Çilə

Çilə yüksək hədəflərə çatmaq və yüksək nəticələr əldə etmək üçün yeganə yoldur. Həqiqət yolçusu çilə ilə günahlardan arınır; onunla saflaşır və əsl mahiyyətinə qovuşur. Çilə olmayan yerdə nə kamilləşmək, nə də ruhla bütünləşmək mümkündür.

Çilə həqiqət qəhrəmanının hər yerdə həmdəm olduğu acı, lakin vəfalı yoldaşıdır. Uzanıb gedən yollar çilə ilə yeknəsəqlikdən qurtulur. Həyat onunla aydınlığa qovuşur və insan ancaq onunla həyatın ləzzətini dərk edir. Çiləsiz həyat monoton, onsuz gedilən yollar solğun və bezikdirici, bu yolların qərib yolçuları da yaşamaqdan bezmiş bədbəxtlərdir.

Ruh çilə ilə kamilləşir. Könül çilə ilə yetkinləşir. Çilə görməmiş ruhlar xam, könüllər də qol-qanadı qırıq və ölgündür.

Çilə çalışıb-vuruşmağın, zəhmətəin və bu yolla əldə olunanların dəyərini qat-qat artırır. Çiləsiz əldə olunanlar isə mirasdan gələn mal kimidir. Gəlişi əməksiz, gedişi də kədərsiz... Bəli, yalnız min bir iztirabla qazanılan şeylərin hifzi uğrunda canlar fəda edilər...

Bir millət və bir mədəniyyət böyük müztərib və çiləkeşlərin rəhbərliyi ilə qurulmuşsa, möhkəm, istiqrarlı və gələcəyi ümidvericidir. Əksinə, həyatda bir dəfə də ağlamamış, inləməmiş və sancı çəkməmişlərin əli altında doğulub böyümüşsə, bir gün yıxılmağa məhkumdur.

Dünəndən bu günə bəşər övladı bəzən çiləkeşlərin müşfiq və həyatverici qucağında, zaman-zaman da tiranların zülm və istibdadı altında dünyaya göz açdı və həyatı dərk etdi. Lakin o, həyatın əsl həzzini, ən xoşbəxt anlarını başqaları üçün yaşayan böyük müztəriblərin kölgəsində duydu və daddı. Kənan elindən çıxıb bir məşəltək Babili işıqlandıran, günəş kimi Suriyanın bağrında tülü edən; ona inananlar uğrunda gözünü qırpmadan cəhənnəm kimi alovlar içinə atılan və "nari-Nəmrud"a (Nəmrudun Hz. İbrahimi (ə.s.) yandırmaq üçün qaladığı tonqal) sinə gərərək atəşdə cənnət cilvələri səpən böyük müztəriblərin... Ruhundan cüda düşmüş, quru bir cəsədə dönmüş bir millətə həyat bəxş etmək üçün illərlə Misir-Sina yollarında yorulan və hər dəfə Turda (Allahla mükalimə ilə) dolub Misirdə boşalan, nəhayət maddiyyatın bağrına endirdiyi zərbələrlə suya və torpağa ayrı bir yol, ayrı bir ərkan öyrədən böyük müztəriblərin... Gözü dünyadan başqa heç nə görməyən və tamamilə maddiləşmiş bir toplumu yaradılışın mahiyyətinə qaytarmaq və ona ruhani iqlimin yollarını göstərmək, daha doğrusu, üqba fikrini yenidən könüllərdə kökləmək uğrunda hər addımda pusquda yatan təhlükələrə məhəl qoymadan uca dərslərinə, yoluna davam edən və haqqında hökmlər verilərkən: "Xəncərlə ürəyimi yar! Səndən dönməzəm..." deyərək həqiqəti hayqıran böyük müztəriblərin... Və nəhayət, gəlmiş və gələcək bütün möhnətkeşlərin iztirabını hər an ruhunda duyan, hər an neçə-neçə müsibətlərə sinə gərən, hər an qan-tər içində dolub-boşalan nəhəng müztəriblərin...

Bəli, daim belə iztirablar içində qıvrılan, iztirab düşünən və şam kimi əriyən bu nəhəng qamətlərə inananlar heç vaxt aldanmadı və ümidləri puç olmadı.

Ah, o aldatmayan rəhbərlər! O mahiyyəti saf, qəlbi nurani, başı zirvələr kimi vüqarlı, min bir iztiraba yar olan uca rəhbərlər! Üfüqümüzü qara buludların bürüdüyü, qəddimizin büküldüyü və min bir müşkül məsələnin altında əzildiyimiz bu günlərdə onlara nə qədər həsrət və nə qədər möhtacıq!..

Hər bir ideal dövr bu cür müztərib və çiləkeşlərin çiynində quruldu və yüksəldi. Onlardan sonra gələn dərd-qəm nədir bilməyən iztirabsızların əlində isə tənəzzülə uğradı və yerlə-yeksan oldu; iç dünyasına biganə, şəhvani hislərin əsiri olan, qəyya yolçusu iztirabsızların əlində...

Səadət əsrindən sonrakı tarixi qana bulayan məhz bu çiləsiz ruhlar idi. Daha sonrakı dövrlərdə bütün vəhşiliklər və azğınlıqlar yenə də bu iztirabsızların əli ilə törədildi. Bir dəfə də sahib olduğu şeylər uğrunda ac-susuz qalmayan, yurd-yuvasından kənara addım atmayan, sarsıntılara, çətinliklərə məruz qalmayan iztirabsızlar... Həyatını maddi rifah və rahatlığın kəsafəti içində keçirən belə xam, işlənməmiş ruhlardan nə fədakarlıq gözləmək olar? Fədakarlıq hər şeydən əvvəl nəfsin səfil arzularına üsyan etməklə başlar və cəmiyyətin xoşbəxtliyi naminə öz səadətini unutmaqla kamilləşər. Yoxsa, hər fədakarlıq iddiası hiylə və cəmiyyətin üzünə sovrulmuş bir yalandır...

Ah, bu çilədən bixəbər, iztirab xoşlamayan nəfsim! Rahata, rifaha mübtəla və məftun nəfsim! Ötələrin həzzini, nemətini burada dadıb, burada bitirmək istəyən nəfsim! Heç kəsin kamil insan olmasını istəməyən və kamillik yolunu heç cür öyrənə bilməyən nəfsim! "Gün mənə, bulud dağlara!" deyib səfilləşən və həyatın o ləziz sancısını dərk edə bilməyən nəfsim! Görəsən, sənə çilənin insanı yüksəldən vəsfini və dünyanın, rifaha qapılmağın öldürücü bir zəhər olduğunu izah edə biləcəyəmmi..?

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.