Türkiyədən uzanan qardaşlıq körpüsü

Türkiyədən uzanan qardaşlıq körpüsü

Artıq 12 ildir ki, may ayının sonu iyun ayının birinci yarısı, düz üç həftə boyunca qardaş Türkiyə möhtəşəm bir dostluq və qardaşlıq bayramına ev sahibliyi edir. Ölkənin İstanbul, Ankara, İzmir, Ərzurum, Qars, Konya kimi iri şəhərləri və digər bölgələri “Türk dili olimpiyatları” adıyla bu gün özünə var olma haqqı qazanmış əzəmətli bir tədbiri böyük sevgi və coşquyla qarşılayıb yola salır. Düz yarım ay boyunca Türkiyənin şəhərlərini, kəndlərini, tarixi yerlərini, ən böyük səhnələrini müxtəlif millətləri təmsil edən uşaqların şaqraq mahnıları, bir-birindən maraqlı rəqsləri, qəlbləri riqqətə gətirən çıxışları heyran qoyur. Son illər dünyada baş verən qanlı müharibələrin, vətəndaş qarşıdurmalarının hökm sürdüyü narahat bir zamanda bütün planeti təmsil edən müxtəlif dilə, dinə, irqə məxsus uşaqların bir araya gəlib bir dildə - qardaşlıq və sevgi dili olan türk dilində yarışmaları bu tədbirin artıq bir ölkə çərçivəsindən çıxaraq bəşəri bir hadisəyə çevrilməsindən xəbər verir. Qətiyyətlə demək olar ki, artıq dünyanın heç bir yerində idman da daxil elə bir tədbir keçirilmir ki, onu niyyətinin saflığına, öz əzəmətinə və miqyasına görə bu tədbirlə müqayisə etmək olsun. Son illər qloballaşmadan və inteqrasiyadan daha çox sözdə dəm vuran olduqca qarışıq dünyada türk dili yarışmaları alternativsiz olaraq mədəniyyətlərarası yaşanan ən böyük və əzəmətli bir dostluq və qardaşlıq bayramına çevrilib.

Ötən əsrin 90-cı illərində qardaş ölkələrdə fəaliyyətə başlayan türk dili liseyləri türklüyün yeni bir dirçəlişinin qaranquşları oldular. İlk missiyası kimi keçmiş SSRİ-nin süquta uğraması ilə həyatın bütün sahələrində tənəzzül yaşayan türk-müsəlman respublikalarına qardaşlıq köməyi məqsədi ilə ayaq açan türk liseyləri qısa zamanda bu dövlətlərin təhsil sektorunda böyük uğurlara imza atdılar və təhsil sahəsində böyük bir örnək yaratdılar. Türkiyənin böyük fikir və din adamı Fəthulla Gülən Xoca Əfəndinin memarı olduğu bu liseyləri böyük bir örnək kimi illərdir ki, biz öz vətənimiz Azərbaycanda da yaxından izləyirik. Paytaxt Bakı da daxil Azərbaycanın bir neçə bölgəsində öz fəaliyyətlərini davam etdirən türk liseyləri bu gün ölkədə ən nüfuzlu və prestijli təhsil ocaqlarından sayılır.

Bu dəfə “XII Uluslararasa dil və kültür” bayramının bağlanış törənində iştirak etmək xoşbəxtliyi bizə də nəsib oldu. Azərbaycandan bir qrup dövlət, siyasət adamının, iş dünyasının və medianın təmsil olunduğu nümayəndə heyəti İstanbulun Atatürk Olimpiya Stadionunda keçirilən bu unudulmaz tədbirin iştirakçılarına çevrildik.

Tədbirin yerli vaxtla axşam saat altıda başlayacağına baxmayaraq hələ günorta saatlarından stadiona tərəf böyük bir insan axını ayaqdaydı. Şəhərin ən yüksək məntəqələrindən birində yerləşən stadiona doğru hərəkət edən uczus-bucaqsız avtomobil karvanını yol boyu piyada hərəkət edən on minlərlə müxtəlif yaşda və qiyafətdə olan istanbullu müşayiət edirdi.

Bu ilki tədbirin bir fərqliliyi də ondaydı ki, yarışma son günlər Türkiyədə baş verən məşhur “Gəzi parkı” olaylarının xarici mediada şişirdildiyi günlərdə keçirilirdi. Düzü qardaş ölkə olaraq Türkiyədəki hadisələrin inkişafı bizi də xeyli qayğılandırırdı və əlimizdən Türkiyə üçün dua etməkdən başqa bir şey gəlmirdi.

Haşiyə. Bu bir tarixi faktdır ki, əsrlər boyu Qərb və Avropa dövlətləri qonşuluqlarında güclü və özgür bir türk-müsəlman dövlətinin mövcudluğunu heç cür həzm edə bilməyiblər. Zaman-zaman əllərinə girəvə düşən kimi bu dövləti çökdürmək üçün hərbi müdaxilə də daxil hər cür fitnəkarlığa əl atmaqdan çəkinməyiblər. Şükürlər olsun ki, türk xalqı ən ağır günlərində belə sabahına inamını itirməyib, türküylə, kürdüylə, ərəbiylə, əcəmiylə, acarıyla, lazıyla birlikdə özündə güc taparaq işğalçıların burnun ovub, hürr yaşamağın nə qədər müqəddəs bir dəyər olduğunu bütün dünyaya nümayiş etdirib. Bu baxımdan son illər Avropanın dərin iqtisadi böhran keçirdiyi bir vaxtda Türkiyənin stabil və sürətlə artan iqtisadi inkişafı Avropadakı bir çox mərkəzlərin yuxusunu ərşə çəkib və nə yolla olur-olsun bu ölkəni qarışdırıb zəif salmaq üçün öz gizli servislərini işə salıblar. Nə yazıqlar ki, illərdən bəridir ki, siyasi səhnədə AKP-yə qalib gələ bilməyən və bu istəyə hələ bir neçə il də çatmağın mümkünsüz olduğunu dərk edən Türkiyədəki bəzi qüvvələr də Ərdoğan hakimiyyətini sarsıtmaq üçün bu girəvədən yararlanmaqla xarici qüvvələrin dəyirmanına su tökürlər. Ancaq olimpiyadanın bağlanış törənində 250 mindən çox insanın Türkiyə adına bir yerdə olduqlarını böyük coşquyla bütün dünyaya nümayiş etdirmələri Türkiyə düşmənlərinə layiqli bir cavab idi.

Çox böyük təşkilatçılıq və yaradıcılıq əməyi tələb edən bağlanış törəninin yüksək səviyyədə hazırlanması bu işi yönəldənlərin nə qədər böyük zəhmət və əmək sərf etmələrindən xəbər verirdi. Çünki tədbirin əsas qəhrəmanlarının və aparıcı personajlarının da lisey şagirdləri olduğunu nəzərə alanda onları bu bayrama hazırlayan insanlara yalnız dərin minnətdarlıq və təşəkkürlər bildirməkdən başqa heç nə düşünmürsən.

Bağlanış törəninin aparıcısı elan edəndə ki, bu ilki dil və mədəniyyət bayramında 5 qitəni təmsil edən 150 ölkənin nümayəndələri iştirak edir, yüz minlərin alqış sədaları Atatürk stadionundan çox-çox uzaqlara yayıldı. Vaxtı ilə 12 ölkə ilə bu böyük yola şıxan insanların on il müddətinə dünyanın böyük hissəsini bir araya gətirmək bacarıqlarını titanların qüvvələri ilə müqayisə etmək olar.

Tanzaniyadan, Keniyadan, Malaziyadan, Anqoladan gəlmiş zənci balalarının, Moldaviyadan olan moldavan yeniyetməsinin, Tacikistan məktəblisinin və onlarla digər çıxışçıların türk dilində öz doğma dillərində olduğu qədər isti, şirin bir avazla mahnı ifa etmələri, şeir söyləmələri insana duyğulu anlar yaşadırdı.

Tədbiri böyük ustalıqla idarə edən aparıcının auditoriyaya müraciət edərək hamını birlikdə öz elektron poçr ünvanlarından “Tvitter” sosial şəbəkəsində dünyaya “hamımız birik” sevgi mesajı verməyi təklif etməsi də kütlənin böyük cojqusuna səbəb oldu və az sonra məlum oldu ki, bu mesaj sosial şəbəkədə rekord qırıb.

Müsabiqəyə qatılan Azərbaycandan olan balaca iştirakçılar hər il olduğu kimi bu il də Türkiyə insanını heyran etdilər. Məktəblilərimizin ifa etdikləri şərqilər, nəğmələr, şeir parçaları türkiyəli qardaş-bacılarımıza unudulmaz dəqiqələr yaşatdı.

Bu törənin məncə ən böyük uğuru vaxtilə türklərə qarşı böyük ayrı-seçkilik siyasəti yürüdərək qanlı repressiyalar həyata keçirmiş Teodor Jivkov Bolqarıstanından olan balaca bolqar uşağının məşhur sənətçiləri belə heyran qoyacaq bir bacarıq və ustalıqla türk dilində oxuduğu mahnı idi. Çünki balaca bolqarın bu çıxışı bütün siyasi məqsədlərdən və düşünülmüş diplomatik gedişlərdən uzaq olan bir bolqar cocuğunun türk dilinə, türk mədəniyyətinə, türk xalqına olan təmənnasız sevgisindən xəbər verirdi. Və mübaliğəsiz demək olar ki, həmin gün tərəqqipərvər dünyanın nəbzi İstanbulda vururdu.

Çıxışlararası fasilələrdə səhnədə quraşdırılmış nəhəng monitorda Fəthulla Gülən Xoca Əfəndinin çox illər öncə türk liseyləri və türk dili ilə bağlı tarixi çıxışlarından göstərilən fraqmentlərdən də göründüyü kimi onun verdiyi proqnozların və tövsiyyələrin bu gün yüzə yüzə reallaşması isə bu böyük fikir və əməl sahibinin nə qədər müdrik və öncəgörən bir şəxsiyyət olduğunu bir daha nümayiş etdirirdi. Xoca Əfəndinin gün gələcək ki, siz ən böyük stadionlara belə sığmayacaqsınız, deyimi də Atatürk Stadionunda günün əsas mənzərəsini əks etdirirdi. Çünki bu dəfəki müsabiqəni yüz əlli min insan Atatürk Stadionunun divarları arasında, bir o qədər də stadionun bayırında bu möhtəşəm birlik, qardaşlıq törənini böyük sevgiylə, məhəbbətlə izləyir və onun canlı iştirakçısına çevrilirdi.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın çıxışı da tədbir iştirakçıları tərəfindən uzun zaman kəsilməyən alqış sədalarıyla qarşılandı. Qeyd etmək lazımdır ki, böyük xarizma sahibi olan baş nazir həm də usta bir natiq kimi istənilən auditoriyada öz çıxışı ilə milyonların ürəyinə yol tapmağı bacarır. Elə bu çıxışında da baş nazir bu günkü Türkiyənin mənzərəsini iki tabloda təqdim etdi. Bir tərəfdə türk dilini bütün dünyaya sevdirən, onu sevgi, barış dilinə çevirən, dünyanı sülhə, qardaçlığa çağıran insanların Türkiyəsi, digər tərəfdə isə Türkiyəni qarışdıraraq onu çeşidli acılara səhnə etmək istəyənlərin Türkiyəsi kimi təqdim etdi. Türk xalqının onu düz yolundan sapdırmaq istəyənlərə həmişə lazım olduğu cavabı verdiyini və bu dəfə də o cavabı verəcəyini hər kəsə xatırlatdı.

Bu çıxışında da baş nazir Ərdoğan türk dili olimpiyadalarının dinlər və dillər arasında ən böyük dialoq körpüsü qurduğunu, qloballaşan dünyada millətlərin və dövlətlərin yaxınlaşmasında böyük siyasətin görə bilmədiyi işi gördüyünü xüsusi vurğuladı.

Vaxtı ilə “Uluslararası türkcə olimpiyatlar” devizi ilə həyata vəsiqə alıb bu gün “Uluslararası dil və mədəniyyət törəni”nə çevrilən bu böyük proje artıq alternativsiz olaraq qloballaşan dünyada dillər, dinlər və mədəniyyətlər arasında ən böyük dialoq körpüsünə çevrilməkdədir.

Bu unudulmaz törənə qatılan dili, dini, mədəniyyəti fərqli olan uşaqlar tədbir boyunca bir-birlərinə o qədər isinişib dostlaşmışdılar ki, bağlanış törənində onlar ayrılacaqlarına göz yaşlarını saxlaya bilmirdilər. Sanki bir ananın övladlarıymışlar kimi qucaqlaşaraq göz yaşı axıdırdılar. Ancaq onların bu göz yaşları acıdan, kədərdən deyil, gələcək qardaşlıqdan, dostluqdan xəbər verirdi. Onlar evlərinə müsabiqədə qazandıqları medallarla birgə Türkiyə sevgisi, Türkiyə qardaşlığı aparırdılar. Gələcək dünyanın sülh elçiləri olaraq.

Son söz yerinə. Axırıncı dəfə Türkiyədə 2005-ci ildə olmuşdum. O vaxtdan çox keçməsə də bu illər ərzində qardaş Türkiyənin doğrudan da böyük bir inkişafa imza atdığının hər addımbaşı şahidi olurdum. Ölkədə gedən quruculuq və abadlıq işləri, iqtisadiyyatda baş verən gəlişmələr, türk insanının həyat şəraitindəki köklü inkişaf insanda qürur hissi doğururdu. İstər İstanbulun, istərsə də Ankaranın küçələri ilə addımlayarkən özünü dünyanın müasir, mədəni, təhlükəsiz və inkişaf etmiş bir parçasında hiss edirsən. Türk qardaşlarımızın sifətlərindən isə insana ehtiram, özünə və dövlətinə güvənc, bayrağına tükənməz sevgi, sabahına böyük bir inam oxuyursan. Və bu xoş duyğular içərisində də içindən bir səs qopur: “Tanrı sənə yar olsun, Türkiyə!”.

Bakı-İstanbul-Bakı

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.