135 ölkənin türkcə çağı

May ayının 30-dan Türkiyədə X Beynəlxalq Türk Dili Olimpiadası öz işinə başlayıb. “İnsanlıq əl-ələ” devizi ilə keçirilən olimpiadada ayrı-ayrı dinləri, millətləri, irqləri təmsil edən şagirdlər türkcə söylədikləri şeir və oxuduqları mahnılarla öz duyğularını dünyaya bəyan edir, türk dilinin sevgi, barış dili olduğunu bir daha Yer kürəsinə çatdırırlar. Olimpiada ilə bağlı tədbirlər İstanbul, Ankara şəhərləri ilə yanaşı, Türkiyənin 67 şəhərində də keçirilir.

Bağlanış mərasimi isə iyunun 14-də İstanbuldakı “Türk Telekom Arena” stadionunda təşkil ediləcək. Məlumat üçün bildirək ki, X Beynəlxalq Türk Dili Olimpiadasında 135 ölkənin nümayəndələri iştirak edirlər. Halbuki 2003-cü ildə, daha doğrusu, olimpiadanın ilk ilində onların sayı 17 idi. X Beynəlxalq Türk Dili Olimpiadasında ölkəmizi 65 məktəbli təmsil edir. Yeri gəlmişkən, qeyd edək ki, bu göstəriciyə görə, ölkəmiz olimpiada iştirakçısı olan ölkələr arasında ön cərgədədir. Ümumiyyətlə, Azərbaycan məktəbliləri bu beynəlxalq yarışmalarda həmişə öz fəallıqları ilə fərqlənib, müxtəlif nominasiyalar üzrə olimpiadanın medallarına sahib olublar. Ümumilikdə isə türk dili olimpiadaları tarixində Azərbaycan 77 medal (22 qızıl, 38 gümüş və 17 bürünc) qazanıb.

Yeni türk dünyası quranlar

Bəli, neçə gündür ki, 135 ölkənin 1500 məktəblisi Türkiyədədir... Onlar həm bir-biriləri ilə, həm də onlarla ünsiyyət qurmaq istəyənlərlə türk dilində salamlaşır, suallarını elə bu dildə cavablandırıblar.

Bəli, neçə gündür ki, 135 ölkənin uşaqları Türkiyədə türk dilində danışırlar. Sanırsan, onlar bir ananın övladlarıdır. Bir-biri ilə o qədər mehriban anlaşırlar ki, hətta ən mehriban ailə belə onlara həsəd apara bilər. Bu mənada onlar müxtəlif irqləri, dünləri özündə ehtiva edən bəşəri bir türk ailəsi formalaşdırırlar desək, yanılmarıq.

Bəli, dünya məktəbliləri elə türkcə danışa-danışa Türkiyəyə toplaşıblar. Bu məktəblilər Türkiyədə yeni dostluqların əsasını qoyurlar. Bu yaşda yaranan dostluqların daha səmimi, daha etibarlılığına, zənnimcə, kimsə şübhə etməz. Çünki məktəb illərinin dostluğu daha saf, daha büllur olur. Bir sözlə, bu çocuqlar artıq türkcə bir dünya qururlar, bu arenanı genişləndirmək uğrunda səylərini davam etdirirlər. Olimpiadanın Təşkilat Komitəsinin sədri Mehmet Sağlamın sözləri ilə desək, Türkiyəyə gələn hər məktəbli ölkələrinə qayıtdıqdan sonra bu məmləkətin könüllü elçisi olacaq. Bu isə o deməkdir ki, bu gün həmin məktəblilərin simalarında daha əmin-amanlı sabahımızın təməli qoyulur. Olimpiada ilə bağlı sadə türk vətəndaşları da eyni fikirdədirlər: “Ne mutlu bize ki Türk bayrağı farklı ölkelerde sürekli dalgalanıyor və İstiklal Marşımız okunuyor”.

Bu gün Türkiyənin dünya miqyasında daha geniş aspektdə tanınmasında mənə elə gəlir ki, türk liseylərinin kifayət qədər əməyi var. Çünki bu missiyanın önündə dünyanın 150 ölkəsində fəaliyyət göstərən türk məktəbləri, liseyləri gedirlər. Onlar qarşıya qoyduqları bu tarixi missiyanı yerinə yetirmək məqsədi ilə bütün qüvvələrini səfərbər ediblər. Onu da qeyd edək ki, bu məktəblərdən birincisi ölkəmizdə Heydər Əliyevin xeyir-duası ilə təşkil olunub.

Bəli, neçə gündür ki, 135 ölkənin 1500 məktəblisi Türkiyədə bir-biri ilə ortaq bir dildə - türkcə danışır. Biz də bir neçə gün öncə İstanbulda olarkən bunun şahidi olduq. Yeri gəlmişkən, qeyd edək ki, olimpiadanı, həmçinin bu tədbir çərçivəsində həyata keçirilən bir sıra tədbirləri izləmək üçün “Çağ”ın və Qafqaz Universitetinin təşkilatçılığı ilə ölkəmizdən 100-dən çox mətbuat nümayəndəsi qardaş ölkəyə səfər etmişdi. Onların arasında bu sətirlərin müəllifi də vardı. Səfər çərçivəsində Beynəlxalq Türk Dili Olimpiadasında iştirak edən ölkələrin İstanbul Sərgi Mərkəzində təşkil olunmuş tanıtma stendlərini izləmək mənə də nəsib oldu. Həmin stendlərdə hər bir ölkənin mədəniyyətini, tarixi abidələrini, turizm obyektlərini, milli mətbəxini əks etdirən eksponatlar - şəkillər, maketlər nümayiş olunurdu. Minlərlə (məlumatlara görə, 3 gün davam edən tanıtma stendlərini hər gün 600 mindən çox insan izləyir) insan tanıtma stendləri ilə tanış olaraq, onların vasitəsilə iştirakçı ölkələrin mədəniyyətləri haqqında məlumat ala bilirdi. Bir sözlə, bütün bunlar həmin ölkələrlə daha yaxından tanış olmaq imkanı verirdi. Bu mənada deyə bilərəm ki, orada olduğum müddətdə, sözün həqiqi mənasında, 135 ölkədə olduğumu zənn etdim.

“Azərbaycan”da görüşərik...

Ölkəmiz bu tanıtmada ən böyük stendlə təmsil olunmuşdu. Bəri başdan deyək ki, stenddə, demək olar ki, miniatür Azərbaycanımız öz əksini tapmışdı. Belə ki, stenddə Şirvanşahlar sarayı, Sultan Murat Qapısı, Divanxana, Yəhya Bakuvi türbəsi, Mömünə xatun türbəsi, Nizami məqbərəsi, Şəki Xan sarayı, Bərdə türbəsi, Qız qalası elə ucaldılmışdı ki, ora daxil olanda adam özünü həm Bakıda, həm Naxçıvanda, həm Gəncədə, həm Şəkidə, həm də Bərdədə, ümumilikdə Azərbaycanda zənn edirdi. Həmin mədəniyyət abidələrinin qarşısında dayanmış məktəblilər stendi ziyarət edənlərə bu tarixi dəyərlərimiz haqqında ətraflı məlumat verirdilər. Stendlə tanış olanlara Azərbaycan bayrağı və ölkəmiz haqqında məlumatlar əks olunmuş bukletlər də paylanılırdı. Burada yurdumuzun digər mədəniyyət nümunələri də sərgilənmişdi. Qonaqlara Azərbaycan mətbəxinin ləziz şirniləri də təklif olunurdu. Milli nemətlərimizi dadmaq üçün stendin qarşısında növbə də yaranmışdı. Öz gözəlliyi və eksponatlarının zənginliyi ilə digərlərindən fərqlənən stendimizdə ümummilli liderimiz Heydər Əliyevin, ölkə Prezidenti İlham Əliyevin şəkilləri də vardı. Demək olar ki, İstanbul Sərgi Mərkəzinə daxil olmuş hər bir şəxs “Azərbaycan”a can atırdı. Bura baş çəkənlərdən bu sözləri tez-tez eşitmək olurdu: “Bu stend bütöv Azərbaycanı insanın gözləri qarşısında canlandırmağa qadirdir”. Hətta digər ölkələrin stendlərinə baş çəkmək istəyənlər hər ehtimala qarşı: “Birdən bir-birimizi itirsək, “Azərbaycan”da görüşərik”,- deyərək bu məkanı görüş yeri seçirdilər.

Elə burada jurnalistlərə açıqlama verən “Çağ”ın prezidenti Ənvər Özərən bu gün dünyanın yüz əlli ölkəsində türk dilini təbliğ edən məktəblərin fəaliyyət göstərdiyini vurğulamaqla yanaşı, bu sözləri də dedi: “Amma sevindirici hal odur ki, bu məktəblərin birincisinin xeyir-duasını ümummilli lider Heydər Əliyev verib”. O daha sonra bildirdi: “Artıq Azərbaycanın 5 qitə üzərində 135 ölkəyə məhz bu dildə öz gerçəklərini anlatmaq imkanı var. Belə tədbirlər həm də Azərbaycan-Türkiyə diasporunun fəaliyyətinə əlavə stimul verir”.

Kültür şöləni

Elə həmin gün azərbaycanlı şagirdlər İstanbul Sərgi Mərkəzinin həyətində qurulmuş böyük səhnədə maraqlı “Azərbaycan gecəsi” adlı konsert proqramı ilə çıxış etdilər. 5 min tamaşaçının izlədiyi konsert böyük müvəffəqiyyətlə keçdi. Şagirdlərimizin Azərbaycan və türk dillərində oxuduqları mahnılar, şərqilər, söylədikləri şeirlər onların doğma ana dili ilə yanaşı, türk dilini də dərin məhəbbətlə sevdiklərini və öyrəndiklərini bir daha nümayiş etdirdi. Şagirdlərimizin çıxışlarını əllərində Azərbaycan bayraqları tutmuş tamaşaçılar “Azərbaycan-Türkiyə” coşqusu ilə dəfələrlə alqışlara qərq etdilər. Mərasimdə çıxış edən Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil attaşesi Nəcibə Nəsibova tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi, olimpiadanın əhəmiyyətindən danışdı. Bildirdi ki, bu olimpiada türk dili və mədəniyyətlərinin sürətlə inkişaf etdiyini bir daha təsdiqləyir. O, eyni zamanda məktəbliləri bu tədbirə hazırlayan hər bir müəllimin ünvanına xoş sözlər də dedi. “Çağ” Öyrətim Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən X Beynəlxalq Türk Dili Olimpiadasının keçirilməsinin təkcə türk dilinin təbliğinə deyil, eyni zamanda bütün insanlar arasında sevginin, dostluğun artırılmasına, xalqların bir-birini daha yaxından tanımasına xidmət etdiyini vurğuladı.

Qeyd edək ki, tədbirdə Azərbaycan böyük bir nümayəndə heyəti ilə təmsil olunmuşdu. Olimpiadanı izləmək üçün ölkəmizdən Milli Məclisin deputatları, iş adamları, tanınmış incəsənət xadimləri, eləcə də, “Çağ” Öyrətim İşlətmələri Şirkəti və Qafqaz Universiteti tərəfindən dəvət olunmuş çoxlu sayda mətbuat nümayəndələri də iştirak ediblər.

Məlumat üçün bildirək ki, əsas təşkilatçısı Türkcə Öyrətim Mərkəzi olan olimpiadanın keçirilməsinə “Çağ” Öyrətim İşlətmələri Şirkətinin ayrı-ayrı ölkələrdəki nümayəndələri fəal dəstək göstərirlər. Ölkəmizdən beynəlxalq müsabiqədə iştirak edən məktəblilərin seçimi Təhsil Nazirliyinin dəstəyi ilə “Çağ” Öyrətim İşlətmələri Şirkəti tərəfindən aparılmışdır. Seçim üçün Azərbaycan-Türkiyə özəl liseylərinin və digər məktəblərin şagirdləri arasında üç mərhələdə müsabiqə keçirilmişdir. Olimpiadada həmin müsabiqənin qalibləri, habelə bu ilin fevralında keçirilən “Ana dilini sevək, sevdirək” yarışmasında fərqlənənlər iştirak edirlər.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.