Bir könül insanı portreti

Könül insanı dünyagörüşü, inancı və davranışları ilə tam bir ruh və məna qəhrəmanıdır. Onun daxili aləminin zənginliyi, geniş dünyagörüşü və dərin təfəkkürü əldə etdiyi elmi biliklərdən deyil, mənəvi zənginliyi, ruh təmizliyi və Haqqa yaxın olmağından irəli gəlir. Onun nəzərində elm naminə irəli sürülən ideyaların dəyəri insanı həqiqətə qovuşdurmada rəhbər olması ilə ölcülür.  Yenə onun nəzərində  əşya və insan həqiqətini dərk etməyimizə kömək etməyən elmlərin, xüsusilə də praktik cəhətdən faydası olmayan nəzəri elmlərin heç bir əhəmiyyəti yoxdur.

Könül insanı qəlbi və ruhu həyata proqramlı, maddi-mənəvi bütün kirlərdən uzaq durmağa qərar vermiş, cismani və nəfsi  istəklərə qarşı hər zaman ayıq, kin, nifrət, tamahkarlıq, həsəd, eqoizm və şəhvət kimi xəstəliklərə qarşı mübarizə əzmi ilə gərilmiş tam bir təvazökarlıq abidəsidir. O, hər zaman haqqı ucaltma yolunda, dünya və axirət aləmi  ilə bağlı duyub hiss etdiklərini başqalarına çatdırma eşqi ilə alışıb yanan (və ya yanıb qovrulan) bir cəfakeş və dərdli, olduqca səbrli  və təmkinli, danışıb səs-küy qaldırmaqdan daha çox, inandıqlarını həyatında yaşayan, eyni zamanda  yaşadıqları ilə başqalarına nümunə olan bir iman və aksion insanıdır. O, yorulmaq bilmədən daima çalışır... Haqqa doğru gedənlərə bu yolun ədəbini öyrədir... daxili aləmi atəş kimi alışıb yanar və yanarkən əsla qəm izhar eyləməz, eyləyib əğyarı (düşməni) halından agah eyləməz... hər zaman ürəkdən yanar və ona sığınanların ruhuna istilik verər.

Könül insanının hədəfində hər zaman metafizik aləmlər canlanır. O, Haqq rizasına bağlanmış, daima irəliləyən və həmişə məsafələrlə mübarizə aparan elə bir iman abidəsidir ki, sevdiyinə qovuşacağı ana qədər köhlənlər kimi qaçar, qaçarkən bu yolda hər hansı bir qarşılıq gözləməz.

Könül insanı elə bir səmimi həqiqət əridir ki, oturub-durar, hər zaman yer üzündə haqqı ucaltmağı düşünər, yeri gəldiyində Onun naminə  bütün arzu və istəklərindən əl çəkər. O, hər kəsə sinəsini açar, hər kəsi şəfqətlə qucaqlayar, və cəmiyyət içində bir qoruyucu mələk görüntüsü nümayiş etdirər. Allahdan başqa heç kimdən hər hansı bir şey ummaz. Hərəkət və davranışları ilə hər kəslə ahəng içində olmağa çalışar, heç kimsə ilə mübahisəyə girməz, heç kimə qarşı kin və düşmənçilik bəsləməz. Bəzən öz ictihadları, düşüncələri, işinə və məşrəbinə görə bəzi şeyləri üstün tutsa da, başqaları ilə əsla rəqabətə və mübahisəyə girməz. Əksinə dini, vətəni və idealları uğruna xidmət edən hər kəsi sevər, bütün müsbət fəaliyyətlərə görə hər kəsi alqışlayar... Həmçinin onların fikirlərinə, düşüncələrinə və mövqelərinə hər zaman ehtiramla yanaşmağa diqqət göstərər.

Könül insanı öz səy və fəaliyyətləri ilə yanaşı, Allah-Təalanın müvəffəqiyyətinə və yardımına  sonsuz dərəcədə əhəmiyyət verir.... Davranışlarında müvəffəqiyyətə nail olmağın yollarını araşdırır. Qurani-Kərimdə Allahın inayətinə səbəb olan birlik və bərabərliyə həddindən artıq həssas yanaşır. Doğru yolda olan hər kəslə demək olar ki, müştərək iş görməyə çalışır. Belə bir birlik-bərabərlik anlayışı üçün çox vaxt özünə rəğmən bir yol izləyir. Birlikdə rəhmət olduğunu, ayrılıq və ixtilaflarla heç bir nəticə əldə edilməyəcəyini dərk edir, uzlaşabiləcəyi hər kəslə ünsiyyət quraraq  daima ilahi lütflərə və ehsanlara qarşı özünü hazırlayır.

Könül insanı bir Haqq aşiqi və bir Haqq rizası sevdalısıdır. Harada və hansı şərtlər altında olursa –olsun Onun razılığı istiqamətində hərəkət edər. Onun rizasını qazanmaq üçün ölənə qədər səy göstərər....Və belə bir hədəfə çatmaq üçün bütün varını bu yolda  fəda edər,  dünyəvi-uxrəvi (dünyaya və axirətə aid) hər şeydən əl çəkər. Könül insanının həyatında “Mən etdim”, “Mən qazandım”, “Mənim sayəmdə gözəl nəticə əldə edildi” kimi xoşagəlməz və qəbul edilməyən mülahizələrə əsla yer yoxdur. O, yerinə yetirilməsi  vacib olan bütün işləri kim həyata keçirirsə keçirsin, özü icra etmiş kimi o işlərdən məmnun olar, onların müvəffəqiyyətlərini öz nəaliyyətləri sayar və onların arxasınca gedər.... Öndərlik etmək şərəfini və vəzifəsini onlara verər. Bundan başqa  iman və insanlığa xidmət etmə yolunda digər insanların ondan daha qabiliyyətli, daha ləyaqətli olduqlarını düşünərək onlara daha rahat fəaliyyət göstərmələri  üçün zəmin hazırlayar, sonra da bir addım geri çəkilərək  “insanlar arasında sadə bir fərd olaraq” yoluna davam edər.

Könül insanı hər zaman özünə tənqidi yanaşır və öz eyibləri ilə məşğul olduğu üçün başqalarının eyiblərini araşdırmaz. Başqalarında nöqsan axtarmaq bir yana qalsın, hər fürsətdə nümunəvi insan olmağı nümayiş etdirərək, onları daha yüksək üfüqlərə istiqamətləndirir və hər kəsə bir hüsnü-misal- gözəl nümunə olur. İnsanların eyib və nöqsanlarına göz yumar, onların mənfi davranışlarını təbəssümlə qarşılayar, pislik edənlərə həmişə xeyirxahlıq edər və yüz dəfə təhqir edilsə, qüruruna toxunulsa da bir dəfə də olsa heç kimi incitməyi ağlından belə keçirməz.

Könül insanı həyatını kamil iman orbitli və ixlasla bütünləşmiş şəkildə yaşamağı ən ümdə məsələ bilərək, duyğu, düşüncə və davranışları ilə Haqq rizasına könül vermiş elə bir həqiqət əridir ki, bütün kainatı və “Masiva” yı, yəni Allahdan başqa hər şeyi ona versəniz də onu hədəfindən əsla döndərə bilməzsiniz. Hətta cənnətlər vəd etsəniz belə onun yol və istiqamətini dəyişdirməyiniz mümkün deyildir.

Könül insanı eyni yolda yeriyib, eyni məfkurəni paylaşan insanlarla əsla rəqabət aparmaz...onlara qarşı qətiyyən qısqanclıq duymaz, təm əksinə onların nöqsanlarını aradan qaldırar, əksiklərini tamamlayar və onlara qarşı davranışlarında hər zaman bir bədənin hər hansı bir üzvü kimi davranar. Tam bir isar ruhuyla- yəni başqalarını özündən üstün tutma düşüncəsi ilə vəzifə , mənsəb, şan-şöhrət, nüfuz, liderlik kimi maddi-mənəvi bütün işlərdə  mömin qardaşlarını ön plana çıxarar və özü arxaya çəkilərək onların müvəffəqiyyətlərinin dəllalı kimi hərəkət edər, nəaliyyətlərini alqışlayar və müvəffəqiyyətlərini bir bayram sevinci ilə qarşılayar,          Könül insanı çox vaxt öz üslub və metodlarına (prinsip) sadiq qalıb bütün fəaliyyətlərini xarakter və istəkləri cizgisində həyata keçirdə də başqalarının düşüncə və hərəkətlərinə qarşı hər zaman hörmətlə yanaşmağa çalışır. Paylaşmağa, bərabər yaşamağa hər zaman hazır, daima eyni məfkurə insanları ilə müştərək hərəkət etməyin yollarını araşdırır.. müştərək layihələr hazırlayır.... və “mən” əvəzinə “biz” məfhumunu yerləşdirməyə səy göstərir. Bununla yanaşı, başqalarının xoşbəxtliyi naminə öz səadətini göz qırpmadan fəda edə bilir. Bunları edərkən də insanlar tərəfindən sayılıb-seçilməyi, alqışlanmağı istəməz.  Hətta belə düşüncəyə qapılmağı özü üçün sükunət sayar... ilandan-çayandan qaçdığı kimi öndə olmaqdan, ad-sandan, şan-şöhrətdən qaçar və unudulma düşüncəsinə dalar.

Könül insanı heç kimsənin haqqını tapdalamaz, düşmənçiliyə düşmənçiliklə, zülmə zülümlə cavab verməz. Ən çətin vəziyyətdə belə hər zaman “itidali-dəm”lə- yəni soyuqqanlılıqla, hadisələr qarşısında sarsılmadan, təmkinlə hərəkət edər, nə olursa olsun bir könül əri olmağın vəzifələrini mükəmməl  şəkildə yerinə yetirməkdən əsla çəkinməz. Pislik edənlərə hər zaman yaxşılıqla cavab verər. Pis işləri şər qüvvələrin işi sayar və bir xeyirxahlıq abidəsi olmağa çalışar.

Könül insanı həyatını Quran və Sünnət cizgisində Haqq dostluğu (vəlilik), təqva, əzəmət və ihsan şüuru çərçivəsində yaşayır. Mənlik, qürur, şan-şöhrət kimi qəlbi öldürən hislərə qarşı hər an diqqətli olur, ona aid edilən gözəllikləri “hər şey Ondandır” deyib həqiqi Sahibinə həvalə edir. İradəyə bağlı işlərdə də hər zaman “mən” dən qaçır, “biz”ə sığınır.

Könül insanı heç kimdən qorxmaz, hər hansı bir hadisə qarşısında təşvişə düşməz. Allaha sığınar, əzmlə çalışar, İlahi müvəffəqiyyətə ram olar və doğru bildiyi şeylərdən əsla geri çəkilməz.

Könül insanı kimsədən inciməz. Hələ Haqqa dilbəstə olanlara (Haqqa könül verənlər) qətiyyən küsməz. O, mömin qardaşını günah işləyərkən görərsə ondan uzaqlaşmaz, aradakı pərdəni qaldırmaz, onu utandırmaz, utandırmaq bir tərəfə, belə bir günaha şahid olduğu üçün böyük bir xəta işləmiş kimi özünü qınayar və hesaba çəkər.

Könül insanı möminlərin fərqli düşüncə və izahlarına görə onlar haqqında pis fikirləşməz, görüb eşitdiyi şeylərə müsbət şərhlər gətirir və mənfi mülahizələrə qətiyyən yol verməz.

Könül insanı hərəkət və fəaliyyətlərini bu dünyanın bir mükafat yeri deyil bir xidmət məhəlli olduğu mülahizəsinə bağlayar.. və hər zaman məsuliyyət daşıdığı vəzifələri diqqətlə və intizamla yerinə yetirər. İşin nəticəsi ilə məşğul olmağı Haqqa qarşı hörmətsizlik sayar. O, dinə, imana və insanlığa xidmət etməyi Haqqın rizasını qazanma uğrunda ən böyük vəzifə bilər və nə qədər böyük işlər görsə də bundan özü üçün hər hansı bir pay çıxarmağı əsla düşünməz.

Könül insanı nə nizamın pozulmasından ümidsizliyə düşər, nə də bütün insanların ona qarşı çıxmasından sarsılar. “Bu dünya küsmə, incimə dünyası deyil, səbr dünyasıdır” deyərək dişini sıxar, düşdüyü vəziyyətdən çıxmaq üçün alternativ yollar axtarar və ən çətin anlarda belə fərqli  strategiyalar  düşünərək əzmlə yoluna davam edər. İnsani dəyərlərin xor görüldüyü, dini düşüncənin zədələndiyi, hər tərəfin başı boş insanların səs-küyləri ilə inlədiyi bu dövrdə belə könül insanlarına su və hava qədər ehtiyacımız olduğunu  bir daha yada salıb bu fəsli sona çatdıraq.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.