haqqın şahidliyidir. Hz. İbrahim də o həqiqi qüdrəti, sonsuz iradəni gözü ilə görərək mərifətini Haqqın şahidliyi ilə taclandırmaq üçün "Ya Rəbbim, ölüləri necə diriltdiyini mənə göstərə bilərsən?" deyərək arzusunu çatdırdı. Cənabi-Allahın "Yoxsa inanmırsan?" xitabına isə belə cavab verdi: "Əlbəttə inanıram, bunu sırf qəlbim sakitləşsin (mütməin olsun) deyə istədim." (“Bəqərə” surəsi, 2/260) Hz. İbrahim qəlbinin elə mütməin olmasını, elə aram tapmasını istəyirdi ki, həyatının heç bir anında nə ağlına, nə təsəvvürünə, nə də xəyalına zərrə qədər mənfi düşüncə gəlməsin. Ən amansız hadisələrlə üzləşəndə belə "of" yerinə "oh" desin. Bu arzuya müqabil Cənabi-Allah şahidliyini ortaya qoymuş və ölmüş quşları diriltmişdir. Hz. İbrahim bu möcüzəni necə müşahidə etdi, onu necə hiss edib ürpərdi və xəşyətdən necə boyun bükdü, bunu bilmirik. Ancaq biz bu pəncərədən baxıb idrak və qabiliyyətimiz səviyyəsində itminan axtara, o itminanı-qəlbin əks-sədasını qəlbimizdə hiss edə bilərik. Bu da həyatın hər anını, hər səhifəsini sistemli, aramsız və mütəmadi zikrlə işıqlandırıb əhya etməkdən asılıdır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.