Gözəl görən gözəl düşünür...

“Eyni qanı deyil, eyni duyğuları paylaşan insanlar qardaşdırlar”.
Mövlana Cəlaləddin Rumi.

Çox doğru bir söz var: zorla gözəllik, zorla nifrət olmaz...

Bazar günü Türkiyənin ən böyük stadionundaydıq. İstanbuldakı Atatürk Olimpiada Stadionu. XI Beynəlxalq Türk Dili Olimpiadasının rəsmi bağlanış tədbiri...

Həyəcan yollarda, metrolarda hiss edilməyə başlamışdı. Axın-axın insanlar bir bayram coşqusu ilə yollardaydılar.

Stadionun hər tərəfi, sahənin içi, çölü insanlarla dolu idi. Ətraf ilə birlikdə 200 mindən çox insan olduğu bildirildi. Öyrəndik ki, stadion heç vaxt bu qədər dolu olmayıb.

Tədbirin axşam 9-da başlayacağına baxmayaraq, günorta saat 5-6 radələrində stadion, demək olar ki, tamamilə dolmuşdu.

Ailələr, böyüklər, balacalar, yaşlılar, cavanlar... Cəmiyyətin hər təbəqəsindən insanlar var idi.

Bu qədər insanı hansı qüvvə bir yerə yığmışdı?

Yayın bu isti günlərində 5 saat əvvəldən 200 min insan niyə gəlmişdi oraya?

Kim məcbur etmişdi və ya kim məcbur edə bilərdi?

Proqram başlandı. Aparıcı oxunacaq mahnının təqdimatında sözlərin Fəthullah Gülənə aid olduğunu elan etdi. O anda bütün stadionda dəqiqələrlə davam edən alqış tufanı qopdu. İnsanlar əvvəl yerlərindən alqışlamağa başladılar, sonra isə hər kəs ayağa qalxmağa başladı.

Sözün düzü, insanın bu səhnə qarşısında təsirlənməməsi qeyri-mümkün idi. Təbii ki, insanın... Mənzərə möhtəşəm idi. Demək ki, qəlbdən olan sevgi belə bir şey idi.

200 min insanı oraya yığan qüvvə qəlblərindəki bu sevgi duyğuları idi. O sevgi ki, onu heç kim oradan sökə bilməz. O sevgi ki, onu dadmayan, yaşamayan bilməz. O sevgi ki, zorla əkilməz, zorla sökülməz...

Digər tərəfdən, 140 fərqli ölkə, yüzlərlə fərqli millət. İki qardaşın belə yola getmədiyi bu dünyada, yüzlərlə müxtəlif millətlər bir yerə necə yığışa bilir? Nədir onları bir yerə toplayan güc, qüvvə?

Bu gün dünyanın hər tərəfinə yayılmış sevgi məktəblərində on minlərlə şagird təhsil almaqdadır. Valideynlər gördükləri o sevgi qarşısında övladlarını sevə-sevə bu məktəblərə təslim edirlər. Amerikadan, Braziliyadan, Avstraliyadan, Avropadan valideynlərin müəllimlərə etimad edərək, uşaqlarını Türkiyəyə göndərmələri böyük hadisədir. Daha da önəmlisini isə, dünən Əkrəm Dumanlı köşəsində yazdı; Türkiyədə baş verən “Taksim” hadisələri qarşısında, heç bir valideynin övladını geri çağırmaması idi.

Türkiyənin Baş Naziri Ərdoğan da tədbirdə iştirak edirdi. Ərdoğanın çıxışından sətirbaşları:

- Gözəl görən gözəl düşünür. Sizlər bütün çirkinliklərin arasında bizə gözəli göstərdiniz. Üç həftədir ki, Türkiyədə bir-birinə zidd iki mənzərə var. Bir tərəfdə vandallar, bir tərəfdə sülh elçiləri. Bir tərəfdə ədəbsizlik, bir tərəfdə də sevgi vardı, eşq vardı.

- Hamımız daha yaxşı bir dünya istəyirik. Uşaqların öldürülmədiyi, insanların xor görülmədiyi bir dünyanın həsrətini ürəklərimizdə yaşayırıq.

- Hamımız belə bir dünya üçün mübarizə aparırıq. Milli, dini, irqi ayrı-seçkiliklərə tənəzzül etmədən, ortaq yönləri önə çıxaran bir dünya xəyal edirik. Fərqliliklərin bizi ayırdığı deyil, qucaqladığı bir dünya istəyirik.

- Könül mübarizəsi çətindir. O yolda fitnələr vardır. Biz bütün bu fitnələrə qarşı ayıq-sayıq olacağıq. Aldadan da, aldanan da olmayacağıq. Ümidimizi itirməyəcəyik. Bizim millət olaraq ən qiymətli xəzinəmiz qardaşlığımızdır. Bu günə kimi nə qazandıqsa, qardaşlıqdan qazandıq. Qardaşlıq hüququna kölgə salmayacağıq. Bəli, gözəl baxan, gözəl görür. Gözəl görən, gözəl düşünür. Gözəl düşünən də həyatından ləzzət alır..

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.