Bizim də özümüz olduğumuz günlər vardı

Bu günə qədər Haqdan çox lütflər gördük.. və necə bəxtəvər, işıqlı günlər yaşadıq Onun bəxş etməsi ilə!.. Bəzən bir qisim mənfi yönlərimizdən ötrü azca saralıb-solsaq da, əksər vaxtlarda xüsusi iltifatlarla günlərimiz hər zaman güldü.. biz də sevinclə coşduq, ləyaqətimizin qat-qat üstündə neçə-neçə gözəlliklərə, neçə-neçə inayətlərə şahid olduq.. neçə görünməzləri gördük, əlçatmaz zirvələrə yüksəldik. Başqa aləmlərdən gələn rəhmət leysanları və yalqız olmadığımızı hayqıran alnı açıq hadisələr heç vaxt bizdən əskik olmadı. Arada bir ruhlarımızda qürbət hiss olunsa da, bizi yalqız qoymayan Dostun yüzlərlə hadisə ilə yaxınlığını hiss etdirməsi və üfüqümüzün genişliyi nisbətində hər zaman yınımızda olduğunu duyurması sayəsində dünyamız yenidən işıqlanır və könüllərimiz şad-xürrəm olurdu. Silinib gedərdi bütün qüssə və kədərlər, fərəh yağmağa başalayardı ruhlarımıza, unudardıq qəm-qüssəni və körpələr kimi sevinərdik. Olanları-keçənləri yaxından təqib edənlər üçün Onun iltifatları mütəmadi, sevgi və mərhəmətlə əhatə etməsi də aramsızdı. Belə ki, üfüqümüz hər zaman işıqlı və məğriblərimiz də məşriqlər kimi par-par parıldayardı... Onun bizə ən böyük lütfü sayardıq bizim biz olaraq qalmağımızı və biz olaraq yaşamağımızı. Çünki bunun sayəsində özümüz kimi düşünür, özümüz kimi davranır, hər zaman öz səsimizlə nəfəs alıb-verirdik, ruh və məna köklərimizdən gələn prinsiplərə bağlı hərəkət edir və öz mədəni dəyərlərimizi yenə də öz üslubumuzla səsləndirirdik və qətiyyən öz-özümüzə yetmədiyimizin ifadəsi sayılan fantaziyalara girmirdik. Özümüz olmağı hər zaman bir həzz kimi duyur və bunun sayəsində Ondan gələn İlahi lütfləri da səmavi bir ərməğan kimi qiymətləndirirdik.

O zamanlar biz biz idik; zirvələrdə dolaşmaq təbii halımız və bu işıqlı atmosfer də dəyişməz iqlimimiz idi. Bu nur saçan dövrdə tez-tez hiss etdiyimiz, bizi heç vaxt yalqız qoymayan İlahi dəstək və ruhani həzlərə o qədər alışmışdıq ki, düşüncə və xəyallarımızla nə vaxt bu dünyanın o rəngarəng iqlimində səyahətə çıxsaq özümüzü cənnətlərin dəhlizində zənn edir və bir daha bu atmosferdən ayrılmağı əsla düşünməzdik.. o zamanlar biz biz idik və o parlaq günlər də bizim günlərimizdi.

İndi o rəngarəng məna aləmlərinə xas həyat tərzindən və o çərçivədə duyub yaşadığımız ruhanilikdən nə qədər uzaq olduğumuzu deyə bilmərəm. Amma nə vaxt müəyyən xatirələrin təsiri ilə o qızıl zaman dilimlərinə xəyali bir səyahətə çıxsam, necə də dəyişdiyimizi, başqalaşdığımızı hiss edir, ürpərti keçirir və öz-özümə, “Ay aman! Necə də dəyişilmiş, necə də öz ruhumuzdan uzaqlaşmış, necə də saralıb-solmuş və bəzi fantaziyalar uğrunda öz-özümüzə qəsd etmişik!”- deyə düşünür və heyifslənirəm. Hələ baxmayaraq ki, o vaxtlar qayə dediyimiz, amal dediyimiz məsələləri də tamamilə unutmadıq.

Düşüncə və təxəyyül dünyamızda, hafizələrimizdə hələ də bizə aid incə, zərif, yarı açıq yarı qapalı xeyli xüsusiyyət və çalarlar dalğalanır, lakin hər zaman bizə qan ağladan aramsız dəyişməni də dana bilmərik... Əvvəllər içimizə həmişə axirət qaynaqlı, dərin bir hiss hakimdi; düşüncələrimiz geniş və möhtəşəm, duyğularımız su kimi dupduru, ifadələrimiz mənəvi dərinlikli, üslublarımız da mələklərin davranışlarından bir şivə qapmış kimi daima səmaviliklə rənglənər və ətrafa ilhamlı necə-necə füsunkar nəğmələr yayardı.. o zamanlar dünya bizi dinləməyə tələsər, ruhanilər sükuta qərq olar və qənaətimcə mələklər də bu ahəngə qoşulardılar. Bunun sayəsində biz çox vaxt yer üzündə səmaviliyi yaşayar, dünyada axirət dərinliklərini duyar və hardasa öz-özümüzə qibtə edərdik. Qısaca desək, o zamanlar daxili dərinliyimizdən gündəlik davranışlarımıza qədər hər hərəkətimizdə başqa bir şirinlik, başqa bir şivə, başqa bir ləzzət və incə, zərif, lətafətli bir doğmalığın duyulub sezilməsi ilə sanki əfsunlanardıq.

Bu şeirvari ab-hava o qədər füsunkar və təsirli idi ki, heç bir yad mülahizə, heç bir fantaziya ona xələl gətirə bilməz; heç bir əğyar düşüncəsi bu ab-havanı dəyişdirə bilməzdi; odur ki, ifadə və bəyanlarımızda, hərəkət və davranışlarımızda bizə yad olan heç bir rəngə, naxışa rast gəlmək mümkün deyildi. Hər zaman bizi məna aləmlərinə səsləyən mənəvi bir dərinlik və fərqli bir hava ilə əhatə olunardıq. Nadirən də olsa, bəzi səs, görüntü və digər müxtəlifliklərlə qarşılaşsaq da, arxasınca bütöv o çevrə yenə də özünə xas o füsunkar və əfsanəvi ab-havaya bürünər və öz rəngi ilə, öz naxışları ilə boyanardı. Belə ki, bütün mənfiliklər buluda yüksələn buxar kimi doyma nöqtəsinə çatıb yağış damcılarına çevrilərək leysan olub könül yamaclarımıza yağardı və daxili aləmimizin hər yanını bürüyən bu sirli məna dünyamızı da öz rənginə bürüyər və bizə üfüqün arxasından boylanar, neçə-neçə gözəlliklərin müjdəsini verərdi.

Belə bir mənəvi hava bəzən ruhumuzu ləbələb doldurur, bizi başqa-başqa xəyal aləmlərinin fərəh bəxş edən iqlimlərində gəzdirər və fiziki aləmlərin darlığına baxmayaraq ruhlarımıza kainatlar genişliyində işıqlı aləmlər vəd edərdi. İmanımızın gücü ilə və mənəvi mülahizələrə açıq olmağımız sayəsində əşya və hadisələri fərqli görər, təbiəti dinin rənginə boyanmış bir İlahi kitab kimi duymağa başlayar, hər varlığı, hər əşyanı bir səmavi məktub kimi dinləyər, şərh edər, mənalı görər və idrak üfüqümüzə daxil olan hər şeyin əlindən badə-badə mərifət, məhəbbət, zövqi-ruhani və eşq-şövq kövsərləri içərdik.

O günlər könlümüzə elə nəfis şeylər nəqş etmişdi ki, tarixi dəyərlərimiz bir-bir dağılıb hər tərəf xarabalığa döndükdən sonra belə hələ də bizə aid olan o gözəlliklərin şirinliyini və təravətini ruhlarımızda hiss edir və bu şirin röyanın həmişə beləcə davam etməsini diləyirik və keçmişdə bizə bəxş olunan nemətləri bir müjdə, bir ümid qaynağı qəbul edərək verilənlərin çöhrəsində veriləcəkləri oxumuş kimi oluruq.

Bu günkü bütün çırpınmalarımız, yazıb-pozmalarımız qəlblərimizdə hər zaman dipdiri hiss etdiyimiz gələcəkdəki o füsunkar dünyalar üçündür. Bəli, qəzetlər, kitablar, məcmuələr və özümüzü ifadə etmə məqsədi ilə müraciət etdiyimiz digər vasitələr o füsunkar dünya üçündür. İllərlə bizi biz olma xəyalları arxasınca aparan bu məcmuə (Sızıntı) də bizə aid səs-sədaya qovuşma istiqamətində fərqli bir vasitə oldu. Bəli, o bəzən ruhumuzun həyəcanlarını səsləndirən bir dil, bəzən də bizi mənəvi kökümüzlə birləşdirən bir budaq oldu və bizə neçə-neçə yeni nübarlar uzatdı.

Mən onun hələ də ruhunu itirmədiyinə inanıram və hələ uzun müddət səs-sədamıza, düşüncələrimizə tərcüman ola biləcəyi qənaətindəyəm. Zamanın hər şeyi soldurub təsirsiz hala gətirdiyi kimi bir gün onun da belə bir aqibətə düçar olacağı qaçınılmazdır, lakin mən ona hissiyatımıza tərcüman olması istiqamətində və Haqqa baxan, Haqqı göstərən xidmətlərində uzun ömürlər diləməyi bir vəfa borcu sayıram.

Sızıntı, Fevral 2008